Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyev: "Ermənistanın işğalçılıq və terror siyasətinə son qoymaq üçün beynəlxalq birlik təsirli tədbirlər görməlidir"

 

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin AZƏRTAC-a açıqlaması

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyev iyulun 4-də Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində həyata keçirdiyi növbəti təxribatla bağlı AZƏRTAC-a aşağıdakıları bildirib:

- İyulun 4-də Ermənistan silahlı qüvvələri qoşunların təmas xəttində növbəti irimiqyaslı təxribat həyata keçirərək Füzuli rayonunun Alxanlı kəndini iriçaplı silahlardan atəşə tutub, nəticədə biri uşaq, digəri isə yaşlı qadın olmaqla, iki nəfər qətlə yetirilib, bir nəfər yaralanıb, əhalinin mülkiyyətinə xeyli ziyan dəyib. Bu növbəti qanlı cinayət Ermənistandakı hərbi-siyasi rejimin terrorçu mahiyyətini, qeyri-insani cinayətkar simasını bir daha açıq şəkildə bütün dünyaya nümayiş etdirib.

Son illər Azərbaycan dövləti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüququn norma prinsipləri çərçivəsində həlli istiqamətində səylərini daha da gücləndirib. Prezident İlham Əliyevin qətiyyətli, prinsipial düşünülmüş siyasəti sayəsində dövlətimiz həm diplomatik, həm hərbi sahədə mühüm üstünlüklər əldə edib. 2016-cı ilin aprelində Ermənistan ordusunun davamlı təxribatlarına cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatı minlərlə hektar torpağın, strateji yüksəkliklərin işğaldan azad olunması ilə nəticələnib. Tarixi aprel qələbəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində dönüş nöqtəsi olub, danışıqlar prosesində ölkəmizin mövqeyini əsaslı şəkildə möhkəmləndirib.

Bu gün işğaldan azad olunmuş təhlükəsizliyi təmin edilmiş ərazilərimizə yenidən həyat qayıdır. Prezident İlham Əliyevin tapşırığına əsasən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi qısa müddətdə bərpa olunub kənd sakinlərinin istifadəsinə verilib. Cocuq Mərcanlı öz yurdlarından didərgin düşmüş bir milyondan artıq azərbaycanlı, bütün cəmiyyətimiz üçün əzəli torpaqlarımıza qayıdışın simvoluna çevrilib.

Uzun illərdir regionun siyasi iqtisadi həyatından təcrid olunmuş, iqtisadi tənəzzül, sosial gərginlik şəraitində yaşayan Ermənistan indi həm siyasi hərbi sahədə ardıcıl məğlubiyyətlə üzləşir. Mövcud vəziyyət S.Sarkisyan cinayətkar rejiminin ölkə daxilində xaricdə dayaqlarını ciddi şəkildə sarsıdıb. Görünür, Sarkisyan dinc azərbaycanlı əhaliyə qarşı davamlı şəkildə qanlı cinayətləri sanksiyalaşdırmaqla bir tərəfdən daxildə ona qarşı olan təzyiqləri neytrallaşdırmağa hakimiyyətinin ömrünü uzatmağa, digər tərəfdən isə qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan azərbaycanlı əhalidə vahimə, psixoloji gərginlik yaratmağa çalışır.

Əslində, bu, uzun illərdir Ermənistanın cinayətkar rejiminin dinc azərbaycanlı əhaliyə qarşı terror soyqırımı siyasətinin davamıdır. 1992-ci ildə Malıbəyli, Yuxarı Aşağı Quşçular, Qaradağlı kəndlərində, Xocalı şəhərində həyata keçirilmiş soyqırımları, habelə Azərbaycanın müxtəlif bölgələrində törədilmiş çoxsaylı terror aktları Ermənistan dövlətinin soyqırımı terror siyasətini, əsl faşist mahiyyətini ifşa etmiş faktlardır. Sonrakı illərdə bu siyasət ardıcıl şəkildə davam etdirilmişdir. 2016-cı ilin aprelində Ermənistan hərbi birləşmələri cəbhə xəttinə yaxın ərazilərdə yerləşən yaşayış məntəqələrini atəşə tutmuş, nəticədə 5 dinc sakin qətlə yetirilmiş, 30-dan artıq insan yaralanmışdır.

Ermənistan BMT Təhlükəsizlik Şurası başda olmaqla, dünyanın nüfuzlu təşkilatlarının tələb çağırışlarını qulaqardına vurur, beynəlxalq qanunvericiliyi pozur, 25 ildir ki, Azərbaycan ərazilərini işğal altında saxlayır. Təəssüf ki, beynəlxalq birlik, bilavasitə problemin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləri bu günə kimi işğal faktının aradan qaldırılması ədalətin bərpa olunması istiqamətində heç bir təsirli addım atmayıblar. Baxmayaraq ki, dünyanın müxtəlif nöqtələrində baş verən analoji münaqişələrin qısa zamanda tənzimlənməsi, işğalçının cəzalandırılması, ona qarşı müxtəlif təsirli sanksiyaların tətbiq edilməsinə dair çoxsaylı faktlar mövcuddur.

Azərbaycana qarşı bu dərəcədə açıq ikili standartların səbəbi nədir? Nəyə görə ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın getdikcə azğınlaşan terror soyqırımı siyasətinə, dinc insanlara qarşı amansız davranışına göz yumur adekvat reaksiya vermirlər? Hansı səbəbdən bu ölkəyə qarşı sanksiyalar tətbiq olunmur, məcburetmə tədbirləri həyata keçirilmir?

Hər fürsətdə insan hüquq azadlıqlarını əlində bayraq edərək müstəqil dövlətlərə qarşı kampaniya həyata keçirən dairələrin, onların təsiri altında olan hüquq-müdafiə təşkilatlarının qadın uşaqların qəddarcasına qətlə yetirilməsinə biganəliyi, laqeyd susqun münasibəti ilə bağlıdır?

Əminliklə demək olar ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ikili standartlar siyasəti, cəzasızlıq mühiti Ermənistanın hərbi-siyasi rejiminin yeni cinayətlərini şərtləndirən başlıca səbəblərdir. Dünya birliyinin qətiyyətsizliyi şəraitində Ermənistan hakimiyyəti nəinki beynəlxalq təşkilatların qərar qətnamələrini icra etməkdən boyun qaçırır, eyni zamanda, beynəlxalq humanitar hüququn, o cümlədən Ümumdünya İnsan Haqları Bəyannaməsinin, Cenevrə konvensiyalarının, onlara 1 saylı əlavə protokolun tələblərini, Uşaq Hüquqları haqqında Konvensiya çərçivəsində üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozaraq dinc azərbaycanlı əhaliyə qarşı cəza tədbirləri həyata keçirir.

Mövcud reallıq onu göstərir ki, artıq proseslər dözülməz həddə çatıb. Ermənistanın işğalçılıq, dövlət səviyyəsində həyata keçirdiyi terror siyasətinə son qoymaq üçün beynəlxalq birlik qətiyyətli olmalı vaxtı uzatmadan təsirli tədbirlər həyata keçirməlidir. Artıq dərk etməyin vaxtıdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil hər an yenidən alovlana, bütün region üçün ciddi fəsadlar törədə bilər.

Birmənalı şəkildə deyə bilərəm ki, Azərbaycan dövləti işğal faktı ilə heç vaxt barışmayacaq, öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək, ərazi bütövlüyünü əhalisinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görəcəkdir. Bu, sadəcə söz deyil, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dəfələrlə səsləndirilmiş prinsipial və dəyişməz mövqedir. Beynəlxalq birlik, ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistanın cinayətkar rejimi bu reallığı dərk etməlidirlər.

 

Azərbaycan.- 2017.-7 iyul.- S.2.