Şamaxı Cümə məscidi - on
üç əsrin ibadət yeri
Tarixi abidələrimiz
Azərbaycan memarlığında VII əsrin ortalarından yeni dini bina tipi - məscid obrazı formalaşmağa başlamışdır. İslam dininin gəlməsi ilə bağlı Azərbaycan ərazisində inşa edilmiş ilk məscid örnəkləri, demək olar ki, qalmamışdır. Ancaq indi mövcud olan məscidlərimizin bir neçəsinin inşaat tarixi, xalq rəvayətləri Azərbaycanda ərəblərin hakim olduqları illərə bağlayır. Belə məscidlərdən biri Şamaxı Cümə məsciddir.
Azərbaycanın ən qədim və ən iri məscidlərindən biri olan Şamaxı Cümə məscidinin əsası rəvayətə görə VIII əsrdə qoyulmuşdur. Əməvi xəlifəsi I Validin (705-715) qardaşı məşhur ərəb sərkərdəsi Məsləmə ibn Əbdül Malik Qafqazı və Dağıstanı işğal edərkən Şamaxını iqamətgah seçmişdir. Həmin illərdə ərəb əmirləri bu qədim və zəngin şəhərin qalasını təmir edib möhkəmləndirmiş, onun ərazisində yeni tikinti işləri aparmışlar. Bu işlərin ən sanballısı və tək şahidi olan Cümə məscidi iri ölçüləri, əzəmətli memarlığı ilə Şamaxının o zaman neçə nüfuzlu mahal mərkəzi olduğunu nümayiş etdirir.
Şamaxı Cümə məscidinin inşaat tarixi ilə bağlı xalq rəvayəti bir neçə ciddi fakt və təhlillərlə təsdiq olunur. 1902-ci ildə növbəti zəlzələdən sonra ağır dağıntıya uğramış bu qədim abidənin durumunu araşdırmaq üçün xüsusi dövlət komissiyası yaradılır. Həmin komissiyanın tərkibində Tiflisdən Şamaxıya gəlmiş Qacar şahzadəsi geoloq Şahqulu Qacar üstündəki ərəb kitabəsindən Cümə məscidinin əsasının müsəlman tarixi ilə 126-cı ildə (miladi 744) qoyulduğunu aydınlaşdırmışdır. Bu fakta əsaslanan görkəmli alim, memarlıq tədqiqatçısı Şamil Fətullayev Şamaxı Cümə məscidinin Dərbənd Cümə məscidindən (734-cü il) sonra Zaqafqaziyanın ən qədim məscidi olması fikrini irəli sürmüşdür.
Plan quruluşu da Şamaxı Cümə məscidinin inşaat tarixinə müəyyən işıq salır. Məscidin əsas hissəsinin uzunluğu 46,5 metr, eni 17 metr olan uzunsov düzbucaq biçimli planı var. Onun iri ibadət salonu kvadrat biçimli (13,2x13,2 metr) üç bərabər hissəyə bölünmüşdür. Bu bölümləri bir-birinə üç hündür sivri tağ birləşdirir. Hər bölümün ayrıca mehrabı və giriş qapısı var. Belə quruluşuna görə bəzi araşdırıcılar Şamaxı məscidini üç salonlu məscid də adlandırırlar.
Memarlıq tarixində üç mehrablı uzunsov ibadət salonu olan ilk məscid örnəyi xəlifə I Validin 708-ci ildə Dəməşq şəhərində tikdirdiyi və bütün islam dünyasında məşhur olan Böyük məsciddir. Bu məscidə Əməvilər məscidi də deyilir. Nəhəng Əməvilər imperiyasının siyasi, mədəni və dini mərkəzinə çevrilmiş Dəməşqin Cümə məscidi olan bu məbədin azman ibadət salonunda (uzunluğu 132 metr, eni 37 metrdən bir az çox) üç mehrab vardı və ona sonralar bir mehrab əlavə edilmişdir. Dəməşq Böyük məscidi sonrakı əsrlərdə yalnız Suriyada deyil, ondan xeyli kənarlarda da islam dini memarlığına dərin və uzun müddətli təsir göstərmişdir. Dərbənd və Şamaxı Cümə məscidləri bu təsirin Azərbaycan ərazisində də yayıldığını göstərir.
Geoloq Şahqulu Qacarın oxuduğu inşaat kitabəsi hələlik aşkar edilməmişdir. Ancaq tarixçi arxeoloq H.Ciddi Şamaxı Cümə məscidi ərazisində apardığı araşdırmalara əsasən, bu abidənin əsasının VIII əsrdə qoyulduğunu təsdiq etmişdir. O, həmin ərazidə bir metr qalınlığı olan ən qədim mədəni qatın VIII-X əsrlərə aid olduğunu aşkar etmişdir. Şamaxının Cümə məscidi yanındakı məhəlləsinin XIX əsrin sonlarınacan “Ərəblər məhəlləsi” adlanmasını da həmin abidənin yaranmasının şəhərdə ərəblərin hakimiyyəti dövrünə bağlılığına şahidlik edən fakt saymaq olar.
Zəlzələlər və müharibələr zamanı böyük dağıntılara məruz qalmış Şamaxı Cümə məscidi dəfələrlə yenidən qurulmuş, ya da əsaslı təmir edilmişdir. Ona görə bu abidənin ilkin memarlıq həllində həcm-məkan quruluşundan danışmaq mümkün deyil. Qədim məscid özünün yalnız plan quruluşunu bir sıra dəyişmələrlə saxlaya bilmişdir.
Səlcuq dövrü tarixçisi İmadəddin İsfahaninin yazdığına görə, gürcü basqınlarından qorunmaq məqsədi ilə Şirvanşah əmirləri 1123-cü ildə yardım üçün Səlcuq sultanı Mahmuda (1118-1131) müraciət etmişlər. Sultan Mahmud Şamaxıya çatan kimi Şirvanşahlar üçüncü Mənuçöhrü (1120-1160) həbs etdiyindən yerli əhali üsyana qalxır, tarixçinin dili ilə desək, “məscidi dağıdır və minarəni yıxırlar”, “şəhəri talan edir və onun divarlarını uçururlar”. Şübhəsiz ki, bu tarixi olayda Şamaxının baş dini binasından - Cümə məscidindən söhbət gedir. Tarixçinin bu məlumatından həmin məscidin təkminarəli olduğu bəlli olur.
Şirvanşah III Mənuçöhr hakimiyyətdə möhkəmləndikdən sonra dövləti gücləndirib ölkənin mühafizəsini və özgürlüyünü təmin etməklə yanaşı, geniş tikinti işləri də aparmışdır. Mənuçöhr sarayının dahi şairi Əfsələddin Xaqani hökmdarın Şamaxı və Gülüstan qalalarını bərpa edib möhkəmləndirdiyini yazmış, şair Fələki Şirvani isə onun Kardman və Sədun adlı iki şəhər saldırdığı haqda məlumat vermişdi. Qalmış inşaat kitabələri III Mənuçöhr zamanı Bakıda qala divarlarının yenidən tikildiyini və Cümə məscidinin ucaldıldığını əyani göstərir.
III Mənuçöhrün 40 illik hakimiyyəti zamanı gürcülərin dağıtdığı Şamaxı şəhəri yenidən dirçəlir. Xaqani bu çağın Şamaxısını məşhur Səmərqənd şəhəri ilə müqayisə edib vurğulayır ki, “Şamaxı torpağının qüdrəti Buxaranın əzəmətini geridə qoydu”. Belə böyük işlərinə görə H.Ciddi tarixi qaynaqlar və tikinti kitabələrində III Mənuçöhrün “Böyük Xaqan” epiteti ilə təqdim edildiyini bildirmişdir. Paytaxt Şamaxını dirçəldərkən III Mənuçöhr onun dağıdılmış Cümə məscidini də yenidən əsaslı şəkildə bərpa etmişdir. Bunu 1970-ci illərdə Cümə məscidinin həyətində aparılmış arxeoloji qazıntılar da aşkarladı.
Əldə olan məlumatlar Şamaxı Cümə məscidinin XII əsrdə Azərbaycanın dini memarlığının iri və mükəmməl əsərlərindən biri olduğunu söyləməyə əsas verir. Orta əsr tarixçisinin yazdığına görə, 1192-ci ildə “...yer titrəyişindən Şamaxının divarları və istehkamları lərzəyə gəldi və dağıldı, onda olan hər şey məhv oldu, eləcə də Şirvanşahın arvadı və uşaqları həlak oldu”. Bu dəhşətli zəlzələdən, yəqin ki, Cümə məscidi də ciddi xəsarət almış, onun minarələri uçmuş və bir daha bərpa edilməmişdir. Zəlzələlərdə həmişə məscidlərin vertikal minarələri ilkin dağıntıya məruz qalırdı. Şamaxı Cümə məscidinin sonrakı tarixi haqqında dəqiq bilgilər yoxdur.
1656-cı ildə Şamaxıda olmuş türk alim-səyyahı Övliya Çələbi şəhərin dörd ən iri məscidinin adını sadalayır və onlardan biri olan Böyük məsciddə ibadət qılanların daha çox toplandığını vurğulayır. Övliya Çələbi həmin məscidin həyətində hovuz və şadrvan (dəstəmaz yeri), həyətin yanında isə mədrəsə olduğunu yazmışdır. Şəhərin ən iri məscidi Cümə məscidi olduğundan bəzən Dəməşqdə olduğu kimi, Cümə məscidini Böyük məscid adlandırıblar. Övliya Çələbi Böyük məscid dedikdə, şübhə yoxdur ki, hər zaman Şamaxının ən böyük məscidi olmuş Cümə məscidindən bəhs etmişdir.
Azərbaycanın müxtəlif şəhərlərində olmuş və çoxlu abidələrimizin rəsmini çəkmiş rus rəssamı Q.Qaqarin 1847-ci ildə Şamaxı Cümə məscidini də təsvir etmişdir. Həmin rəsmdə dağılıb yenidən tikilmiş və klassik kamilliyini xeyli itirmiş bir dini binanın ön fasadı əks olunmuşdur.
1902-ci il zəlzələsi Şamaxı Cümə məscidinin yenidən uçulmasına səbəb olmuşdu. Bu haqda “Kaspi” qəzetində yazılmışdı: “Hətta məscidin uçuqları da özünə hörmət təlqin edir, yıxılan divarlar, başqa tikililər kimi dağılıb səpələnməmişdi, onlar yalnız yıxılmışdı və elə bil bütöv bir daşdan ibarət idi”. Bu məlumat Cümə məscidinin qədim divarlarının necə dayanıqlı və keyfiyyətli tikilməsini göstərir. Zəlzələdən sonra çəkilmiş bir fotodan görünür ki, XIX əsrin sonlarında Şamaxı Cümə məscidinin günbəzləri dəmirlə örtülmüşdü və mərkəzi günbəzin təpəsində minarəni əvəz edən azan köşkü quraşdırılmışdı. Dəhşətli zəlzələdən sonra qədim məscid özülünəcən sökülür və bu özüllərin üstündə yeni məscidin tikintisinə başlanılır. Bu məscidlə bağlı yaradılmış komitə məscidin bərpasını şamaxılı memar Zivər bəy Əhmədbəyova tapşırır. Onun layihəsi üzrə tikinti işləri başlayır, ancaq müəyyən tikinti işləri aparıldıqdan sonra Zivər bəylə komitə arasında anlaşılmazlıq yaranır və o, tikintini tərk edir. Bundan sonra komitə Cümə məscidinin bərpa layihəsini hazırlamaq məqsədi ilə mülki memar İ.K.Ploşkonu dəvət edir.
Memar İ.Ploşko mövcud qədim planı və yarımçıq tikintini nəzərə almaqla hazırladığı yeni məscid binasının layihəsini 1909-cu ildə komitəyə təqdim edir. Yüksək peşəkarlığı ilə seçilən bu layihədə ilkin nəzərə çarpan xüsusiyyət məscidin qədim ibadət salonunun önünə bütün baş fasad boyu uzanan eyvanın əlavə edilməsidir. Q.Qaqarinin rəsminə əsaslanıb inamla demək olar ki, qədim Şamaxı məscidinin həcmi yalnız iri üçhissəli ibadət salonundan ibarət imiş və İ.Ploşko indiki açıq eyvanı böyük ustalıqla ona əlavə etmişdir. Təqdim olunan layihənin gözəçarpan bir yeniliyi də məscidin baş fasadının künclərində uca minarələrin tikilməsinin təklif edilməsidir.
İ.Ploşko Şamaxı Cümə məscidi üçün müsəlman Şərqində çox geniş yayılmış qoşa minarəli mərkəzi günbəzli simmetrik kompozisiyanın çox təntənəli və maraqlı bir variantını işləmişdir. Baş fasadın künclərinin minarələrlə qapanması və qoşa minarəli məscid obrazının yaranması prosesi islam ölkələri memarlığında ilk dəfə Təbriz memarlıq məktəbində getmiş və XV əsrdə Təbriz Göy məscidi kimi bir sənət incisində tam zirvəyə çatmışdır. Sonrakı yüzillərdə bu mükəmməl məscid kompozisiyası qonşu müsəlman ölkələrinə yayılmış, hətta Hindistan-Moğol memarlığının monumental məscid tipinin formalaşmasında əsas olmuşdur.
Məscidin tikintisinin iş icraçısı C.Sadıqbəyov idi. Ancaq maliyyə çətinliyindən layihədə nəzərdə tutulan bir sıra mühüm elementləri - mərkəzi günbəz, yan minarələr, kürsülük, aynabənd, giriş portiki, təntənəli pilləkənlər və s. inşa edilmədi. Eyvanın sivri tağları düzbucaqlı açırımlarla əvəz edildi.
Bütövlükdə tikintisi tam başa çatdırılmayan Cümə məscidi 1918-ci ildə erməni vəhşiliyi ilə yenidən zədələndi. Bu məsciddə indiyədək dinc Şamaxı əhalisinə qarşı qırğın törətmiş erməni silahlılarının atdıqları güllələrin izi qalır. Allah evinə sığınmış insanları məhv etmək məramı ilə 1918-ci ildə erməni daşnakları tərəfindən yandırılmış bu məscid xalqımıza qarşı soyqırımının, erməni terrorunun qurbanı olmuşdur. Amma məscidi dağıda bilməmişlər.
Şamaxı Cümə məscidi tariximizdə önəmli yerə malik, əsrlərin yadigarı olan ibadət məkanıdır. Bu məscid Azərbaycan dövlətçiliyinin şanlı dövrləri ilə yanaşı, ağır məqamlarına da şahidlik etmişdir. Bu gün Şamaxı məscidinin yenilənmiş daha da əzəmətli binası bizim milli şüur və ənənələrimizin dirçəlişi, iqtisadi və mənəvi qələbəmizin rəmzlərindən birinə çevrilir. Bu məscid 1270 ildən sonra artıq yenidən fəaliyyətə başlayır. Bu, doğrudan da böyük tarixi hadisədir.
Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı: Azərbaycan” layihəsi çərçivəsində Şamaxı Cümə məscidində aparılan əsaslı bərpa və yenidənqurma işlərini dövlət başçısı daim diqqətdə saxlamışdır. Prezident İlham Əliyev 2009-cu ilin noyabrında Şamaxıya səfəri çərçivəsində Cümə məscidində olmuş, böyük tarixi dəyəri və xalqımızın mənəvi dünyasında xüsusi yeri olan bu abidənin bərpasına qərar vermişdir. Bununla əlaqədar Azərbaycan Prezidentinin 2009-cu ilin dekabrında və 2013-cü ilin fevralında imzaladığı sərəncamlarla müvafiq maliyyə vəsaiti ayrılmışdır. Bundan sonra məsciddə əsaslı bərpa və yenidənqurma işlərinə başlanmış, Azərbaycan tarixinin mühüm mərhələsini təşkil edən Şirvanşahlar paytaxtının şanlı memarlıq nümunəsinin yenidən xalqımızın mənəvi dünyasına qaytarılması istiqamətində yüksək təəssübkeşlik missiyası həyata keçirilmişdir. Dövlət başçısı və xanımı Mehriban Əliyeva dəfələrlə məscidə gəlmiş, burada həyata keçirilən bərpa və yenidənqurma işləri ilə yerindəcə tanış olmuşlar. Prezident İlham Əliyev işlərin yüksək keyfiyyətlə aparılmasına dair tapşırıq və tövsiyələrini vermişdir. Beləliklə, dövlət başçısı milli-mənəvi dəyərlərimizin qorunmasına, dini memarlıq abidələrinin bərpasına böyük diqqət göstərən Heydər Əliyev Fondunun təşəbbüsünə dəstək olmuş, Azərbaycan-Şərq memarlığının incisi olan bu abidəyə ikinci həyat bəxş etmiş, xalqımızın əsrlərlə formalaşan zəngin irsinin və mədəniyyətinin qorunmasına, gələcək nəsillərə ötürülməsinə töhfə vermişdir.
Təməli 1268 il öncə atılmış Şamaxı Cümə məscidi indi də Qafqazın ən iri məscidlərindən biridir. Son illərdə arxeoloji araşdırmalar nəticəsində Ağsuda və Ağsunun qədim şəhər yerində plan quruluşuna görə Şamaxı Cümə məscidi ilə bir tipli olan XVI və XVII yüzillərə aid iki məscidin qalıntıları aşkar edilmişdir. Bu tapıntılar çoxmehrablı məscidlərin Şirvan bölgəsində böyük əhəmiyyət kəsb etdiyini üzə çıxarmışdır.
Cəfər QİYASİ,
AMEA-nın müxbir üzvü
Kamil İBRAHİMOV,
Professor
Azərbaycan.-
2017.-12 iyul.- S.7.