Mehriban Əliyevanın təşəbbüsü böyük xeyriyyə hərəkatına çevrilir

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı təşəbbüsünə dəstək olmaq, bu nəcib təşəbbüsə öz töhfəsini vermək məqsədilə Bakının Səbail rayonunun tikinti sahəsində fəaliyyət göstərən firma, şirkət, Mənzil Tikinti Kooperativi, ümumilikdə 20-dən çox şirkət  rəhbərlərinin iştirakı ilə toplantı keçirilmişdir.

Rayon sahibkarları adından çıxış edən “Pilot Residense” şirkətinin rəhbəri Babək İsmayılov öncə dövlətin sahibkarlara yaratdığı şəraitə görə ölkə başçısı cənab İlham Əliyevə təşəkkürünü bildirib və ölkədə aparılan sosial əhəmiyyətli tədbirlərin reallaşmasında, xüsusilə də məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasında lazımi kömək göstərməyə hazır olduqlarını diqqətə çatdırıb. Babək İsmayılov Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınacaq yeni müasir yaşayış kompleksinin təməlqoyma  mərasimindəki çıxışını xatırladaraq vurğulayıb ki, biznes strukturları, sahibkarlar da soydaşlarımızın yaşayış şəraitinin yaxşılaşmasına biganə yanaşmayıb, öz dəstəklərini veriblər və bu təşəbbüsə Səbail rayonunda ilk olaraqPilot Residense” şirkəti  qoşulmuşdur.

Kristal Abşeron” MTK-nın rəhbəri Məhayət Nəbiyev bildirmişdir ki, ölkə başçısının təşəbbüsü ilə tikinti, xüsusilə də mənzil tikintisi məsələlərinə diqqət artırılmışdır. Bu istiqamətdə Səbail rayonunda bizə hər cür şərait yaradılıb, hər hansı problemlərlə üzləşməmişik. Ona görə də rahat şəkildə fəaliyyət göstərə bilirik.

Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da son vaxtlardakı fəaliyyətini, xususilə də  məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətindəki işlərini bir adamı kimi dəstəkləyirik və onun həyata keçirilməsində iştirak edərək bu işə öz töhfəmizi verməyə hazırıq.

Kaspian Servis” şirkətinin rəsmisi Rəhim Sultanov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın Qaradağ rayonunda məcburi köçkünlər üçün yaşayış kompleksinin təməlqoyma mərasimində çıxışı zamanı sahibkarların ünvanına dediyi xoş sözlərə görə həmkarları adından ona dərin minnətdarlığını bildirib dövlətimizin sahibkarlar üçün yaratdığı bu əlverişli biznes mühitindən faydalanaraq soydaşlarımızın problemlərinin həlli istiqamətində əllərindən gələni əsirgəməyəcəklərini vurğulayıb.

Tədbirdə bildirilib ki,  Səbail rayonu ərazisində mənzil tikintisi ilə bağlı hazırda 10-dan çox pilot layihəsi həyata keçirilir. 8 ünvanda tikinti aparılır, digər layihələrlə bağlı isə sənədləşmə işləri gedir. Bu layihələrdə iştirak etmək üçün yeni-yeni sahibkarlar müraciət edirlər.

Daha sonra çıxış edənlər ölkəmizdə sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyinə görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirərək, həyata keçiriləcək layihələrdə iştirakçı olmaqdan məmnunluq ifadə ediblər. Sonda Səbail rayonunda tikinti sahəsində çalışan sahibkarlar adından bəyanat qəbul edilib.

 

E.CƏFƏROV

 

Azərbaycan.- 2017.-12 iyul.- S.1; 4.