Dövlətin qüdrəti, millətin gücü
- Azərbaycan Ordusu
Hərbi sahədə əməkdaşlığını
genişləndirən ölkəmiz həm də Silahlı
Qüvvələrin arsenalını ən modern
silah və texnika ilə
zənginləşdirir
Bu gün Azərbaycan Silahlı Qüvvələri dövlətimizin qüdrətinin nümunəsi, xalqın iftixar yeridir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin modernləşdirilməsi, maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində çox mühüm işlər görülür. Bununla yanaşı, ordumuz yeni texniki imkanlar əldə etməklə həm də müasir, dünyada təcrübədən çıxmış müharibə və döyüş taktikalarını da mənimsəyir.
Bunun nəticəsidir ki, Azərbaycan Cənubi Qafqazda ən güclü orduya malik ölkə statusunu daşıyır. Cənubi Qafqazda qüdrətli ordunun Azərbaycana məxsus olması həm region, həm də dünya dövlətləri tərəfindən etiraf olunur. Respublikamız Silahlı Qüvvələrin istər yüksək mənəvi-psixoloji hazırlığı, döyüş ruhu, nizam-intizamı, istərsə də maddi-texniki təminatı baxımından nümunəvi dövlət olaraq qəbul edilir. İşğal edilmiş ərazilərimizi qısa zaman ərzində tam azad etmək gücündə olan ordumuzun qüdrəti təcavüzkar Ermənistanın özündə də açıq etiraf olunmaqdadır.
Ölkəmizdə ordu quruculuğu ilə yanaşı, müdafiə sənayesinin inkişafı da diqqət mərkəzindədir. Azərbaycanda 30-a yaxın hərbi zavod fəaliyyət göstərir və Silahlı Qüvvələrin tələbatı böyük dərəcədə ölkəmizdə istehsal edilən hərbi məhsullarla təmin olunur. Dünyanın inkişaf etmiş aparıcı şirkətlərindən alınan ən müasir texnologiya və avadanlıqlarla təchiz olunan 58 adda istehsal sahəsi yaradılıb. Demək olar ki, bu gün Azərbaycan bu istiqamət üzrə də dünya miqyasında öz layiqli yerini tuta bilib. Azərbaycanın hərbi sənaye kompleksinin real istehsal gücü ordunu silah-sursat, hərbi texnika və digər vasitələrlə təmin etməklə yanaşı, xarici bazarlara da məhsul ixrac etməsinə şərait yaradıb. Hərbi sənayemizin inkişafı ordumuzun silah arsenalının yerli istehsal olan müasir silahlarla və digər hərbi təyinatlı məhsullarla gücləndirilməsinə imkan verir.
Ölkəmizdə hazırlanan və digər dövlətlərdən əməkdaşlıq sayəsində alınan yüksək dağıdıcı gücə, dəqiqliyə malik döyüş vasitələri və sursatları qoşunlarımızın düşmən üzərində üstünlüyünü tam təmin edir.
Azərbaycanda Silahlı Qüvvələrin modernləşdirilməsi ilə yanaşı, həm də son illərdə yerli istehsal hesabına hərbi birləşmələrin müxtəlif hərbi ləvazimatlara və döyüş sursatlarına olan ehtiyacını ödəməsi ölkəmizin Ermənistan qarşısında gücünü daha da artırır.
Bütün bunlarla yanaşı, Azərbaycan beynəlxalq təşkilatlarla, xarici dövlətlərlə hərbi sahədə ikitərəfli və çoxtərəfli əməkdaşlıq edir. 2016-cı ildə 7 ölkə ilə analoji müqavilə sənədləri imzalanıb. Hazırda 21 ölkə ilə müqavilə sənədlərinin imzalanması müzakirə edilir. Türkiyə, ABŞ, Almaniya, Böyük Britaniya, İtaliya, Pakistan, Çin, Rusiya, Ukrayna, Belarus, Moldova, Polşa, Rumıniya, Bolqarıstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Estoniya, Gürcüstan, Özbəkistan, Tacikistan, İordaniya, Bəhreyn, Fransa, Çexiya, Sloveniya, Serbiya, Koreya Respublikası və s. ilə ikitərəfli əsasda hərbi əməkdaşlıq həyata keçirilir. Azərbaycan dünyanın 34 ölkəsi ilə hərbi əlaqələrin normativ-hüquqi bazasını təşkil edən saziş və memorandumlar imzalayıb.
İyulun 9-da İstanbulda Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşdə bu məsələ bir daha gündəmə gətirilib. Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayan dövlət başçıları siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu bildiriblər. Azərbaycan və Türkiyə prezidentləri iki qardaş ölkənin hərbi sahədə əməkdaşlığının daha da genişləndirilməsini və möhkəmləndirilməsini vacib hesab ediblər.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlərin də müzakirə olunduğu görüşdə Prezident İlham Əliyev son vaxtlar təmas xəttində Ermənistanın təxribatları və hərbi cinayətləri barədə Türkiyə Prezidentinə ətraflı məlumat verib. Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin həmişə olduğu kimi, münaqişənin beynəlxalq hüquq normaları, Azərbaycanın ərazi bütövlüyü prinsipləri əsasında həllinə dəstək verdiyini vurğulayıb. Dövlət başçıları vurğulayıblar ki, Türkiyə və Azərbaycan bütün məsələlərlə bağlı bir-birinin yanındadırlar.
Hərbi tərəfdaşlarının sayını gündən-günə artıran Azərbaycan həm də istənilən ölkədən ən müasir hərbi texnika, silah-sursat alaraq öz müdafiə gücünü artırır. Hərbi xərclərin artması ordumuzun zirehli texnikasının, aviasiya vasitələrinin və digər hərbi təyinatlı məhsulların daim yenilənməsinə və təkmilləşdirilməsinə şərait yaradıb. Elmin son nailiyyətləri nəzərə alınmaqla və yeni texnoloji elementlərin tətbiqi ilə dünyanın aparıcı silah istehsalçıları tərəfindən hazırlanan yüksək dəqiqliyə və dağıdıcı qüvvəyə malik döyüş texnikasının, silah-sursatın və digər hərbi vasitələrin Silahlı Qüvvələrimizin təchizatına daxil edilməsi davam edir.
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasındakı hökumətlərarası razılaşmaya əsasən və uğurla inkişaf edən hərbi-texniki əməkdaşlıq çərçivəsində ölkəmizə ən yeni hərbi texnikanın plana uyğun çatdırılması isə bunun əyani sübutudur.
İyunun 24-də və iyulun 10-da Rusiyadan Bakı limanına gətirilən çoxlu sayda müasir döyüş texnikası, silah, sursat, artilleriya və raket sistemləri üçün mərmilər, raketlər və digər hərbi-texniki əmlak cəbhəboyu zonaya göndərilir. Bu silahlar düşmənin zirehli texnikası, mühəndis-istehkam qurğuları, kiçiksürətli hava hədəfləri, canlı qüvvəsi və digər hərbi obyektlərinin vurulması üzrə Silahlı Qüvvələrimizin ön xətt bölmələrinin döyüş və manevr imkanlarını artıracaq. Azərbaycan Silahlı Qüvvələrinin arsenalındakı ən müasir, dağıdıcı qüvvəyə malik döyüş texnikası Ermənistanın istənilən təhdidinin qarşısını almağa, onu məhv edərək ərazi bütövlüyümüzü bərpa etməyə qadirdir. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Rusiya hərbi texnikasının və silahlarının Azərbaycana gətirilməsi davam edəcək.
İyulun 12-də Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev bu məsələyə toxunaraq vurğulayıb ki, Azərbaycan dövləti həmişə olduğu kimi, bu il də Silahlı Qüvvələrinin hərbi potensialının gücləndirilməsinə böyük diqqət göstərib: “Yeni silahlar, ən müasir texnika alınır. Özü də biz texnikanı, silahları, ən müasir avadanlığı müxtəlif ölkələrdən alırıq və onların bir hissəsi artıq gəlir, bir hissəsi isə gələcəkdir. Bu, bizim hərbi potensialımızı daha da artıracaq. Bu günün özündə biz işğal edilmiş torpaqlarda istənilən hədəfi məhv edə bilərik. Amma biz öz hərbi potensialımızı daha da gücləndirməliyik. Buna ehtiyac var və buna bizim imkanlarımız çatır. Yoxsul Ermənistandan fərqli olaraq, biz bütün hərbi texnikanı öz hesabımıza alırıq və Azərbaycanda da bu texnikanı istehsal edirik. Bu il Azərbaycanda iki yeni hərbi zavod fəaliyyətə başlamışdır. Bu gün Azərbaycan həm özünü böyük dərəcədə silah-sursatlarla təmin edir, eyni zamanda, xarici ölkələrə də ixrac edir”.
Həyata keçirilən uğurlu proseslər, eləcə də müasir texnologiyaların tətbiqi ilə qoşunlarda yaradılan avtomatlaşdırılmış komanda idarəetmə məntəqələri Silahlı Qüvvələrin bütün qoşun növlərinin dayanıqlı, operativ, gizli və fasiləsiz idarə olunmasına imkan yaradıb. Hərbi hissələrin, əsasən də cəbhə xəttindəki bölmələrin yeni növ silah, döyüş texnikası və digər hərbi vasitələrlə təchiz edilməsi, raket və artilleriya qoşunlarının arsenalında olan müasir raket kompleksləri və atəşi idarəetmə sistemləri qoşunların döyüş qabiliyyətini xeyli yüksəldərək düşmənin canlı qüvvəsini, döyüş texnikasını və hərbi infrastrukturunu məhv etmək imkanlarını genişləndirib.
Bütün bunlar bir daha təsdiq edir ki, Ali Baş Komandan İlham Əliyevin yüksək diqqət və qayğısı nəticəsində döyüş qabiliyyəti, mənəvi-psixoloji hazırlığı yüksələn, təminat və təchizatı xeyli təkmilləşən Azərbaycan Ordusu dövlətin və xalqın etimadını doğruldaraq, qarşıda duran ən əsas vəzifəni - torpaqlarımızı düşməndən azad etməyə və ərazi bütövlüyümüzü təmin etməyə qadirdir.
Rəşad
BAXŞƏLİYEV
Azərbaycan.-
2017.-16 iyul.- S.1; 6.