Şəkidə uğurla reallaşan VIII “İpək yolu” Beynəlxalq Musiqi Festivalına xarici turistlər böyük maraq göstəriblər

 

Azərbaycanın bölgələrində müxtəlif istiqamətli ictimai-siyasi, mədəni-kütləvi beynəlxalq tədbirlərin keçirilməsi ənənə halını alıb. Son illər dövlət proqramları çərçivəsində ölkəmizin bölgələrində uğurla aparılan abadlıq və quruculuq işləri, günün tələbləri səviyyəsində tikilən binalar, mədəniyyət və incəsənət mərkəzləri buna genişliyi ilə imkan yaradır.

Belə tikililərdən birində - müasir standartlara cavab verən Şəkinin “MarxalYay Teatrında keçirilən VIII “İpək yolu” Beynəlxalq Musiqi Festivalı ilk gündən dünya musiqisevərlərinin diqqət mərkəzinə çevrildi. Festivalın “İpək yolu” adlandırılması heç də təsadüfi deyil. Əsrlər boyu qədim və gözəl Şəki şəhəri Böyük “İpək yolu” üzərində yerləşən mühüm sənət və ticarət mərkəzi kimi tanınmışdır. Konsertlərin yerli milli memarlıq abidələri önündə təşkili uğurlu addım sayılmalıdır. Bununla da Şəkinin tarixi, memarlığı, folkloru geniş şəkildə gündəmə gətirilir, təbliğ edilir. Bu həm də ona görə diqqətçəkən və vacibdir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Şəki Xan Sarayı da daxil olmaqla, bir sıra yerli əhəmiyyətli tarixi abidələrimiz UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmək üçün təqdim olunur.

Tamaşaçılara və dinləyicilərə unudulmaz anlar yaşadan bu musiqi bayramında Türkiyə, Yaponiya, Polşa, Macarıstan, İranGürcüstandan gələn rəqs və musiqi qruplarının, ifaçıların, eləcə də Azərbaycanın tanınmış musiqi kollektivlərinin maraqlı çıxışları sürəkli alqışlarla qarşılanmışdır. Burada bir mühüm məqam da xoşagələn olmuşdur. Xarici ölkələrdən qonaq qismində dəvətli olan dövlət və sənət adamlarının iştirakı festivala xüsusi rəng qatmışdır.

Festival bu dəfə də şəkililərə və qonaqlara unudulmaz anlar yaşadıb. Möhtəşəm musiqi bayramında 11 türkdilli ölkənin nümayəndələri böyük şövqlə iştirak etmiş, birlik və qardaşlığımızı bir daha musiqi dili ilə dünyaya çatdırmışlar. İpək yolunun rəmzi olan incə, həssas, eyni zamanda möhkəm ipək bağlarla birləşən Yaponiya, Türkiyə, Monqolustan, Qazaxıstan, İran, Rusiya, Azərbaycan və digər ölkələrin musiqiçilərinin ifaları, rəngarəng və unudulmaz musiqi sədaları xarici turistlərdə və yerli tamaşaçılarda xoş ovqat yaradıb, onların ruhunu oxşayıb.

Festivalın hər günü rəngarəng konsert proqramları ilə başa çatıb. Konsertin yaddaqalan məqamlarından biri yaponiyalı “La-liqaqrupunun Azərbaycan Dövlət Himninin musiqisini səsləndirməsi olub. Bu qürurverici məqam hər kəs tərəfindən rəğbətlə qarşılanıb. Dinləyicilər də yaponiyalı musiqiçilərə qoşularaq ayaq üstə himnimizi ifa ediblər.

Dünyanın müxtəlif ölkələrindən olan turistlərdə və xarici musiqişünas qonaqlarda ən xoş ovqat yaradan konsertlərdən biri görkəmli Azərbaycan bəstəkarı Cövdət Hacıyevin 100 illiyinə həsr edilmiş konsert olmuşdur. Təbriz rəqs qrupunun konsertiböyük maraqla qarşılanmışdır.

Bir həftəyə yaxın davam edən bu musiqi bayramı “İzmir Devlet Türk dünyası Dans ve Müzik Topluluğunun konserti ilə yekunlaşmışdır.

Şəkinin mədəni inkişafının sürətləndirilməsində göstərdiyi dəstəyə, şəhərin zəngin mədəni irsinin dünya səviyyəsində tanıdılması və təbliği sahəsində xidmətlərinə görə professor Firəngiz Əlizadə Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən “Şəkinin fəxri vətəndaşı” adına layiq görülmüşdür.

İllər ötəcək, insanlara böyük şövq bəxş edən, mədəniyyətləri bir araya gətirən  “İpək yolu” Beynəlxalq Musiqi Festivalı maraqlı və unudulmaz anları ilə xatırlanacaqdır.

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2017.- 6 iyul.- S.6.