Bakıdan Cocuq Mərcanlıya böyük köç
başladı
Biləcəri qəsəbəsi, su təsərrüfatı idarəsinin həyətində köçhaköç havası, yır-yığış təlaşı var idi. Əhvallarını soruşmağa ehtiyac qalmırdı. Qəlblərində aşıb-daşan sevinc gülümsər gözlərində, təbəssüm dolu simalarına əks olunmuşdu.
Bəlkə də heç vaxt olmadıqları qədər xoşbəxt idilər. Cocuq Mərcanlıya ilk dönüşdə buradan üç ailə qayıdırdı. 1993-cü ildə bu idarənin ərazisindəki şəraitsiz, darısqal tikililərə sığınmış cocuq mərcanlılar əşyalarını yük maşınlarına daşıyırdılar. Uşaqlar da bacardıqları kimi böyüklərə yardım edirdilər.
“Prezidentə nə qədər təşəkkür
etsək, azdır”
İlk yaxınlaşdığımız ailənin beş nəfər üzvü var. Taxta pilləkənlərlə birtəhər onların illərdir yaşadıqları evə qalxırıq. Eyvanın taxtaları çoxdan çürüyüb. Beş nəfərlik ailə bir otağa sığınıblar. Uzun illərdir yaşamaq məcburiyyətində qaldıqları bu bircə otaq da o qədər darısqaldır ki, düşünürsən, bura necə sığırmışlar?! Ailə başçısı Hüseynov Şahin Garay oğlu deyir ki, onlara Cocuq Mərcanlıda üçotaqlı mənzil verilib. Bu darısqal otaqdan qurtulurlar: “Ən əsası da odur ki, ata-babalarımızın məskəni olan doğma yurdumuza qayıdacağıq. Övladlarımız orda boya-başa çatacaq, bizdən sonra da onlar ocağımızı sönməyə qoymayacaqlar. Bizə həyatımızın ən böyük fərəhini, ən böyük qürurunu yaşadan Prezident İlham Əliyevə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya nə qədər təşəkkür etsək, azdır”.
Şahinin həyat yoldaşı Şahsənəmlə də söhbət edirik. Deyir ki, səhərədək sevincdən yata bilməmişik, gecə saat 2-dən uşaqlı-böyüklü ayaq üstəyik.
O, 35 yaşındadır. Cocuq Mərcanlıdan 11 yaşında çıxıb. Ermənilərin növbəti hücumundan sonra kəndi tərk etmək məcburiyyətində qaldıqları günün ağrıları yaddaşında həmişəlik iz salıb. Deyir ki, o gün valideynləri can qorxusunu unudub onların hayında olublar. Xatırladıqca qəhərlənir. Ancaq bağ-bağatlı, yaşıl yamaclı o kəndin müharibədən əvvəlki mənzərəsi də var xatirələrində. Yurdlarının hər daşı, hər ağacı əzizdir, orda hər kəs doğmasıdır.
O yurddan ermənilər Şahsənəmgili cismən ayrı salıblar. Ürəklərində isə bir an da Cocuq Mərcanlıdan uzaq düşməyiblər. 2013-cü ildə anası həyatının son dəqiqələrində vəsiyyət edib ki, onu doğma yurdunda torpağa tapşırsınlar. Bir ana da öz dədə-baba yurduna belə qovuşub, oğlunun şəhid olduğu torpaqlar son mənzili olub. Şahsənəmin gözlərinə kədər çökür: “Bu günü səbirsizliklə gözləyirdik. O yerlər üçün o qədər ağlamışam ki... Mənim bir qardaşım - Həsənov Kamil Şəmil oğlu 1993-cü ildə 23 yaşında Lələtəpə yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olub. Bizim kəndin dədə-baba qəbiristanlığı Lələtəpədəydi. Qardaşımı da orda dəfn etdik. Ermənilər heç qəbrinin üstünü götürməyə də imkan vermədilər. Yurdumuzu işğal etdilər. Kamilin sevdiyi qız vardı. Sevil ondan sonra ailə qurmadı. Deyiklisinin şəhid olduğunu bilə-bilə hələ də yolunu gözləyir. Neçə illərdir əhdim var: ayaqyalın, sürünə-sürünə qardaşımın məzarını ziyarət edəcəyəm”. Şahsənəm əli ilə gözlərinin yaşını silir. Yəqin bizi də qüssələndirdiyini düşünüb söhbəti dəyişir. Məni Cocuq Mərcanlıya qonaq dəvət edir. Gedəcəyimizi bilib gülümsəyir: “Həmişə siz gələsiz, gözümüz üstə yeriniz var” - deyir. “O gün olsun ki, bütün rayonlarımız alınsın. Hamı evinə dönsün”.
Qalan xatirələrdir
Ailənin üç oğlu var. Böyüyü Nurlan 2004-cü ildə, Hüseyn 2009-cu ildə doğulub. Balaca Yusif isə beş yaşına keçib. Hüseyn birinci sinfi fəxri fərmanla başa vurub. Sinif müəlliməsi deyib ki, Cocuq Mərcanlıda dərslərinlə ciddi məşğul ol, necə oxuyacağınla həmişə maraqlanacağam. Hüseyn yoldaşları üçün darıxacağını deyir. Amma dədə-baba yurdunu görməyin intizarı ilə Cocuq Mərcanlıya tələsir.
Nurlan isə artıq o kəndi təsəvvürlərində yaradıb. Deyir: “Cocuq Mərcanlıda yaşamağa gedirəm. Oranı gözəl bir yer kimi təsəvvür edirəm. Təzə məktəbimiz, öz evimiz olacaq”.
Köçhaköç havasında olan yalnız böyüklər deyil. Balaca Yusif də öz aləmində yır-yığış edir. Bir qutuya yığılmış balaca rəngbərəng toplarını gah götürüb oynayır, gah da qaytarıb yerinə qoyur. Boşalmış otaqda kiçik narıncı topu ayağı ilə vura-vura o tərəf-bu tərəfə diyirlədir. Soruşuram: “Həmişə kiminlə oynayırdın?”. Ad çəkir. Başa düşmürəm. Bir neçə dəfə sualımı təkrar edirəm. Yenə anlamıram. Dilxor olduğunu görüb başqa suala keçirəm: “O kimdir?”. Lovğalanır: “Dostumdur”. Xəbər alıram: “Onun üçün darıxmayacaqsan?”. Şirin uşaq şivəsiylə darıxacağını söyləyir. Zarafat etmək istəyirəm: “Bax, dostun üçün də darıxacaqsan. Bəlkə sən getməyəsən, qalasan burda?”. Zarafatımı ciddi qəbul edir. Başını bulayır. Sərtləşir: “Yox, gedirəm.” - deyir.
Köç təlaşında böyrü üstə həyətə atılıb qalmış, bir az da uşaq dəcəlliyinin qurbanı olmuş rezin atı götürmək yada düşmür. Bəlkə ona görə ki, Cocuq Mərcanlının bu gələcək üç igidi evdə divara vurduqları şəkildəki kimi şahə qalxmış gerçək Qarabağ atının artıq xəyalını qurublar. Axı, bu oğlanlar o yurda böyüməyə gedirlər.
Hüseynov Şahəddinin qızı və həyat yoldaşı ilə yaşadığı birotaqlı tikili də boşaldılır. Şahəddin deyir ki, 1993-cü ildə gəlib bura yerləşmişik: “O vaxtdan burda yaşayırıq. Mən 32 yaşımdayam. Cocuq Mərcanlıdan çıxanda 6 yaşım var idi. Uşaq olsam da, hər şey yaxşı yadımdadır. Məcburiyyət qarşısında qalıb evini tərk edən böyüklərin həyəcanını hiss edirdim. İndi çox sevinirik ki, dədə-baba torpaqlarımıza qayıdırıq. Orda əkin-biçinlə məşğul olacağıq. Torpağımız bərəkətli, camaatımız işgüzardır. Yaxşı işləyəcəyik, yaxşı da dolanacağıq”.
Həyat yoldaşı Gülxarə Həsən qızı söhbətə qoşulur, illərdir çəkdikləri əzab-əziyyətdən danışır: “Çox çətinliklərimiz olub. Yaşadığımız tikilinin, gördüyünüz kimi, döşəməsi betondur. Tavanı damır. Yağışda, qarda su içində olurduq. Qaçqın düşdüyümüz gündən zülmlər çəkmişik. Ancaq müharibədən qabaq ölkəmizin çox gözəl həyatı olub. Mənim 26 yaşım var. Valideynlərimin, qohumlarımın sözləri ilə xatırlayıram Cocuq Mərcanlını. Şadam ki, müharibədən əvvəlki kimi öz yurdumuzda yaşayacağıq, yenə əkinçiliklə, maldarlıqla məşğul olacağıq, bağ-bağat salacağıq. Prezident İlham Əliyevə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya nə qədər ömrümüz var duaçı olacağıq. Bizə ən böyük sevinci, qüruru yaşadırlar. Yurd həsrətimiz bu gün onların sayəsində bitir. Elimizdə iki otaqlı, hər cür şəraiti olan rahat mənzillə təmin edilmişik. Bundan böyük xoşbəxtlik ola bilərmi?!”.
Ailənin qızı 9 yaşlı Nurayın da təəssüratlarını öyrənmək istəyirik. Anası deyir ki, Nuray 2-ci sinfə Cocuq Mərcanlıdakı yeni məktəbdə gedəcəyinə çox sevinir. Utancaq Nuray suallarımıza aşıb-daşan sevincini ifadə edən xoş təbəssümü ilə cavab verir.
Cocuq Mərcanlıya köçməyə hazırlaşan Əsgər Məmmədovun ailəsi beş nəfərdən ibarətdir. Həyat yoldaşı Büllurə deyir ki, övladları Cocuq Mərcanlıda doğulub, böyüməsələr də, ən böyük arzuları doğma kəndlərinə köçüb orada yaşamaqdır. Ona görə də bu gün qızları 18 yaşlı Könülün, oğlanları 17 yaşlı Elnurun sevinclərinin həddi-hüdudu yoxdur. Büllurə deyir: “Elnur da, Könül də həmişə Cocuq-Mərcanlını istəyirdilər. Oranın arzusunda idilər. Belə də olmalıdır. Bizə öz kəndimiz lazımdır”.
Evin sonbeşiyi Elmar isə 3
aylıqdır. Bu gün baş verən tarixi hadisəni
o xatirələrdən öyrənəcək.
İndilik isə anasının qucağında
qayğısız-qayğısız qığıldayan
Elmarı hər kəs əzizləyir: “Ayağı sayalı
bala, sən o yurdda ayaq açacaqsan, orda 3 otaqlı rahat evdə
böyüyəcəksən. Ona görə sən
gördüyün bu insanların hamısından xoşbəxtsən”.
Cəbrayıl Rayon İcra Hakimiyyəti
başçısının birinci müavini Arif Fərzəliyev
qeyd edir ki, Cocuq Mərcanlının bərpası ilə
bağlı Azərbaycan Respublikasının Prezidenti bu ilin
yanvarın 24-də sərəncam imzalayıb: “Bildiyiniz kimi,
ötən ilin aprelində Lələtəpə yüksəkliyi
erməni işğalçılarından azad olunandan sonra
Cocuq Mərcanlıda bərpa işlərinə
başlanıldı. İlkin mərhələ
üçün 50 ev artıq bərpa
olunub. 96 yerlik məktəb binası tikilib.
Şuşa məscidinin bənzəri olan
gözəl bir məscid inşa olunub. Bu
gün ilkin mərhələ olaraq, Binəqədi rayonun Biləcəri
qəsəbəsindən 4 ailə Cocuq Mərcanlıya
köçürülür. Ümumiyyətlə, bu həftənin
sonunadək Bakı, Abşeron və Sumqayıtda məskunlaşmış
25 ailə, o qədər də respublikamızın digər
yerlərindən Cocuq Mərcanlıya ailə
köçürüləcək. Gördüyünüz
kimi, kənd sakinlərinin əhvali-ruhiyyəsi çox
yüksəkdir. Kəndə qayıdan
insanların maddi təminatı hərtərəfli
düşünülüb. Ölkə rəhbərinin
sərəncamı ilə hər bir ailə üzvünə
36 manat dövlət tərəfindən müavinət verilir.
Bununla minimum yaşayış məsələsi
həll olunub. Eyni zamanda, ölkə
başçısı aidiyyatı nazirliklərə və
şirkətlərə tapşırıq verib, Cocuq Mərcanlıya
köçürülən soydaşlarımızın məşğulluğu
üçün bütün şərait yaradılacaq”.
Yaradılan şəraitə görə ölkə rəhbəri
İlham Əliyevə, Azərbaycanın Birinci vitse-prezidenti
Mehriban Əliyevaya minnətdarlığını bildirən
A.Fərzəliyev sonra böyük köçün ilk
yolçuları olan Cocuq Mərcanlı sakinlərinə:
“Xeyirli-uğurlu olsun.” - deyir.
Yük maşınları
sıraya düzülür. Cocuq Mərcanlıdan
olan 65 yaşlı Yaqut ana yola düşən karvanın
ardınca su atıb, xeyir-dua verir.
Biz də maşına əyləşirik. Orda bir kənd
bizi gözləyir. Yolumuz Cocuq Mərcanlıyadır.
Biz gəldik, Ana
yurd, gözlərin aydın!
Cocuq Mərcanlıya sakinlərindən
tez yetişirik. Fürsətdən istifadə edib, kəndi
gəzirik. Sıraya düzülmüş
yeni evlər həm görkəmi, həm də
rahatlığı ilə gözlərimizi,
könlümüzü oxşayır. Kənd
yollarına başdan-başa asfalt döşənib. Yüksək səviyyədə inşa olunmuş məktəb
şagirdlərinin yolunu gözləyir. Şuşa
məscidinin bənzəri olan məscidin binası da diqqət
çəkir.
Gözlərimizi kəndə
gələn yoldan çəkmirik. Nəhayət, ilk
yük maşını yolu burulub Cocuq Mərcanlı kəndinə
daxil olur. Ondan qabaqdakı maşında isə
cocuq mərcanlılar gəlirlər. Bir-birinin
ardınca maşınlardan enirlər. Ayaqlarını
torpağa basıb, sevinclə ətrafı seyr edirlər.
Baxışları sanki dil açır, ana yurdu salamlayaraq
deyirlər: “Biz gəldik, Ana yurd, gözlərin aydın!”.
Artıq Bakıdan tanış
olduğumuz cocuq mərcanlıları bir də ana
yurdlarında tanıyırıq. Hər kəs
sevinclə ora-bura vurnuxur. Əşyalarını
yerbəyer etməkdən çox, kəndin seyri ilə məşğuldurlar.
Sanki doğma yurdu bağırlarına basmaq, ona
sığınmaq, ovunmaq və ovutmaq istəyirlər. Bu, böyük qayıdışın
başlanğıcıdır, Vətən. Sənin hər
obanda, hər oymağında, beləcə, illərin həsrətinə
son qoyulacaq. Erməni işğalı
altında qalan torpaqlarımızın həsrəti bitəcək.
Cocuq mərcanlıların dillərindən
eşidilən dualar yurdun üzərindən əsən isti
yay küləyinə qoşulub ölkəmizin üzərinə
yayılır: “Gün o gün olsun ki, Cəbrayılın digər
yerləri də, Şuşa, Laçın, Zəngilan, Kəlbəcər
də işğaldan azad edilsin. Hər bir
soydaşımız öz doğma evinə, ocağına
dönsün. Burdan üzü yuxarı
qalxan bu böyük köçün ardıcıllarını
qarşılayaq”.
Bu torpaq mənimdir,
bu yurd mənimdir!
Hər kəs sevinc içərisindədir. Təbii qazla,
elektrik enerjisi, suyla təmin olunmuş rahat mənzillərini,
geniş həyətlərini fərəhlə
dolaşırlar. Bizi yenə Cocuq Mərcanlıya
çağırırlar. “Allah bizə bu
günü görməyi nəsib edən hər kəsin
ürəyindəki bütün mətləbləri,
arzuları həyata keçirsin. Belə
şəraitdə bizim nələr eləyəcəyimizi
görmək istəyirsizsə, bir müddət sonra yenə
bura gəlin. Görəcəksiniz, necə
bağ-bağat salmışıq”.
Özlərinə sevincdən
yer tapa bilməyən cocuq mərcanlılı uşaqları
seyr etmək də bir başqa aləmdir. Balaca
Nurayı anasından xəbər alıram, deyir ki, əmisigilin
həyətində duruş gətirmədi, odur ey, öz həyətimizdədir.
Cocuq Mərcanlının
balaca oğlanları özlərini daha təmkinli
aparırlar.
Bəlkə də valideynlərinin sözləri ilə
tanıdıqları yurdu öz gözləri ilə
gördükcə, bir az aralıda
sıralanan yüksəklikləri seyr etdikcə orda onların
bu gün yurda dönmələri üçün
canını qurban vermiş oğulları xatırlayırlar.
Valideynləri ilə Xırdalandan həmişəlik
köçüb Cocuq Mərcanlıya gəlmiş 12
yaşlı Nicatla, Nurlanla, Hüseynlə, hələlik
dayısıgilin köçməsinə yardım etmək
üçün gəlmiş Fuadla söhbət edirəm.
Cocuq Mərcanlının gələcək igidləri
tez boya-başa çatmaq istəyirlər. Böyüyəndə ya hərbçi, ya da polis
olmaq arzusundadırlar. Çünki hər
biri bu yurdun ona dədə-baba əmanəti olduğunu bilir.
Zöhrə FƏRƏCOVA
Azərbaycan.- 2017.-7 iyul.- S.1; 8.