Bakı zooparkı şöhrətini qaytaracaq
Səksən ildən artıqdır ki, Bakı sakinlərinin və şəhərin qonaqlarının xidmətində olan Bakı Zooloji Parkı, nəhayət, müasir standartlar əsasında yenidən qurulacaq. Zooparkın yenidənqurma və bərpa işləri Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçiriləcək.
Təmir-quruculuq tədbirləri çərçivəsində zooloji parkın ərazisinin genişləndirilməsi, ziyarətçilər üçün daha rahat məkana çevrilməsi, heyvanların saxlanma şəraitinin yaxşılaşdırılması və ərazidə müxtəlif əyləncə obyektlərinin istismara verilməsi nəzərdə tutulub. Yenidənqurma işləri nəticəsində zooparkın ərazisi iki dəfə genişləndiriləcək. Heyvanların öz arealına daha yaxın şəraitdə yaşamalarını təmin etmək, həm də sakinlərin və şəhərimizin qonaqlarının rahat və zövqoxşayan ziyarətlərini təşkil etmək məqsədilə zooparkda daha yaxşı təbii mühit yaradılacaq, müasir dizayn olunacaq.
Zoopark fiziki qüsurlu şəxslərin, həmçinin bütün yaş qruplarından olan ziyarətçilərin rahatlıqla istirahət edəcəyi və maariflənəcəyi məkan olacaq. Zooparkın əməkdaşları üçün beynəlxalq təcrübəli mütəxəssislər tərəfindən təlimlər keçiriləcək. Heyvanlar EAZA (Avropa Zoopark və Akvariumlar Assosiasiyası) standartlarına uyğun şəraitdə saxlanılacaq. Heyvanların saxlandığı qəfəslər (volyerlər) hər növün özünəməxsus ehtiyacları nəzərə alınaraq hazırlanacaq və onların sahəsi genişləndiriləcək. Ziyarətçilər heyvanların təbii davranışlarını izləyə biləcək, maarifləndirici tablo və materiallar əsasında oradakı müxtəlif heyvanlar barədə ətraflı məlumat əldə edəcəklər.
Bu gün həqiqətən də Bakı Zooloji Parkının durumu ürəkaçan deyil, yenidən qurulmağa, təmir və bərpa edilməyə ciddi ehtiyacı var. Bu heyvanat parkının tarixinə qısa nəzər salsaq görərik ki, bura 1928-ci il dekabrın 14-də keçmiş Lunaçarski, hazırkı Nizami parkında Bakı Heyvanat Bağı adı altında kiçik zooloji guşə kimi fəaliyyətə başlayıb. 1942-ci ildə “zooloji park” statusu alıb və sonralar yeri bir neçə dəfə dəyişdirilib. 1970-ci illərdə park Bayıl qəsəbəsində yerləşib, lakin bu ərazinin sürüşkən olduğu nəzərə alınaraq, indiki yerinə - Nərimanov rayonu, Bakıxanov 29 küçəsinə köçürülüb. Həmin vaxt parkın ərazisi 45 hektar olmalı idi. Lakin 1980-ci ilin əvvəllərində cəmi 2,25 hektar ərazi zoopark üçün istifadəyə verilib. Amma 2001-ci ildə zooloji parkın ərazisi iki hektar da artırılaraq 4,25 hektara çatdırılıb. Bu qədər sahəni gəzib-dolaşmaq elə də çox vaxt aparmır. Zooparkdakı bütün heyvanları, quşları və su canlılarını görmək üçün 15-20 dəqiqə kifayət edir.
Bu günlərdə Bakı zooparkında olaraq buradakı mövcud vəziyyətlə tanış olduq. Sonuncu dəfə üç il əvvəl buradan reportaj hazırlamışdıq. Onda da heyvanlar məsum və kədərli görünürdülər. Ağappaq rəngi olan adi qızıl qazların - flaminqoların yeri əvvəlki kimi darısqal, suyu da çirkli idi. Sümükləri belini deşən, tüklərini aram-aram tökən canavarlar da sanki ora-bura qaçmağın həsrətini çəkirdilər.
Dar qəfəslərin hərəkətsiz sakinləri
Demək olar ki, heyvanların saxlandığı bütün qəfəslər dardır. Məsələn, qonur ayının üç addım atması bəs edir ki, qəfəsin bu başından o başına çatsın. Pələng və yaquarı axırıncı dəfə görən olmayıb bəlkə də... Çünki yerləşdikləri qəfəslər onların xarakterinə və təbiətinə tamamən yaddır. O tərəf-bu tərəfə qaçmaq imkanları olmadığından bir küncə qısılıb gizlənməyi üstün tuturlar.
Bununla belə, zooparkı ziyarət edənlər kifayət qədərdir. Xüsusən də burada müəllimləri ilə gələn şagirdləri tez-tez görmək olar. Heyvanat parkının kassasında isə biletlərin qiyməti belədir: 1 yaşa qədər uşaqlar üçün pulsuz, 10 yaşa qədər uşaqlar üçün 1 manat, 10 yaşdan yuxarı şəxslər üçün isə 2 manat.
Çay masalarının arasından keçib ilan və Nil timsahının saxlandığı guşəyə yaxınlaşdıq. Hər iki heyvan tamamilə hərəkətsiz idi. Hətta düşündük ki, timsah bir neçə il əvvəlki yerindən heç tərpənməyib, yenə də həmin yerdə heysiz vəziyyətdə qalıb. Onun üçün nəzərdə tutulan hovuzcuğun suyu da qurumuşdu. Timsah özü isə arabir göz qapaqlarını yumub açmasa, hər kəs onun öldüyünü zənn edərdi. Görünür, o da yerinin dar və cansıxıcı olduğundan gileylidir.
Sonra müxtəlif balıqların və tısbağaların olduğu akvariuma baş çəkdik. Burada onlar haqqında akvariumun üzərində məlumatlar yazılmayıb. Bələdçinin dediyinə görə, vaxtilə balıqlar haqqında informasiya hər bir akvariumun üzərinə yazılıb yapışdırılmışdır, lakin sonradan insanlar onları qoparıblar. Onları yeniləməyə isə ehtiyac duyulmayıb…
“Qırmızı kitab”a düşənlər
Zooparkda qismən hərəkətli və səs-küylü görünən əsasən quşlardır. İstədikləri kimi uça bilməsələr də, buradakı qartallar nisbətən qamətlərini qoruyub saxlayıblar. Baxışları iti, caynaqları uzun olan bu yırtıcı quşlar insan əlindəkini qoparıb almağa hər zaman hazırdırlar. Daşdan yumşaq yox, daşın özünü uzatsan belə güclü dimdiyi ilə qapıb ala bilir.
Bakı Zooloji Parkının direktoru Azər Hüseynov bizimlə söhbətində zooparkın xeyli problemləri ilə yanaşı, xoş məqamların da olduğunu qeyd etdi. Onun sözlərinə görə, zooparkda Afrika aslanı, Amur pələngi, yaquar, bəbir, Arktika canavarı, şotland ponisi, yallı qoyun, Avropa cüyürü, pavian qamadril, tirəndaz, adi iriburun yenot var. Bundan başqa, Afrika dəvəquşusu, ara tutuquşuları kimi bizim təbiətə xas olmayan heyvanlara da rast gəlmək olar. Bakı Heyvanat Parkında həmçinin adı “Qırmızı kitab”a düşmüş və nəsli kəsilməkdə olan nadir heyvan və quşlar da saxlanılır. Bunlara ceyran, Dağıstan turu, qamış pişiyi, nəcib maral və qırmızı canavar kimi heyvanlar daxildir. Zooloji parkda olan yırtıcı quşların əksəriyyəti - berkut, qarasaqqal, qara kərkəs, ağbaş kərkəs, qartalların bir sıra növləri, meşə quşlarından qırqovullar, su quşlarından qızıl qaz, sultan toyuğu da “Qırmızı kitab”a daxil edilib qorunur. Sürünənlərdən Aralıq dənizi tısbağası isə yalnız Azərbaycanda deyil, dünyada qorunur. Ümumiyyətlə, Bakı Zooloji Parkının kolleksiyasına hazırda 150 növdən çox 1200 başa qədər yırtıcı və məməli heyvanlar, quşlar, sürünənlər və balıqlar daxildir.
Xaricdən hansı nadir növlər gətirilib?
Parkın direktoru etiraf etdi ki, heyvan və quşların yerləri çox dardır. Normal zooloji parkların ərazisi 20 hektardan başlayaraq 100 hektaradək olmalıdır. Heyvanların necə artırıldığına, əcnəbi ölkələrdən hansı yolla gətirildiyinə gəldikdə isə, öyrəndik ki, Bakı Heyvanat Parkı 1995-ci ildən Avrasiya Regional Zooparklar və Akvariumlar Assosiasiyasının üzvüdür. Bu assosiasiyaya üzv olmaq Bakı zooparkına Avropa və MDB ölkələrinin zooloji parkları ilə əməkdaşlıq etməyə imkan yaradır. Yəni bu zooparklarla heyvanların mübadiləsi həyata keçirilir. Zoopark direktoru qeyd etdi ki, bu günə qədər pulla heç bir heyvan alınmayıb: “1995-ci ildə Bakı zooparkında heyvan növlərinin sayı 60 növ, 200 baş idisə, artıq növlərin sayı iki dəfədən çox, heyvanların sayı isə bir neçə dəfə artmışdır. Mübadilə nəticəsində Afrika aslanları, Amur pələngi, bəbir, timsahlar, müxtəlif ilan növləri - anakonda, albinos ilanları, ceyranlar, meymunlar, xallı maral, quşların bir çox növləri, Cənubi Amerikada yaşayan alpakolar, Avstraliyada yaşayan kenqurular, emu dəvəquşuları və s. zooparkın sakinləri olmuşlar. Bunlar gətirildikdən sonra Bakı Heyvanat Parkı xeyli zənginləşmişdir. Bu heyvanlar balalayaraq artırlar. Ərazinin kiçik olmasına baxmayaraq, müəyyən nəticələr əldə etmişik. Çexiya və Moldova zooparkları ilə mübadilələrimiz olub. Bir neçə il əvvəl Moldovadan vaşaq, qırqovulların iki növünü gətirmişik, əvəzində onlara soltan toyuğu göndərmişik. İki il əvvəl Gürcüstanın Tbilisi Zooloji Parkından yaquar gətirilib. Əvvəllər bizdə yaquar olmayıb. Çexiyadan Muntcaq cırtdan maral hədiyyə olunub. Dekorativ keçilər gətirilib. İl yarımdır ki, zooparkımıza adi iquana da hədiyyə olunub. Onun 1 m 60 sm uzunluğunda boyu var. Heç vaxt Bakı zooparkında belə bir heyvan olmayıb”.
Heyvanlar nədən ölür?
Direktor vurğuladı ki, parkın 42 işçisi var. Onlar təmizlik və yemləmə işlərinə baxanlardan, şöbə müdirlərindən, sürücülərdən, qoruyuculardan ibarətdir: “Vəsaitimiz elə də çox deyil. Bütün heyvanların yemlənməsinə dövlət tərəfindən ildə 87 min manat pul ayrılır. Özümüz qazandığımız vəsaitlə isə kommunal və digər xidmətləri ödəyirik”.
Heyvanlara necə qulluq edildiyinə gəldikdə isə, A.Hüseynov dedi ki, qış mövsümü üçün arpa, buğda, qarğıdalı tədarük olunur. Ümumiyyətlə, yayda qış üçün, qışda da yay üçün qida hazırlıqları görülür. Zooloji parkda direktor başda olmaqla beş nəfər baytar işləyir: “Bizim əsas vəzifəmiz ilk növbədə heyvanlarda xəstəliklərə qarşı profilaktik tədbirlər görməkdir. Müəyyən heyvanlar var ki, onlarda quduzluğa qarşı peyvəndləmə aparılır. Rübdə bir dəfə heyvanlarda qurdlara qarşı tədbirlər görülür. Bu tədbirlər görülməsə, heyvanların hamısını itirə bilərik”.
Qeyd edək ki, Bakı Zooloji Parkında heyvanların ölüm səbəbi əsasən qocalıqdan irəli gəlir. Bəzən ziyarətçilər heyvana sellofan və müxtəlif zərərli məhsullar atırlar. Bunun nəticəsində bir neçə il əvvəl bir ceyran tələf olub. Ölü ceyranın içi yarılanda mədəsinin sellofanlarla dolu olduğu ortaya çıxıb.
Göründüyü kimi, köhnə Bakı zooparkının köhnə də problemləri var. Amma əminliklə demək olar ki, artıq həmin problemlər tamamən öz həllini tapacaq. Çünki ötən həftə Leyla xanım Əliyeva Bakı Zooloji Parkını bir daha ziyarət edərək buradakı mövcud vəziyyət və görüləcək işlərlə tanış olub. Verilən məlumata görə, zoopark nəinki əyləncə, həmçinin cəmiyyətin bütün hədəf qrupları üçün heyvanlar və təbii ekosistem, xüsusən Azərbaycanın nadir təbiəti haqda məlumat əldə edə biləcəkləri tədris, tədqiqat və konservasiya mərkəzinə çevriləcək. Zooparkın fəaliyyətində uşaqların, gənclərin təbiət və onun mühafizəsi haqqında biliklərinin artırılmasına yönələn proqramların həyata keçirilməsinə xüsusi önəm veriləcək. Zooparkın daxilində azyaşlı uşaqlar üçün ev heyvanlarından ibarət sevimli guşə (pet farm) və kəpənəklər evi də fəaliyyət göstərəcək. Yaralı və xəstə heyvanlar üçün xüsusi karantin zonası və reabilitasiya mərkəzinin də tikilməsi nəzərdə tutulur. Eyni zamanda zooloji parkın fəaliyyətinin səmərəliliyinin artırılması və ictimaiyyətlə əlaqələrin təkmilləşdirilməsi məqsədilə yeni internet səhifəsi yaradılacaq.
Beləliklə, səksən ildən çox Bakı sakinlərinin və şəhərin qonaqlarının xidmətində olan Bakı Zooloji Parkı yenidənqurma işlərindən sonra insan, təbiət və heyvanların bir araya gələcəyi müasir əyləncə və təcrübə məkanına çevriləcək.
Elgün
MƏNSİMOV
Azərbaycan.-
2017.-9 iyul.- S.6.