Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab
Prezident, əzizimiz İlham Heydər oğlu!
İcazə verin, Azərbaycan
üçün bu ağır günlərdə,
Dağlıq Qarabağda yenə də dinc azərbaycanlı
sakinlərin həlak olduğu, münaqişənin isə
yenidən qızışdığı bir vaxtda Sizə və
xalqınıza möhkəm dəstəyimizi ifadə edək.
Təcavüzkarın və onun mütəffiqlərinin belə
addımları bütün sivil dünya üçün təhlükəyə
çevrilir. Biz ümid edirik ki, dünya birliyi bu faciəli
hadisələrin lazımınca qiymətləndirilməsində
həmrəylik nümayiş etdirəcək.
Əziz İlham Heydər oğlu,
Qarabağ yarası və ölkənizin hər bir sakininin
hiss etdiyi ağrı-acı biz ukraynalılara hər kəsdən
daha aydın və yaxındır. Azərbaycan kimi, Ukrayna da ərazisində
növbəti dondurulmuş münaqişə və anklav
yaradılması üçün bütün cəhdlərə
baxmayaraq, var gücü ilə öz ərazi
bütövlüyünü bərpa etməyə
çalışır. Odur ki, Azərbaycanın ərazi
bütövlüyü və müstəqilliyi Ukrayna
üçün və şəxsən bizim üçün
həmişə müasir geosiyasətin dəyişməz
postulatlarından biri olub və bundan sonra da olacaq.
Sizin əsası atanız, Prezident Heydər Əliyev tərəfindən qoyulmuş müdrik dövlət siyasətiniz sayəsində Azərbaycan dinlərin, mədəniyyətlərin və sivilizasiyaların dinc yanaşı mövcud olduğu dövlət nümunəsidir, tolerantlıq və multikulturalizm isə uğurlu dövlət siyasətinə çevrilib. Belə quruculuq siyasəti Azərbaycanın Qərb ilə yanaşı, bütün dünya ilə yaxınlaşmasına hər vəchlə mane olan ölkələrdə həsəd hissi və müqavimət doğurmaya bilməz.
Hörmətli cənab Prezident, bizə yaxşı məlumdur ki, bugünkü vəziyyətdə hadisələrin inkişafı təkcə Azərbaycan xalqının və Azərbaycan Ordusunun gücündən və mütəşəkkilliyindən deyil, həm də başqa ölkələrin dəqiq mövqeyindən asılıdır.
Biz inanırıq ki, Sizin ölkə tezliklə yenə də öz torpaqlarına və sərhədlərinə nəzarət etmək, düşmən tərəfindən işğal olunmuş və dağıdılmış əraziləri bərpa etmək imkanı əldə edəcək.
Möhtərəm cənab Prezident, icazə verin, çoxillik əməkdaşlığa, bizim üçün prinsipial olan bütün məsələlərdə, o cümlədən Ukraynanın ərazi bütövlüyü, onun Avropaya istiqamətlənmiş gələcəyi və müstəqilliyi məsələlərində dəstəyinizə və nöqteyi-nəzərinizə görə Sizə bir daha sonsuz təşəkkürümüzü bildirək. Bizə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin işində fəal iştirak etmək imkanı yaratdığınıza görə də Sizə minnətdarıq.
İcazə verin, Sizə öz ehtiramımızı və ən xoş arzularımızı ifadə edək, gözəl ölkənizə davamlı inkişaf və firavanlıq diləklərimizi çatdıraq.
Hörmətlə,
Viktor Yuşşenko
Ukraynanın prezidenti (2005-2010),
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü
Leonid Kravçuk
Ukraynanın prezidenti (1991-1994)
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü
Azərbaycan.-
2017.-11 iyul.- S.3.