Pekindən Londona ən qısa yol Bakıdan keçir

 

Azərbaycan qlobal nəqliyyat və ticarət logistika sistemində mühüm rol oynayır

 

Cənubi Qafqazın iqtisadi və siyasi gücü olan Azərbaycan bu gün regionda gedən əsas proseslərin və transmilli maraqların mərkəzində dayanmaqla geoiqtisadi cəhətdən dünyanın aparıcı dövlətləri, böyük şirkətləri üçün cəlbedici tərəfdaşa çevrilib. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi düzgün iqtisadi inkişaf strategiyası ilə Azərbaycan Avrasiyanın iqtisadi, siyasi cəhətdən dinamik inkişaf edən bir ölkəsi kimi dövlətlərarası əlaqələrdə ciddi geosiyasi aktor rolunu oynayır. Potensial iri sərmayəçi kimi mövqeyini möhkəmləndirən Azərbaycan xarici ölkələrin iqtisadiyyatına yatırılan investisiyaların həcminə görə bu gün MDB-də aparıcı dövlətlərdən biridir.

 

Azərbaycan mühüm nəqliyyat-tranzit ölkəsinə çevrilir

 

İqtisadi və siyasi baxımdan Azərbaycan sabit və son iyirmi ildə 200 milyard dollardan çox sərmayə yatıran bir ölkədir. Bunların təxminən yarısını xarici sərmayələr təşkil edir. Əlverişli investisiya mühitinin və əcnəbi investorlar üçün çox etibarlı  şəraitin yaradılması şirkətlərə Azərbaycanda işləmək üçün yaxşı imkanlar verir.

Regionda üstün coğrafi mövqeyə malik olan ölkəmiz digər sahələrlə yanaşı həm də etibarlı nəqliyyat dəhlizinin yaradılması istiqamətində mühüm işlər görür. Ölkəmiz öz sərhədlərindən çox kənara uzanan olduqca önəmli enerji və nəqliyyat layihələrini həyata keçirir. Respublikamız şimal, cənub və qərb istiqamətində dəmir yolu əlaqəsinə, bütün təyyarələri qəbul edə bilən altı beynəlxalq hava limanına və dünya miqyasında fəaliyyət göstərən aparıcı yükdaşıma donanmalarından birinə sahibdir. Bu gün Çindən Avropaya gedən sınaq konteyner qatarları Azərbaycandan keçir. İki il öncə Çindən ilk konteyner qatarı Xəzər dənizindən keçməklə Azərbaycana gətirildi. Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu layihəsi çərçivəsində Çin-Qazaxıstan-Azərbaycan (Şixezi-Dostık-Aktau-Ələt) marşrutu üzrə hərəkət edən “Nomand ekspress” ilk sınaq konteyner qatarı Bakıya gəldi. Çin, Qazaxıstan və Azərbaycan ərazilərindən keçərək Şixezi-Dostık-Aktau-Ələt-Keşlə marşrutu ilə hərəkət edən böyük layihənin ilk müjdəçi qatarı 4768 kilometr, o cümlədən 4258 kilometr dəmir yolu, 510 kilometr dəniz məsafəsi qət etdi. Sınaq konteyner qatarı Şixezi şəhərindən iyulun 28-də yola düşüb və 6 gündən sonra Ələtə çatıb. Bu hadisə bir daha göstərdi ki, böyük infrastruktur layihələri icra edən Azərbaycan artıq əhəmiyyətli tranzit ölkəsinə çevrilir. Məhz buna görə Avropaya doğru ən qısa yolun Azərbaycandan keçməsini nəzərə alaraq ölkəmiz mühüm tranzit daşımalarında əsas tərəfdaşlardan biri kimi dəyərləndirilir. Nəqliyyat-tranzit xidmətlərinin təşkilində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı da mühüm əhəmiyyət kəsb edir.

 

Şimali Avropadan Hindistana, Çindən Qərbi Avropaya qədər uzanan effektiv nəqliyyat dəhlizləri

 

Əlbəttə ki, milli iqtisadiyyatın aparıcı sahəsi olan nəqliyyat sistemi ölkənin iqtisadi təhlükəsizliyinin etibarlı təminatında çox mühüm əhəmiyyətə malikdir. Dünya təcrübəsi sübut edir ki, bir çox ölkələr etibarlı nəqliyyat sisteminin yaradılmasını özlərinin milli iqtisadi təhlükəsizliyinin əsas təminatı kimi qəbul edirlər.

Azərbaycanın tranzit potensialının artırılması ilə bağlı həyata keçirilən siyasət və irəli sürülən qlobal miqyaslı təşəbbüslər ölkəmizin sosial-iqtisadi inkişafına əsaslı töhfə verir. Bir sözlə, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzərində mühüm nəqliyyat-logistika mərkəzinə çevrilir. İyunun 27-də Polşada keçirilən Azərbaycan-Polşa biznes forumunda Prezident İlham Əliyev ölkəmizin bu istiqamətdəki rolunu belə dəyərləndirmişdi: “Azərbaycan nəinki təkcə ölkə daxilinə sərmayə yatırmış, eyni zamanda Gürcüstanda dəmir yolunu tikmək üçün 700 milyon dollardan çox maliyyə dəstəyi göstərmişdir. İndiki mərhələdə biz İranda dəmir yolunu tikmək üçün maliyyə dəstəyinin göstərilməsi məqsədilə iranlı qonşularımızla danışıqların ən son mərhələsindəyik. Bu dəmir yolu İran dəmir yollarını bizim dəmir yolları ilə birləşdirəcəkdir. Beləliklə, biz çoxsaylı dəhliz formatını, Azərbaycan ərazisindən keçən, Şimali Avropadan Hindistana qədər uzanan Şimal-Cənub və Çindən Qərbi Avropaya qədər uzanan Şərq-Qərb dəhlizlərini yaratmış olacağıq”.

 

Enerji şaxələnməsi və Avropaya qazın çatdırılması üçün yeganə yeni mənbə

 

Azərbaycan dövlətinin həyata keçirdiyi və Avropada çox yüksək səviyyədə dəstəklənən digər bir vacib layihə isə “Cənub qaz dəhlizi”dir. Bu gün bu layihə Avropaya qazın çatdırılması üçün yeganə yeni mənbədir. Layihənin ümumi dəyəri 40 milyard dollardır və icrası uğurla davam etdirilir. Bu layihənin birinci mərhələsi gələn il, ikinci və sonuncu mərhələsi 2020-ci ildə başa çatacaq. Hazırda layihənin müxtəlif seqmentlərinin icrası 40-95 faiz arasındadır. Bu, Avropaya təbii qazın çatdırılması üçün digər bir mənbə   enerji şaxələnməsi, enerji təhlükəsizliyi, Avropa bazarlarına təbii qazın davamlı çatdırılması deməkdir.

“Cənub qaz dəhlizi” ilk dəfə olaraq Xəzər regionundakı qaz təchizatını Avropa bazarlarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişəcək. İlk qazın 2018-ci ilin sonlarında Gürcüstan və Türkiyəyə çatdırılması planlaşdırılır. Avropaya qaz təchizatının Azərbaycanda dənizdə ilk qaz hasil edildiyi vaxtdan bir ildən bir qədər çox müddət keçdikdən sonra gerçəkləşəcəyi gözlənilir.

Beləliklə, bu layihə ilə Azərbaycan Avropa üçün çox etibarlı tərəfdaş kimi özünü göstərəcək, ölkənin enerji resursları Avropanın enerji təhlükəsizliyinə də öz dəyərli töhfəsini verəcək.

 

Rəqabətli, şaxələndirilmiş, inklüziv və dayanıqlı iqtisadiyyat

 

Azərbaycan Prezidentinin həyata keçirdiyi yeni iqtisadi strategiya ölkənin bütövlükdə iqtisadiyyatının şaxələndirilməsinə və xüsusən də iqtisadiyyatın bütün digər sahələrinin inkişafına yönəldilib. Logistika və ticarət sürətlə qloballaşan dünyada iqtisadi artımın mühüm təkanverici qüvvəsinə çevrilməklə əsas sektorlarda birbaşa xarici investisiya qoyuluşlarının həcmini artırmağa şərait yaradır. Hesablamalar göstərir ki, inkişaf etmiş nəqliyyat və logistika sistemi ümumi daxili məhsulda (ÜDM-də) 3 faizədək birbaşa artıma imkan verir.

Bütün bunlar isə “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”ndə öz əksini tapmışdır. Bu Strateji Yol Xəritəsi rəqabətli, şaxələndirilmiş, inklüziv və dayanıqlı iqtisadiyyatın qurulması təşəbbüslərinin tərkib hissəsi kimi hazırlanmışdır. Bu sənəd logistika və ticarət sahəsində iqtisadi inkişaf üzrə Azərbaycanın 2020-ci ilədək, 2025-ci ilədək və 2025-ci ildən sonrakı dövr üçün qısa, orta və uzunmüddətli perspektiv istiqamətlərini müəyyən edir. Burada 2020-ci ilədək dövr üzrə inkişaf perspektivini özündə əks etdirən strateji məqsəd və hədəflərlə yanaşı, həmin məqsəd və hədəflərə nail olmaq üçün bir sıra prioritet və tədbirlər göstərilmiş, habelə əsas və digər icraçıların, icra müddətlərinin, nəticə indikatorlarının əks olunduğu təfsilatlı tədbirlər planı hazırlanmışdır.

Həyata keçirilən tədbirlər nəticəsində 2020-ci ildə Azərbaycanda real ÜDM-in 605 milyon manat artacağı, eyni zamanda, ümumilikdə, 18900 yeni iş yerinin açılacağı proqnozlaşdırılır. Nəzərdə tutulan tədbirlərin reallaşdırılması üçün dövlət və özəl mənbələrdən istifadə edilməklə cəmi 3160 milyon manat investisiya qoyuluşunun tələb olunacağı gözlənilir.

 

Daxili və xarici investisiyalardan uğurla faydalanan ölkə

 

Beləliklə, Cənubi Qafqazda sülhün, təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi və beynəlxalq birliyin ən etibarlı tərəfdaşı olan Azərbaycan daxili imkanları hesabına böyük iqtisadi, maliyyə resursları tələb edən beynəlxalq layihələr həyata keçirir. Regionda hadisələrin inkişaf istiqamətini müəyyən edən ölkəmiz həm də dünya miqyasında sabit iqtisadiyyata malik olan bir dövlət kimi xarakterizə olunur və son illərdə öz təbii ehtiyatlarından, coğrafi mövqeyindən, daxili-xarici investisiyalarından uğurla faydalanaraq dünya iqtisadiyyatının fəal iştirakçısına çevrilib. Bir vaxtlar investisiya qoyulan Azərbaycan indi Cənubi Qafqazda ən böyük investisiya layihələrinə sahibdir və ölkəmizin adı qaz ixrac edən böyük dövlətlər sırasında çəkilir.

Tarixən qədim İpək yolunun keçdiyi, ən uzaq dövlətləri birləşdirən ticari-iqtisadi dəhlizlərin qovuşduğu Azərbaycan Avrasiya məkanının mühüm logistik mərkəzlərindən birinə çevrilərək yeni təşəbbüslər irəli sürməkdə davam edir. İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan respublikamız müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə də etibarlı təminat verir.

 

Rəşad BAXŞƏLİYEV,

 

Azərbaycan.- 2017.-4 iyul.- S.1.