İslam həmrəyliyi təcrübəsi və milli dəyərlər

 

06 İyul 2017

 

Azərbaycan tarixində həmişə milli dəyərlər aparıcı rol oynamışdır. Xalqımızın İslam dinini qəbul etməsindən sonra ulu türk əcdadlarımızdan miras qalan, nəsildən-nəslə ötürülən, tədricən müəyyən coğrafiyadasiyasi hakimiyyətlər altında varlığını qoruyan milli dəyərlər islami dəyərlərlə daha da zənginləşmişdir və həmin keyfiyyətlər öz aparıcı rolunu indi də saxlamaqdadır.

1918-ci ildə ilk cümhuriyyətimizin müdrik qurucuları haqlı olaraq milli mənsubiyyət məsələsinə böyük önəm vermiş, bayrağımızın üç rəngində milli kimliyimizin - türklüyümüzün simvolu olan səma rəngini başda tutmuşlar.

Ulu öndər Heydər Əliyev deyirdi: Xalq heç vaxt öz kökünü yaddan çıxarmamalı, öz tarixini öyrənməli, milli mədəniyyətindən heç zaman ayrılmamalıdır”. Ümummilli lider həmin fikirləri davam etdirərək bildirirdi ki, müstəqil Azərbaycanın əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyəti ilə fəxr etməlidir, biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərləri, adət-ənənələrimizi inkişaf etdirməliyik.

Milli dəyərlər bizim fikrimizdə milli şüur və kimlikdə, milli azadlıq mübarizəsində, müstəqillik və dövlətçilikdə ilk növbədə nəzərə alınmalıdır. Vətən, ana dili, milli təfəkkür, dəyərlər, milli ideologiya olmadan ölkədə yalnız iqtisadi bağlılıq, yaxud dini həmrəyliklə nəsə əldə etmək çətindir. Fikrimizcə, İslam həmrəyliyi ölkəmizdə milli birliyimizin, azərbaycançılıq məfkurəmizin və müstəqillik siyasətimizin tamamlayıcı tərkib hissəsidir.

Akademik Ramiz Mehdiyevin fikrincə, milli mədəniyyət millətin maddi və mənəvi dəyərlərinin məcmusu kimi cəmiyyətin, dövlətin həyat fəaliyyətinin praktik olaraq bütün sahələrində, onun sosial təsisatlarının təşkilində, həmçinin milli ənənələrdə, mənəvi dəyərlər sistemində, düşüncə tərzində, dil xüsusiyyətlərində və dində özünü göstərir.

Prezident İlham Əliyev 1 mart 2017-ci ildə İslamabadda İslam Əməkdaşlığı Təşkilatının (İƏT) XIII sammitindəki çıxışında demişdir: “Azərbaycan müsəlman ölkələri arasında həmrəyliyə xüsusi əhəmiyyət verir... Bu gün islamofobiya dünyada ən ciddi təhlükələrdən biridir. Biz bu tendensiyanı qəti şəkildə pisləyirik. İslamı terrorla əlaqələndirmək yanlış və qərəzli yanaşmadır. Terrordan ən çox əziyyət çəkən məhz müsəlman dövlətləridir. Biz sülh, mərhəmət, dözümlülük və ədalət dini olan İslamın dəyərlərinin təşviqini davam etdirməliyik”. Azərbaycanın daxilində islami birliyə nail olunub, müxtəlif dini icmaların bir-birinə qaynayıb-qarışdığı ölkəmizdə hökm sürən zəngin birlik və həmrəylik təcrübəsi bütün İslam dünyası üçün nümunə sayıla bilər. Bakının möhtəşəm Heydər məscidində ölkəmizin İslam dininin müxtəlif təriqətlərinə mənsub dindarların bir araya gəlib, eyni sırada namaz qılmaları, dualar oxuması, müxtəlif ziyarətgahları gəzməsi, qarşılıqlı hörmət və ehtiramla görüşlər keçirməsi İslam dünyası üçün ən yaxşı örnəkdir.

Şübhəsiz ki, İslam həmrəyliyini irəli sürən və bu zəruri prosesə töhfə verən hər bir ölkə, ilk növbədə, öz tarixi milli-mənəvi dəyərlərindən çıxış etməlidir. Həmrəyliyə nail olmaq qarşılıqlı əməkdaşlığa yol açır və bu əməkdaşlıq xalqları siyasi-iqtisadi-mədəni sahələrdə bir-birinə yaxınlaşdırdığı kimi, islami dəyərləri də zənginləşdirir, ayrı-ayrı milli-etnik mənsubiyyətlərə malik insanlarda ümumi islami təəssübkeşlik hisslərini möhkəmləndirir, qlobal problemlərə, zamanın çağırışlarına münasibətdə vahid, yaxud bir-birinə bənzər yanaşma tərzi və dəst-xəttinin formalaşdırılmasına zəmin yaratmış olur.

Azərbaycan dövlətinin yaxın-uzaq İslam ölkələri ilə siyasi-iqtisadi-mədəni əlaqələrin inkişafını hər zaman önəmli sayması, bugünədək bir sıra yüksək islami tədbirlərə evsahibliyi etməsi, yaxud dəstək verməsi, cari ildə isə IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi bunun bariz göstəricisidir. Xüsusilə, dünyanın aparıcı kütləvi informasiya vasitələrinin İslam ölkələrində baş verən neqativ hadisə və prosesləri qabardaraq kütləvi surətdə tirajlayıb yaydığı indiki şəraitdə dünya əhalisinin beşdəbirini təşkil edən İslam aləmində müxtəlif mövqemaraqlara sahib ölkələr arasındakı həmrəyliyi möhkəmləndirən idman oyunları barəsində Bakıdan yayılan məlumatlar və verilişlər insanlarda xoş hisslər doğurmuşdur. Tarixin müxtəlif mərhələlərində dünya sivilizasiyasının, elm və mədəniyyətinin inkişafına töhfələr verən ölkəmizin yalnız İslam aləminə deyil, bütün dünyaya çatdırdığı ismarıclar bütövlükdə ümumbəşəri həmrəyliyə, dünyada sülhün, ədalətin və əməkdaşlığın əldə edilməsinə çağırış olmuşdur.

2010-cu ilin 26-27 aprel tarixlərində Bakıda dünyanın müxtəlif ölkələrinin dini liderlərinin sammitində ölkəmizin çoxmillətli, çoxdinli cəmiyyətə malik olduğu qeyd edilmiş, xalqımızın qədim və zəngin milli dəyərlərə sadiqliyi ilə yanaşı, çağdaş ümumbəşəri dəyərləri bölüşmək və dəyərləndirmək mədəniyyəti də vurğulanmışdı. Prezident İlham Əliyev demişdi: “Biz istəyirik ki, dinlərarası əlaqələr normal, sağlam məcrada olsun. Əks-təqdirdə, dünyada parçalanma meyilləri daha da güclənəcək... Hazırda dini, milli, məzhəb zəminində qarşıdurmalar, qanlı toqquşmalar dünyanı fəlakətə aparır”.

Prezident İlham Əliyevin İslam həmrəyliyi təşəbbüsünü irəli sürməsi hazırkı zamanın çağırışları və İslam dünyasında müxtəlif daxilixarici səbəblərdən baş verən ziddiyyətli proseslərlə əlaqədardır. Əlbəttə, İslam tarixinin müxtəlif dövrlərində həmrəylik çağırışları olmuşdur, lakin çox az hallarda bu çağırışlar hakimiyyət maraqlarına uyğun təriqətçilik sərhədlərini aşmış, yaxud aşsa belə, arzuolunan həmrəyliyə xidmət edə bilməmişdir. Məsələn, çox da uzaq olmayan tariximizdə böyük Əfşarlar dövlətində Nadir şahın bu təşəbbüsünü: İran və Osmanlı, Azərbaycan türkləri və Osmanlı türkləri arasındakı sünni-şiə ayrılıqlarını aradan qaldırmaq cəhdlərini yada salmaq olar.

Bir sıra hallarda hökmdar İslam həmrəyliyini müsəlmanların yalnız onun ətrafında birləşməsində görürdü, yaxud özünü İslam dünyasının tək dayağı, aparıcı qüvvəsi hesab edərək digər İslam ölkələrinə yetərincə sayğı göstərmirdi. İstər beş yüz illik ərəb xəlifələri, istərsə də xilafətin süqutundan sonra meydana gələn müxtəlif İslam mənsubiyyətli sülalələrin zamanında islami birlik, İslam həmrəyliyi, İslam qardaşlığı kimi ülvi ideyalar və dəyərlər hər zaman müəyyən siyasi maraqlara xidmət etmişdir. Bir çox hallarda siyasi mənafelərin səbəb olduğu qardaş müharibələri törədilmişdi.

Əgər səlib müharibələri xristianİslam dinlərinin toqquşması idisə və burada xristian dünyasının birləşmiş qüvvələri türk-müsəlman əhalini hədəf almışdısa, XV-XVII əsrlərdə bəzi müsəlman ölkələrində, o cümlədən Osmanlı və Səfəvi dövlətləri arasında baş verən müharibələr artıq eyni dinə - İslama mənsub iki xalqın, iki müsəlman dövlətinin qarşıdurması idi. Orta əsrlərin iki böyük müsəlman imperiyası etnik yaxınlığa, hətta vahid etnik köklərə malik olmalarına baxmayaraq, məzhəb ayrı-seçkiliyi üzündən bir-birinə qənim kəsilmişdi. Bu tarixi faktlar təsdiqləyir ki, təriqətçilik dövlət siyasətinə çevrildikdə, ümumislami dəyərlər asanlıqla ayaqlar altına atılır, təbliğat maşınları beyinləri zəhərləyir, Qurani-Kərimin irəli sürdüyüİslam Peyğəmbərinin buyurduğu İslam qardaşlığı unudulur. Orta əsrlərdə İslam dininə mənsub ölkələrin və dövlətlərin bir-birləri ilə adi hal almış müharibələrində din-təriqət amilindən necə siyasi məqsədlər üçün istifadə edildiyinin şahidi oluruq. Osmanlı-Səfəvi müharibələrində hər iki tərəf “İslamın saflığı”, “qorunması” uğrunda ordularını döyüşə aparır, qarşı tərəfi islami mənsubiyyətinə baxmayaraqkafir” adlandırırdı. Yaxud hazırkı günlərimizə qayıtsaq, İslam ölkələrinin bəzilərində, o cümlədən İraqda, Bəhreyndə, Yəməndə, Suriyada təriqətçilik zəminində son illərdə şiddətlənmiş və sonunda xaricdən dəstəklənən və qızışdırılan vətəndaş müharibəsinə çevrilmiş qanlı hadisələrin şahidi oluruq. Bizim bəxtimizdən iki böyük İslam ölkəsi olan qonşularımız Türkiyə və İranda təriqət zəminində ölkədaxili qarşıdurmalar yoxdur. Deməli, ölkə daxilində İslam həmrəyliyinin təmin edilməsi dövlət siyasətindən birbaşa asılıdır.

Əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi ölkələrdə digər dini azlıqların yeri, onların mənafelərinin gözlənilməsi başa düşüləndir və zəruridir. Lakin İslam ölkəsində məzhəbi “azlıqlar” olmamalıdır. Ənənəvi məzhəb fərqliliyi İslam birliyinə zərər vurmamalıdır.

Pakistan kimi çoxmillətli bir ölkədə islami dəyərlərin milli dəyərlərlə uzlaşdırılması çox önəmlidir. Pəncab, sind, sərayiki, urdu, bəluc, puştubaşqa dillərdə danışan müxtəlif etnik mənsubiyyətli 200 milyon nəfər əhalini - Pakistan xalqını bir bayraq altında, bir yumruq kimi birləşdirən, əlbəttə, İslam dinidir. 1947-ci ildə Böyük Britaniyanın Hindistandakı müstəmləkəçilik siyasətinə son qoyulanda bu dövlət məhz İslama mənsub olan xalqların dövləti kimi Hindistandan ayrılmaqla yaradıldı. Bu dövlətin qurulmasında ərəb ölkələrində, Türkiyədə, eləcə də Azərbaycanda əvvəldən mövcud olan vahid aparıcı millət, yaxud etnos mövcud deyildi. Ona görə bu dövlət milli-etnik kimliyə deyil, dini mənsubiyyətə söykənirdi. Pakistanın qurucusu, Cənub-Şərqi Asiya müsəlmanlarının böyük siyasi lideri, xalqın Qayd-e Əzim (Böyük Rəhbər) adlandırdığı Məhəmməd Əli Cinnah demişdi ki, “bir gün işdir, ərəblər İslamdan imtina etməli olsalar, yenə ərəb olaraq qalacaqlar, türklər müsəlmanlığı tərk etsələr, yenə türk və Türkiyə olaraq həyatlarına davam edəcəklər, lakin Pakistan İslamdan qoparsa, ondan ortada heç bir şey qalmaz”.

Doğrudan da, İslam həmrəyliyi Pakistan kimi çoxmillətli ölkələrdə əvəzolunmaz birləşdirici qüvvədir. Pakistan dövlətçiliyinin bu təməl dayağını daha da möhkəmlətmək üçün 1956-cı ildə Pakistan dövləti Pakistan İslam Respublikası adlandırıldı, cəmiyyətin və dövlətin ictimai-siyasi həyatında islam dininin rolu və əhəmiyyəti ölkə Konstitusiyası ilə təsbit olundu. Lakin İslam və şəriət Pakistanı təşkil edən ayrı-ayrı xalqların milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə zərər vurmadan, əksinə, ümumdövlət, ümummilli dəyərlərin daha da kök salıb bərqərar olmasına zəmin yaratdı.

Pakistanda xidməti vəzifə ilə əlaqədar çalışdığım 2002-2010-cu illərdə məni və müsəlman ölkələrindən səfir həmkarlarımı hər zaman narahat edən və düşündürən məsələ dünyanın ən böyük və qüdrətli İslam dövlətində, ölkəmizin ən yaxın və etibarlı strateji tərəfdaşı olan qardaş Pakistan İslam Respublikasında vaxtaşırı baş verən sünni-şiə qarşıdurması idi. Hər il şiələrin məhərrəmlik mərasimləri, xüsusilə Aşura təziyələri sünni təriqətinə mənsub radikal qrupların hücumlarına məruz qalır, məscidlərdə partlayışlar törədilir, günahsız insanlar həlak olurdu. Şiələr tərəfindən də qisasçılıq hərəkətləri özünü çox gözlətmirdi. Xoşbəxtlikdən son illərdə ölkədə aparılan tarazlaşdırılmış siyasət nəticəsində belə hallar xeyli azalmışdır.

Ona görə də, çoxmillətli və çoxməzhəbli ölkələrdə ölkədaxili islami həmrəyliyi gücləndirən tədbirlərin həyata keçirilməsi zəruridir. Dövlətin və cəmiyyətin səyləri bu istiqamətdə əlaqələndirilməli və məqsədyönlü surətdə həyata keçirilməlidir.

Uca Peyğəmbərimizin hədislərindən birində deyilir: “Vətəni sevmək imandandır”. Göründüyü kimi, burada iman, Allah sevgisi daha üstün tutulur. Bu o zamanlar üçün təbii idi. Müəyyən vətən hüdudları içərisində millətlər hələ formalaşmamışdı, təbii ki, milli şüuretnik kimlik məsələsindən də indiki anlamda söhbət gedə bilməzdi.

İslam həmrəyliyinin əldə edilməsində nəzəri zəminlərdən biri İslam dünyagörüşünün formalaşmasıdır. Əlbəttə, İslam həmrəyliyinə zərurət hələ islamın ilk illərində yaranmışdı: həm keçmiş dövrdən qalan fəsadlar, həm də İslamın içərisində yaranan təfriqə və təriqətçilik bu həmrəyliyi tələb edirdi. Bunsuz İslamın inkişafı və onun bir dünya dininə çevrilməsi mümkün olmazdı. Bu məsələdə dini təhsil müəssisələrinin üzərinə böyük məsuliyyət düşür. Ümumislami dəyərlərin milli dəyərlərlə əlaqələndirildiyi dini təhsil müəssisələri imanlı din xadimləri yetişdirdiyi kimi, vətəni sevməyə və onu qorumağa qadir olan sadiq mübarizlər də yetişdirə bilər. Bununla əlaqədar ölkəmizdə milli dəyərlərə və ənənələrə söykənən keyfiyyətli dini təhsilə də önəm verilir, belə ki, müstəqillik illərində təsis edilmiş Bakı İslam Universiteti, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi ilə yanaşı, yaxın vaxtlarda öz milli kadrlarımızın tədrislə məşğul olacağı dini mədrəsələr də işə başlayacaq, milli və bəşəri dəyərləri nəzərə alan İslam təlimi yabançı və radikal dini görüşlərin adamların şüur və düşüncəsinə yol tapmasının qarşısının alınmasında əhəmiyyətli rol oynayacaqdır.

Azərbaycanda dövlətin din siyasətində hamının qəbul etdiyi və hər cəhətdən özünü doğruldan reallıqlardan biribudur ki, islami dəyərlər xalqımızın min illərlə formalaşmış milli-mədəni, mənəvi-etik dəyərləri ilə qaynayıb-qarışaraq onların məcmusunun ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Şübhəsiz ki, ölkəmizdə islami dəyərlər mənəviyyatımızı zənginləşdirdiyi kimi, ayrı-ayrı İslam ölkələrində də milli dəyərlər İslamın ümumi dəyərlərinə öz təsirini göstərir.

Əminik ki, Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin ölkəmizdə “İslam həmrəyliyi ilielan edilməsi və bu həmrəyliyin gerçəkləşdirilməsi üçün həyata keçirilən tədbirlər müsəlman ölkələrində baş verən qanlı toqquşmaların, vətəndaş müharibələrinin və müxtəlif səpkili qarşıdurmaların qarşısının alınması, İslam ölkələrinin hər birinin daxildə və ölkələrarası münasibətlərdə həmrəylik və əməkdaşlığının möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəkdir.

 

Eynulla MƏDƏTLİ,

AMEA Fəlsəfə İnstitutunun elmi işlər üzrə

direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru

 

Azərbaycan.- 2017.-6 iyul.- S.4.