Əsl dostluq nümunəsi

 

R.T.Ərdoğan: “Azərbaycanın, qardaşım İlham Əliyevin göstərdiyi dəstəyi, yardımı başqa heç bir dövlət Türkiyəyə etmədi”

 

Hələ 1915-ci ildə Çanaqqala savaşında Osmanlı türkləri ilə çiyin-çiyinə döyüşənlər azərbaycanlılar idi. Azərbaycanın müxtəlif yerlərindən təqribən üç min nəfər Osmanlı ordusu sıralarında vuruşurdu.

1918-ci ildə Azərbaycana köməyə gələn türk ordusu idi. Tarixin ən ağır zamanlarında birlikdə olmuş xalqlarımız bu gün də bir-birinə hərtərəfli siyasi, hərbi və iqtisadi kömək göstərir. Çünki dünyanın siyasi mənzərəsinin mürəkkəb və ziddiyyətli reallıqları türk dünyasının iki aparıcı dövlət qarşısında mühümtaleyüklü vəzifələr qoyur.

 

Türkiyə daim Azərbaycanın siyasi-iqtisadi dəstəyini hiss edir

 

Son illər bəzi müsəlman ölkələrində həyata keçirilən “inqilablar”, Qərbin hərbi-siyasi ssenariləri türk xalqlarının və dövlətlərinin daha sıx birlik nümayiş etdirmələrini zəruri edir. Azərbaycan ortaq mənəvi dəyərləri bölüşdüyü digər türk respublikaları, o cümlədən Türkiyə ilə əlaqələrində məhz bu prizmadan çıxış edir. Ölkəmiz daha dərin əlaqələrə malik olduğu Türkiyənin yanında olduğunu sözdə deyil, daim əməldə sübut edir. Hələ 1990-cı illərdə Azərbaycan neftinin ixracı ilə bağlı yeni kəmərin inşası ideyası yarananda bir neçə variant var idi. Amma ulu öndər Heydər Əliyev kəmərin Türkiyədən keçməsi variantını seçdi. Bu gün ölkəmizə qazanc gətirən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi neft-qaz kəmərləri həm də Türkiyə dövlətinə dividendlər verir. Azərbaycanın öz təşəbbüsü ilə icra olunan TANAP kəmərinin Türkiyə ərazisindən çəkilməsi ilə də qardaş ölkəni iqtisadi baxımdan dəstəkləyir. Türkiyə iqtisadiyyatına ən çox sərmayə yatıran ölkələrdən biri olan Azərbaycan həm də təbii qazı bu dövlətə bazar qiymətlərindən ucuz satır.

Azərbaycan beynəlxalq siyasi müstəvidə də Türkiyəyə yaxından dəstək verir. Məsələn, bir neçə il bundan əvvəl Fransa Senatında qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun qəbul olunanda buna ilk etiraz edən Azərbaycan idi. 2014-cü ildə isə Praqada dövlət və hökumət başçılarının iştirakı ilə “Şərq tərəfdaşlığı” Proqramının 5 illiyinə həsr olunmuş sammitdə S.Sarkisyan Türkiyənin təmsil olunmamasından istifadə edərək bu ölkəni qondarma “soyqırımı” ilə bağlı konstruktiv mövqe tutmamaqda, Ermənistanla sərhədlərini açmamaqda ittiham etmişdi. Lakin Azərbaycan Prezidenti İlham Əliyev erməni prezidentinin cavabını layiqincə verərək onu öz yerində oturtmuşdu.

Ötən ilin əvvəllərində isə Türkiyədə terror aktları səbəbindən Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasında iştirak etməsi üçün ölkəmizə səfərləri baş tutmamışdı. O zaman Prezident İlham Əliyev bir daha qardaşlıq və dostluq nümunəsini ortaya qoyaraq özü Ankaraya səfər etdi.

 

15 iyul hadisələrində də Azərbaycan Türkiyənin yanında idi

 

Ötən il iyulun 15-də Türkiyədə baş verən dövlət çevrilişi cəhdi zamanı və ondan sonrakı gərgin günlərdə Türkiyə dövləti, xalqı və siyasi hakimiyyəti Azərbaycandan əsl qardaşlıq və dostluq gördü. Qardaş ölkədə hakimiyyət dəyişikliyinə edilmiş cəhd Azərbaycan ictimaiyyəti tərəfindən böyük narahatlıqla qarşılandı. Bu hadisəyə də ilk reaksiya verən və öz dəstəyini təklif edən dövlət başçısı isə Prezident İlham Əliyev idi.

Türkiyədə baş verən hərbi qiyamdan dərin narahatlıq keçirən Prezident İlham Əliyev hadisəni birmənalı şəkildə dövlət çevrilişi cəhdi kimi qiymətləndirərək onu Türkiyə xalqının milli maraqlarına, ölkənin demokratik əsaslarına və hüququn aliliyinə qəsd kimi dəyərləndirmişdi. Dövlət başçısı Türkiyə vətəndaşlarının demokratik yolla seçdiyi hakimiyyəti hərtərəfli dəstəklədiyini bəyan etmiş, bununla bağlı ölkənin müvafiq orqanlarına lazımi tapşırıqlar vermişdi.

Həmin vaxt Prezident Rəcəb Tayyib Ərdoğana zəng edən Prezident İlham Əliyev bir daha Türkiyədə hərbi çevriliş cəhdini qətiyyətlə pisləyərək bildirmişdi ki, Azərbaycan xalqı və dövləti həmişə olduğu kimi Türkiyə xalqının və dövlətinin yanındadır. Dövlət başçısı çevriliş cəhdinin qarşısının alınması nəticəsində həlak olanların ailə üzvlərinə və Türkiyə Prezidentinə başsağlığı vermiş, yaralılara şəfa arzulamışdı. Qeyd etmişdi ki, Türkiyəni bundan sonra da heç bir qüvvə inkişafdemokratiya yolundan döndərə bilməz.

O günlərdə Azərbaycan ictimaiyyəti də Türkiyə dövlətinə və onun qanuni əsaslarla seçilmiş rəhbərliyinə dəstək nümayiş etdirdi. Çünki Azərbaycan xalqı bu kimi antikonstitusion halları keçmişdə yaşayıb və ona görə də hakimiyyətin zorla dəyişdirilməsi ilə bağlı istənilən cəhdi yolverilməz hesab edir. Həm də istənilən bu kimi hal nəinki ölkəni inkişafdan, demokratik dəyərlərdən uzaq salır, həm də dövlətçiliyin əsaslarına ciddi zərbə vurur.

Həmin vaxt Türkiyə Prezidenti R.T.Ərdoğan da Azərbaycanın dəstəyinə biganə qalmamış, Prezident İlham Əliyevin və xalqımızın göstərdiyi qardaşlıq mövqeyini yüksək qiymətləndirmişdi.

Xatırladaq ki, dövlət çevrilişinə cəhd zamanı 250 nəfər həyatını itirmiş, 2 mindən artıq insan yaralanmışdı. Həmin hadisələrdən sonra Türkiyədə fətullahçı terror qruplaşması ilə əlaqəli olan 100 mindən artıq adam saxlanılıb, 45 min nəfər isə həbs edilib.

Azərbaycan da bu işdə Türkiyəyə yardım edib. Ölkəmizdə ABŞ-da yaşayan Fətullah Gülənin “xidmət” hərəkatına yaxın olan təhsil müəssisələrinin hamısı qapadılıb. Bütövlükdə hərbi qiyamdan sonra Türkiyəyə ən çox dəstək verən ölkə Azərbaycan olub.

Azərbaycan həm yaxşı, həm pis günlərində Türkiyə ilə birlikdə olduğunu daim nümayiş etdirib. Eləcə də ötən ilin 15 iyul hərbi qiyamından sonra Azərbaycan öz addımları ilə bir daha əsl qardaş, etibarlı dost və səmimi tərəfdaş olduğunu əyani şəkildə təsdiq etdi.

Dünən Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarına ünvanladığı məktubunda xalqın iradəsinə heç kimin qalib gələ bilməyəcəyini və dövlətçiliyə qarşı yönəlmiş istənilən cəhdin iflasa məhkum olduğunu bəyan etdi. Prezidentin məktubunda deyilir: “Hadisə haqqında xəbər tutan kimi mən dərhal Türkiyənin legitim hakimiyyətinə öz dəstəyimi ifadə edərək, ölkənin Konstitusiya quruluşuna qəsd edən Vətən xainlərini birmənalı şəkildə pislədim və bununla bağlı Azərbaycanın hökumət üzvlərinə müvafiq tapşırıqlarımı verdim.

Əminəm ki, dövlətçiliyi, demokratik dəyərləri və Sizin rəhbərliyinizlə cəmiyyət həyatının bütün sahələrində əldə olunmuş uğurları yaşatmaq üçün sarsılmaz iradə nümayiş etdirən vətəndaşların rəşadəti və şəhidlərin unudulmaz xatirəsi hamımızın qəlbində daim yaşayacaqdır. Sizin liderliyiniz, türk xalqının həmrəyliyi və qətiyyəti sayəsində xain niyyətlərin qarşısına keçilməz sipər çəkildi, Türkiyə dövləti böyük təhlükələrdən xilas oldu”.

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan.- 2017.- 15 iyul.- S.6.