Mütərəqqi maarifçilik missiyasının yeni mərhələsi

 

Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi cəmiyyətin mənəvi-intellektual yüksəlişinə yeni üfüqlər açır

 

Dahi Hüseyn Cavid bəşəriyyətin xilas yolunu göstərərkən həm də mədəniyyətin mühüm roluna işarə edərək yazırdı: “Turana qılıncdan daha kəskin ulu qüvvət, Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!” Dahi şairin təxminən bir əsr əvvəl qələmə aldığı bu misralar bu gün də təsir gücünü və aktuallığını qoruyub saxlayır. Başqa sözlə, bizim günlərdə təhsil və mədəniyyət diplomatiyası milli maraqların təbliği, sivil münasibətlərin qurulması, qarşılıqlı anlaşmanın əldə olunması baxımından beynəlxalq münasibətlərin vacib amili kimi çıxış edir.

Şərq və Qərb mədəniyyətləri arasında tutduğu mövqe, bu iki dünyanın zəngin mədəni-intellektual irsinə sahibliyimultikultural dəyərlərə sadiqliyi bu diplomatiyada ölkəmizin önəmini xeyli dərəcədə artırır. Bu baxımdan Azərbaycanın birinci xanımı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın son 13 ildə inamla rəhbərlik etdiyi Heydər Əliyev Fondu ölkə rəhbərliyi səviyyəsində həyata keçirilən mədəniyyət diplomatiyasına sanballı töhfələr verib.

Xeyirxahlıq, mərhəmət və humanizm bəşər övladını daxilən saflaşdıraraq başqalarının gözündə ucaldan, insanlığın zinətinə çevirən ali dəyərlərdən sayılır. Həyat amalı insanlara təmənnasız xidmətdən ibarət olan, xeyirxahlıq, mərhəmət, humanizm kimi dəyərlərə tapınan Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva son illərdəki əzmkar fəaliyyəti ilə məhz belə bir ucalığa yüksəlib, cəmiyyətdə böyük nüfuz və hörmət qazanıb. Cəmiyyətin mənəvi yüksəlişinə, insanların ali ideyalar ətrafında toplanmasına, bəşəriyyətin qlobal problemlərinin həllinə töhfə verməyə çalışan Mehriban xanım Əliyeva bu əzmkar missiya ilə milyonların inametimad ünvanına çevrilib.

Dövlət başçısı cənab İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycanın birinci xanımının 2009-cu ildə “Heydər Əliyev mükafatı”na, 2015-ci ildə “Heydər Əliyev” ordeninə layiq görülməsi də onun çoxşaxəli fəaliyyətinə verilən ali qiymətin ifadəsidir. Dövlət başçısının 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti postuna təyin olunması da məhz sosial sifariş amilinə - cəmiyyətin səmimi istək gözləntilərinə əsaslanır.

Azərbaycan Prezidenti İlham Əliyevin Təhlükəsizlik Şurasının son iclasında bu təyinatla bağlı dedikləri də obyektiv reallıqlara söykənir: “On ildən artıqdır ki, Mehriban Əliyeva UNESCO-nunISESCO-nun xoşməramlı səfiridir. Dünyada ikinci belə şəxsiyyət yoxdur ki, hər iki mötəbər təşkilatın eyni zamanda səfiri olsun. Bu, eyni zamanda onun dinlərarası, sivilizasiyalararası dialoqa verdiyi töhfə ilə bağlıdır. Bu töhfə ölkəmizin siyasətinin təzahürüdür. Çünki bu gün Azərbaycan dünya miqyasında sivilizasiyalararası dialoqa ən çox töhfə verən ölkələrdən biri kimi tanınır. Əlbəttə ki, UNESCO-nunISESCO-nun xoşməramlı səfiri kimi Mehriban bu işə də çox önəmli töhfə verir. 2015-ci ildə I Avropa Oyunlarının keçirilməsində göstərdiyi xidmətlərə görə Mehriban Əliyeva Azərbaycan dövlətinin ən ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edilmişdir”.

Azərbaycanın birinci xanımının indiyəqədərki ictimai, diplomatikparlamentarizm fəaliyyəti onun kifayət qədər təcrübəli, intellektual, reallıqları adekvat qiymətləndirməyi bacaran şəxsiyyət olduğunu təsdiqləyib. Bu və digər keyfiyyətlər onun dövlət idarəçiliyində üzərinə düşən vəzifələrin öhdəsindən uğurla gələcəyini, xüsusilə də cəmiyyətin mənəvi-intellektual və sosial yüksəlişinə xidmət edən həssas sahələr üzrə islahatlara yeni nəfəs verəcəyini əminliklə söyləməyə ciddi əsaslar verir. Yalnız bu baxımdan ki, Mehriban xanım Əliyeva çoxşaxəli ictimai fəaliyyəti ilə cəmiyyətin ən həssas sahələrində mövcud olan problem və çatışmazlıqları yaxşı bilir, onların aradan qaldırılması üçün həyata keçirilən səmərəli konkret proqram və layihələrin müəllifi kimi tanınır.

Söhbət ictimai əsaslarla fəaliyyət göstərən Heydər Əliyev Fondunun cəmiyyətin mənəvi-intellektual yüksəlişinə xidmət edən çoxşaxəli layihələri uğurla reallaşdırmasından gedir. Bu baxımdan Mehriban xanım Əliyevanın elm və təhsilin tərəqqisinə əlahiddə münasibəti də onun fəal vətəndaşlıq mövqeyində dayanmasının, nümunəvi vətənpərvərliyinin əyani ifadəsidir. Fondun maarifçilik sahəsindəki fəaliyyəti hansısa konkret çərçivə ilə məhdudlaşmır, - məktəb tikintisindən tutmuş UNESCO ilə konkret təhsil proqramlarının həyata keçirilməsinədək, - geniş spektri əhatə edir. Qısa müddət ərzində uğurla gerçəkləşdirilən bu layihələr cəmiyyətdə böyük rezonansa səbəb olub, rəğbət və etimadla qarşılanıb.

Heydər Əliyev Fondunun təhsillə bağlı qarşıya qoyduğu strateji məqsədlərdən biri Azərbaycanda bu sahənin qloballaşan dünyanın tələbləri səviyyəsində qurulması, milli təhsil modelinin gerçəkləşdirilməsinə maddi-texnikiintellektual zəminin formalaşdırılmasıdır. Şübhəsiz, təhsil infrastrukturunu yeniləşdirmədən, müasir tipli yeni məktəblər inşa etmədən, təlim-tədris prosesinə lazımi şərait yaratmadan, dünya ölkələrinin mütərəqqi təhsil ənənələrini nəzərə almadan bu məqsədlərə nail olmaq qeyri-mümkündür. Təsadüfi deyildir ki, Azərbaycan Prezidenti İlham Əliyevin hələ 2004-cü ildən bəri regionların sosial-iqtisadi inkişafı ilə bağlı imzaladığı üç regional dövlət proqramında və digər sənədlərdə yeni məktəblərin inşası məsələsinə xüsusi diqqət ayrılır. Heydər Əliyev Fondu həmin proqramlar çərçivəsində müvafiq hakimiyyət strukturlarının həyata keçirdiyi işləri də qabaqlayaraq, bölgələrdə mədəni-intellektual səviyyənin yüksəlməsində yaxından iştirak edib.

Azərbaycanın birinci xanımının birbaşa təşəbbüsü ilə həyata keçirilən, müvafiq dövlət qurumlarının, vətəndaş cəmiyyətinin bəzi strukturlarının da dəstəklədiyi “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi bu baxımdan cəmiyyətdə daha böyük əks-səda doğurub. Layihənin əsas məqsədi təhsil sahəsində mövcud problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, yerlixarici şirkətlərin, beynəlxalq təşkilatların bu sahədə birgə əməkdaşlıq imkanlarını müəyyənləşdirmək olub. Layihə çərçivəsində son 10 ildə yüzlərlə məktəb inşa edilib, yenidən qurulubbu təhsil ocaqları müasir avadanlıq, istilik sistemi, zəngin kitabxana, əyani vəsait və kompüterlərlə təchiz olunub.

Azərbaycanda kimsəsiz uşaqlar üçün nəzərdə tutulmuş müəssisələrə sığınan körpələrin problemlərinin həlli də bu gün Heydər Əliyev Fondunun qarşıya qoyduğu əsas vəzifələrdən biridir. Uşaq evləri və internat məktəblərin inkişafı proqramı” bilavasitə fondun prezidentinin təşəbbüsü ilə hazırlanaraq Bakıda və ətraf qəsəbələrdə yerləşən uşaq evlərində, internat məktəblərdə mövcud problemlər öyrənilib, onların aradan qaldırılması üçün konkret işlər görülüb. Təqdirəlayiq haldır ki, Heydər Əliyev Fondu yaşı 18-dən yuxarı olan, uşaq evlərini tərk edən yeniyetmələrin mənzillə təmin olunmasını da diqqət mərkəzində saxlayır.

Fondun “Təhsilə dəstək” layihəsi də özünün humanist məqsədləri ilə diqqət çəkir. Heydər Əliyev Fondu hər il layihə çərçivəsində Ermənistanın Azərbaycana təcavüzü nəticəsində daimi yaşayış yerlərini tərk etmiş qaçqın, məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə çanta və məktəb ləvazimatı hədiyyə edir.

Layihə çərçivəsində Pakistanda qızlar üçün yeni orta məktəb binası, Gürcüstanın Dmanisi rayonunda, Rusiyanın Ulyanovsk şəhərində, habelə Misir Ərəb Respublikasında yeni məktəblər tikilərək istifadəyə verilib. Bir sıra xarici təşkilat və şirkətlərin fonda hədiyyə etdikləri müxtəlif adda 10 mindən çox kitab da ölkənin ali və ümumtəhsil məktəblərinə, uşaq evlərinə, internat məktəblərinə paylanılıb. Layihə çərçivəsində fond 2015-2016-cı dərs ili ərəfəsində respublikanın müxtəlif məktəblərinə 15 minə yaxın çantanın və dərs ləvazimatının paylanılmasını təmin edib.

2014-cü il fevralın 27-də isə Heydər Əliyev Fondunun məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının təqdimatı keçirilib. Fondun prezidenti Mehriban Əliyeva bildirib ki, bu gün Azərbaycanda fəaliyyət göstərən uşaq bağçalarının əksəriyyəti sovet dövründə tikilib: “Mövcud bağçalar tələbatı ödəmir. Onlar tələbatı təxminən 18-20 faiz səviyyəsində ödəyir…Artan tələbatı ödəmək üçün yeni bağçalar tikilməlidir. Yeni bağçalar mövcud bağçaların ərazilərində tikilməlidir. Məndə olan məlumata görə, bağçaların bir çoxu böyük ərazidə yerləşir və geniş tikinti üçün imkanlar var. Eyni zamanda yeni torpaq sahələri ayrılmalıdır ki, təzə bağçalar tikilsin”.

Təhsil sahəsində beynəlxalq əməkdaşlıq istiqamətində də çoxsaylı tədbirlər həyata keçirilir. UNESCO-nun diqqətinin ölkənin təhsil problemlərinə cəlb olunması nəticəsində təşkilatla münasibətlər daha da dərinləşib, bir neçə istiqamətdə əməkdaşlıq əlaqələri qurulub. Bu əlaqələr əsasən “Təhsil hamı üçün” proqramını, texniki-peşə sahəsində əməkdaşlıq, inklüziv təhsil layihəsi, ali məktəblərdə UNESCO kafedralarının yaradılması və digər sahələri əhatə edir.

Heydər Əliyev Fondu UNICEF-lə əməkdaşlıq sahəsində də bir sıra ciddi uğurlara imza atıb. UNICEF-lə birgə reallaşdırılan çoxsaylı layihələr sırasında deinstitutlaşma proqramının əhəmiyyətini xüsusi vurğulamaq istərdik. Fondun təşəbbüsünü yüksək dəyərləndirən hökumət uşaqların ailələrə verilməsi ilə bağlı dövlət proqramı hazırlayıb. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2006-cı il martın 29-da təsdiqlədiyi “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (deinstitusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı”nın məqsədi uşaq müəssisələrindəki uşaqların ailələrə verilməsini təmin etmək və onların həmin müəssisələrə verilməsinə şərait yaradan amilləri aradan qaldırmaqdan ibarətdir. Proqram eyni zamanda xüsusi qayğıya ehtiyacı olan uşaqların sağlam cəmiyyətə qovuşmasını, isti ailə mühiti ilə əhatə olunmasını nəzərdə tutur. 2006-2015-ci illəri əhatə edən bu proqram çərçivəsində böyük işlər həyata keçirilib.

Azərbaycanın birinci xanımı öz fəaliyyəti ilə həm də mədəniyyətlər və sivilizasiyalararası dialoqa necə nail olmağın yolunu göstərir. Maddi mədəniyyətin, elmin, texnologiyanın, iqtisadiyyatın, fiziki sağlamlığın, idmanın prioritetliyinə əsaslanan Qərb sivilizasiyası və mənəvi mədəniyyətin, əxlaqın, dini dəyərlərin prioritetliyinə əsaslanan Şərq sivilizasiyası ancaq bir-birini qarşılıqlı surətdə tamamladıqda onun kamil insanın formalaşmasındakı rolu haqqında söhbət açmaq olar.

Fondun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın vətənpərvər fəaliyyəti nəticəsində Azərbaycanın mənəvi inciləri bir-birinin ardınca dünya Qeyri-maddi mədəni irs siyahısına salınıb, ölkəmiz, sözün əsl mənasında, fərqli sivilizasiyaların və mədəniyyətlərin dialoquortaq məxrəc axtardığı məkana çevrilib.

Avropanın böyük mütəfəkkirlərindən Villi Brandtın fikridir: “Kim Avropada başa düşülmək istəyirsə, o, Avropanın siyasi leksikonunda danışmağı bacarmalıdır”. Avropanın “siyasi leksikonu” dedikdə, əlbəttə, insan hüquqlarına, demokratik dəyərlərə yüksək hörmətin zəruriliyi nəzərdə tutulur. Bu mənada Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva sivil Avropa dəyərlərinə sadiqliyi ilə “Avropanın siyasi leksikonunda danışmaq bacarığını” tam təsdiqləyib. Azərbaycan parlamentinin fəal deputatı olan Mehriban xanım Əliyevanın qanunvericilik təşəbbüsü əsasında Azərbaycan Respublikasının Milli Məclisi 2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya haqqında qərarlar qəbul edib. Bu humanist aksiyalar nəticəsində minlərlə məhkum cəzasının çəkilməmiş hissəsindən azad olunub, normal həyata qovuşub.

Məhz bunların nəticəsidir ki, Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin olunması cəmiyyətdə böyük rəğbət və etimadla qarşılanıb. Bu təyinatla bağlı çoxsaylı təbriklərə səmimi münasibətini ifadə edən ölkənin birinci xanımı yüksək etimadı doğrultmaq, insanların arzu və istəklərini gerçəkləşdirmək naminə bundan sonra da səylə çalışacağını vurğulayıb: “Əziz dostlar, mən öz ölkəmə, sizə, bizim yaradıcılıq enerjimizə inanıram. Ölkəmizin gələcəyi, onun inkişafı və firavanlığı üçün bizim hər birimiz cavabdehik. Bu gün sizin səmimi diləkləriniz və dəstəyiniz mənim üçün çox vacibdir. Mən bu dəstəyi hər zaman, fəaliyyətimin bütün mərhələlərində hiss etmişəm. Hesab edirəm ki, əsl minnətdarlıq özünü yalnız sözdə deyil, konkret əməldə göstərməlidir. Sizi əmin edirəm ki, indiyədək önəm verdiyim prinsiplərə - öz vətənimə və xalqıma xidmət, mərhəmət və ədalət, tolerantlıq və ümumbəşəri dəyərlərə bundan sonra da sadiq qalacağam. Hər birinizə uğurlar, cansağlığı və firavanlıq, doğma vətənimizə isə sülhinkişaf arzulayıram!”

Şübhəsiz, postneft dövründə - ölkədə genişmiqyaslı islahatların başlandığı zamanda Mehriban xanım Əliyeva kimi vətənpərvər, xalqını, dövlətini sevən bir şəxsiyyətin Azərbaycanın Birinci vitse-prezidenti kimi məsul vəzifəyə irəli çəkilməsi ölkəmizin dinamik inkişafı üçün yeni üfüqlər açır. Bu baxımdan cəmiyyətdəki həlledici çoxluq Mehriban xanım Əliyevanın əzmkar səyləri ilə cəmiyyətin sosial, mədəni və intellektual sferalarında kardinal yeniliklərin olacağına ürəkdən inanır və ölkənin gələcəyi baxımından bu uğurlu təyinatı birmənalı dəstəkləyir.

 

Həsən BAYRAMOV,

pedaqogika üzrə fəlsəfə doktoru, dosent

 

Azərbaycan.- 2017.- 28 fevral.- S. 4.