Azərbaycan ilə İran
arasında mədəni əlaqələrin inkişaf
perspektivləri müzakirə olunub
İyulun 3-dən 9-dək İranda Azərbaycan mədəniyyəti günləri keçiriləcək. Bununla əlaqədar İranda səfərdə olan Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iyulun 3-də İranın Mədəniyyət və İslam Əlaqələri Təşkilatının sədri Əbuzər İbrahim Türkmən ilə görüşüb.
Görüşdə Ə.Qarayev bildirib ki, İran və Azərbaycan xalqlarının tarixi yaxınlığı müasir dövrdə mədəni əlaqələrin inkişafını zərurətə çevirib. Bu əlaqələri daha da genişləndirmək üçün teatr kollektivlərinin qastrol səfərlərini, incəsənət adamların konsert proqramlarını qarşılıqlı şəkildə təşkil etmək lazımdır. Nazir İranın Mədəniyyət və İslam Əlaqələri Təşkilatının fəaliyyəti yüksək qiymətləndirərək qeyd edib ki, qurum xaricdə geniş fəaliyyət göstərərək İran xalqının milli kimliyinin təbliğinə töhfə verir. Azərbaycan da öz milli mədəniyyətini dünyaya tanıtmaq istiqamətində fəal siyasət yürüdür.
Azərbaycanda kino sənətinə göstərilən dövlət qayğısından danışan Ə.Qarayev nəzərə çatdırıb ki, il ərzində ölkəmizdə 60-dan çox bədii film çəkilir. Bu filmlərin bir çoxu beynəlxalq festivallara təqdim olunur və mükafatlara layiq görülürlər. Nazir kino sahəsində birgə filmlərin istehsalının və bazara çıxarılmasının həm təbliğat, həm də əməkdaşlıq baxımından səmərəliliyini xüsusi qeyd edib. Bildirib ki, nəşriyyat sahəsində də əməkdaşlıq əlaqələrinin qurulması nəticəsində birgə kitab çapını həyata keçirmək mümkündür. Həm fars, həm də Azərbaycan dillərində çap ediləcək kitablar hər iki xalqın oxucuları üçün gözəl töhfə olar.
Söhbət zamanı İranda keçirilən Azərbaycan mədəniyyəti günləri barədə məlumat verən Ə.Qarayev geniş proqrama malik silsilə tədbirlər çərçivəsində filmlərin, teatr tamaşalarının nümayiş olunacağını, foto sərgilərin və konsertlərin təşkil ediləcəyini bildirib.
İranın Mədəniyyət və İslam Əlaqələri Təşkilatının sədri Əbuzər İbrahim Türkmən ölkəsində Azərbaycan mədəniyyəti günlərinin keçirilməsindən məmnunluğunu ifadə edərək, yaradıcı kollektivlərə hər cür kömək göstəriləcəyini diqqətə çatdırıb. O, Xəzərsahili ölkələrin mədəniyyət komitəsinin yaradılması təklifini irəli sürüb. Bildirib ki, Xəzər dənizi ətrafında yaşayan xalqlar oxşar mədəniyyətə malikdirlər. Bu mədəniyyətlərin təmsilçilərinin bir araya gəlməsi səmərəli olar.
Görüşdə mədəniyyət xadimlərinin qarşılıqlı səfərlərinin təşkili, birgə sərgilərin keçirilməsi və digər məsələlər ətrafında müzakirələr aparılıb.
Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov da görüşdə iştirak edib.
AZƏRTAC
Azərbaycan.-
2017.- 4 iyul.- S.4.