Diplomatiyamız
qarşısında duran yeni vəzifələr: tarixi irsdən
gələcəyə doğru
İyulun 9-u diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramıdır. AZƏRTAC bu münasibətlə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun qeydlərini təqdim edir.
Minilliklərlə ölçülən dövlətçilik ənənələrinə malik Azərbaycanın zəngin diplomatiya tarixi var. Qafqaz Albaniyasının hökmdarı Cavanşirin çətin geosiyasi mühitdə balanslaşdırılmış diplomatiyası, Atabəylər, Şirvanşahlar, Qaraqoyunlu dövlətlərinin diplomatik fəaliyyətləri diplomatiya tariximizin unudulmaz və şanlı səhifələridir.
Ümumiyyətlə, Azərbaycanın tarixi İpək Yolunun üzərindəki strateji mövqeyi onun zəmanənin beynəlxalq münasibətlərinin, diplomatik və ticarət əlaqələrinin əsas subyektlərindən biri olmasını şərtləndirirdi. Ağqoyunlu Uzun Həsənin dövründə Azərbaycanın Şərq-Qərb əlaqələrindəki rolu daha da artmışdı. Azərbaycan ənənəvi əlaqələr saxladığı Şərq ölkələrindən başqa, Avropa dövlətləri ilə də geniş diplomatik münasibətlər yaratmağa müvəffəq olmuşdu. Xarici ölkələrlə aparılan danışıqlarda Uzun Həsənin anası – o zaman bütün Şərqdə yeganə qadın diplomat olan Sara Xatun mühüm rol oynayırdı.
Xanlıqlar dövrü siyasi pərakəndəliklə müşayiət olunsa da, Azərbaycan ərazisindəki xanlıqlar öz maraqlarından çıxış edərək yaxın və uzaq dövlətlərlə əlaqələr saxlayır və diplomatik danışıqlar aparırdılar.
XIX əsrin əvvəllərində Azərbaycanın Çar Rusiyasının tərkibinə daxil edilməsi onu sərbəst diplomatik fəaliyyətdən məhrum etmişdi. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə ölkəmiz yenidən müstəqil şəkildə beynəlxalq münasibətlər sisteminə qoşuldu. Azərbaycan diplomatiyası ilk addımlarını atarkən - 1919-cu ildə Bakıda 16 xarici dövlətin, o cümlədən ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, İsveçrə, Belçika, İran, Polşa və Ukraynanın diplomatik nümayəndəlikləri fəaliyyət göstərirdi.
1920-ci ilin aprelinədək Azərbaycanın Gürcüstan, Ermənistan, İran, Türkiyə, Ukrayna və başqa yerlərdə diplomatik nümayəndəlikləri və Baş konsulluqları mövcud idi. Həmin il yanvarın 11-də Paris Sülh Konfransında Xalq Cümhuriyyətinin müstəqilliyi de-fakto tanınandan sonra Azərbaycan hökuməti tərəfindən Qərbi Avropa və Amerikada diplomatik nümayəndəliklərin təsis edilməsinə dair qanun layihəsi hazırlandı.
Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalının ardınca 1922-ci il dekabrın 30-da Moskvada Birinci Ümumittifaq Sovetlər Qurultayında SSRİ-nin yaradılması haqqında müqavilə imzalandı və Azərbaycanın müstəqil xarici siyasət fəaliyyəti tamamilə dayandırıldı. 1923-cü il oktyabrın 8-də Azərbaycan SSR Xalq Komissarları Sovetinin əmri ilə Türkiyə və İran istisna olmaqla, Azərbaycanda fəaliyyət göstərən bütün diplomatik nümayəndəliklər ləğv edildi.
Yalnız
İkinci Dünya müharibəsinin sonlarına yaxın -
1944-cü ildə sovet hakimiyyəti özünün geniş
strateji maraqlarını əsas götürərək digər
respublikalarla yanaşı, Azərbaycan SSR Xalq Xarici İşlər
Komissarlığını da yaratdı. Lakin bu orqan uzun illər boyu yalnız
formal mövcud oldu.
SSRİ-nin
dağılması nəticəsində XX əsrdə yenidən
öz müstəqilliyini əldə edən Azərbaycan
suverenliyinin mühüm atributlarından biri kimi xarici siyasət
fəaliyyətini müəyyənləşdirməyə
başladı.
Keşməkeşli tarixi
dövrdə ümummilli lider Heydər Əliyevin Azərbaycan
xalqının israrlı təkidi ilə hakimiyyətə
qayıdışından sonra bütün sahələrdə
həyata keçirilən milli dövlətçiliyin
qurulması prosesi Xarici İşlər Nazirliyi sistemini də əhatə
etdi. Strateji baxışa, uzaqgörənliyə və dərin
düşüncəyə malik olan Ulu Öndər tərəfindən
tarixi irsdən və yerləşdiyimiz geosiyasi mövqeyin
özəlliklərindən çıxış edərək
Azərbaycanın çoxistiqamətli və
tarazlaşdırılmış xarici siyasət strategiyası
formalaşdırıldı.
Heydər Əliyev irsi əsasında
Prezident İlham Əliyev tərəfindən bu gün Azərbaycanın
milli maraqlarına əsaslanan çoxistiqamətli və
dinamik xarici siyasəti uğurla davam etdirilir, ölkəmizin
inkişafının yeni mərhələsinə,
dövrün çağırış və tələblərinə
uyğun olaraq yeni strateji hədəflər müəyyən
edilir və həyata keçirilir.
Dövlətimizin
başçısı diplomatik fəaliyyəti daim diqqət
mərkəzində saxlamaqla bərabər, bu sahəyə
xüsusi qayğı göstərir. Bu mənada heç də təsadüfi
deyil ki, Prezident İlham Əliyev 1919-cu il iyul ayının 9-da
Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər
Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimatın
qəbul edilməsi tarixini əsas tutaraq, 2007-ci il avqustun 24-də
hər il iyulun 9-nun Azərbaycan Respublikası diplomatik xidmət
orqanları əməkdaşlarının peşə bayramı
günü kimi qeyd edilməsi haqqında Sərəncam
imzalayıb.
Bu il 28 may - Respublika Günü
münasibətilə rəsmi qəbulda məzmunlu və əhatəli
nitq ilə çıxış edən Prezident İlham
Əliyev müsəlman dünyasında ilk demokratik respublika
olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və
xarici müdaxilə nəticəsində süqutu, Sovet
İttifaqının dağılması ilə Azərbaycanın
yenidən öz müstəqilliyinə qovuşması,
xalqın təkidi ilə ulu öndər Heydər Əliyevin
hakimiyyətə yenidən qayıdışı kimi
xalqımız üçün taleyüklü məsələlərə
nəzər salaraq xarici siyasətimizi belə səciyyələndirib:
“Azərbaycan xarici siyasət sahəsində böyük
uğurlar əldə edib. Biz beynəlxalq arenada
öz milli maraqlarımızı bundan sonra da müdafiə edəcəyik.
Biz bu gün dünyada çox böyük
hörmətə malik olan ölkə kimi tanınırıq.
Bizimlə əməkdaşlıq etmək istəyən
ölkələrin sayı artır. Ermənistandan
başqa heç bir ölkə ilə ikitərəfli formatda
bizim problemimiz yoxdur. Biz bir çox
üçtərəfli əməkdaşlıq formatları
irəli sürdük”.
Milli maraqlara söykənən
bu xarici siyasət əsasında Azərbaycan regionda və onun
hüdudlarından kənarda mehriban qonşuluq,
qarşılıqlı faydalı əməkdaşlıq və
tərəfdaşlıq mühiti formalaşdırmağa nail
olub. Hərbi-siyasi
blokların üzvü olmayan Azərbaycan bu xoşməramlı
siyasət vasitəsilə “yumşaq” təhlükəsizlik
mühiti yaradıb, kənar qüvvələrin hesabına təhlükəsizliyin
“istehlakçısı” kimi deyil, öz gücü
hesabına regionda təhlükəsizliyin
“istehsalçısı” və təminatçısı
rolunda çıxış edir. Azərbaycan
layiqli və etibarlı tərəfdaş kimi qəbul olunur.
Ölkəmizin Latın Amerikası, Afrika və Cənub-Şərqi
Asiya ölkələri ilə genişlənən əməkdaşlığı
və həyata keçirilən qarşılıqlı səfərlər
Azərbaycan ilə tərəfdaşlıq etmək istəyən
ölkələrin sayının artmasının aydın
göstəricisidir.
Siyasi nəzəriyyəçi
Cozef Nayın təbirincə desək, Azərbaycanın
yürütdüyü bu siyasət “Smart Power”
adlandırıla bilərdi. Amma bu cür çətin regionda və
siyasi, iqtisadi, hərbi böhranların tüğyan etdiyi
nizamsız dünya düzənində Azərbaycanın milli
maraqlara əsaslanan müstəqil xarici siyasət həyata
keçirməsini və təhlükəsizliyini təmin etmə
qabiliyyətinin mahiyyət və leksik baxımdan
“İntelligent Power” adlandırılması bəlkə daha
düzgün olardı.
Proqram və konsepsiya xarakterli nitqində
dövlətimizin başçısı tarixi irsimizi və
müasir beynəlxalq münasibətlər sisteminin təhdid
və çağırışlarını nəzərə
alaraq xarici siyasətimiz qarşısında yeni vəzifə
və tapşırıqlar müəyyən edib ki, bunlar da
aşağıdakı şəkildə təsnif oluna bilər:
- Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq
hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik
Şurasının qətnamələrinə uyğun olaraq Azərbaycanın
beynəlxalq səviyyədə tanınmış sərhədləri
daxilində ərazi bütövlüyü və suverenliyi əsasında
həll edilməsi;
- Azərbaycanda daxili risk mənbələrinin
mövcud olmadığını və əsas təhlükələrin
ölkəmizin xaricində formalaşdığını nəzərə
alaraq, düzgün siyasət və zəruri tədbirlərlə
ölkəmizin xaricdən olan risklərdən qorunması və
təhlükəsizliyin təmin edilməsi;
- Dövlətlərin daxili işlərinə
qarışmamaq və xarici müdaxiləni inkar edən
dövlətlərarası münasibətlərin dəstəklənməsi;
- Azərbaycanın milli maraqlarına
və xalqın mənafeyinə cavab verməyən beynəlxalq
hərəkətlərdən və təşəbbüslərdən
kənar durulması və milli maraqlarımıza əsaslanan
siyasətin davam etdirilməsi;
- Azərbaycanın beynəlxalq təşkilatlarla
uğurlu əməkdaşlığının və
çoxtərəfli diplomatiyamızın genişləndirilməsi;
- Milli-mənəvi və dini dəyərlərimizə
sadiq olaraq və əsrlər boyu formalaşan zəngin təcrübəmizdən
çıxış edərək dinlər və mədəniyyətlərarası
dialoq və multikulturalizmin təşviq edilməsi;
- Dünya maliyyə-iqtisadi
böhranı və neftin qiymətinin aşağı
düşməsi fonunda milli iqtisadiyyatın rəqabət
qabiliyyətinin artırılması, ixracın genişləndirilməsi
və yeni bazarlara çıxışın əldə edilməsi;
- TANAP və TAP layihələrinin
qrafikə uyğun olaraq inşasının başa
çatdırılması və Cənub Qaz Dəhlizinin fəaliyyətə
başlaması;
- Şərq-Qərb və
Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə
işlərin yekunlaşdırılması.
Dünyada hökm sürən
böhran və münaqişələrin, soyuq müharibə
dövrü üçün xarakterik geosiyasi çəkişmələrin
gərginləşməsi, terrorizmin yeni forma və təzahürlərinin
meydana çıxması, habelə asimmetrik hədə və
təhdidlərin fonunda dövlətimizin
başçısı tərəfindən xarici siyasət sahəsində
müəyyən olunan strateji hədəflər dövrün
tələblərini özündə ehtiva edir və
uzunmüddətli perspektivdə ölkəmizin davamlı
inkişaf və təhlükəsizliyinin təmin edilməsi
məqsədi daşıyır.
Dövlət
başçısının proqram xarakterli nitqində qeyd
olunduğu kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli xarici siyasətimizin əsas
prioriteti olmaqda davam edir. 200 ildən artıq bir dövr ərzində
formalaşdırılan “böyük Ermənistan”
ideologiyasının siyasi-hərbi müstəviyə
keçirilərək Ermənistanın Azərbaycana
qarşı gücdən istifadə etməklə müharibəyə
başlaması və nəticə etibarilə, ərazilərimizin
20 faizini işğal etməsi və bir milyondan artıq
soydaşımızı etnik təmizləməyə məruz
qoyması təhlükəsizliyimiz üçün ən
başlıca təhdiddir.
Münaqişənin həllində
Azərbaycanın mövqeyi qəti və prinsipial xarakter
daşıyır - Dağlıq Qarabağ Azərbaycanın
ayrılmaz hissəsidir. Azərbaycan işğal faktı ilə
heç zaman barışmayacaq, heç zaman öz ərazisində
ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək.
Azərbaycan xalqının iradəsi əsasında
dövlətimizin başçısı tərəfindən
danışıqlar prosesində Azərbaycanın strateji
mövqeyi məhz bu şəkildə qoyulub. İyulun
4-də Füzuli rayonunun Alxanlı kəndində mülki
insanları ağır silahlardan hədəfə alaraq,
azyaşlı qızcığazın, onun nənəsinin
ölümünün və digər qadının
yaralanmasının səbəbkarı olan Ermənistan əslində
bir daha özünün əsl xislətini, təxribatlar yolu
ilə danışıqlar prosesini və həmsədrlərin
səylərini pozmaq siyasətini sübut etmiş oldu.
Ötən müddət ərzində
proaktiv strategiya əsasında siyasi-diplomatik, hərbi,
informasiya, humanitar və digər sahələrdə Ermənistanın
işğalçılıq siyasətinin
qarşısının alınması və ifşa edilməsi
üçün mühüm tədbirlər
görülüb. Bu tədbirlər aşağıdakı uğurları
təmin edib:
- Ermənistan istisna olmaqla,
bütün beynəlxalq ictimaiyyət Azərbaycanın beynəlxalq
səviyyədə tanınmış sərhədləri
daxilində ərazi bütövlüyü və suverenliyini
tanıyır, dəstəkləyir və hörmətlə
yanaşır. Bu mövqe BMT Təhlükəsizlik
Şurasının məlum qətnamələri, ATƏT,
İslam Əməkdaşlıq Təşkilatı, Avropa
Şurası, NATO, Qoşulmama Hərəkatı və digər
beynəlxalq təşkilatların qətnamə və qərarları,
habelə ikitərəfli əsasda digər dövlətlərin
bəyanatlarında və ikili sənədlərində təsbit
olunub;
- Ermənistanın Azərbaycan
ərazilərinin hərbi işğalını siyasi müstəviyə
daşımaq və hətta işğala öz müqəddəratını
təyin etmək donu geyindirərək legitimləşdirmək
cəhdləri iflasa uğrayıb. Beynəlxalq ictimaiyyət
Ermənistanın gücdən istifadə edərək Azərbaycan
ərazilərini hərbi yolla işğal etməsinin nəticələrini
tanımayıb və heç zaman da tanımayacaq.
Əksinə, BMT TŞ-nin məlum qətnamələrində,
İƏT-in qətnamə və bəyanatlarında və digər
beynəlxalq qurumların sənədlərində Azərbaycan
ərazilərinin işğalı və gücdən istifadə
edərək dövlətlərin tanınmış sərhədlərinin
dəyişdirilməsi cəhdləri pislənilir;
- ATƏT-in Minsk Qrupunun həmsədrləri
və bütün beynəlxalq ictimaiyyət işğala əsaslanan
mövcud status-kvonu qəbuledilməz və qeyri-davamlı
hesab edir və onun dəyişdirilməsinə ciddi
çağırışlar edir. Status-kvonun dəyişdirilməsi,
ilk növbədə, işğal faktının aradan
qaldırılmasını nəzərdə tutur;
- Münaqişənin mərhələli
şəkildə həllinin siyasi-hüquqi əsasları
formalaşdırılıb və bu, bütün beynəlxalq
ictimaiyyətə məlumdur. Bu, beynəlxalq hüququn norma və
prinsipləri, BMT TŞ-nin məlum qətnamələri,
Helsinki Yekun Aktına əsaslanaraq, Ermənistan qoşunlarının
Azərbaycanın işğal olunmuş ərazilərindən
çıxarılması, Azərbaycanın beynəlxalq səviyyədə
tanınmış sərhədləri daxilində ərazi
bütövlüyü və suverenliyinin təmin olunması,
azərbaycanlı qaçqın və məcburi
köçkünlərin, o cümlədən Dağlıq
Qarabağın azərbaycanlı icmasının öz
doğma torpaqlarına qayıtması və Azərbaycanın
sərhədləri daxilində Dağlıq Qarabağın
erməni və azərbaycanlı icmasının muxtar şəkildə
birgə yaşayışını nəzərdə tutur;
- Ermənistan danışıqlar
prosesində dalana dirənmiş vəziyyətdədir. Ermənistanın işğal olunmuş Azərbaycan
ərazilərindən öz qoşunlarını
çıxarmaqdan başqa yolu yoxdur. Ona görə də
Ermənistan çabalayaraq siyasi-hərbi təxribatlarla diqqəti
əsas hədəfdən yayındırmağa və texniki məsələlərə
yönəltməyə çalışaraq
danışıqlara əngəl yaratmağa cəhd göstərir;
- Azərbaycan ərazilərinin Ermənistan
tərəfindən müvəqqəti və taktiki
işğalı Ermənistanın geosiyasi və geoiqtisadi təcridini
və strateji məğlubiyyətini şərtləndirərək,
onu regional layihələrdən kənarda qoyub və bu ölkənin
siyasi, hərbi, iqtisadi, sosial və demoqrafik resurslarını
tükətməkdədir. Həmçinin suveren dövlət
kimi Ermənistan öz mövcudluğunu ciddi sual altına
qoyub;
- Siyasi-hüquqi vasitələrlə
Azərbaycanın işğal olunmuş ərazilərində
Ermənistanın həyata keçirdiyi qeyri-qanuni əməllərin
qarşısı alınır və beynəlxalq səviyyədə
Ermənistanın bu kimi hərəkətləri ifşa
olunur. Milli və beynəlxalq hüquqi təqib mexanizmləri
ilə bu sahədə ciddi nailiyyətlər əldə
edilib;
- Ermənistanın Azərbaycana
qarşı təcavüz, işğal və etnik təmizləmə
siyasəti, həmçinin işğal edilmiş ərazilərdə
mülki Azərbaycan əhalisinə qarşı dövlət
səviyyəsində törətdiyi terror, hərbi və bəşəriyyət
əleyhinə cinayət əməllərinin ifşası nəticəsində
erməni yalanları üzə çıxarılıb və
Ermənistanın bir dövlət olaraq beynəlxalq səviyyədə
mənəvi dayaqları və imici əsaslı şəkildə
sarsılıb. Beynəlxalq ictimai rəydə
Ermənistanın işğalçılıq siyasəti və
erməni yalanları barədə aydın fikir
formalaşdırılıb. Alxanlı kəndində
törətdiyi təxribatla Ermənistan növbəti dəfə
özünü ifşa etdi.
Qeyd olunan istiqamətlərdə
qazanılan nailiyyətlərdən çıxış edərək
və münaqişənin həlli ilə əlaqədar
dövlətimizin başçısı tərəfindən
qoyulmuş vəzifələrə uyğun olaraq, Ermənistanın
işğalının nəticələrinin aradan
qaldırılması və ölkəmizin beynəlxalq səviyyədə
tanınmış sərhədləri daxilində ərazi
bütövlüyü və suverenliyinin təmin olunması
üçün ardıcıl və proaktiv fəaliyyət
bundan sonra da davam etdiriləcək.
Ermənistanın təcavüz və
işğalının timsalında ənənəvi təhlükə
ilə üzləşən Azərbaycan müasir dövr
üçün xarakterik olan və xaricdən qaynaqlanan yeni və
asimmetrik risk və təhdidləri də ciddi surətdə nəzərə
alır və onların qarşısını almaq
üçün zəruri tədbirlər görür. Bu
gün Azərbaycanda daxili risk mənbələri mövcud
deyil. Ölkəmizin hüquq-mühafizə və
xüsusi xidmət orqanlarının yüksək peşəkarlığı
ilə bərabər, Prezident İlham Əliyev tərəfindən
qeyd edildiyi kimi, Azərbaycandakı sabitliyin fundamental əsasını
düzgün sosial-iqtisadi siyasət, inklüziv, multikultural cəmiyyətin
qurulması və bu xüsusda atılan davamlı və
düzgün addımlar təşkil edir. Həmçinin
Azərbaycanda statik, məhz ölkənin
inkişafını, xalqın rifahının günbəgün
yaxşılaşmasını, hüquq və
azadlıqların qorunmasını şərtləndirən təhlükəsizlik
siyasəti yürüdülür.
Daxili və xarici siyasət bir-biri ilə
üzvi şəkildə bağlı olduğu
üçün xarici siyasətimiz milli müdafiənin
ön xətti kimi qlobal təhlükə və təhdidlərin
artdığı şəraitdə xaricdən olan risklərin
vaxtında müəyyən edilməsi, diplomatik metod və
vasitələrlə onların qarşısının
alınması, ölkəmiz ətrafında xoş mühitin
formalaşdırılması və düzgün təhlil və
proqnozlarla Azərbaycanın maraqlarımıza cavab verməyən
beynəlxalq hərəkət və təşəbbüslərə
qoşulmamasını təmin etməkdə davam edir.
Azərbaycan təhlükəsizliyin
bölünməzliyi prinsipindən çıxış edərək,
beynəlxalq təhlükəsizliyin gücləndirilməsi,
terrorizm və onun bütün forma və təzahürləri,
radikalizm və ekstremizm, kütləvi qırğın
silahlarının yayılması və bu kimi hallara münbit
şərait yaradan münaqişələrin köklü həll
edilməsi istiqamətində beynəlxalq birliyin ikitərəfli
və çoxtərəfli əsasda olan kollektiv səylərini
yaxından dəstəkləyir. Azərbaycan bu
istiqamətdə mövcud beynəlxalq mexanizm və vasitələrin
gücləndirilməsi və effektivliyinin
artırılması işinə də öz töhfəsini
verir.
Dövlətdaxili münasibətlərdə
olduğu kimi, dövlətlərarası münasibətlərdə
də qanunun aliliyi təmin edilməli, bütün dövlətlər
BMT nizamnaməsi və beynəlxalq hüququn norma
və prinsipləri əsasında üzərinə
düşən öhdəliklərini yerinə yetirməlidirlər.
Azərbaycan qanunun aliliyinə əsaslanan beynəlxalq
münasibətlər sisteminin qurulmasının tərəfdarıdır
və bu kimi səyləri dəstəkləyir. II
Dünya müharibəsindən sonra BMT-nin yaradılması və
ümumiyyətlə beynəlxalq münasibətlərin
sürətlə təsisatlanması, beynəlxalq hüququn norma və prinsiplərinin məcəllələşdirilməsi
müharibə riski və təhlükələrini azaltsa da,
tam şəkildə aradan qaldıra bilməyib. Təəssüflər
olsun ki, II Dünya müharibəsində olduğu kimi,
qonşu dövlətə qarşı güc tətbiq edərək
onun ərazisini işğal edən Ermənistan kimi dövlət
hələ də var. Həmçinin digər dövlətlərin
daxili işlərinə müdaxilə olunması və öz
iradəsinə tabe etdirilməsi, yeni qeyri-sabitlik
ocaqlarının və münaqişələrin
yaranmasına gətirib çıxarıb. Azərbaycan
heç bir dövlətin daxili işinə
qarışmır və öz daxili işlərinə də
digər dövlətlərin qarışmasını qəbul
etməyəcək.
Bununla bərabər, ədalətli
və təhlükəsiz beynəlxalq münasibətlər
sisteminin qurulmasının mühüm təməllərindən
birini mədəniyyətlər və sivilizasiyalararası
dialoqun, multikulturalizmin təşviqi təşkil edir. Təəssüflər
olsun ki, müasir dünyada sivilizasiyaların
toqquşmasını nəzəriyyədən praktikaya
keçirmək istəyən şəxslərin sayı
artmaqdadır. Çoxəsrlik
tolerantlıq ənənələri və uğurlu dövlət
siyasəti ilə multikulturalizmin nəinki mövcudluğunu, hətta
inkişafını təmin edən Azərbaycan bu təcrübə
və model əsasında qlobal səviyyədə
sivilizasiyalar və mədəniyyətlərarası dialoq
prosesini yaxından dəstəkləyir. Birinci Avropa
Oyunları, BMT-nin Sivilizasiyalar Alyansının Bakı Forumu, Mədəniyyətlərarası
dialoq forumu və bütövlükdə Bakı Prosesi, IV
İslam Həmrəyliyi Oyunlarının keçirilməsi
Azərbaycanın bu məqsəd və məramın
inkişafı naminə verdiyi töhfələrdir.
Xarici siyasətimiz
qarşısında dövlət başçısı tərəfindən
qoyulan növbəti tapşırıqlardan biri də beynəlxalq
təşkilatlarla əməkdaşlığın inkişaf
etdirilməsi və genişləndirilməsidir. Beynəlxalq
münasibətlər sistemində çoxtərəfli
diplomatiya birtərəfli addımları üstələməli,
ərazisindən və əhalisinin sayından asılı
olmayaraq, bütün dövlətlərin səsi eşidilməli
və kollektiv qərarlar qəbul edilməlidir. Bu baxımdan Azərbaycan çoxtərəfli
diplomatiyanın və beynəlxalq təşkilatlarla əməkdaşlığının
daha da inkişaf etdirilməsinə çalışacaq.
Universal beynəlxalq təşkilat kimi burada əsas
hədəf BMT və onun ixtisaslaşmış təşkilatlarıdır.
25 illik dövr ərzində Azərbaycan və
BMT arasında faydalı və səmərəli əməkdaşlıq
qurulub. Bundan və Azərbaycanın 2012-2013-cü illərdə
BMT TŞ-nin qeyri-daimi üzvlüyü təcrübəsindən
çıxış edərək, Azərbaycan BMT sistemində
islahatlar aparılması və müasir dövrün tələblərinə
uyğunlaşdırılması istiqamətində səyləri
yaxından dəstəkləməkdə davam edəcək.
2016-cı ilin iyun ayında Azərbaycan BMT Baş Məclisində
keçirilmiş səsvermədə iştirak edən 184
üzv dövlətdən 176-nın səsini qazanmaqla,
2017-2019-cu illər üçün BMT-nin İqtisadi və
Sosial Şurasına üzv seçildi. ECOSOC
davamlı inkişafa dair peşəkar müzakirələr
aparmaq üçün mərkəzi platforma olmaqla, bizə
beynəlxalq inkişafa töhfə vermək üçün
əlavə imkan yaradacaq.
BMT Baş Məclisindən
sonra 120 dövlətin iştirak etdiyi Qoşulmama Hərəkatı
ən böyük beynəlxalq platformadır. 2011-ci ildə
Azərbaycan Qoşulmama Hərəkatına üzv oldu. Qoşulmama Hərəkatı yarandığı
vaxtdan bəri beynəlxalq sülh və təhlükəsizliyin
gücləndirilməsində əsaslı rol oynayır.
Qoşulmama Hərəkatına üzv ölkələrin
dövlət və hökumət
başçılarının keçən il sentyabrın
13-18-də Venesuela Bolivar Respublikasının Marqarita
adasında keçirilmiş XVII Sammitinin yekun sənədində
2019-cu ildə XVIII Zirvə toplantısının Azərbaycanda
keçirilməsi barədə qərar qəbul olunub. 2019-cu ildə Bakıda keçiriləcək XVIII
Sammit həm də rəmzi xarakter daşıyacaq. Belə
ki, Avropa qitəsi 1989-cu il Belqrad Sammitindən
30 il sonra Qoşulmama Hərəkatına üzv ölkələrin
dövlət və hökumət başçılarının
görüşünə yenidən ev sahibliyi imkanı
qazanacaq. 2019-2022-ci illər ərzində Azərbaycan
Qoşulmama Hərəkatına sədrlik edəcək.
Bundan əlavə, Azərbaycan
üzv olmadığı, amma müvafiq mexanizmlərlə əməkdaşlığa
malik olduğu Avropa İttifaqı, NATO, Körfəz Əməkdaşlıq
Şurası, Ərəb Dövlətləri Liqası,
Şanxay Əməkdaşlıq Təşkilatı, Afrika
İttifaqı, Amerika Dövlətləri Təşkilatı
və digər təsisatlarla əlaqələrini daim
inkişaf etdirəcək. Həmçinin Azərbaycan üzv
olduğu regional təşkilatlar, o cümlədən
ATƏT, İƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı,
Türk Şurası, Müstəqil Dövlətlər
Birliyi, GUAM, Avropa Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatı və digər qurumlar çərçivəsində
əməkdaşlıq imkanlarının genişləndirilməsi
üçün səylərini artıracaq.
Müstəqillik illərində
Azərbaycanın beynəlxalq problemlərə yaxından bələd
olan peşəkar diplomatları yetişib. Onların
sırasında gənclər üstünlük təşkil
edir. Qarşıdakı dövr ərzində
üzv olduğumuz beynəlxalq təşkilatların idarəetmə
sistemində peşəkar kadrlarla təmsil olunmaq və bu
yolla onların işinə verdiyimiz töhfələri daha da
artırmaq niyyətindəyik.
Ölkəmizdə
aparılan köklü iqtisadi islahatlar və qeyri-neft sektorunun
inkişafı fonunda iqtisadi diplomatiya konsepsiyamız daha
böyük aktuallıq kəsb etməkdədir. Bu mənada Azərbaycanın
xarici iqtisadi əlaqələrinin inkişaf etdirilməsi,
ölkənin iqtisadi potensialının xaricdə təşviq
olunması, qeyri-neft sektorunun şaxələndirilməsi,
ixracın təşviqi və genişləndirilməsi, xarici
sərmayələrin ölkəmizə cəlb edilməsi, tərəfdaş
ölkələrə Azərbaycan sərmayələrinin
yatırılmasının təşviqi, işgüzar dairələrin
nümayəndələrinin səfərlərinin təşkili,
iqtisadi əməkdaşlıq üzrə Azərbaycanın
xarici dövlətlərlə birgə hökumətlərarası
komissiya və işçi qruplarının iclaslarının
keçirilməsi, ölkəmizdə istehsal olunan məhsul və
xidmətlərin yeni bazarlara çıxarılması, eyni
zamanda, xarici ölkələrdə tətbiq olunan müasir
texnologiyaların ölkəmizə cəlb edilməsi iqtisadi
diplomatiyamızın gündəliyində əsas istiqamətlərdir.
Bu xüsusda Xarici İşlər Nazirliyi İqtisadiyyat Nazirliyi
və digər aidiyyəti dövlət qurumları ilə
birlikdə Hökumətlərarası Birgə
Komissiyaların iclaslarının keçirilməsi, biznes
forumların təşkil edilməsi üçün iş
aparır. İkitərəfli iqtisadi əlaqələrin
inkişaf etdirilməsində turizm sahəsində əməkdaşlıq
da mühüm yer tutur. Mədəniyyət və Turizm
Nazirliyi və ölkəmizin diplomatik nümayəndəlikləri
Azərbaycanın turizm imkanlarının tanıdılması
üçün turizm baxımından cəlbedici ölkələrdə
birgə iş aparırlar.
Azərbaycanın təşəbbüskarı
olduğu və həyata keçirdiyi enerji və nəqliyyat
layihələri regional əməkdaşlığa töhfə
verib. Biz Şimal-Cənub və Şərq-Qərb nəqliyyat
dəhlizlərinin həyata keçirilməsində fəal
şəkildə iştirak edirik. Transxəzər
beynəlxalq marşrutunun yaradılması və tezliklə
istifadəyə verilməsi, Bakı-Tbilisi-Qars dəmir yolunun
tikintisi əhəmiyyətli layihələr
sırasındadır. Çinin İpək
Yolu İqtisadi Kəməri konsepsiyasının tam
reallığa çevrilməsi Bakı-Tbilisi-Qars layihəsini
regionun ən vacib infrastrukturları sırasına qoşacaq.
Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib
hissəsi olan Qəzvin-Rəşt-Astara (İran)–Astara (Azərbaycan)
dəmir yolu layihəsinin iqtisadi artıma yeni stimul verəcəyinə,
layihəyə cəlb olunan ölkələr, eləcə də
bütün region üçün nəqliyyat
imkanlarını genişləndirəcəyinə əminik.
Azərbaycan irimiqyaslı
enerji layihəsi olan Cənub Qaz Dəhlizinin təşəbbüskarıdır. TANAP/TAP layihələri
bu dəhlizin mühüm tərkib hissələridir. Bu, enerji əməkdaşlığı və enerji
təhlükəsizliyi layihəsidir. Amma
enerji və nəqliyyat dəhlizləri yalnız enerji və
yüklərin daşınması demək deyil. Bu, hərtərəfli əməkdaşlıq dəhlizləridir.
“Cənub Qaz Dəhlizi” layihəsinin üzvləri
Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan,
Yunanıstan, Albaniya və İtaliyadır. Əminik ki, sonrakı mərhələdə digər
Balkan ölkələri də layihəyə qoşulacaq.
Qarşıda qoyulan vəzifəyə uyğun
olaraq məqsədimiz TANAP/TAP layihələrinin qrafikə
uyğun olaraq vaxtında istismara verilməsinin təmin
olunmasıdır.
Dövlətimizin
başçısı tərəfindən milli
maraqlarımıza uyğun olaraq xarici siyasətimiz
qarşısında qoyulan strateji tapşırıqlar orta və
uzunmüddətli dövr ərzində müstəqilliyimizin
və suverenliyimizin möhkəmləndirilməsi, təhlükəsizliyimizin
təminatı və Azərbaycan xalqının
rifahının daha da yaxşılaşdırılması,
regionda sülhün və təhlükəsizliyin təmin
olunması, iqtisadi inkişaf, ölkəmizin beynəlxalq səviyyədə
nüfuzunun və çəkisinin daha da
artırılmasına xidmət edən vahid dövlət siyasətinin
tərkib hissələridir. Bu vəzifələrin həyata
keçirilməsi müstəqil, çoxistiqamətli və
tarazlaşdırılmış xarici siyasətimizin
qarşılıqlı hörmət və bir-birinin daxili
işlərinə qarışmamaq təməl prinsipləri əsasında
davam etdirilərək ikitərəfli əsasda və beynəlxalq
təşkilatlar çərçivəsində tərəfdaşlarla
birgə fəaliyyətimizin daha da artırılmasını
və yeni təşəbbüslərlə
çıxış edilməsini, həmçinin
dövrün tələblərinə uyğun olaraq fəal
humanitar, enerji, nəqliyyat, iqtisadi və rəqəmsal
diplomatiya tədbirlərini özündə ehtiva edir.
Əmin etmək istərdim
ki, Xarici İşlər Nazirliyi Prezident İlham Əliyev tərəfindən
göstərilən etimadın və xarici siyasətimiz
qarşısında qoyulan vəzifə və
tapşırıqların layiqincə yerinə yetirilməsi
üçün qarşıdan gələn dövr ərzində
də səylərini əsirgəməyəcək.
Diplomatik xidmət
orqanları əməkdaşlarının peşə
bayramı münasibətilə bütün XİN kollektivini
təbrik edirəm.
Elmar Məmmədyarov
Azərbaycan
Respublikasının Xarici İşlər naziri
Azərbaycan.-
2017.-9 iyul.- S.2.