Reks Tillaerson: "ABŞ "Cənub qaz dəhlizi" layihəsinin həyata
keçirilməsinə bundan sonra da dəstək verəcək"
İyulun 10-da Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin İstanbulda
ABŞ-ın dövlət
katibi Reks Tillerson ilə görüşü olub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə ikitərəfli əlaqələrin müxtəlif sahələrdə, o cümlədən siyasi və enerji sahələrində uğurla inkişaf etdiyi qeyd olundu.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edildi. Prezident İlham Əliyev bu münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyini bir daha bildirdi, Ermənistanın təmas xəttində son hərbi təxribatı haqqında məlumat verdi.
Prezident İlham Əliyev “Cənub Qaz Dəhlizi” layihəsinin icrası ilə bağlı görülən işlərdən danışdı.
Reks Tillerson qeyd etdi ki, ABŞ bu layihənin həyata keçirilməsinə bundan sonra da dəstək verəcək.
Prezident İlham Əliyev XXIV Beynəlxalq Xəzər Neft və Qaz Sərgi və Konfransının açılışı münasibətilə göndərdiyi təbrik məktubuna görə ABŞ Prezidenti Donald Trampa minnətdarlığının çatdırılmasını Reks Tillersondan xahiş etdi. Dövlətimizin başçısı bu məktubu ABŞ-ın Azərbaycanın enerji siyasətinə, xüsusilə “Cənub Qaz Dəhlizi” layihəsinə dəstəyi kimi dəyərləndirdi.
ABŞ-ın dövlət katibi Azərbaycanın Əfqanıstandakı sülhməramlı əməliyyatlarda fəaliyyətini, eyni zamanda, ölkəmizin bu əməliyyatlarda logistik və nəqliyyat dəhlizi rolunu yüksək qiymətləndirdi.
Söhbət zamanı, həmçinin
ölkəmizdə həyata keçirilən siyasi
və iqtisadi islahatlar,
demokratiyanın inkişafı ilə bağlı məsələlər
müzakirə edildi.
AZƏRTAC
Azərbaycan.- 2017.- 11 iyul.- S. 1.