Masallıda “Bəbirləri mühafizə edək” devizi ilə ekoloji yay düşərgəsi təşkil olunub
İyulun 5-də Masallı rayonunda cənub bölgəsinin məktəbliləri üçün “Bəbirləri mühafizə edək” devizi ilə ekoloji yay düşərgəsi təşkil edilib.
AZƏRTAC xəbər verir ki, IDEA İctimai Birliyi, Təhsil Nazirliyi və Ümumdünya Təbiətin Mühafizəsi Fondunun Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Qafqaz bəbirlərinin mühafizəsi” layihəsi çərçivəsində keçirilən düşərgəyə Astara, Lənkəran və Masallı rayonlarının ümumtəhsil məktəblərinin 70-dən çox şagirdi qatılıb.
“Bəbirləri mühafizə edək” yay düşərgəsinin məqsədi Qafqaz bəbirinin məskunlaşdığı təbii areallara yaxın yerlərdə yaşayan gəncləri bu nadir növ haqqında məlumatlandırmaq və onun mühafizə işini təbliğ etmək, məktəbliləri ətraf mühit sahəsində maarifləndirmək, onlarda təbiətə qarşı rəğbət və qayğı hissini formalaşdırmaqdır.
IDEA İctimai Birliyinin elmi-tədqiqat şöbəsinin baş mütəxəssisi Nəzakət İsayeva layihə barədə məlumat verərək bildirib ki, 2014-cü ildən başlayaraq hər il məktəblilər üçün ətraf mühit və biomüxtəliflik mövzusunda düşərgələr təşkil edilir. Bu düşərgələrə Salyan, Neftçala, Goranboy, Samux, Qax, Şəki, Masallı, Cəlilabad, Yardımlı, Lənkəran, Astara və Göygöldən 300-dən çox məktəbli qatılıb.
Təlimçilər - Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Təlim Mərkəzinin direktor müavini Lalə Dadaşova və Ümumdünya Təbiətin Mühafizəsi Fondunun Azərbaycan nümayəndəliyinin direktoru Elşad Əsgərov mövzu ilə bağlı çıxış ediblər.
Məktəblilər təbiət fotoqrafı və rejissoru Adrian Stern tərəfindən çəkilmiş “Dünyanın ən çox axtarılan bəbiri” sənədli filminə baxıblar.
İyulun 7-dək davam edəcək yay düşərgəsində məktəblilər bəbirlərin həyat tərzi, onların yayıldığı ərazilər və təbiətdəki rolu barədə geniş məlumat alacaq, bu nadir canlı növünün qorunması mövzusunda seminarlarda, müxtəlif ekoloji tədqiqat və müsabiqələrdə iştirak edəcəklər.
Düşərgə iştirakçılarının Azərbaycanda bəbirlərin təbii olaraq məskunlaşdığı və xüsusi mühafizə olunduğu Hirkan Milli Parkına ekskursiyası təşkil ediləcək, onlar parkın ərazisində üçüncü dövrə mənsub olan relikt mənşəli bitki örtüyü ilə də tanış olacaqlar.
Azərbaycan.-
2017.-6 iyul.- S.5.