Bənzərsiz səs sahibi

 

Böyük uğurların sirri istedad və zəhmət vəhdətindədir. O, qazandığı nailiyyətlərin önündə gərgin əməyinin dayandığını deyir. Amma bu da həqiqətdir ki, çoxları kimi əvvəlcə fitri istedadı ilə fərqlənib. Gənc vokalçı İlham Nəzərov bu mənada özünü bəxti gətirmiş insan hesab edir. Çünki bənzərsiz səsi, ifaçılıq qabiliyyəti ilə uşaq yaşlarından diqqəti cəlb edib. O vaxtlar hələ 1985-ci ilin 5 oktyabrında dünyaya göz açdığı Əli Bayramlı (indiki Şirvan) şəhərində yaşayırdı. Əli Bayramlı şəhər 18 saylı orta məktəbdə təhsil alırdı. Atası mühasib, anası isə evdar qadın idi. Ailələrində peşəkar musiqiçi olmasa da, qohum-əqrəbada çoxunun məlahətli səsi vardı. Atası İslam kişinin qarmondakı ifaları sanki İlhamı öz qanadlarına alır, hələ adını bilmədiyi əsrarəngiz aləmə aparırdı...

Bəlkə də musiqinin, səsin sehrinə düşdüyündəndir ki, hələ kiçik yaşlarından könlünə yatan, diqqətini çəkən mahnıları qeyri-adi səslə oxuyurdu. Bu qeyri-adi səsdən xəbər tutan şəhər musiqi məktəbinin müəllimi İlham Salmanov 8-ci sinif şagirdi olan İlhama “Sənin belə gözəl səsin var, niyə musiqi məktəbinə gəlmirsən?” deyərək, onda bu sahəyə böyük maraq yaratdı. Bu həvəslə İlham musiqi məktəbinin xanəndəlik sinfinə yazılaraq oxumağa başlayır və çox keçmir ki, rayonun Pionerlər evində keçirilən bütün tədbirlərdə, başqa konsert və yığıncaqlarda oxumağa başlayır. Artıq azyaşlı müğənni İlham Nəzərovu rayonda tanımayan yox idi.

1999-cu ildə Bakıya gələn İlham Nəzərov o günləri belə xatırlayır: “Bakıya gəlməyimin səbəbkarı Asəf Zeynallı adına Musiqi Kollecinin direktoru, professor Nazim Kazımov olub. Hələ rayonda olarkən ona haqqımda danışıblar. Məni dəvət etdi, oxudumNazim müəllimin çox xoşuna gəldi, məsləhət gördü ki, Bakıda təhsilimi davam etdirim. Doğrudur, o günədək də musiqiyə vurğun idim. Amma Nazim müəllimin sözlərindən sonra qarşımda bir yol gördümo yolu tutub Bakıya gəldim. Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə daxil olaraq təhsilimi bu möhtəşəm musiqi məktəbində, unudulmaz sənətkarımız Ağaxan Abdullayevin xanəndəlik sinfində davam etdirdim. 11-ci sinifdə məktəbin vokal sinfi məni daha çox cəlb etdi. Yevgeniya Məmmədovadan vokal dərsləri almağa başladım”.

Bülbül adına məktəbdə oxuya-oxuya artıq konsert proqramlarında iştirak edir. 2000-2001-ci illərdə respublikada keçirilən caz festivallarının iştirakçısı olaraq laureat adını qazanır. 2003-cü ildə Bülbül adına orta məktəbin vokal sinfini bitirərək Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının vokal fakültəsinə qəbul olunan gənc istedad 2007-ci ildə akademiyada təhsilini bakalavr dərəcəsində başa vurur və dərhal da vokal fakültəsinin magistraturasına daxil olur. Elə həmin il hərbi xidmətə çağırılır və Heydər Əliyev adına Ali Hərbi Məktəbin orkestrində xidmət edir. O vaxtadək nəfəsli musiqi aləti olan altda (trubada) ifa etməyi də öyrənmişdi. Hərbi xidmətini başa vurduqdan sonra təhsilini davam etdirən İlham 2010-cu ildə Bakı Musiqi Akademiyasında magistraturanı fərqlənmə diplomu ilə bitirir.

Musiqi sənətində dərs aldığı müəllimlərin hər birini böyük hörmət və minnətdarlıqla xatırlayan İlham xüsusilə Musiqi Akademiyasının kamera sinfində müəllimi Gülarə İmanovanın onun karyerasında xüsusi rol oynadığını vurğulayır.

İlham Nəzərov tələbəlik illərindən bas-bariton kimi bir çox opera tamaşalarının, festivalların iştirakçısı olub. O, 2006-cı ildə “ÜNS” Yaradıcılıq Səhnəsində “Bakı” tamaşasında solist kimi çıxış etdikdən bir il sonra Bakı Musiqi Akademiyasında “Fiqaronun toyu” operasında Fiqaro rolunda səhnəyə çıxır. 2009-cu ildə “ÜNS” Yaradıcılıq Səhnəsində “Notre Dame De Paris” muziklında Kvazimodo rolunu fransız, 2010-cu ildə isə Heydər Əliyev Sarayında həmin rolu rus dilində ifa edir. Elə həmin il Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən beynəlxalq musiqi layihəsi çərçivəsində Firəngiz Əlizadənin “İntizar” operası Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor, “ÜNS” Yaradıcılıq Səhnəsinin bədii rəhbəri Nərgiz Paşayevanın librettosu əsasında nümayiş olunub. Azərbaycanda modern formada ilk opera sayıla bilən bu tamaşada İlham Nəzərov Yad adam rolunda səhnəyə çıxıb. İfası “ÜNS”-ün rəhbərliyinin və Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsinin də diqqətini cəlb edib. Onun: “Biz bu gənc istedada necə kömək edək” sualının cavabında İlham Nəzərov çoxdankı arzusunu dilə gətirib: “Avropada təhsil almaq istəyirəm”.

Elə bu istəklə də “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”na müvafiq olaraq Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə İtaliyanın tanınmış Accademia Darte lirica Osimo musiqi akademiyasına oxumağa gedib. Orada üç illik təhsili İlham Nəzərovun yaradıcılığında yeni səhifə açaraq, dünyagörüşünün formalaşmasında böyük rol oynayıb.

Akademiyaya bas-bariton tembri ilə imtahanla daxil olub. Bir gün dərsdə tələbələrdən biri mes-soprano oxuyurmuş. İfaya aludə olan

İlham Nəzərov özündən ixtiyarsız halda dillənir: “Çox bərbad oxuyur”. Bunu eşidən müəllim İlhamı səhnəyə dəvət edir: “Gəl, Nəzərov, oxu. Əgər yaxşı ifa eləməsən, akademiyadan xaric olunursan”. İlham səhnəyə çıxır oxumağa başlayır. İfası bitər-bitməz müəllimi bu gənc istedadlı azərbaycanlını ayaq üstə alqışlayır. Sonra isə ona ifası ilə bağlı şəxsi fikirlərini bildirir: “Sən bariton kimi dünyada milyonlardan birisən, kontr-tenor səslə isə dünyada ən yaxşı üç səsdən biri olacaqsan!”

Müxtəlif səs çalarlarına sahib olması gənc ifaçıya geniş imkanlar açır. Bas-bariton kontr-tenor kimi onun böyük repertuarı var. Buraya həm caz, həm pop, həm muğam, həm ən çətin ariyalar daxildir. İlham Nəzərov daha çox dramatik, çətin taleli, möhkəm xarakterləri olan ariyaları bəyənir. Yəqin ona görə ki, dediyi kimi, bu qəhrəmanları ruhən özünə yaxın hiss edir.

Akademik Opera Balet TeatrındaTəlxəklər”də Silvio, “Leyli Məcnun”da Nofəl, “Aleko”da Aleko, “Canni Skikki”da Betto di Signo, “Sehirli fleyta”da Papageno, “Qaratoxmaq qadın”da Prilepa rollarını uğurla canlandırıb.

Respublikamızla yanaşı, o, İtaliya, Fransa, Almaniya, Rusiya, Türkiyə, Çexiya, Ukrayna, Avstriya kimi ölkələrdə çıxış edib. Avropa səhnələrində onlarla rol oynayıb, “Poppea”da Nerone, “Orfeo”da Orfeo, “Artaserse”də Megabise, “A Midsummer Night's Dream”da Oberon, “Die flidermaus”da Orlofsky, “Rinaldo”da Rinaldo digər rolları ifa edib, solo konsert verib.

Səhnəyə, tamaşaçı qarşısına çıxmağın böyük məsuliyyət olduğunu deyən gənc ifaçı ona həvalə olunan bütün rolları yüksək səviyyədə təqdim etmək üçün tamaşa öncəsi yorulmadan çalışır. Elə bu əməyin sayəsində yüksək nəticələr əldə edir, uğurlara imza atır.

Bu gün İlham Nəzərovu istedadlı vokalçı kimi tanıyırlar. “ÜNS” Yaradıcılıq Səhnəsinin solisti, Azərbaycan Dövlət Xor Kapellasının artistidir. Eyni zamanda Azərbaycan Dövlət Opera Balet Teatrının səhnəsində davamlı çıxışları olur. O, Romada bəstəkar Dmitri Şostakoviçin təsis etdiyiBurun” opera teatrının səhnəsində çıxış edən ilk azərbaycanlıdır.

Peşəkar vokal karyerası ərzində bir çox beynəlxalq müsabiqələrdə iştirak edib. Bəzilərində qalib gəlib, bəzilərində isə 2 ya 3-cü yerləri tutub. “Ravenna”, “Festival Della Valle DİTRİA da Monte”, “Festival Pergolesi Spontinikimi mötəbər beynəlxalq musiqi festivallarının iştirakçısı olub. İlham Nəzərov Azərbaycanın ilk yeganə kontr-tenor səs tembri ilə ifa edən opera sənətçisidir.

Keçən il Müslüm Maqomayev adına IV Beynəlxalq vokal ifaçılarının müsabiqəsində 1-ci yerə layiq görülüb. İki ildən bir keçirilən bu müsabiqədə kontr-tenor səs tembri ilə çıxış edən ilk vokal ifaçısı İlham Nəzərovdur.

2015-ci ildə İtaliyada dünya şöhrətli dirijor Maestro Rikkardo Mutinin rəhbərlik etdiyi “Ravenna” festivalında klassik ariyalarla yanaşı, Azərbaycan xalq mahnısıSarı gəlin”i oxuyub. Gənc ifaçı çox zəngin, dünyanı heyran edən musiqi sənətimiz olduğunu xatırladır: “Azərbaycan muğamları, xalq mahnıları əsrlərin sınağından keçən, sanki gündən-günə daha da coşub-çağlayan bir dəryadır. Atam həmişə deyirdi, muğam elə bir aləmdir ki, onun dəyərini otuz yaşından sonra bilirsən. Çünki o zaman həyatın mənasını dərk etməyə başlayırsan. Məndə belə oldu. Otuz yaşımdan sonra muğama marağım, meylim gücləndi. Artıq muğam məni sanki ecazkar bir dünya kimi özünə doğru çağırır. Əlbəttə, bu günədək vokal sənətində qazandığım bilikləri inkişaf etdirəcəyəm. Həm bas-bariton, həm kontr-tenor kimi yeni uğurlara imza atmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm. Amma ola bilər ki, muğam sənəti ilə bağlı da müəyyən layihələr həyata keçirim”.

Dövlətin qayğısını hiss etməsi gənc vokalçını daha da ruhlandırır. İlham Nəzərov 2017-ci ilin 9 martında ölkə başçısı İlham Əliyev tərəfindən yüksək qiymətləndirilərək əməkdar artist adına layiq görülüb. Ancaq qazandığı uğurlar nəinki onu arxayınlaşdırmır, əksinə, məsuliyyətini artırır. Öz üzərində səylə çalışır, yeni repertuar və təcrübə toplayaraq, dünyanın musiqi səhnələrini fəth etmək istəyir. Opera ifaçılığı ilə bərabər

İlham Nəzərov gənc istedadlara da dərs verir. O, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin, Şuşa Musiqi Kollecinin müəllimidir. Bundan başqa, Georgi Şaroyev adına 35 saylı və 34 saylı musiqi məktəblərində dərs deyir. Filarmoniyanın işçisidir. Azərbaycan OperaBalet Teatrının tamaşalarında iştirak edir.

Arzuları qədər qayğıları da çoxdur. İfaçı, müəllim, aparıcı kimi bir neçə sahədə fəaliyyət göstərir. Bir də ailəsinin, iki yaşlı oğlu Səidin qayğıları var. Amma bütün bunlar onu nəinki yormur, əksinə, mənəvi güc verir.

Azərbaycanda bir çox tamaşada iştirak etmək niyyətindədir və bu yolda yorulmadan, durmadan çalışacağını söyləyir. Gənc ifaçı onu narahat edən bir məsələni də təəssüflə dilə gətirir: “Mən, bəlkə də, estrada oxusam, çox gözəl qəbul olunaram. Amma tamaşaçılarımız hələ operanı, bizim kimi ifaçıları o qədər də qəbul etmirlər. Arzum budur ki, dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da tamaşaçılar böyük həvəslə gəlib opera tamaşalarına baxsınlar. Çünki bu sənəti, ilahi səslər məkanını - operanı sevməmək mümkün deyil!”

 

Zöhrə FƏRƏCOVA,

 

Azərbaycan.- 2017.-1 iyul.- S.7.