“Azərbaycan” İslamiadanı ən yaxşı işıqlandıran qəzet elan edildi

 

Fotomüxbirlərimiz ən yaxşı şəkillərin müəllifləri kimi təltif olundular

 

Mayın 12-22-də Azərbaycan daha bir mötəbər idman tədbirinə - IV İslam Həmrəyliyi Oyunlarına uğurla evsahibliyi etdi. Yarış günlərində paytaxtımız müsəlman aləminin  idman mərkəzinə çevrildi. İslam dünyasının idman həyatı üçün əlamətdar olan “Bakı-2017” çox böyük uğurla yekunlaşdı. 54 ölkədən 3000-dən çox idmançının iştirak etdiyi yarışlarda Azərbaycan atletləri 75-i qızıl, 50-si gümüş, 37-si bürünc olmaqla 162 medal qazanaraq  birinci yeri tutdular.

İslamiada dünya və Azərbaycan mətbuatının da xüsusi diqqət mərkəzində idi. İslam aləminin ən möhtəşəm yarışını yüksək səviyyədə işıqlandıran KİV-dən biri də “Azərbaycan” qəzeti oldu. Yarışın başlamasına bir ay qalmış  xüsusi nömrələri ilə oxucuların diqqətini çəkən nəşr gündəlik xəbərləri, Oyunların Azərbaycan üçün vacibliyini, əhəmiyyətini əks etdirən məqalələrlə böyük maraq yaratdı.

Yarış günləri isə “Azərbaycan” idman qəzeti kimliyinə çevrildi. Hər gün çox səhifəlik materiallarla qeyri-adi, möhtəşəm dizaynda, müfəssəl məzmunlu yazılarla oxucuların görüşünə gəldi. Yarışların təşkil edildiyi arenalardan dolğun reportajlar, atletlərimizin  medal qazandıqları hər bir idman növü haqqında geniş, təhlili və mütəxəssis fikirlərinin yer aldığı yazılar oxucuların böyük marağına səbəb oldu.

“Azərbaycan” Milli Olimpiya Komitəsinin təşkil etdiyi “Zəfər Günləri”ndə də fəal iştirak etdi. Mükafatçılar, məşqçilər, idman ictimaiyyətinin nümayəndələri, idmançıların ailə üzvləri ilə görüşlərdən hazırlanan materiallar da böyük rəğbət qazandı. Bunu respublikamızın hər bir bölgəsindən redaksiyaya ünvanlanan məktublardan da aydın görmək olur. Elə bunların nəticəsidir ki, Milli Olimpiya Komitəsi “Azərbaycan” qəzetini İslamiadanı işıqlandıran ən yaxşı qəzet elan etdi.

Bu günlərdə isə Muzey Mərkəzində “IV İslam Həmrəyliyi Oyunları Azərbaycan fotoqraflarının gözü ilə” adlı fotosərginin açılış mərasimi keçirilib. 52 müəllifin 200-ə yaxın əsərinin nümayiş etdirildiyi tədbirdə çıxış edən Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ölkəmizdə yüksək səviyyədə keçirilən IV İslam Həmrəyliyi Oyunlarının ən maraqlı və yaddaqalan məqamlarının nümayiş etdirilməsi, eləcə də bu mötəbər idman nailiyyətinin geniş təbliği baxımından fotosərginin əhəmiyyətini xüsusi vurğulayıb. O, Azərbaycan idmanının inkişafına göstərilən yüksək diqqət və qayğıya, həmçinin İslamiadanın uğurlu təşkilinə görə dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə, Birinci vitse-prezident, IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Qeyd edib ki, Azərbaycan fotomüxbirləri isə obyektivin gözü ilə bu mötəbər tədbirin möhtəşəmliyini sənət əsərinə çeviriblər. Dünyanın 50-dən çox ölkəsindən 3 mindən çox idmançının qatıldığı bu mötəbər yarışın ən unudulmaz məqamlarını Azərbaycan fotomüxbirləri tarixin yaddaşına həkk ediblər. “Azərbaycan” qəzetinin əməkdaşları Fərman Bağırov və Ağaəli Məmmədov ən yaxşı fotoşəkillərin müəllifləri kimi təltif olunublar.

Qeyd edək ki, tədbir zamanı  fotomüxbirlərimizin 300-dək fotosu qəzet səhifələrində dərc edilmişdir.

 

Elçin CƏFƏROV,

 

Azərbaycan.- 2017.- 13 iyul.- S. 8.