Sənət yaddaşımızın ağrılı səhifəsi

 

Xocalı soyqırımı bəşər tarixinin ən qanlı səhifələrindəndir. İllər bir-birini əvəz etsə də, bu faciə, onun ağrı-acısı Azərbaycan xalqının yaddaşından silinməyəcək. Tariximizin bu qanlı səhifəsi sənət adamlarının yaradıcılığında da dərin iz qoyub. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verənlər istər ədəbi əsərlərdə, rəssamlıqda, heykəltəraşlıqda, istərsə də kinomuzda, teatr tamaşalarında, musiqi nümunələrində geniş əksini tapıb.

İndiyədək Xocalı mövzusuna yüzlərlə rəssam, heykəltəraş, dekorativ tətbiqi sənət ustası müraciət edib. Hər bir yaradıcı insan bu tarixi həqiqətlərə öz daxili dünyası ilə yanaşıb. Əsərlərin əksəriyyətində yerlə yeksan edilmiş şəhərin, onun sakinlərinin ağrı-acısı duyulur.

Xalq rəssamı, heykəltəraş Xanlar Əhmədov Xocalı mövzusuna daha çox müraciət edən sənətkarlardandır. Onun orijinallığı ilə seçilən bir sıra əsərləri muzeylərdə saxlanılır. Rəssam faciəni əks etdirən silsilə nümunələr yaradıb. “Nailə”, “Ana körpəsi ilə”, “Yanmış qadın”, “Ata fəryadı” və s. əsərləri erməni vəhşiliyini ittiham edən sənət nümunələridir. Xalq rəssamı deyir ki, həmin hadisələrin məşəqqətini hiss etmiş sənət adamı bu mövzuya biganə qala bilməz: “O günlərdə mən Ağdam bölgəsində olmuşam. Düşünürəm ki, bu əsərləri yaratmaqla həm Azərbaycan vətəndaşı, həm də rəssam kimi mövqeyimi, düşüncələrimi ortaya qoymuşam”.

Bu gün Azərbaycan Dövlət Rəsm Qalereyasının, Milli İncəsənət Muzeyinin fondlarında Xocalı soyqırımını əks etdirən müxtəlif seçilmiş əsərlər qorunub saxlanılır. Həmin nümunələrin bir hissəsi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən alınaraq muzeyə verilib, bəziləri isə müəlliflərin özləri tərəfindən hədiyyə olunub.

Xocalı mövzusuna ən çox müraciət edən fırça ustalarından biriNazim Məmmədovdur. Bu gün mərhum rəssamın 67 əsəri Xocalı həqiqətlərini özündə yaşadır. O, Xocalı soyqırımı zamanı baş verən dəhşətli hadisələrin şahidi olub. Muzeyin fondunda rəngkarlıq janrında Nazim Məmmədovun silsilə əsərləri - “Uşağın ölümü”, “Onu öldürdülər”, “Mən yetim qaldım”, “Xocalı qavroşu”, “Oğul anası”, “Çingizin xatirəsi”, “Onları Xankəndiyə apardılar” və s. qorunub saxlanılır. Kamil Ramazanovun “Nəvə və nənə”, “Ana-bala faciəsi”, “Körpə girovlar”, “Murovdağ”, Natiq Fərəcullazadənin “Keçid” və digər rəssamların əl işləri tamaşaçılar tərəfindən maraqla qarşılanır.

İstedadlı fırça ustası Vaqif Ucatayın “Xocalı” plakatı - sinəsinə düşmən xəncəri sancılmış körpəni əks etdirən bu əsərin bədii təsir gücü hər kəsdə faciəni törədənlərə sonsuz nifrət hissi oyadır. Vaqif Ucatayın Qarabağ müharibəsinə həsr olunmuşBax, gör, unutma!” qrafik silsiləsində şahidlərin xatirələri əsasında yaradılan Xocalı qətliamı ilə bağlı neçə-neçə əsər var.

Rəssamlardan Arif Hüseynovun “Xatirə”, Adil Rüstəmovun “Rənglərin kədər səsi - Qarabağ şikəstəsi...” qrafik silsiləsi də Xocalı ünvanlı, erməni vəhşiliyini ittiham edən əsərlərdir.

Tanınmış plakat ustası Həşim Elçiyevin yaratdığı yeddi plakatdan ibarət “Qarabağ” silsiləsində də Xocalı ağrıları özünün yaddaqalan ifadəsini tapıb. Rəssamlardan Mayis Əliyevin “Haray” və “Xocalıya ithaf”, Cəmil Quliyevin “Xocalı”, Abdulla Ələkbərovun “Qarabağın sabahı”, Səbuhi Məmmədovun “Yaralı ana”, “Dəhşət” və “Ayrılıq”, Sabir Çopuroğlunun “Xocalı harayı”, Rövşən Məmmədovun “Torpağın harayı” və “O qan yerdə qalmaz”, Vüqar QuliyevinSönmüş ocaq” və s. əsərlərində faciənin ayrı-ayrı məqamlarına işıq salınmaqla görünənlər təsirli bədii-psixoloji qaynağa çevrilmişlər.

Xocalı soyqırımı ilə bağlı ən böyük abidə Bakıdakı Xocalı prospektində, “Xətai” metrostansiyası yaxınlığında ucaldılıb. Abidənin açılış mərasimi 2008-ci ildə olub. Abidədə gənc qadın qucağında öldürülmüş uşaqla təsvir olunub.

Sənət xadimlərimizin bu dəhşətli faciəyə həsr etdikləri kinofilmlər dünyanın böyük şəhərlərində nümayiş etdirilir, kino gecələri keçirilir, teatr tamaşaları nümayiş etdirilir.

“Fəryad” Xocalı soyqırımı haqda ilk bədii kino əsəridir. Kinorejissor Vaqif Mustafayevin ssenarisi əsasında mərhum sənətkar Ceyhun Mirzəyevin quruluş verdiyibaş rolu ifa etdiyi film öz zamanı üçün tarix yazıb desək, heç də yanılmarıq. Texniki meyarları və ümumilikdə, kino dramaturji üstünlükləri bir yana, filmdə müharibənin ağrı-acıları məharətlə göstərilib.

Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında böyük xidmətləri olan Nüşabə Məmmədovanın ssenarisi əsasında lentə alınan “Harayfilmi Xocalı həqiqətlərinin bədii kinoda dolğun ifadəsi idi. Rejissor Oruc Qurbanovun quruluşunda ərsəyə gələn kinolentdə Xocalıda insanlığa qarşı törədilmiş tükürpədici qətliam öz əksini tapıb. Ermənilərin azərbaycanlı əsirlərə verdikləri işgəncələrə şahid olan iki yeniyetmənin baş qəhrəman kimi təqdim edildiyi filmin sonunda bacı və qardaşın intiharı ekran əsərinin finalını çox təsirli edir.

Digər ekran əsəri rejissor Mərahim Fərzəlibəyovun çəkdiyi “Qırmızı qarfilmidir. Bu filmisakit seyr etmək mümkün deyil. Xocalı və Qarabağ mövzusunda daha bir ekran işi Elxan Qasımovun “Azərbaycanfilm” kinostudiyasında çəkdiyi “Biz qayıdacağıq” bədii filmidir. Film Xocalıdan olan yeniyetmə oğlanın həyatından bəhs edir. Ekran əsərində bir neçə xronikal kadrdan və quraşdırma səhnələrdən istifadə olunub. Burada məcburi köçkün düşən insanların məşəqqətlərindən söhbət açılır. “Xocalı” filmi isə mövzuya daha da yaxınlaşır, bu ərazinin işğal ərəfəsində və həmin gecə qarşılaşdığı dəhşətli məqamların real faktlara söykənən bədii ifadəsidir. Filmin müəllifi bədii kinonun imkanları çərçivəsində Xocalı hadisələrinin reallıqlarını tamaşaçıya çatdırır.

Bu sıradan son ekran əsərlərindən biri kimi Mədəniyyət və Turizm Nazirliyinin “Salnamə” kinostudiyasında çəkilən “Dua” sənədli filmi də faciəni dolğunluğu ilə əks etdirir. Bu sıraya rejissor Mehriban Ələkbərzadənin “Xocalı soyqırımı” adlı sənədli filminiqeyd etmək olar. “Azərbaycantelefilm”də lentə alınan “Xocalı”, “Xocalı soyqırımı”, “Xocalı şahidləri” kimi nümunələr də maraqlı ekran işləridir.

Zaman keçdikcə Xocalı mövzusuna həsr olunmuş əsərlərin sayı durmadan artır. Bu sənət əsərləri Azərbaycan Respublikasının müxtəlif ölkələrdəki səfirliklərinin təşkilatçılığı ilə keçirilən tədbirlərdə, sərgilərdə faciənin anlamını dünya ictimaiyyətinə tanıdır. Bu gün bir sıra ölkələrdə Xocalı soyqırımına həsr olunmuş abidələr də ucaldılır. Haaqada, Meksikada, BosniyaHerseqovinada, Almaniyanın paytaxtı Berlində Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidələr ucaldılıb. Bu anım günü qardaş Türkiyənin hər yerində - Ankarada, İzmirdə, İstanbulda, İzmitdə və digər şəhərlərdə geniş şəkildə qeyd edilir, onların xatirəsinə ucaldılmış abidə önündə şəhidlərin ruhu ehtiramla yad olunur.

 

Nübar İSAZADƏ

 

Azərbaycan.- 2017.- 26 fevral.- S.11.