İnkişafın davamlılığını təmin edən islahatlar kursu

 

Respublikamızda iqtisadiyyatın dinamik və rəqabətqabiliyyətli tərəqqisi üçün sistemli fəaliyyət həyata keçirilir

 

Son illər dünyada baş verən proseslər, xüsusən xam neftin qiymətinin ucuzlaşması bir sıra ölkələrin iqtisadiyyatına təsir göstərdi. Qlobal iqtisadi proseslər xüsusən neft istehsalçısı olan ölkələrin iqtisadiyyatlarında daha çox mənfi təzahürləri ilə yadda qaldı. Bir çox ölkələrlə müqayisədə Azərbaycan bu böhrandan minimum itkilərlə çıxmağı bacarsa da, baş verənlər iqtisadiyyatın rəqabət qabiliyyətini artırmaq, idxaldan asılılığı azaltmaq, ixracyönümlü qeyri-neft iqtisadiyyatının əsaslı inkişafını təmin etmək, insan kapitalından səmərəli istifadə kimi prioritetləri zəruri edirdi.

 

Strateji hədəflər

 

Beləliklə, qlobal iqtisadi təbəddülatların baş qaldırdığı ilk gündən ölkə iqtisadiyyatının inkişafının davamlılığı məqsədilə investisiyabiznes mühitinin daha da yaxşılaşdırılması, neftdən asılılığın minimuma endirilməsi, sahibkarlıq sektorunun genişləndirilməsi üçün yeni imkanların yaradılması, qeyri-neft sektoru üzrə ixrac potensialının artırılması, idxalın əvəzlənməsi, o cümlədən sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi yeni iqtisadi islahatların strateji hədəfləri kimi müəyyən edildi.

Bu hədəflərə nail olmaq üçün dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsini, inzibati qayda və prosedurların təkmilləşdirilməsini, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılmasını əhatə edən kompleks tədbirlər həyata keçirildi. O cümlədən sahibkarlara yeni dövlət dəstəyi və təşviq mexanizmlərinin formalaşdırılması, istehsalın stimullaşdırılması, rəqabətqabiliyyətliliyin və ixrac imkanlarının genişləndirilməsi, ən yüksək beynəlxalq standartlara uyğun elektron dövlət xidmətlərinin göstərilməsi diqqət mərkəzində oldu.

Prezident İlham Əliyevin fərman və sərəncamları, o cümlədən Milli Məclisin qəbul etdiyi qanunlar, Nazirlər Kabinetinin qərarları yeni iqtisadi islahatların aparılmasının hüquqi bazasını təşkil edir. Ölkə rəhbərinin “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında”, “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamları, “Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında”, “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijanbrendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında fərmanları islahatların uğurla həyata keçirilməsinə böyük töhfələr verib. Ən əsası imkan yaranıb ki, qeyri-neft sektorunun hesabına Azərbaycan iqtisadiyyatı inkişaf etsin.

Nəticə etibarilə ötən ilin əvvəllərindən başlayaraq qeyri-neft sektorunun inkişafı ölkənin ixrac imkanlarının artırılması, xüsusən valyuta axınına yol açan sahələrə diqqətin artırılması, bu məqsədlə sahibkarlığın və sərmayələrin təşviqi, yoxlamalar və lisenziyaların verilməsi ilə bağlı məsələlərdə kardinal dəyişikliklərin edilməsi istiqamətində mühüm addımlar atılıb. Olduqca sevindiricidir ki, islahatlar artıq öz nəticəsini, uğurlu bəhrəsini verməkdədir. “Keçən il qəbul edilmiş qərarlar, qanunlar, imzaladığım fərman və sərəncamlar iqtisadiyyatımızı daha da şaxələndirmək üçün yaxşı imkanlar yaratdı. Xüsusilə qeyri-neft ixracı ilə bağlı atılmış addımlar artıq öz gözəl nəticələrini verməkdədir” - deyə Prezident İlham Əliyev qeyri-neft ixracatçılarının respublika müşavirəsində bildirib.

Yeni islahatların bir istiqamətini də neqativ hallara qarşı mübarizənin gücləndirilməsi təşkil edir. Prezident İlham Əliyevin 3 fevral 2016-cı il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasının yaradılması bu məqsədə xidmət edən addımlardan biridir. Apelyasiya Şurasının yaradılmasında məqsəd sahibkarlıq fəaliyyəti göstərən fizikihüquqi şəxslərin müraciətlərinə baxılması sahəsində çoxpilləliyin təmin edilməsi, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən yuxarı orqana şikayətlərin verilməsi mexanizminin təkmilləşdirilməsidir. Prezidentin fərmanı ilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarında da apelyasiya şuraları yaradılıb.

 

Bütün sahələr diqqət mərkəzindədir

 

Qeyri-neft iqtisadiyyatının əsas sahələrindən biri kənd təsərrüfatıdır. Ona görə də təsadüfi deyil ki, həyata keçirilən islahatlar aqrar sektoru da əhatə etdi. Bu məqsədlə 2016-cı il ərzində Prezident İlham Əliyev tərəfindən respublikamızda ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında, heyvandarlığın maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında və toxumçuluğun inkişaf etdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncamlar imzalandı.

Bu sərəncamlarla barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi yaş baramanın hər kiloqramına görə subsidiya verilməsi müəyyən edildi. Respublika Süni Mayalanma Mərkəzinin tikintisinin başa çatdırılması və müasir avadanlıqla təchiz olunması üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Kənd Təsərrüfatı Nazirliyinə 8,4 milyon manat ayrıldı. 12 milyon isə müxtəlif bitki sortlarının toxumlarının istehsalı və saxlanılması üzrə ixtisaslaşmış müəssisələrin tikintisi, maşın və avadanlıqla təmin olunması üçün ayrıldı.

Prezident İlham Əliyevin Azərbaycan Respublikasında şəkər çuğunduru istehsalının stimullaşdırılması haqqında fərmanına əsasən isə şəkər çuğundurunun emalı ilə məşğul olan hüquqifiziki şəxslərə şəkər çuğundurunun hər tonuna görə onun istehsalçılarına 4 manat məbləğində subsidiya ödənilir.

Qeyri-neft sektorunun inkişafı istiqamətində qarşıya qoyulmuş əsas məqsədlərdən biri də sənayenin inkişafıdır. Artıq bu məqsədlə ölkəmizdə ötən illərdən başlayaraq genişmiqyaslı islahatların həyata keçirilməsinə başlanılıb. 2016-cı ildə isə Prezident İlham Əliyev Pirallahı Sənaye Parkının və Masallı Sənaye Məhəlləsinin yaradılması haqqında sərəncamlar imzalayıb. Bütün bunlar ölkəmizdə sənayenin ayrı-ayrı sektorlarının inkişafı istiqamətində mühüm addımlardır.

Ölkədə həyata keçirilən iqtisadi siyasətin və islahatların davamlılığını təmin etmək üçün iqtisadiyyatın mövcud vəziyyətinin dərindən təhlili və yeni iqtisadi inkişaf strategiyasının hazırlanması məqsədilə Azərbaycan Prezidentinin 2016-cı il 16 mart tarixli sərəncamı ilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” təsdiq edilib. Dekabrın 6-da isə Prezident İlham Əliyev “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərman imzalayıb. Strateji xəritələrin hazırlanması zərurəti ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyması ilə bağlıdır. Bundan sonra hazırlanacaq dövlət proqramları, inkişaf konsepsiyaları, strategiyalar, tədbirlər planları strateji yol xəritələrinə uyğun olacaq. İqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri Azərbaycanda davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyini, inklüzivliyini və əhalinin sosial rifahının daha da artırılmasını təmin edəcək.

Bu gün respublikada iqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli inkişafı sahəsində uzunmüddətli və sistemli fəaliyyət həyata keçirilir. Aparılan iqtisadi islahatlar və iqtisadiyyatın diversifikasiyası siyasəti nəticəsində qısa müddətdə bu sahədə mühüm nailiyyətlər əldə olunmuş, qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisi artmış, ixrac potensialı yüksək olan rəqabətqabiliyyətli malların istehsalı genişlənmişdir. Bütün bunlar bir daha təsdiq edir ki, yeni islahatlar kursu inkişafın davamlılığını təmin edib.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2017.-6 iyul.- S.1.