Kiyevdə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində “Sonsuz dəhliz” filmi nümayiş olunub

 

Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü ilə ABŞ və Litva kinematoqrafçılarının birgə istehsalı olanSonsuz dəhliz” sənədli filmi Kiyev kinoteatrında nümayiş etdirilib.

Azərbaycanın Ukraynadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirə qatılanlar əvvəlcə kinoteatrın foyesində təşkil olunmuş Xocalı soyqırımı abidə maketinin qarşısına tər çiçəklər qoymaqla, faciə qurbanlarının xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər.

Ukraynanın dövlət və hökumət rəsmilərinin, diplomatik korpus nümayəndələrinin, parlament təmsilçilərinin, diaspora fəallarının və media qurumlarının iştirak etdiyi tədbirdə ölkəmizin Ukraynadakı səfiri Azər Xudiyev çıxış edərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərində uşaqlara, qadınlara və yaşlı insanlara qarşı həyata keçirdikləri işgəncə və qəddarlıqlardan söz açıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində həyata keçirilən genişmiqyaslı tədbirlərin erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadığını qeyd edib. Litvalı kinoşünas Aleksandras Brokasın rejissorluğu və Xocalı soyqırımının şahidi olan tanınmış jurnalist Riçard Lapaitisinin xatirələri əsasında çəkilmiş “Sonsuz dəhliz” filmi haqqında məlumat verən diploma, ekran əsərində Xocalıya dair indiyədək bilinməyən faktların, vaxtilə çəkilmiş video və fotoların tarixi gerçəklikləri özündə əks etdirdiyini vurğulayıb.

Sonra tədbir iştirakçıları “Sonsuz dəhliz” filminə baxmaqla, ermənilərin Qarabağda və Xocalıda törətdikləri vəhşiliklərlə tanış olublar.

Tədbirdə, həmçinin gənc rəssam və şairə Darya Yevduxovanın Xocalı soyqırımına həsr etdiyi şer və rəsm əsərinin əsasında hazırlanmış videoçarx nümayiş etdirilib.

Darya Yevduxova çıxış edərək Xocalı faciəsi ilə tanış olduqdan sonra, bu ağır qətliam haqqında bir şer yazdığını və ona uyğun olaraq bir portret yaratdığını diqqətə çatdırıb. Yaradıcılığına əsasən bir videoçarx hazırlamaqla Xocalıda uşaqlara və qadınlara edilən vəhşiliklərə etirazını bildirib.

Tədbirdə Xocalı şəhərindən olan Sadiq Bilalov o müdhiş gecənin şahidi kimi 1992-ci ildə ermənilərin, qohumlarına, doğmalarına və yerli əhalıyə qarşı törətdikləri işgəncə və qəddarlıqlardan söz açıb.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev Xocalı şəhərində baş verən qəddarlıq aktında bir başa əli olan Serj Sarkisyanindiki Ermənistan hakimiyyətinin beynəlxalq məhkəmə qarşısında ən ağır cəzaya məhkum olunmasının vacibliyini vurğulayıb.

Tədbirdə Heydər Əliyev Fondu tərəfindən dərc olunmuş Qarabağ həqiqətlərini özündə əks etdirən kitablar və “Daşnaklar Fərqanədən Qarabağadək” sənədli filminin diskləri mərasim iştirakçılarına təqdim edilib.

Ukraynanın aparıcı televiziya və kütləvi informasiya vasitələri Xocalı soyqırımı ilə bağlı xüsusi reportajlar yayımlayıblar.

Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü ilə Kiyev şəhərinin mərkəzi küçə və meydanlarında, aeroport yolunda fevral ayının 25-dən sonunadək Xocalıya ədalət biq-bortları yerləşdirilib.

 

Azərbaycan.- 2017.- 26 fevral.- S.12.