Dünyanın sevdiyi müsabiqənin qalibi

 

İstedadlar

 

Muğamlar bizə ulularımızın əmanətidir. Onları qorumaq, yaşatmaq, təbliğ etmək tariximizə verdiyimiz ən yüksək dəyərin, xalqa xidmətin nümunəsidir. Bu mənada Heydər Əliyev Fondunun dəstəyi ilə ənənəvi olaraq keçirilən “Muğam televiziya müsabiqəsi” olduqca əhəmiyyətlidir. Yarışma həm də muğam sənətinin qorunub saxlanılmasına, zəngin tarixə malik ifaçılıq sənətinin gələcək nəsillərə çatdırılmasına, yeni ifaçılar nəslinin yetişdirilməsinə kömək göstərir. Birinci muğam müsabiqəsi 2005-ci ildə görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 120 illik yubileyi münasibətilə təşkil olunmuşdu. 2007, 2009, 2011, 2013 və 2015-ci illərdə bu tədbir davam etdirildi.

Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında Azərbaycan televiziyasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə “Muğam televiziya müsabiqəsi-2017” də, əvvəlki müsabiqələr kimi, yaddaqalan oldu. Üç ay müddətində gənc xanəndələr birincilik uğrunda inamla mübarizə apardılar. Altıncı “Muğam televiziya müsabiqəsi”nin final mərhələsində 7 xanəndə öz ifalarını təqdim etdi. Qalibləri münsiflər heyətinin üzvləri - xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, əməkdar incəsənət xadimləri Sərdar Fərəcov və Nadir Axundov müəyyənləşdirirdilər. Münsiflər heyətinin qərarı ilə gənc xanəndə Pərviz Qasımov müsabiqədə birinci yerin qalibi oldu. Xanəndə həm də “Tamaşaçı alqışı” mükafatını qazandı.

Müsabiqə qalibinə - Pərviz Qasımova heç zaman unutmayacağı misilsiz bir sevinc bəxş edib. Deyir ki, Azərbaycan xalqı muğam sənətinə ruhən bağlıdır. Bu bağlılıq, bu doğmalıq onu da lap uşaq yaşlarından muğamlarımızın vurğunu edib.

Bir də onun xəyallarında bir kənd var. Ora Ağdam rayonunun hazırda erməni işğalında olan Abdal Gülablı kəndidir. Tarzən Qurban Pirimov, xanəndələr Sara Qədimova, Səxavət Məmmədov, hamının Rəmiş kimi tanıdığı gitara ifaçısı Rafiq Hüseynov, Aşıq Xaspolad Gülablı, Aşıq Valeh kimi məşhur sənətkarlar o qədim kəndin yetirmələridir.

Pərviz Qasımov 1990-cı ildə Bakıda doğulub yaşasa da, Abdal Gülablı ab-havası daim evlərində hiss edilib. Deyir: “Babam “Kaspar”ın (“Xəzər Dəniz Gəmiçiliyi” QSC - Z.F.) gəmiçisi olub. Ona görə ailəsini də Bakıya gətirib. Atam on iki yaşındaymış. O vaxtdan bu şəhərdə, Yasamal rayonundakı evimizdə yaşayıb. Anam isə şuşalıdır. Şuşanın Qala məhəlləsində böyüyüb, Şuşa Mədəni-Maarif Texnikumunu bitirib. 1987-ci ildə atamla ailə qurub. Valideynlərim Bakıda yaşasalar da, necə deyərlər, bir ayaqları Abdal Gülablıdaymış. Orda evimiz vardı”.

Hələ körpə ikən valideynləri onu özləri ilə ata-baba yurduna aparırmışlar. Ancaq o gözəl oba Pərvizin xatirələrinin deyil, xəyallarının ünvanı olub. Çünki iki yaşı olanda ata yurdu erməni işğalına məruz qalıb. O vaxtlar atası torpaqlarımız uğrunda gedən döyüşlərdə iştirak edirmiş. Pərviz danışır: “Atam polis idi. Goranboyda, Şuşada, Laçında, Füzulidə Ağdamda erməni işğalçılarına qarşı vuruşub. O, uzun illər fəaliyyət göstərdi və polis kimi təqaüdə çıxdı. Keçən il dünyasını dəyişdi”.

Qələbə sevincinə nisgil qarışsa da, könlü rahatdır. Çünki onun xanəndə olmasını, muğamlarımıza yeni səs, yeni nəfəs gətirməsini ən çox istəyənlərdən biri atası olub. Ona görə inanır ki, muğam sənətində əldə etdiyi hər uğurla həm də onun arzularını həyata keçirəcək.

“Ağlım kəsəndən musiqiyə sevgim böyük olub”, - Pərviz Qasımov danışır: “Kiçik yaşlarımdan yaxşı səsim olduğunu evdə, qohum-qonşuda bilirdilər. Bizə səs ata nənəmdən keçib. Onun qeyri-adı səsi vardı. Ancaq babam oxumağa qoymamışdı. Anamın anasının da gözəl avazı vardı, mərsiyələr deyirdi. 1999-cu il idi. Valideynlərim məni özləri ilə bir məclisə apardılar. Orda kimsə mahnı oxumağımı istədi. Mənim - doqquz yaşlı uşağın ifası hamının xoşuna gəldi. Valideynlərimə təkidlə dedilər ki, bu uşağın yaxşı səsi var, aparın musiqi məktəbinə yazdırın. Valideynlərim sənədlərimi İncəsənət gimnaziyasına verdilər. Qəbul olundum və Əlibaba Məmmədovun sinfində oxumağa başladım. Sonralar Elmira Rəhimovadan, Arif Babayevdən də dərs aldım. Gimnaziyanı bitirib Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsilimi davam etdirdim. Dövlət konsertlərində çıxışlarım oldu, xaricə qastrol səfərlərinə getdim”.

2017-ci ilin yanvarında muğam müsabiqəsinə qatılmağa qərar verib. Müsabiqənin həyəcanlı günlərini belə xatırlayır: “İlk üç həftəyədək oxuyurdum, düşünürdüm, nə olar, olar. Dördüncü həftə sanki tədbirin mahiyyətini daha yaxşı dərk etməyə başladım. Fikirləşdim ki, belə bir müsabiqəyə düşməyim mənim üçün böyük şansdır. Onu yaxşı dəyərləndirmək üçün gecəmi gündüzümə qatdım. Hər gün Nəsimi, Füzuli, Xaqani, Xətai, Şəhriyar, Vahid, Vaqif və başqa şairlərdən müxtəlif qəzəllər verirdilər. Əlbəttə ki, asan deyildi. Çox çalışmaq lazım idi. Düşünürəm ki, bu əziyyətlərin bəhrəsi yalnız müsabiqədə qalib gəlməyim deyil. Bu yarışma sayəsində həm də çoxlu qəzəllər öyrəndim, musiqi sənətinə daha yaxşı bələd ola bildim”.

Bütün muğamları çox sevir. Amma “Xaric segah” və “Mirzə Hüseyn segahı” ruhuna daha yaxın hiss edir. Elə müsabiqənin finalında da “Mirzə Hüseyn segahı” ilə qalib olub. Bütün muğamları - “Çahargah”, “Mahur-Hindi”, “Mirzə Hüseyn segahı”, “Xaric segah”, “Rast”ı ifa edərək lentin yaddaşına köçürmək arzusundadır. Deyir ki, hazırda “Şahnaz” muğamını lentə yazdırmaq niyyətindədir.

Xan Şuşinski, Seyid Şuşinski, Mütəllim Mütəllimov, Səxavət Məmmədov, Yaqub Məmmədov və digər xanəndələri çox dinləyib. Onlardan bəhrələnib. Əvvəllər bu sənətkarlar kimi oxumağa həvəslənib. Sonra anlayıb ki, bu, sənətdə ən asan olanıdır. Amma başqa sənətkarı yamsılamaqla heç nəyə nail olmaq mümkün deyil. Pərviz Qasımov deyir: “Məsəl var ki, “İzlə gedənin izi qalmaz”. O böyük sənətkarlar özlərinə məxsus oxuyublar. Onların yolları ilə getsəm, yoxa çıxacağam. Çünki hər kəsin öz yolu olmalıdır. Sənətdə öz cığırımı açmaq üçün çalışıram. Ancaq muğam elə bir aləmdir ki, onun sirlərinə vaqif olmaq üçün çox öyrənməlisən. Mən də əvəzsiz muğam ustalarımızdan bəhrələnirəm. Çalışıram muğamları onlardan öyrənim və özüməməxsus tərzdə musiqisevərlərə təqdim edim. Musiqi mənim içimdədir, ona görə bu qədər həvəsliyəm. Valideynlərim kiçik yaşlarımdan bunu hiss etdilər və məni dəstəklədilər. Əslində, atam kimi polis işləməyə həvəsim var idi. İdmanın cüdo, sambo növləri ilə məşğulam. İdmançı olduğum üçün iş təklifləri alırdım. Amma musiqi sənəti, muğamlarımız bütün arzularımı arxada qoydu. Başa düşdüm ki, mənim yolum budur. İndi AzTV-nin solistiyəm.

Muğam ifaçılıq məktəbindən danışanda ilk qədim Azərbaycan diyarı Qarabağ yada düşür. Qarabağ Azərbaycan musiqi sənətinə Cabbar Qaryağdıoğlu, Keçəçioğlu Məhəmməd, Xan Şuşinski, Seyid Şuşinski, Mütəllim Mütəllimov, Yaqub Məmmədov kimi çox böyük ifaçılar bəxş edib. Düşünürəm ki, hər kəs bu məktəbdən layiq olduğu qədər istifadə edir ki, öz dəst-xətti, öz cığırı olsun”.

Bir vaxtlar deyirdilər ki, səslər Qarabağdan gəlir. Pərviz Qasımov bildirir ki, müsabiqə çərçivəsində bir çəkilişləri Füzulidə, biri də Ağcabədidə olub. Hiss edib ki, Qarabağın havası, suyu sanki ifaçıların səsini daha da cilalayır, bambaşqa bir rəngə, biçimə salır. Çünki Qarabağın havası, təbiəti məlhəmdir.

İndi Qarabağın böyük bir hissəsi düşmən əsirliyindədir. Yurd-yuvasından qaçqın düşmüş əhalisi uzun illərdir Bakıda və digər yerlərdə yaşayır. Qarabağsız qarabağlılar doğulur, böyüyürlər. Amma o səs itmir. Çünki yurd sevgisi yaşayır. Pərviz Qasımov da bu cür düşünür: “O torpağın havasında böyümüş, suyundan içmiş valideynlərimizdən, qohumlarımızdan keçir, ona görə səs itmir. Bəziləri deyir ki, yeni nəslin o torpaqlarla əlaqələri zəifdir. Bu fikir həqiqəti əks etdirmir. Atam o torpağa bağlı idi. Eyni hisləri mən də keçirirəm. Kəndimizi tez-tez yuxularımda görür, ziyarət edir, qarış-qarış gəzirəm. Abdal Gülablını atamın, nənəmin söhbətləri ilə təsəvvürümdə canlandırıram. Bir də o yurdun ecazkar təbiət mənzərələrini, toylarını, şənliklərini, adət-ənənələrini əks etdirən videokasetləri çox izləmişəm. Adam darıxır, o yerlərə getməyi çox istəyir. Mən əminəm ki, torpaqlarımız düşmən işğalında qalmayacaq. O zaman Abdal Gülablıdakı ata evimizi mütləq yenidən bərpa edəcəyəm. Ata yurdunu qorumaq borcumuzdur. Bizim kökümüz ordadır. Gələcəkdə övladlarına, nəvələrinə yurd sevgisi aşılamaq, “mən o kökdənəm” demək üçün kökünü qorumalısan. Torpaqlarımıza qayıdanda orda ilk dəfə “Qarabağ şikəstəsi”ni oxuyacağam”.

İlk böyük qalibiyyət həyatına yeniliklər gətirib, fikirlərini, dünyaya baxışını dəyişib. Müsabiqə zamanı yeni-yeni mahnılar, muğamlar öyrənib, biliyini artırıb. Ən əsası seçdiyi yolun məsuliyyətini daha yaxşı anlayır. Təyyar Bayramovdan, Mənsum İbrahimovdan öyrənir. Məşqlərini davam etdirir. Repertuarını genişləndirir. Bir arzusu da bildiklərini nə vaxtsa gənclərə öyrətməkdir.

Pərviz Qasımov musiqi sənəti yolunun uğurlu başlanğıcındadır. Bundan sonra öz üzərində daha səylə çalışmaq lazım olduğunu deyir: “Muğam sənətini dəryaya bənzədirlər. Onun dərinliklərinə enmək, mahiyyətinə varmaq hər kəsə nəsib olmur. Buna nail olanlar isə istedadı, bacarığı sayəsində bu dəryaya bir ovuc su tökür. Beləcə, onu daha da artırır, gözəlləşdirirlər. Mənə gəlincə, bilirəm ki, dayanmaq olmaz. İşlər bundan sonra başlayır. Daha çox oxumaq, öyrənmək lazımdır”.

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2017.-9 iyul.- S.6.