Bakı gözəl parklar şəhəridir
İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev paytaxtın Yasamal rayonunun Mətbuat prospektində yeni salınan parkda yaradılan şəraitlə tanış olub.
AZƏRTAC xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov parkda görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, antisanitariya mənbəyinə çevrilən ərazi tam təmizlənərək müasir layihə əsasında yüksək səviyyədə abadlaşdırılıb. Burada çoxillik ağaclar əkilib, yaşıllıqlar salınıb. Parkda müasir standartlara uyğun işıqlandırma sistemi quraşdırılıb. Ətrafdakı yaşayış binaları ilə əlaqə qurulması, eləcə də insanların buraya rahat gediş-gəlişini təmin etmək üçün parkın yuxarı hissəsində yeni pilləkənlər tikilib və əlil arabaları üçün xüsusi yol salınıb. Əhalinin mədəni istirahətini təmin etmək məqsədilə çoxlu sayda oturacaq və parkın ərazisinin bir hissəsində idman qurğuları quraşdırılıb. Bundan əlavə, avtonəqliyyat vasitəsilə istirahət parkına gələn əhalinin rahatlığı üçün yeni parklanma sahəsi yaradılıb. Beləliklə, yeni parkın salınması ərazinin simasını tamamilə dəyişib və paytaxt sakinlərinin istirahəti üçün müasir tələblərə cavab verən daha bir istirahət guşəsi yaradılıb.
Xatırladaq ki, bundan əvvəl parkın yerləşdiyi ərazidə “Böyük Plaza” yaşayış və ticarət mərkəzinin inşası aparılırdı. Lakin tikintini həyata keçirən şirkət qanunları pozaraq ərazidəki 54 ağacı və yaşıllıqları tamamilə məhv etmişdi. Bu məsələyə Prezident İlham Əliyev dərhal və kəskin reaksiya verdi. Dövlətimizin başçısının göstərişi ilə “Ovçular evi” ərazisində inşa olunan həmin binanın tikintisi dayandırıldı, məsələ nəzarətə götürülərək araşdırılmağa başlandı. Əraziyə baxış keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacların məhv edilməsi barədə akt tərtib edərək tikintini həyata keçirən şirkəti 130 min manat məbləğində cərimələdi və fakt üzə cinayət işi açıldı.
Prezident İlham Əliyev ağacların qanunsuz kəsilməsinin yolverilməz olduğunu dəfələrlə bildirib. Bu cür hallara qarşı daim ciddi tədbirlərin görülməsini, buna yol verən şəxslərin məsuliyyətə cəlb edilməsini tapşırıb. Azərbaycanı yaşıl diyara çevirməyi, paytaxtda və bölgələrdə ekoloji tarazlığı qorumağı daim diqqətdə saxlayan dövlətimizin başçısının bu sahəyə göstərdiyi qayğının nəticəsidir ki, 2010-cu il ölkəmizdə “Ekologiya İli” elan edilib. Bu sahədə vəziyyətin daim nəzarətdə saxlanması istiqamətində Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar, dövlət proqramları xüsusi rol oynayıb. Odur ki, Yasamal rayonunun “Ovçular evi” adlanan ərazisində yaşayış binasının tikintisi zamanı ağacların qanunsuz kəsilməsi və yaşıllıqların tamamilə məhv edilməsi faktına dövlətimizin başçısının dərhal və kəskin reaksiyası bir daha təsdiqlədi ki, ətraf mühitin mühafizəsi və ekoloji durumun yaxşılaşdırılması Prezident İlham Əliyevin hər zaman diqqətindədir. Dövlətimizin başçısının tapşırıqlarına əsasən ərazidə salınan yeni park bunu bir daha təsdiq edir.
Parkla tanışlıqdan sonra Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin professor və müəllim heyəti üçün tikilən binanın və ətrafdakı evlərin sakinləri ilə görüşdü.
Prezident İlham ƏLİYEV dedi:
-Bu gün şəhərimizdə yeni park açılır. Bu, gözəl hadisədir və burada yaşayan insanlar üçün gözəl hədiyyədir. Son illər ərzində Bakı şəhərində bir çox parklar, ictimai yerlər, istirahət guşələri yaradılmışdır. İndi Bakı parklar, bağlar şəhəridir. Həm şəhərin mərkəzində, həm də digər ərazilərdə yeni ictimai yerlər yaradılır.
Bu parkın
da xüsusi tarixçəsi var. Bu ərazidə
heç vaxt park olmamışdır. Bu ərazidə
bir çox hündürmərtəbəli binanın tikintisi nəzərdə tutulurdu.
Əfsuslar olsun ki, bu işləri görən insanlar buradakı ağacları da kəsmişdilər.
Mən bütün dövlət məmurlarına, özəl
qurumlara dəfələrlə
xəbərdarlıq etmişəm
ki, ağaclar kəsilməməlidir, ağacları
kəsmək olmaz.
Ancaq bir şərtlə ki, Ekologiya və Təbii Sərvətlər
Nazirliyi rəy versin və əgər hansısa dövlət əhəmiyyətli
bir layihə üçün ağaclar
götürülməlidirsə, onların yeri dəyişdirilməli və
yeni ağaclar əkilməlidir. Ona görə
mən bu məsələdən xəbər
tutan kimi dərhal göstəriş
verdim, şəhər
icra hakimiyyətinin başçısını buraya
göndərdim və
nəticədə belə
gözəl bir ictimai yer yaradılıb.
Yeni park bu binalarda yaşayan
vətəndaşlar üçün
istirahət yeridir.
Əlbəttə ki, burada hündürmərtəbəli böyük binalar tikilsəydi, bu, ətrafda yaşayan insanlar üçün də problem yaradardı.
Ona görə şəhərimizin bu ərazisində yeni park salınıb və hesab edirəm ki, bu, çox əlamətdar
hadisədir. Bir daha demək istəyirəm, bu parkın xüsusi tarixçəsi vardır
və bütün qurumlara da, şirkətlərə
də, iş adamlarına da dərs olacaq ki, ağacı kəsirsənsə cəzan
cərimə ilə bitməyəcək.
Qaldı ki, şəhərimizin abadlaşmasına, görülən
bütün işlər
göz qabağındadır. Mən bir
daha qeyd etmək istəyirəm ki, indi Bakı
gözəl parklar şəhərinə çevrilibdir.
Bizim mövcud parklarımızın
demək olar ki, hamısı son illər ərzində əsaslı şəkildə
bərpa edilib, yeni istirahət zonaları yaradılıb.
Bizim ən böyük parkımız dənizkənarı
bulvardır, onun uzunluğu 3 kilometrdən
16 kilometrə çatdırılıb.
Burada indi idman, incəsənət
şəhərcikləri, ictimai
yerlər yaradılıb.
Diqqətçəkən digər layihələr
arasında Heydər Əliyev Sarayının arxasındakı yeri də qeyd edərdim.
Orada gözəl park yaradılıb.
Dövlət Dram Teatrının arxasında yeni park salınır. “Sovetski” adlanan ərazidə həm yol infrastrukturu, həm ictimai yerlər, gözəl yaşıllıqlar salınacaqdır.
İndi işlər o qədər
sürətlə gedir
ki, bəzən əvvəlki görüntülər
yaddan çıxır.
Misal üçün, siz yaxşı xatırlayırsınız
ki, aeroportun ətrafında yarmarka var idi. Bu səliqəsiz antisanitariya mərkəzinin
mənzərəsi hamımızı
incidirdi. O yarmarka
başqa əraziyə
köçürülüb, yerində meşəlik salınıb. İndi o yerdən keçəndə
bəziləri unudur ki, burada əvvəllər
mənzərə necə
idi.
Böyükşor gölünün bir hissəsi təmizlənib,
onun ətrafı abadlaşdırılıb, 1 kilometr
uzunluğunda yeni bulvar salınıb. Bibiheybət ərazisində
indi gözəl park salınır. Yəni, görülən
bütün bu işlər bir daha onu göstərir
ki, vətəndaşların
rahat istirahəti üçün şəhərimizdə
çox böyük tədbirlər görülür.
Yeni parkların salınması
baxımından hesab edirəm ki, Bakı şəhəri bu gün dünyada
birinci yerdədir.
Bunu siz də yaxşı
bilirsiniz, şəhərimizin
digər vətəndaşları
da görürlər,
əgər harada söküntü gedirsə,
o yerdə mütləq
ictimai guşələr,
parklar yaradılır,
yeni geniş yollar salınır ki, tıxaclar azalsın. Növbəti
böyük park Yusif Səfərov küçəsində
salınır, ümid
edirəm ki, yaxın aylarda istifadəyə veriləcək.
Onun yanında olan park artıq fəaliyyətdədir,
Heydər Əliyev Mərkəzinin ətrafında
böyük park indi xidmət göstərir, gənclər, uşaqlar hər həftə orada müxtəlif tədbirlər keçirirlər.
Bakı Konqres Mərkəzinin ətrafında yeni park salınıb. Keçmiş
Səttarxan adına
zavodun ərazisi olan bu yer
ekoloji fəlakət zonası idi. Balaxanı zibilxanası təmizləndi,
orada abadlıq işləri aparıldı,
şəhərimizin vətəndaşlarına
problem yaradan tüstünün
qarşısı alındı.
Ona görə mən bu sahəyə xüsusi diqqət yetirirəm. Çünki istəyirəm ki, Bakı daha da gözəlləşsin
və şəhərimizin
ekoloji vəziyyəti
daha da yaxşılaşsın.
Biz artıq buna nail ola bilmişik.
Havanın, suyun keyfiyyəti
yaxşılaşıb. Bu, insan sağlamlığı
üçün əsas
amillərdir.
Bilirəm ki, bu binalarda
ziyalılar, alimlər
yaşayır. Sizin üçün burada gözəl park salınıb ki, ailə üzvlərinizlə
birlikdə istirahət
edəsiniz. Bu münasibətlə sizi -
burada yaşayan vətəndaşları təbrik
edirəm.
***
Göstərdiyi diqqət
və qayğıya görə Prezident İlham Əliyevə sakinlər adından minnətdarlığını bildirən Bakı Dövlət Universitetinin professoru Cahangir
MƏMMƏDLİ dedi:
-Cənab Prezident, bu gün
burada Sizinlə görüşmək bizdə
qürur hissi doğurur. Bakı Dövlət Universitetinin
22 min nəfərlik kollektivi
Sizi alqışlayır.
Bu gün çox
rəmzi bir gündür - Ulu Öndərimizin hakimiyyətə
gəldiyi günün
səhərisidir, özü
də səhər çağıdır.
Mən o günü çox gözəl xatırlayıram. Ulu Öndərimiz
hakimiyyətə gəldiyi
ildə Bakı Dövlət Universitetinin heç vaxt qeyd olunmayan yubileyini - 50 illik yubileyini keçirdi.
Sonrakı illərdə də
universitetə çox
böyük məhəbbətlə
yanaşdı. O, mükəmməl
idarəçilik məktəbi
yaratdı. Allaha çox şükür
ki, bu gün
bu məktəb etibarlı əldədir.
Biz bununla qürur
duyuruq.
İndi siz Bakıdan danışdınız. Amma biz bu
gün Azərbaycandan
danışa bilərik.
Mən ömrüm boyu Parisin tağlı giriş qapısına həsəd aparmışam.
İndi
biz misal üçün
Qubaya daxil olarkən görürük
ki, Parisin tağlı qapısından
da qəşəng bir giriş qapısı düzəldilib.
Bütün rayonlarımızda belədir.
Ulu Öndərimizin universitetin
50 illik yubileyində söylədiyi qiymətli
fikirlər həmişə
yadımızdadır. Deyib ki,
mən fəxr edirəm ki, Bakı Dövlət Universitetinin məzunuyam.
Sonra qeyd edib ki,
Bakı Dövlət Universiteti Azərbaycan xalqının milli sərvətidir. Biz müəllimlər
də Bakı Dövlət Universitetini bitirməyi ilə fəxr edən Ulu Öndərimizin adına layiq
işləməyə çalışırıq.
Cənab Prezident,
Siz də Bakı Dövlət Universitetinə Azərbaycan
xalqının milli sərvəti kimi yanaşırsınız. Yadımızdadır,
universitetin 90 illik yubileyi yaxınlaşanda Siz bizim ali məktəbə gəlmişdiniz. O vaxt universitet üçün
10 mərtəbəli yeni
tədris korpusu tikilirdi. Ancaq binanın inşası
ləngiyirdi. Siz ertəsi
gün Sərəncam
verdiniz, vəsait ayırdınız və
o bina tezliklə tikilib istifadəyə verildi. İndi o gözəl bina
universitetimizin loqosudur.
O binaya daxil olanda, dəhlizlərdən
keçəndə, auditoriyalara
girəndə həmişə
Siz yadımıza düşürsünüz. Allah
Sizi qorusun.
Bu binalar
universitetimizdə çalışan
müəllimlər üçün
Bakıda ən ucuz qiymətə tikilmiş kooperativ evlərdir. Kvadratmetri 260 manata inşa
olunub. Mənzillər
ona görə ucuz başa gəlib ki, Sizin tapşırığınızla
torpaq sahəsi üçün rüsum tutulmayıb. Sizə təşəkkür edirik. Biz Sizi
çox istəyirik.
Azərbaycan məhz Sizin rəhbərliyinizlə
bu cür inkişafa nail olub. Tanrı Sizi qorusun!
Prezident İlham
ƏLİYEV: Çox sağ olun. Sizə təşəkkür edirəm.
Sonda
xatirə şəkli çəkdirildi.
Azərbaycan.-
2017.-16 iyul.- S.1; 2.