Özünü qumbara ilə partladıb ki, ələ keçməsin

 

O gecənin zülmətindən çıxan xocalılıların dərdi oradan çıxa bilməyənlərinkindən qat-qat ağırdır. Belə dərdli insanlardan biri də İradə Aydın qızı Cəfərova idi.

Ailənin müsibətli günlərindən danışan İ.Cəfərova deyirdi ki, meşədə gecənin bir aləmində yaxınlıqdakı kolun dibindən ağlaşma səsi gəldi: “Birtəhər ora süründüm. Şərqiyyə adlı bir qadının ürəyi dayanmışdı. Anamla bir sinifdə oxumuşdu, tanıyırdım, 46 yaşında idi. Uşaqları ağlaşırdı. Nə basdırmaq mümkün idi, nə də irəli aparmaq. Kolun dibində üstünə çır-çırpı yığdıq ki, ermənilərin əlinə keçməsin. Anam o yazığın balalarına təsəlli verirdi: “Ağlaşmayın. Hələ bilmirik ki, bizim başımıza nələr gələcək”. O gecə də orada qaldıq. Pusquya düşməmək üçün səhərin ala-toranında tərpənmək istədik. Zeynal kişi dedi ki, Gülablıda sanatoriyada olmuşam, yolunu tanıyıram. Xeyli getdik. Burada iki yol var imiş: biri ermənilər yaşayan Dəhraza gedirmiş, o birisi isə Gülablıya. Zülmət qaranlıq olduğundan yolu tapa bilmirdik. Aşağıda yol axtaranda, demə yuxarıdan erməni silahlı quldurları bizi görürmüş. 13-14 nəfər döyüşçü bizi meşədən çıxarmaq üçün toxtaqlıq verib dedilər ki, Dəhraz kiçik erməni kəndidir, döyüşə-döyüşə keçəcəyik. Biz arxı keçmək istəyəndə atəşə tutulduq. Üzüqoylu uzandıq arxa. Kim ki ayaq üstə idi vuruldu: ölən öldü, qalanlar isə yaralandı. Yaşlılarımız dedilər ki, təslim olmaqdan savayı yolumuz yoxdur”.

Diktofondan gələn səs: “60 yaşlarında olan Zəhra adlı bir qadının necə vurulduğunu hiss etməmişdik. Arxda uzanmışdı. Nə qədər silkələdiksə, səsi çıxmadı. Birtəhər başını çevirib baxdım ki, ağzından qan gəlir. Neft-Kimya İnstitutunun Mehti adlı (təəssüf ki, atasının adını xatırlaya bilmirəm) bir tələbəsi də bizimlə idi. Atasını ermənilər qətlə yetirmişdi. Bir gün öncə, fevralın 24-də “yeddisini vermişdi. Dəstənin mühasirəyə düşdüyünü görən həmin Mehti avtomatla yolumuzu kəsən erməni quldurlarının 3-nü vurdu. Bundan sonra erməni yaraqlılarının qalanı bizi əsir aldılar” - deyə İradə Cəfərova bildirir.

O deyir ki, girov götürülənləri aparıb Dəhrazda bir mal tövləsinə doldurdular. Elə dəhşətli işgəncələr verirdilər ki, danışılası deyil: “Sumqayıt hadisələrinin qisasını alacaqları ilə bizi hədələyirdilər. Hansı ki, o da öz bəd əməlləri idi. Qarabağı əlimizdən almaq üçün minbir oyundan çıxırdılar. Həmin balaca kənddə Sumqayıtda ölənlərin xatirəsinə abidə də qoymuşdular. Bizi yığdılar həmin abidənin önünə. Birimizə də aman vermədilər: vəhşi kimi qocalı-cavanlı, uşaqlı-böyüklü hamını döyməyə, işgəncələr verməyə başladılar. Bizi yenə də mal fermasına yığdılar. Bura onlar üçün guya “xeyir-şər yeriidi. Bacımın əkiz uşaqlarını, mənim qızlarımı əlimizdən almaq istəyirdilər. Deyirdilər ki, Sumqayıtda sizinkilər bizim körpələri qətlə yetiriblər. Biz də bunları elə əzab verə-verə gözlərinizin qarşısında süngüyə keçirəcəyik. Hərbi geyimdə kim var idisə, ən çox zülmü onlara verirdilər. Yoldaşım Yusifəli də hərbi geyimdə idi. Həm də hündürboy olduğundan gözə tez dəydi. Yaslı olduğu üçün Yusifəli saqqal saxlamışdı. Bunu içəri girən erməni qulduru gördü və üstünə qışqırdı: “Sən də o boyeviklərdənsən?!

Yusifəlinin əynində tankçı geyimi olsa da, adicə sürücü idi. Erməni saqqallısı qışqırdı: “Əynindəkini bizimkiləri öldürüb əlindən almısan! Bu geyim Ermənistandan gəlir!” Çox pis söyüb, ona işgəncə verməyə başladılar”.

Bir gün sonra Xankəndiyə məlumat verildi ki, 150-ə qədər adam tutmuşuq. Aradan bir az keçmiş girovlar qapının arasından baxıblar ki, qara rəngli “təcili yardım”a oxşar bir maşın gəldi. Maşından 10 nəfər əli silahlı erməninin düşdüyünü görüblər. Amma onlar gələnə kimi buradakı qız-gəlinin üst-başındakı sırğa, üzük... sənəd, nə olubsa hamısını tökdürüblər ortaya qoyulan vedrənin içərisinə. İradə xanım dedi ki, Yusifəli hamıdan arxada dayanmışdı. Onu birinci çağırdılar. Yaxasından tutub dartanda irəli yeriyib dedim ki, yoldaşıyam, məni də aparın, biz bir yerdə öləcəyik! Erməni qulduru ilə deyişirdim. Məni avtomatın qundağı ilə vurub yerə sərdi həmin quldur. Atam dözməyib o yandan irəli gəlib məni yerdən qaldırdı: “Balalarına yazığın gəlsin, döz görək” - dedi.

Rus dili müəllimi ixtisasını bitirib yenicə Xocalıya gəlmiş Rüfəti də yoldaşımla bayıra çıxardılar. Sonra bir kişini beş oğlu ilə birlikdə apardılar. Saydıq, on üç nəfəri seçib içəridən çıxardılar. Onların taleyindən hələ də xəbər yoxdur. Sonradan dedilər ki, yandırıblar. Bir onu deyə bilərəm ki, 10-12 nəfər vəhşi erməni silahlı qulduru onları həmin binanın arxasına apardı. Az keçməmiş güllə səsindən içəridə qulaqlarımız tutuldu. Ermənilər bizi ağlamağa da qoymurdular”.

Əsirliyin min bir müsibətini yaşamış İradə xanımın dedikləri sanki girovların qələmə alınmayan yaddaş ağrılarıdır: “Bizə nəzarət edən ermənilərdən biri Bakıda doğulanlardan idi. Sabahısı gün dedi ki, qadınları, uşaqları, yaralıları buraxacaqlar. Qardaşım Mehmanın halı pisləşmişdi. Anam: “Mehman burada ölməsin, nəzir verəcəm” - dedi. Xəstə qardaşımı qurtarmaq üçün uşağı kürəyimdən açıb bağladım onun belinə ki, bəlkə bu yolla onu içəridən çıxaraq. Qaytardılar ki, olmaz, o, döyüşçü olub, buraxa bilmərik. Mədə-bağırsağı işləmirdi. Sancıdan qıvrılıb-açılırdı. Atam dedi ki, görmürsüz ayaqüstə dura bilmir? Xəstədir, insafınız olsun. Yaralılarımız çox idi. Atam yalvardı ki, bunları bir yana çıxarmaq üçün Məmməd həkimi bizə verin. Allah bunların dil-ağzını sanki bağladı. Məmməd həkimi də buraxdılar ki, yolda-izdə qalanlara yardım etsin. Hamının ayaqlarını şaxta, don vurmuşdu. Gülablıya kimi gətirsələr də, başqa ermənilər yolda bizi yenə atəşə tutdular, iki nəfərimizi də orada itirdik.

Şərqiyyə adlı bir qadının kiçik oğlunu Yusifəligillə birlikdə əsir götürdükləri üçün o biri qardaşı tək gəlirdi. Yolda bilirsiz necə ağladı? Dedi ki, axı, mən hara gedirəm? Özünü öldürmək istəyirdi, qoymadıq. Sonra qəfildən ürəyi dayanmışdı. Rüfətin anası hələ yolda bizi mühasirədən çıxaran erməniyə dedi ki, bircə balam vardı, onu da əlimdən aldınız. Erməni cavabında bildirdi ki, “elə bilirsiz girovların hamısını məhv edirlər? Yox, onları öldürməyəcəklər. Sizi qorxutmaq üçün elə deyirdilər. Bizim əsirlərimizlə dəyişəcəklər”. Rüfətin anası da dözmədi bala dağına: ağır, sağalmaz xəstəliyə tutulub dünyasını dəyişdi. Nəsil kəsildimi?! Anamın müalicəsi mümkün olmadı, onu da itirdik. Yoldaşımdan isə hələ də xəbər yoxdur. Xocalı faciəsi ilə bağlı televiziyada göstərilən ağrılı kadr var - amansızcasına qətlə yetirilən ağsaqqalı göstərirlər ha, o, Xocalıda tanınmış məşhur Səfiyar bəyin oğlu, mənim babam Malik Ağayar oğludur”.

Babasının nəsil şəcərəsindən və son müsibətindən nəvəsi yana-yana danışırdı: “Anamın anası ağır adam olduğundan, o gecə meşədə gedə bilmirmiş. Babam dayıma deyib ki, buradan kəsə yol bilirəm. Sən ananı götür bu istiqamətdə get, mən özüm gələcəm. Sən demə, o, dizindən yaralı imiş. Gedə bilməyib, qanaxmadan orada donub qalmışdı. Bibilərim 13 gün meşədən çıxa bilmədilər. Yoldaşı yaralı imiş. O qədər qan itirmişdi ki... Ermənilər onların yanından girov aparanda bibimgil qaratikan kolunun dibində gizləniblərmiş. Görüblər ki, babamın son nəfəsidir. Bibimgilə deyib ki, mənə bənd olmayın, ələ keçərsiz. Özündə qumbara var imiş. Uşaqlar aralandıqdan sonra özünü partlatmışdı ki, ələ keçməsin. Bibim oğlunun birinin topuqdan aşağı ayağı yoxdur. Yolda don vurmuşdu. O zaman 16 yaşı var idi. Eh... o qədər dərdimiz var ki, yazmaqla, danışmaqla bitməz.

Evdən heç nə götürmədiyimiz üçün yoldaşımın bibisigildən bir şəklini gətirib böyütmüşdüm. Qızım uşaq idi, atasını xatırlamır. Orta məktəbdə oxuyanda paltar alırdım. Geyinib gedib dayanırdı atasının şəklinin qarşısında, deyirdi ki, ata, bax gör yaraşırmı?! O, atasının öldüyünə hələ də inanmır.

... Anam həyəcan və qorxudan şəkər xəstəliyi tapdı, əlac edə bilmədik. Ömrünün son günlərini yaşayırdı. Gözləri qalmışdı üzümdə. Soruşdum ki, nə istəyirsən? Baxışları ilə doyunca məni süzdü. Gözlərindən axan bir damla yaş yanaqlarında iz açdı. Zorla eşidiləcək səslə dedi: “Xocalıya bir yol açıla, gedəm dədəmin bulağından bircə ovuc içəm, bəlkə sinəmin atəşi soyuya”.

Burada anası kimi, İradə xanımın da səsi tutuldu, sanki nəfəsi kəsildi. Həmsöhbətim bu ağrıları köksündə yaşatdığı üçün fikrini üzgün baxışları ilə anlatmağa çalışdı. Söz tapa bilmədi. Orada gördüklərini və yaşadıqlarını sözə çevirmək asan deyil axı. Təsəlli olacaq nə deyəsən?! Bu da taleyimizə yazılanların biri - Xocalı soyqırımının yazılmamış, oxunmamış səhifələri, nə açılasıdır, nə də oxunası.

...Sonda İradə xanım onu yaşadan ümid dolu arzularını da nikbin notlarla dilə gətirdi: “Dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevin qətiyyətli mövqeyi, apardığı mübarizə ilə Qarabağımızı işğaldan azad edəcəyimizə o qədər inanırıq ki. Lələtəpədən, Cocuq Mərcanlıdan Qarabağayol qaldı ki! İnşallah, Xocalımıza da yollar açılar, o yerlərdə baharda dağlar əvvəlki al-əlvan libasını geyinər, çəmən-çiçək gül açar...”

 

Məhəmməd NƏRİMANOĞLU,

 

Azərbaycan.- 2017.- 28 fevral.- S.6.