Aleksandr Proxanov: “Bakı
- həyat ağacı”
Yeni Azərbaycan
sivilizasiyası bütün xalqların, mədəniyyətlərin,
dillərin və ənənələrin simfoniyası üzərində
qurulur
Xəbər verildiyi kimi,
tanınmış rusiyalı ictimai xadim, “Zavtra” qəzetinin
baş redaktoru, yazıçı Aleksandr Proxanov iyunun
sonlarında Azərbaycana səfər edib. Səfər zamanı
A.Proxanov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən
qəbul edilib, birinci xanım Mehriban Əliyeva ilə
görüşüb, respublikamızla, burada baş verən
quruculuq prosesləri ilə tanış olub,
İsmayıllı rayonunda əcdadlarının
yaşadığı İvanovka kəndinə baş çəkib.
Yazıçı öz təəssüratlarını
”Zavtra” qəzetində dərc edilmiş “Bakı – həyat
ağacı. Yeni Azərbaycan sivilizasiyası
bütün xalqların, mədəniyyətlərin, dillərin
və ənənələrin simfoniyası üzərində
qurulur” məqaləsində bölüşüb. AZƏRTAC məqaləni təqdim edir.
***
Münbit torpağa
düşən kiçik toxumdan qol-budaq ataraq çətir əmələ
gətirən, sonradan bol çiçək açan
tumurcuqlarla örtülən nəhəng ağac
böyüdüyü kimi, yeni dövlət də əbədiyaşar
təbiət qanunu əsasında eynilə bu cür
yaranır.
Mən Azərbaycan Prezidenti
İlham Əliyevin dəvəti ilə Bakıya gəldim və
mavi Xəzərin sahilində yaranan bu yeni dövlətin
qazandığı uğurları böyük maraqla və həvəslə
müşahidə etdim. Bu dövlətin təməlini onun banisi
və qurucusu, əfsanəvi Heydər Əliyev qoyub. O,
sovet dövlətinin idarə olunmasında möhtəşəm
təcrübə toplamış güclü, bacarıqlı
siyasi xadim, təcrübəli aparat işçisi, diplomat və
xüsusi xidmət generalı idi. Haqsız təqiblərə
və təzyiqlərə məruz qalan, vəzifədən
uzaqlaşdırılan Heydər Əliyev faciəli bir məqamda
Bakıya qayıtdı: Azərbaycan doğulmağa macal
tapmamış ölürdü. Hakimiyyəti kommunistlərin əlindən
alan Xalq Cəbhəsi sərsəm
islahatları, idarə etməyi və döyüşməyi
bacarmaması ilə ölkəyə əzab verirdi. Qarabağda bir-birinin ardınca rayonları itirən
Azərbaycan çalxalanırdı, parçalanmaq həddində
idi. Azərbaycanda diletantlar,
fırıldaqçılar və sərsəmlər meydan
oxuyurdular. Heydər Əliyev bu xaosu aradan
qaldırmalı oldu. Öz iradəsi, incə
strategiyası ilə sərsəm Xalq Cəbhəsini cilovlaya
bildi, ölkənin içərilərinə doğru irəliləməyə
can atan erməni qoşunlarının hücumunu
dayandırdı. Heydər Əliyev elə
bir təməl qoydu ki, onun üzərində yeni Azərbaycan
dövləti ucalmağa başladı.
Bu gün Heydər
Əliyevin bütün dünyəvi cizgilərini qoruyub
saxlayan obrazı rəvayət, əfsanə, mif xarakteri kəsb
edir, xalqın bütün tarixi yaddaşını, onun gələcək
haqqında arzularını özündə cəmləyir. Bakıda
inşa edilən Heydər Əliyev Mərkəzi möhtəşəmdir.
Bu, sadəcə memorial deyildir. Bu, bir növ bakılıların Böyük Liderin
xatirəsi qarşısında baş əyməyə gəldikləri
məbəd, müqəddəs məkandır.
Heydər Əliyev, onun
ardınca oğlu İlham Əliyev dağıdıcı
xaosun qarşısını alaraq, hakimiyyət
strukturlarını möhkəmləndirərək ölkənin
mənəvi təməlini də inkişaf etdirməyə
başladılar. Şairlər, müğənnilər, tarixçilər,
filosoflar, din xadimləri - ölkənin mənəvi dəyərlərini,
onun dərin qaynaqlarını, gələcək ümidlərini
qoruyub saxlayan hər kəs xalqa ölkələrinin, onun
tarixi taleyinin bənzərsizliyindən danışır. Onlar
izah edirlər ki, nə üçün Allah bu xalqı
yaradıb, ona dəniz, dağlar, isti çöllər,
zümrüd meşələr kimi pay verib, bitib-tükənməyən
neft kimi sərvət, ulduzları daim sayrışan mavi səma
bəxş edib.
Mən görkəmli musiqiçilərin
və şairlərin məzarları üzərinə
çiçəklər qoyanda gənc dövlətin
onların istedadı ilə necə inkişaf etdiyini hiss
edirdim. Hər bir dövlətin öz qəhrəmanları
və şəhidləri, Vətən uğrunda canlarından
keçən igidlər panteonu var. Burada, Bakıda qəhrəmanlara
dərin ehtiram hissi hökm sürür. Sovet
İttifaqı dağılanda, gücdən
düşmüş qırmızı səltənət əzablar
içində çırpınanda sovet tankları Bakıya
daxil oldu. Bakı küçələri
qana boyandı. Bu qan ölməkdə olan
sovet dövlətinin sonuncu qanı, əzablar içində
doğulan yeni ölkə uğrunda axıdılan ilk qan idi.
Mən Şəhidlər
xiyabanında məzarlar üzərinə qızılgüllər
düzəndə böyük kədər hissi ilə o qorxulu
anların qurbanlarının ruhunu anırdım.
İnkişaf etməkdə
olan dövlətin pula ehtiyacı var idi. Bu pulları
neft verirdi. O neft ki, vaxtilə varlı Nobellərin əlləri
ona doğru uzanırdı. Faşistlərin tank karvanları
ona can atırdı. Qüdrətli sovet sənayesinin
motorlarını qidalandırırdı. İndi
bu neft yeni ölkənin sərvətinə çevrilib.
Hakimiyyət nefti özəl şirkətlərdən
olan şəxslərə paylamayıb. Neftdən
əldə olunan dollarları göyə sovurmayıb,
onları hiyləgər işbazların sərvətinə
çevirməyib. Neft şirkətlərinin
gəliri yeni yolların, aeroportların və limanların
yaradılmasına, paytaxtın yenidən qurulmasına yönəldilib.
Tarixin nəfəsi duyulan,
valehedici Şərq həyat tərzi, qədim küçələri,
qalaları və karvansaraları olan Bakı həmişə
mavi dənizin sahilində gözəl şəhər olub. İndi isə paytaxt gələcəyə
can atan yeni dövləti, onun ideyasını,
futurologiyasını, sürətli
sıçrayışını təcəssüm etdirir. Dünyanın ən yaxşı memarları öz
layihələri ilə Bakıya gəlirlər. Şəhər fantastik binaları, büllur qüllələri,
işıqsaçan göydələnləri ilə
inkişaf edir. Gecələr Bakı təyyarədən
göy qurşağının bütün rəngləri ilə
alov saçan çıraqbana bənzəyir. Gündüzlər yeni prospektlərin və stadionların
əhatəsində müasir Bakını gələcəyin
şəhərinə çevirən bu gözəl tikililərin
bir-birini əvəzləməsi baş gicəlləndirir.
Dövlət güc
strukturlarını yaratdı. Xalq Cəbhəsi
dövründə Azərbaycanın ordusu olmayıb –
yaxşı təchiz edilmiş erməni hissələrinin zərbələrinə
davam gətirməyən pis silahlanmış, nizamsız
qruplaşmalar olub. İndi isə dövlət
neft gəlirlərindən istifadə edərək yeni ordu - ən
müasir silahlarla təchiz olunmuş, gözəl zabit korpusu
olan nizami ordu yaradıb. Həmin ordu ötən
ilin yazında Dağlıq Qarabağ ətrafında
döyüşlər zamanı qələbə əzmini
nümayiş etdirib. Bu ordu ermənilərin
ələ keçirdikləri ərazilərin bir hissəsini
işğaldan azad edib. Hücum
Moskvanın təkidi ilə dayandırılıb.
Daxili işlər
orqanları baş alıb gedən qanunsuzluğa son qoyub. Qısa
müddətdə bütün qanuni oğrular zərərsizləşdirilib,
bütün cinayətkar qruplaşmalar darmadağın edilib.
Bu gün dövlətdə vətəndaşların əmlakını
əlindən alan, maliyyə
axınlarına nəzarət edən, küçələrdə
özbaşınalıq edən quldurlar yoxdur. Gecələr
Bakı küçələrinə çıxın, gəzin,
diskotekalarda rəqs edin, bolluğu ilə insanları heyrətləndirən
və sevindirən saysız-hesabsız xudmani restoranlarda yemək
yeyin. Səksəkə içində ətrafa
boylanmayın, arxadan zərbə alacağınızdan
qorxmayın. Burada nə qolu zorlular, nə
də qatillər var. Qadınlar qafqazlılara xas gözəl
simalarını, al dodaqlarını və parlayan gözlərini
çadra altında gizlətmirlər.
Bəs yeni dövlətin
daxili siyasətini necə qurmalı? Bugünkü Azərbaycan
cəmiyyətini təşkil edən xalqların, mədəniyyətlərin
və etiqadların müxtəlifliyinin öhdəsindən
necə gəlməli? Ölkənin
dövlətçilik ideyasının, Azərbaycan arzusunun,
Azərbaycan seçiminin bu müxtəlif dillər
arasında itib-batmaması üçün nə etməli?
Dəhşətli dramatik hadisələr,
nifrət və vətəndaş müharibəsi törədən
ukraynalılar Ukrayna dövlətini bu ölkədə
yaşayan başqa xalqları, onların dillərini, əsasən
də rusları boğmağa çalışmaqla, rusofobiya,
rus dilinə, rus təşkilatlarına hücumlar etməklə,
böyük slavyan qardaşlığı, yaxın
keçmişdəki sovet tarixi ilə bağlı olan hər
şeyi ukraynalının yaddaşından silməklə
yaradırlar. Azərbaycan lap əvvəldən bu yolu rədd
etdi. Burada yeni Azərbaycan sivilizasiyası Azərbaycanda
məskunlaşan bütün xalqların, mədəniyyətlərin,
dillərin və ənənələrin simfoniyası üzərində
qurulur. Hazırda burada çoxsaylı
ruslar öz övladlarını rus məktəblərində
oxutdururlar. Bakı həm də rus dilində
danışır. Ruslara da xüsusi
qayğıkeş münasibət var. Rusiya ilə siyasi,
iqtisadi və mədəni tərəfdaşlıq
aparıcı rol oynayır. Prezident Heydər
Əliyevin vəsiyyətinə əməl edən yeni
dövlətin bugünkü ideologiyası qarşıdurma
üzərində deyil, harmoniya üzərində qurulur.
Sovet keçmişi yeni postsovet indisi ilə vəhdət
təşkil edir, Böyük Qələbə, böyük
sovet tikintiləri barədə xatirələr qayğı ilə
qorunub saxlanılır.
İslam dininə etiqad edən
Azərbaycan dini ekstremizmi rədd edir. Başqa ölkələri
və əraziləri bitib tükənməyən müharibə,
nifrət ocaqlarına, qan çanağına çevirən
dini radikallar burada sığınacaq tapa bilməyiblər.
Azərbaycanın xarici siyasəti
də elə həmin harmoniya prinsipi üzərində qurulub. Yeni dövlət
qüdrətli sivilizasiyaların qovuşduğu məkanda
yaradılır. Türkiyə ilə
münasibətlər gözəldir. Bu
münasibətlər Ankara ilə Moskva arasında indi
artıq yoluna qoyulmuş şiddətli münaqişə
günlərində Azərbaycanı vasitəçiyə
çevirib. İndi Rusiya Türkiyə ilə
birlikdə Yaxın Şərqdə sülhün
yaradılmasına çalışır.
Qədim sivilizasiyaya malik
İran müasir Azərbaycanın tərəfdaşıdır. Azərbaycan
yazıçıları, siyasətçiləri və
filosofları ilə Azərbaycan qəlbinin mahiyyəti, hələ
sonunadək ifadə olunmamış Azərbaycan arzusunun məzmunu
haqqında danışarkən tez-tez belə bir fikir
eşidirdim ki, Azərbaycanın rolu çoxsaylı dövlət
və xalqlar arasında harmoniya, maraqlar balansı yaratmaq,
münaqişə edən qüvvələr arasında
barışdırıcı qüvvə olmaq,
çoxsaylı xalqları mürəkkəb simfonik vəhdətə
gətirməkdir.
Bəs Qarabağ, bəs müharibə?
Bəs münaqişə xəttində
ardı-arası kəsilməyən atışmalar? Hələ də Azərbaycan ailələrinə gələn
qara kağızlar? Onilliklər boyu uzanan
bu müharibə ürəkləri sərtləşdirir, qəlbləri
nifrət və ədavətlə doldurur. Bu
müharibə bugünkü Azərbaycanın ən
böyük faciəsidir. Bu faciə Azərbaycan
cəmiyyətini daim gərgin vəziyyətdə saxlayır,
onu daim səfərbər edir, dövləti daim təkmilləşməyə
sövq edir.
Azərbaycanlılar təbiət
etibarilə müharibəyə deyil, ticarətə,
vuruşmağa deyil, dostluğa və barışığa
meyil göstərən sülhpərvər və şən
xalqdır.
İndi isə yeni ölkədə avanqard arxitekturanın əhatəsində,
yeni tarixi və mədəni vəzifələrin təsiri,
daimi səfərbərliyin təzyiqi altında çoxmillətli,
yaradıcı, şüurunda öz xalqının misilsizliyi
ideyası olan, bəxtinə parçalanmış sərsəm
dünyaya harmoniya və həmrəylik örnəyi
nümayiş etdirmək kimi tarixi missiya düşmüş
yeni Azərbaycan milləti yaranır.
Mən dəniz
platformalarında neftçilərin necə
çalışdığını, şərabçıların
böyük çəlləkləri necə
doldurduqlarını, gənc şairlərin öz şeirlərini
necə həvəslə oxuduqlarını gördüm. Şamaxı
yaxınlığında molokan ruslarının, əcdadlarımın
yaşadığı İvanovka kəndində yumrusifət,
möhkəm və zəhmətkeş molokanlarla bir süfrə
arxasında oturdum. Onlar məni molokan əriştəsinə
qonaq etdilər, dini mahnılarla sevindirdilər.
İntellektuallar Klubu
Bakıda öz şöbəsini açmaq niyyətindədir. Rus və Azərbaycan
intellektuallarının münasibətləri getdikcə daha
da sıxlaşır. Azərbaycan siyasətində Rusiya
istiqaməti strateji istiqamətə çevrilir. Mən Prezident İlham Əliyevlə və onun
xanımı, ölkənin Birinci vitse-prezidenti Mehriban
Əliyeva ilə uzunsürən söhbətimdə bu barədə
danışdım. İndi Moskvada biz rusların işləri,
uğurlarımız və uğursuzluqlarımız
arasında, Rusiya dövlətinin qorunub saxlanılması və
inkişaf etdirilməsi üzrə əsrlər boyu davam
edən işlərimiz arasında bilirəm ki, Qafqazda
Rusiyanın dostu var və mən şərab dolu qədəhimi
gənc Azərbaycan dövlətinin sağlığına
qaldırmaq üçün mavi Xəzərin sahilinə
qayıtmaq arzusundayam.
Azərbaycan.-
2017.-4 iyul.- S.3.