"Sonsuz dəhliz" Xocalı həqiqətlərini
dünyaya daha aydın çatdırır
Leyla Əliyevanın
təşəbbüsü ilə çəkilən
film soyqırımı qurbanlarının
xatirəsini əbədiləşdirir
Fevralın 26-da Xocalı soyqırımının
25-ci ildönümü ilə
əlaqədar “Xocalıya
ədalət!” beynəlxalq
maarifləndirmə kampaniyası
çərçivəsində Nizami Kino Mərkəzində
“Sonsuz dəhliz” sənədli filmi nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva filmin nümayişindən əvvəl Nizami Kino Mərkəzinin foyesində Xocalı faciəsi zamanı lentə alınmış şəkillərdən ibarət fotosərgi ilə tanış olub.
Filmin nümayişində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşları, Milli Məclisin deputatları, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun, beynəlxalq təşkilatların, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) və digər qurumların nümayəndələri iştirak ediblər.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Məlumat verildi ki, “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasına Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlanılıb. Kampaniya Xocalı soyqırımının, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi səbəbləri və nəticələri, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionu və digər ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasının zəruriliyi ilə bağlı beynəlxalq maarifləndirmənin artırılması məqsədi daşıyır. Kampaniyanın fəaliyyəti, həmçinin Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalmış ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlarda yaşadılması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlib.
Kampaniya qlobal səviyyədə fəaliyyət göstərmək, öz müraciətlərini çatdırmaq üçün müxtəlif kommunikasiya vasitələri və resurslarından, o cümlədən media, internet və canlı tədbirlərdən fəal şəkildə istifadə edir. Beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində təşkil edilən tədbirlərdə əsas diqqət kütləvi qırğınlara, etnik təmizləmə, irqi və ya dini ayrı-seçkilik hallarına qarşı güclü müqavimət nümayiş etdirməyə, qırğından sağ çıxmış xocalılılar ilə həmrəylik ifadə etməyə və azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş cinayətlərə görə cəzasızlıq halları ilə mübarizəyə yönəlib.
Leyla Əliyevanın təşəbbüsü ilə çəkilən “Sonsuz dəhliz” filmində Ermənistan silahlı qüvvələrinin törətdikləri Xocalı soyqırımının şahidləri olan jurnalistlər Riçardas Lapaitis (Litva) və Viktoriya İvlevanın (Rusiya) faciədən 20 il sonra Azərbaycana gələrək, qətliamdan xilas olmuş şəxslər ilə görüşlərində lentə aldıqları xatirələrdən bəhs edilir, yeni sənədlər, faktlar və xronikalar ilə hadisələrin obyektiv mənzərəsi canlandırılır. Nümayişdən əvvəl filmin rejissoru Aleksandras Brokas, jurnalist Riçardas Lapaitis və Xocalı soyqırımının şahidi Valeh Hüseynov çıxış ediblər.
Aleksandras Brokas deyib: “Şeytanın ayaq açıb oynaması üçün yeganə lazım olan bir şey varsa, o da yaxşı insanların süst oturması idi. Ola bilsin, bu, yeganə səbəbdir ki, biz 7 il əvvəl vaxt və təzadları düşünmədən sonu görünməyən yola çıxdıq. Mən bizə etimad göstərmiş, nəinki evlərinin, qəlblərinin də qapısını açmış insanlara təşəkkür edirəm. Yalnız onlar deyə bilərlər ki, insan gözləri qarşısında ailəsi qətlə yetiriləndə hansı hissləri keçirir. Onlar bilirlər ki, müharibə dustağı olmaq və ya işgəncə nədir. Onların adları çoxlarına məlum deyil: jurnalistlər Riçardas Lapaitis, Viktoriya İvleva, sağ qalmış Mehriban ana, musiqiçi və müəllim Valeh, bizim operator Seyidağa və həmçinin həmin qırğından sonra sağ qalmış gənc qız. Filmə onların və digər şahidlərin söylədikləri təqdim olunub. Fikrimizcə, bu sənədli filmi çəkdiyimiz zaman bundan artıq göz yaşı görmək mümkün deyildi. Ağrı, əzablar böyük idi. Lakin hər zaman kamera istiqamətlənir, işıqlar salınır və biz hər bir kadrda göz yaşları görürdük. Auditoriya inana bilmirdi ki, bu cür vəhşilik indiki dövrdə də mümkündür”.
“Sonsuz
dəhliz” sənədli filminin indiyədək
dünyada yarım milyarda
yaxın insan tərəfindən izləndiyini
deyən A.Brokas Leyla
Əliyevaya və “Xocalıya ədalət!” kampaniyasına təşəkkürünü
bildirdi. O dedi ki, bu film bir neçə
xarici dilə tərcümə olunub.
Film bu günədək
“Xocalıya ədalət!”
kampaniyası çərçivəsində
bir sıra ölkələrdə, o cümlədən
60-dan artıq kinofestivalda
nümayiş etdirilib,
ABŞ-ın “Accolade Film Competition” adlı nüfuzlu kino nəşrinin “Global
Film Awards” müsabiqəsinin “Humanitar mükafatı”na layiq görülüb,
Madrid Tenerife Beynəlxalq Film Festivalı isə “Sonsuz dəhliz” filmini “Ən Yaxşı Sənədli
Film” və Aleksandras Brokası “Ən Yaxşı Sənədli
Film Rejissoru” nominasiyaları
üzrə qalib elan edib. “Fərəhlənirik ki, sənədli filmə baxanlar Xocalı soyqırımından sağ
çıxmış insanlarla
həmrəylik ifadə
ediblər. Bu, o deməkdir ki, Azərbaycan xalqı artıq tənha deyil. Filmin bütün beynəlxalq
mükafatlarını Xocalı
faciəsində və
Qarabağ müharibəsində
həlak olmuş insanlara ithaf edirik. Bütün bu yorulmaz fəaliyyət
nəticəsində biz illər
boyu çalışdıq
və müşahidə
etdik ki, Azərbaycan xalqı cəsur, sülhsevər, mehriban və müdrik xalqdır”, - deyə A.Brokas vurğulayıb.
Litvalı jurnalist
Riçardas Lapaitis çıxış edərək
deyib: “Azərbaycanlılara
qarşı törədilmiş
Xocalı soyqırımının
bu gün 25 illiyi tamam olur.
1992-ci il fevralın 25-dən 26-na keçən
gecə erməni silahlı birləşmələri
366-cı motoatıcı alayın
Xankəndidəki texnikası
və şəxsi heyətinin köməyi ilə blokadada olan Xocalı şəhərinə hücum
ediblər. Mən Litva Jurnalistlər
İttifaqının üzvü
kimi 1992-ci ildə erməni silahlı dəstələrinin Xocalı
şəhərinin dinc
əhalisinə qarşı
törətdikləri vəhşiliyin
şahidi oldum. Ermənistan bu cinayəti inkar edir. Lakin müəyyən edilib ki, 1992-ci il fevralın
25-də saat 19.50-də Ermənistanın
müdafiə naziri Dağlıq Qarabağ ərazisində yerləşən
bütün hərbi birləşmələrə tam döyüş hazırlığı
barədə əmr verib. Bu qanlı
qırğına erməni
millətçiləri əvvəlcədən
hazırlaşmışdılar. Təkcə Qarabağ ermənilərindən
deyil, Suriya, Yaxın Şərq, Fransa və digər yerlərdən cəlb olunmuş muzdlu döyüşçülərdən
istifadə edilib və o zaman bu işdə Daşnaksütyun partiyası
böyük rol oynayıb. Vurğulamaq istəyirəm ki,
“sərbəst dəhliz”
haqqında mif o zaman yaranmışdı.
Xocalıda dinc əhaliyə
qarşı vəhşilik
törədən hər
kəs, o cümlədən
Ermənistan prezidenti Serj Sarkisyan və başqaları hələ ki, öz vicdanları qarşısında cavab verirlər. Ümid edirəm ki,
bir gün ədalət zəfər çalacaq və bu hadisəni törədənlər beynəlxalq
tribunalda cavab verəcəklər. Çünki Xocalı sakinləri özgə ərazidə deyil, öz torpaqlarında, ata-baba yurdlarında qətlə yetiriliblər”.
Xocalı soyqırımının
şahidi Valeh Hüseynov da ağrılı-acılı hisslərini
bölüşərək deyib: “Sonsuz dəhliz” sənədli filmi Xocalı həqiqətlərini üzə
çıxarıb. Həmin gecə
mən də Xocalıda idim. O zaman yenicə ailə qurmuşdum. Topların, tankların, raketlərin qarşısında biz əliyalın
idik. İnsanların bir hissəsi
Xocalının küçələrində
qırıldı, sağ
qalanlar meşəyə
qaçdılar. Səhərədək yol getdik. Mən həmin gecə meşədə həyat yoldaşımdan ayrı düşdüm. Mən onu
tapanda artıq gec idi, onu
öldürmüşdülər. Həmin gecə mən də əsir düşdüm. Erməni vəhşiliyi
haqqında əvvəllər
də eşitmişdim,
lakin əsirlikdə bunun əyani şahidi oldum. Xocalı faciəsi haqqında günlərlə, aylarla danışa bilərəm.
Orada olan hər bir
epizod mənim yaddaşımdadır. Xocalı həqiqətlərinin
dünyaya çatdırılmasında
gördüyü böyük
işlərə görə
Leyla Əliyevaya minnətdarlığımı bildirirəm. Məhz “Xocalıya
ədalət!” kampaniyası
sayəsində bütün
dünya Xocalı əhalisinin soyqırımına
məruz qaldığı
barədə daha ətraflı məlumat aldı. Bu soyqırımı
ermənilərin təkcə
azərbaycanlılara deyil,
insanlığa qarşı
cinayətidir. Arzu edirəm
ki, torpaqlarımız
sülh yolu ilə geri alınsın
və sizi Qarabağda qarşılayaq”.
Sonra film nümayiş olundu.
Ekran əsərində Riçardas
Lapaitis o vaxtdan bəri unuda bilmədiyi Xocalı faciəsini və Dağlıq Qarabağ münaqişəsini iyirmi
ildən sonra hərbi müxbir kimi ictimaiyyətə çatdırır. O, Xocalı faciəsindən sağ çıxanlarla yenidən
görüşür və
ermənilərin atəşi
altında “sonsuz dəhliz”də nicat yolu axtararkən yaxınlarını itirənlərin
ürəkdağlayan hekayələrini
dinləyir.
Qeyd edək ki,
Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi
ilə Amerika və Litva
kinematoqrafçıları tərəfindən çəkilən
“Sonsuz dəhliz” sənədli filminin premyerası 2014-cü il
iyulun 1-də Londonda Britaniya Film və Televiziya İncəsənəti
Akademiyasında (BAFTA) keçirilib.
Azərbaycan.- 2017.- 28 fevral.- S.6.