Azərbaycan qlobal enerji xəritəsinin əsas müəlliflərindəndir

 

Azərbaycan dövlətinin və xalqımızın müstəqilliyin bəhrəsi olaraq nail olduğu uğurları çoxdur. Bu sırada əsas nailiyyətlərimizdən biri ümummilli lider Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının gətirdiyi siyasiiqtisadi dividendlərdir. Bu strategiyanın uğurla reallaşması nəticəsində dünyanın aparıcı neft şirkətləri Xəzərin Azərbaycan sektorunda neft hasilatına cəlb olundular. Ölkəmiz tədricən dünya birliyində enerji təhlükəsizliyinin təmini baxımından etibarlı və strateji tərəfdaş kimi öz yerini möhkəmləndirdi.

 

Etibarlı və strateji tərəfdaş

 

Enerji məsələsi isə bu gün dünyada hər bir dövlətin təhlükəsizliyinin əsas komponentlərindəndir. Xüsusən son onillikdə dünyada cərəyan edən, ələlxüsus, əvvəlcədən proqnozlaşdırılmayan müxtəlif siyasiiqtisadi proseslər - yeni müharibə ocaqlarının yaranması, enerjidaşıyıcılarının nəqli sahəsində problemlərin yaşanması təsdiq etdi ki, hər bir dövlət üçün enerji təhlükəsizliyi olduqca aktualdır. Bu mənada zəngin karbohidrogen ehtiyatlarına malik Azərbaycanın marşrutların genişləndirilməsi ilə bağlı təşəbbüsləri həmişə alternativ nəql imkanlarının axtarışında olan Avropanın diqqətini cəlb edib.

Azərbaycan rəhbərliyi neft və qazın nəqli marşrutlarının şaxələndirilməsi ilə bağlı səslənən təklifləri daim dəstəkləyib, xüsusən bu sahədə müxtəlif layihələr üzərində baş sındıran Avropa İttifaqının enerji təhlükəsizliyinə töhfələr verməyə hazır olduğunu hər zaman bəyan edib. Ona görə bir çox ölkələrin enerji təhlükəsizliyinin təminatına böyük töhfələr verən respublikamız dünya birliyində etibarlı və strateji tərəfdaş kimi öz yerini möhkəmləndirib. Son illər bu istiqamətdə baş verən, gələcəkdə Avropanın enerji xəritəsinə ciddi dəyişikliklər edəcək hadisələr həm də Azərbaycanın enerji siyasətinin böyük uğurlarıdır.

Bu günlərdə İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresinə Azərbaycan Prezidenti İlham Əliyevin dəvət olunması ölkəmizin dünyanın enerji xəritəsində oynadığı rola, qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələrə beynəlxalq ictimaiyyətin mühüm önəminin növbəti təzahürü idi. Xatırladaq ki, Dünya Neft Konqresinin əsas təşkilatçısı olan Dünya Neft Şurası neftqaz sənayesi üzrə mühüm məsələlərin müzakirə olunduğuvacib qərarların qəbul edildiyi beynəlxalq platformadır. Bitərəf və qeyri-siyasi qurum olan Dünya Neft Şurası bu sahədə elmi yeniliklərin tətbiqi, texnologiyainformasiya mübadiləsi, dünyanın neft ehtiyatlarından davamlı və hamının rifahına xidmət edəcək şəkildə istifadə olunması istiqamətlərində fəaliyyət göstərir. 70 üzv ölkəni birləşdirən Dünya Neft Şurası neft-qaz istehsalçıları və istehlakçılarının 96 faizini əhatə edir.

 

ABŞ “Cənub qaz dəhlizi” layihəsinə bundan sonra da dəstək verəcək

 

Azərbaycanın qlobal enerji məsələlərində oynadığı mühüm rol beynəlxalq səviyyədə dəstək taparaq təqdir olunur. Ölkəmiz enerji təhlükəsizliyində dünyada ən etibarlı tərəfdaş kimi tanınır. Ona görə Bakının enerji siyasəti dünyanın aparıcı siyasi dairələrində strateji tərəfdaşlığın göstəricisi kimi qəbul edilir. İstanbulda 22-ci Dünya Neft Konqresi çərçivəsində Prezident İlham Əliyevlə ABŞ-ın dövlət katibi Reks Tillerson arasında görüşün keçirilməsi və səslənən fikirlər təsdiq etdi ki, Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfələr rəsmi Vaşinqton tərəfindən yüksək qiymətləndirilir.

Xatırladaq ki, ötən ay ABŞ Prezidenti Donald Tramp Bakıda 24-cü illik Beynəlxalq Xəzər NeftQaz Sərgisinin və Konfransının keçirilməsi münasibətilə Prezident İlham Əliyevə ünvanladığı məktubunda Amerika Birləşmiş Ştatlarının “Cənub qaz dəhlizi”ni qətiyyətlə dəstəklədiyini, Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının bu dəhlizin tamamlanmasına yönəlmiş səylərini alqışladığını bəyan etmişdi. Donald Tramp qlobal enerji təhlükəsizliyinin möhkəmlənməsində, o cümlədən Xəzər regionunda enerji resurslarının işlənilməsində və ixracında Azərbaycanın oynadığı mühüm rolu dəyərləndirmişdi.

ABŞ-ın Azərbaycanın enerji siyasətinə verdiyi dəstək Prezident İlham Əliyevlə dövlət katibi Reks Tillersonun görüşündə bir daha ifadə olundu. İkitərəfli əlaqələrin müxtəlif sahələrdə, o cümlədən siyasienerji sahələrində uğurla inkişaf etdiyi qeyd olunan görüşdə Reks Tillerson ABŞ-ın “Cənub qaz dəhlizi” layihəsinin həyata keçirilməsinə bundan sonra da dəstək verəcəyini bəyan etdi.

ABŞ-ın dövlət katibi Azərbaycanın Əfqanıstandakı sülhməramlı əməliyyatlarda fəaliyyətini, eyni zamanda ölkəmizin bu əməliyyatlarda logistik və nəqliyyat dəhlizi rolunu yüksək qiymətləndirdi.

 

Azərbaycan uzun illər Avropa ölkələrini təbii qazla təmin edəcək

 

Azərbaycanın dünyanın enerji təhlükəsizliyində oynadığı mühüm rol ilk növbədə özünün neft-qaz ehtiyatlarını şaxələndirilmiş formada ixrac edə bilməsi imkanlarına sahib olmasından irəli gəlir. Belə ki, hazırda böyük karbohidrogen ehtiyatları, o cümlədən hasilatı olan Azərbaycan nefti və qazı mövcud enerjidaşıyıcı sistemlərlə bütün istiqamətlərə nəql edir. Lakin hazırkı imkanları genişləndirmək, şaxələndirmək və sayını artırmaq üçün də yaxşı potensial mövcuddur. Azərbaycanın təşəbbüsü ilə “Cənub qaz dəhlizi” layihəsinin həyata keçirilməsi ölkəmizin beynəlxalq səviyyədə dəstək qazanmaqla bu potensialdan səmərəli istifadə etdiyini göstərir.

22-ci Dünya Neft Konqresində çıxış edən Prezident İlham Əliyev bildirib ki, “Cənub qaz dəhlizi” layihəsi uğurla icra ediləcək: “Bu layihənin icrası onu göstərir ki, burada iştirak edən bütün ölkələr və şirkətlər qazanc əldə edirlər. Biz elə bir gözəl əməkdaşlıq formatı yaratdıq ki, həm hasilatçılar - yəni Azərbaycan, həm tranzit ölkələr və həm də istehlakçılar burada ortaq maraqlar əsasında çalışırlar. Məhz bu maraqlar balansı bu böyük layihənin uğurlu icrasına gətirib çıxarıb. Çünki burada həm texniki, maliyyə, iqtisadi, siyasi məsələlər kifayət qədər çoxdur. Artıq bu gün demək olar ki, “Cənub qaz dəhlizi” layihəsi uğurla icra ediləcək və Azərbaycan bundan sonra uzun illər ərzində həm bölgə, həm də Avropa ölkələrini təbii qazla təmin edəcəkdir”.

Layihə dörd hissədən ibarətdir: “Şahdəniz” yatağı, Cənubi Qafqaz Qaz Kəməri, Transanadolu Qaz Boru Kəməri (TANAP) və Transadriatik Boru Kəməri (TAP). Layihənin hər bir mərhələsi üzrə işlər sürətlə həyata keçirilir. Hazırda “Şahdəniz” qaz yatağında “Şahdəniz-2” layihəsi 93 faiz icra olunub. Cənubi Qafqaz Qaz Kəmərində isə işlər 87 faiz səviyyəsində tamamlanıb. Layhənin özəyi olan TANAP qaz kəməri 77 faiz, TAP isə 44 faiz səviyyəsində icra edilib.

Göründüyü kimi, “Cənub qaz dəhlizi” layihəsinin hər bir komponenti üzrə işlər qrafikə uyğun davam edir. Bu enerji dəhlizinin işə düşməsi nəticəsində Azərbaycan Avropanın enerji təchizatının şaxələndirilməsində və yüksəldilməsində daha yaxından iştirak edəcək. Çünki bu dəhliz Azərbaycan qazını ilk dəfə Türkiyə, Yunanıstan və Albaniya ərazilərindən keçməklə, minlərlə kilometrlik məsafəni qət etməklə Avropanın mərkəzinə çatdıracaq, dünyanın enerji xəritəsinə ciddi dəyişiklik gətirəcək. Ən əsası isə bu layihənin tam gücü ilə işə düşməsi Azərbaycanın beynəlxalq imicinə müsbət təsiri ilə yanaşı, ölkəmizin gələcək inkişafına, siyasiiqtisadi maraqlarının daha dolğun şəkildə təmin edilməsinə mühüm töhfələr verəcək.

Bu layihənin reallaşması Avropanın enerji təhlükəsizliyinə həqiqətən yeni elementlər gətirəcək. Çünki “Cənub qaz dəhlizi” Avropa ölkələrinin enerji təminatında yeni imkanlar açaraq qaz tədarükü mənbələrini şaxələndirməyə, yeni alternativ marşrutlardan istifadəyə, yüz minlərlə adamı sərfəli enerji ilə təmin etməyə şərait yaradacaq, dəhliz boyunca yerləşən ölkələrdə yeni texnologiyaların, yerlərinin yaranmasına və investisiyaların artmasına gətirib çıxaracaq. Məhz buna görə həm Avropa İttifaqı, həm beynəlxalq maliyyə təşkilatları, o cümlədən Amerika Birləşmiş Ştatları bu layihəyə maraq göstərir, dəstəklərini ifadə edirlər.

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan.- 2017.-13 iyul.- S.1; 7.