Yalan ayaq tutar, yeriməz

 

Sumqayıtda ermənilər tərəfindən öncədən planlaşdırılmış qanlı hadisələrdən bizi 29 illik zaman kəsiyi ayırır. Erməni təbliğat maşını dünyaya Sumqayıt hadisələrini onlara qarşı törədilən terror kimi qələmə verməyə çalışsa da, istintaq proseslərində bu terrorun məhz ermənilər tərəfindən törədildiyi sübuta yetirilib. Başqa sözlə, erməni millətçiləri qarşılarına qoyduqları məkrli məqsədə yetmək üçün hər cür vəhşilikdən, terrordan, insanlığa sığmayan qanlı cinayətlərdən, hətta öz millətlərinin qanını tökməkdən belə çəkinməyiblər.

1988-ci ilin fevralında Xankəndidə erməni millətçiləri kütləvi mitinqlər keçirirdi. Onlar SSRİ və Ermənistan SSR rəhbərliyindən tələb edirdilər ki, Dağlıq Qarabağ Azərbaycan Respublikasının tərkibindən çıxarılmalıdır. Bunun üçün tutarlı fakt lazım idi. Həmin illərdə SSRİ-yə rəhbərlik edən M.S.Qorbaçovun siyasi məsələlər üzrə köməkçisi Şahnazaryan, iqtisadi məsələlər üzrə köməkçisi A.Aqanbekyan, Dövlət Plan Komitəsi sədrinin birinci müavini Sitaryan və yuxarı eşelonda vəzifələrdə oturan yüzlərlə erməni böyük bir dövlətin xarici və daxili siyasətini maraq və ambisiyalarına uyğun asanlıqla istiqamətləndirə bildilər. Dövlətdə təmsil olunan bir şəxsin - Aqanbekyanın 1987-ci ildə Fransadakı məlum çıxışında Qarabağın Ermənistana verilməsi təklifi erməni diaspor nümayəndələri tərəfindən alqışlarla qarşılandı. Qarabağda və Ermənistanda fasiləsiz mitinqlərə start verildi, həmin ərazilərdə yaşayan azərbaycanlılara qarşı təzyiqlər, hücumlar gücləndi. Beləcə qaçqınların ilk böyük dalğası Sumqayıtı silkələdi.

Öz doğma yurdlarında yaşayan insanların böyük bir qismi Sumqayıta pənah gətirdi. Onların çox hissəsinin Sumqayıtda qohum-əqrəbası yaşayırdı. Eyni zamanda həmin dövrdə dolaşan fikirlərdən biri də qaçqınların Qarabağda yerləşdirilməsi idi. Bunun qarşısını almaq üçün növbəti bir saxta “genosid” aktı hazırlamaq iddiası ermənilər tərəfindən düşünüldü.

Tarixdən bəllidir ki, erməni millətçiləri müxtəlif dönəmlərdə Azərbaycan xalqına qarşı törətdikləri çoxsaylı cinayətlərin müəllifidirlər. Onlarda artıq 1905, 1918-ci illərin təcrübəsi vardı. Qarşılarına qoyduqları məkrli niyyətlərə yetmək üçün hər cür vəhşilikdən, terrordan, insanlığa sığmayan cinayətlərdən, hətta günahsız ermənilərin qanını tökməkdən belə çəkinməyiblər. İftira və yalanlardan “əzabkeş erməni xalqı”na ağı deyib təəssübkeşlərində özlərinə mərhəmət, müsəlmanlara nifrət oyatmaq istəyən erməni faşistləri törətdikləri cinayətləri tarixən türklərin və azərbaycanlıların adına yazmağa cəhd ediblər.

1988-ci il fevralın əvvəllərində Ermənistandan və Dağlıq Qarabağdan Sumqayıta çoxlu sayda milliyyətcə erməni olan şübhəli şəxslər gəlmiş, onların bir qismi mehmanxanalarda yerləşdirilmişdi. Azərbaycan dilini mükəmməl bilən bir qrup erməni təxribatçısı şəhərin onlara verilən xəritəsi əsasında, demək olar ki, bütün küçə və dövlət orqanlarını qeydiyyata almış, terror planını hazırlamışdılar. Şəhərdə gizlin fəaliyyət göstərən “Krunk” daşnak təşkilatının üzvləri ilə görüşən təxribatçı qrup erməni ailələrinin siyahısı əsasında niyyət və məramlarını bölüşmüşdülər.

Həmin şəxslər Sumqayıtda ermənilərin sıx yaşadığı ərazilərdə çoxsaylı gizli görüşlər keçirmiş, onları gələcək hadisələrlə bağlı təlimatlandırmışdılar. 30 nəfərə yaxın olan bu qrup iğtişaşlar zamanı kimin necə hərəkət edəcəyini şəhərdə yaşayan ermənilərə başa salmışdı.

Hadisələrdən əvvəl şəhəri tərk edən imkanlı erməni ailələri bankda olan pullarını da çıxarıb aparmışdılar. Bəziləri şəhərin ticarət mərkəzində - univermaqda satılan qiymətli zinət əşyaları almışdılar. Belələri bahalı mebellərini, evlərini dəyər-dəyməzinə satmışdılar. Bütün bunlar hüquq-mühafizə orqanlarının gözü qarşısında baş vermişdi. Kütləvi iğtişaşlardan dərhal sonra isə həmin qrup yoxa çıxmışdı. Bu da həmin hadisələrin ermənilər tərəfindən törədildiyini tam sübuta yetirir.

Məlum olmuşdu ki, təxribat qrupu qətlə yetirəcəkləri adamların siyahısını şəhərdə talan törədəcək komitə üzvlərinə də paylamışdılar. Hadisədən əvvəl ermənilər yaşayan evlər ozamankı hüquq-mühafizə orqanlarının gözləri qarşısında xüsusi adamlar tərəfindən işarələnmişdi. Beləliklə, fevralın 28-29-da Sumqayıtda iğtişaşlar törədilir, ermənilər öz millətlərindən olan insanları qəsdən qətlə yetirir, lakin SSRİ-nin ovaxtkı hərbi prokuroru Katuşev Bakıda ola-ola baş verənlərin qarşısını almağa tələsmirdi.

Sumqayıtdakı kütləvi iğtişaşların əvvəlcədən təşkil edilməsini sübut edən faktlardan biri də talançıların hərəkət etdikləri marşrut boyu yerləşdirilmiş naməlum şəxslərin kütləvi iğtişaşlarda iştirak edənlərin hərəkətlərinin videoçəkilişini aparmalarıdır. Həmin kadrlar Qərb ölkələrinin televiziya kanallarında operativ şəkildə göstərilmişdi. Xəbər tutuldu ki, çəkiliş aparan şəxslər talançıların planları haqqında əvvəlcədən məlumatlı idilər. Çünki çəkilişləri aparanlar şəhəri tərk etdikdən sonra heç bir fakt lentə alınmamışdı. Bu da çəkilişlərin planlı olduğunu bildirir. Hadisələrdən sonra o da üzə çıxdı ki, Sumqayıtda qətlə yetirilənlərin, demək olar ki, hamısı əslən Dağlıq Qarabağdandır.

Hadisələrlə bağlı saxlanılanlar arasında müxtəlif millətlərdən olan adamlar - azərbaycanlılar, ermənilər, ruslar, yəhudilər və başqaları var idi. Sumqayıtda “xuliqan”lıq edənlərin sırasına ermənilər tərəfindən satın alınmış ekstremist qruplar, cinayətkarlar, narkomanlar və spirtli içki düşkünləri cəlb edilmişdi.

İstintaq materiallarında göstərilir ki, 444 nəfər məhkəmə qarşısında cavab vermiş, onlardan 400 nəfəri 10-15 sutka təcridxanalarda saxlanılmışdı. Bir neçəsi uzunmüddətli həbs cəzasına, Əhməd İman oğlu Əhmədov isə ölüm cəzasına məhkum olunmuşdu. Xatırladaq ki, Ə.Əhmədovun məsələsinə Moskvada tələm-tələsik baxılmış və onu Sumqayıtda baş verən hadisələrin “təşkilatçısı” kimi qələmə vermişlər.

O dövrdə SSRİ Ali Məhkəməsinin sədri V.Terebilovun “Novoye vremya” jurnalında müsahibəsi çap olundu. V.Terebilov məhkəmə proseslərinə yuxarıdan, xüsusilə Kommunist Partiyası Mərkəzi Komitəsi aparatından təzyiqlər olduğundan şikayətlənirdi. O, tələb edirdi ki, məhkəmə müstəqil olmalıdır. V.Terebilov qeyd edirdi ki, SSRİ Ali Məhkəməsi Əhmədovun, Cəfərovun, İsmayılovun məhkəmə prosesinə baxır. Məhz yuxarıların təzyiqi nəticəsində məhkəmə heyəti obyektivliyini, humanizmini bir tərəfə qoyub Əhmədovun timsalında nəyin bahasına olursa-olsun “təşkilatçı” obrazı yaratmaq niyyətinə düşüb.

Hadisələrin əsas icraçısı 1959-cu il təvəllüdlü, əvvəllər 3 dəfə məhkum olunmuş, üst-üstə 9 il 2 ay 13 gün azadlıqdan məhrumetmə cəzası çəkmiş qatı cinayətkar, milliyyətcə erməni olan “Paşa” ləqəbli Eduard Qriqoryan, onun Albert və Ernis adlı iki qardaşı idi.

Eduard Qriqoryan ətrafına topladığı özü kimi cinayətəmeyilli qonşuları ilə ümumi dil taparaq onlara spirtli içki və insanda aqressivlik yaradan xüsusi həblər paylayıb, quldurluq və soyğunçuluq etmək üçün yaxşı şans yarandığını deyib və onları öz arxasınca dinc mitinqin keçirildiyi meydana aparıb. Orada özünü Qafandan gəlmiş azərbaycanlı kimi təqdim edərək ermənilərin guya Qafanda dinc azərbaycanlı əhalini qırdıqlarını, özlərinin isə bir maşın meyit gətirdiklərini mitinq iştirakçılarına danışaraq ermənilərdən intiqam almağa çağırıb. Onda burada yaşayan ermənilərin siyahısının və ünvanlarının olduğunu deyərək ona qoşulmuş 100 nəfərə yaxın yeniyetməni və müxtəlif cinayətkar ünsürləri “Qarabağ bizimdir!”, “Erməniləri qırın!” kimi şüar və çağırışlarla “Qarabağ” və “Krunk” təşkilatlarına pul verməkdən imtina etmiş ermənilərin yaşadıqları mənzillərə istiqamətləndirib, özü də talan və digər cinayətlərdə fəal iştirak edərək şəxsən 6 nəfər ermənini qətlə yetirib. O, hadisələr zamanı Marina və Karina Mejlumyanlar adlı erməni qızlarını da zorlayıb.

Bütün bunlar məhkəmə istintaqı zamanı sübut olunsa da, SSRİ Prokurorluğu əsl həqiqəti ört-basdır etdi. Kütləvi iğtişaşlarda iştirak, zorlama, qətl, qarət, milli ədavətin qızışdırılması ittihamları ilə mühakimə olunan E.Qriqoryana cəmi 12 il cəza verildi.

6 nəfərin qətlində iştirak etmiş Eduard Qriqoryanın məsuliyyətdən azad edilməsi üçün erməni millətçi təşkilatçıları və xüsusi xidmət orqanları çox çalışıblar. Təsadüfi deyil ki, bu qədər cinayət törətməsinə baxmayaraq, Qriqoryan Ermənistana göndərilib, sonra da azadlığa buraxılıb. Həmin dövrdə “Novoye vremya” jurnalı, “Moskovskiye novosti” qəzeti və digər mətbu orqanlar Sumqayıt hadisələri ilə bağlı öz səslərini qaldırsalar da, bir nəticə olmadı. Yazılarda istintaqın düzgün aparılmadığı, cinayətin kim tərəfindən törədilməsinin aşkar edilmədiyi tam aydınlığı ilə qeyd edilirdi.

Yalnız 1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra əsl həqiqətlər üzə çıxdı, mənfur erməni məkrinin, neçə-neçə terror aktının qarşısı alındı.

 

Akif ƏLİYEV,

 

Azərbaycan.- 2017.- 28 fevral.- S.10.