Heydər məscidində vəhdət namazı: Azərbaycan 15 iyul şəhidlərinin xatirəsini ehtiramla anır

 

Bakıdakı Heydər məscidində qılınan vəhdət namazı Türkiyə-Azərbaycan qardaşlığının sarsılmazlığını bir daha nümayiş etdirdi

 

Ötən il iyulun 15-də Türkiyədə yaşanan qanlı hadisələr, öz dövlətçiliyini fədakarlıqla qoruyan türk xalqının mətinliyi Azərbaycanda əsil qəhrəmanlıq nümunəsi kimi qiymətləndirilir, həmin gecə şəhid olanların xatirəsi ehtiramla anılır. Bakıdakı Heydər məscidində qılınan vəhdət namazı qardaşlığımızın sarsılmazlığını, xalqlarımızın birlik və həmrəyliyini bir daha nümayiş etdirdi.

AZƏRTAC xəbər verir ki, iyulun 15-də Bakıdakı Heydər məscidində yüzlərlə dindarın iştirakı ilə vəhdət namazı qılınıb, Türkiyə dövlətçiliyi naminə canlarını fəda etmiş qəhrəman şəhidlərin ruhuna dualar, müqəddəs Qurani-Kərimdən ayələr oxunub.

 

Türkiyə dövlətinin və xalqının birliyi xəyanətkarların mənfur niyyətlərini puç etdi

 

Vəhdət namazından əvvəl çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə bildirib ki, bu gün Azərbaycanın bütün məscidlərində Türkiyədə 15 iyul hadisələri zamanı qəhrəmancasına həlak olmuş insanların xatirəsi ehtiramla yad olunur.

Türkiyədə bir il əvvəl baş vermiş hadisələrdən danışan Qafqaz Müsəlmanları İdarəsinin sədri deyib: “15 iyul gecəsi öz rəhbərinin çağırışı ilə səfərbər olan türk xalqı azan sədaları altında qırıcı təyyarə və tanklara üstün gəldi. Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla, xalq öz dövlətçiliyini müdafiə etməyi bacardı. İllərdir Türkiyə dövləti amansız terrorun hədəfindədir. Onilliklərlə öz fitnə təbliğatını hiyləgərcəsinə qura bilmiş FETÖ şəbəkəsi Türkiyə dövlətinə xaincəsinə zərbə vurmağa qalxdıqda türk xalqı bu məkrli hadisənin qarşısını qətiyyətlə almaq qüdrətini nümayiş etdirdi. Müqəddəs dəyər olan insan həyatına qəsd edən, Allaha xoş getməyən əməllər törədən, öz xalqına, dövlətçiliyinə xəyanət edənlərin mənfur niyyətləri Türkiyə dövlətinin və xalqının birliyi, qətiyyətli iradəsi qarşısında puç oldu”.

Allahşükür Paşazadə vurğulayıb ki, Azərbaycan xalqı və dövləti hər zaman Türkiyənin yanındadır. Bütün dünya da bunu bilməlidir ki, Türkiyə və Azərbaycan xalqları və dövlətləri, ələlxüsus möhtərəm dövlət başçılarımız İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın timsalında dostluq və qardaşlığımız, mənəvi birliyimiz sarsılmazdır.

 

15 iyul gecəsi müzəffər türk xalqının iradəsi qalib gəldi və onun bu tarixi zəfərin qürurunu yaşamağa haqqı var

 

Həmin gecə müzəffər türk xalqının iradəsinin qalib gəldiyini, onun bu tarixi zəfərin qürur və şərəfini yaşamağa haqqı olduğunu qeyd edən şeyxülislam deyib: “Uca Allahın yardımı və öz lideri ilə həmrəy olan türk xalqının iradəsi sayəsində Türk dövlətçiliyi böyük bir sınaqdan alnıaçıq çıxdı, daha da gücləndi. Bu böyük zəfər həm də Türkiyə Cümhuriyyəti ilə əbədi və qırılmaz tellərlə bağlı olan Azərbaycanın qürurudur. Tarixin sınaqlarından keçmiş bu əlaqələr möhtərəm Prezidentlərimiz Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin qardaşlıq münasibətləri və aramsız səyləri sayəsində daha da inkişaf edir”.

QMİ sədri bildirib ki, Azərbaycan xalqı terrordan əziyyət çəkən xalq kimi, terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayır, 15 iyulda çoxsaylı şəhidlər vermiş qardaş türk xalqının kədərinə şərik çıxır.

Allahşükür Paşazadə 15 iyul hadisələrinin ildönümü ilə əlaqədar türk xalqına, şəhid olanların ailələrinə bir daha başsağlığı verib, qazilərə cansağlığı diləyib.

 

Çevriliş cəhdi zamanı Türkiyə prezidentinə ilk zəng edən ölkə başçılarından biri Azərbaycan Prezidenti İlham Əliyev olub

 

Tədbirin təşkilinə görə, Qafqaz Müsəlmanları İdarəsinə təşəkkür edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral qeyd edib ki, 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişi cəhdi zamanı konstitusiya quruluşunun müdafiəsinə qalxan 250 nəfər şəhid olub, 2000-dən çox insan isə yaralanıb. Çevriliş cəhdi zamanı Türkiyə prezidentinə ilk zəng edən ölkə başçılarından biri Azərbaycan Prezidenti İlham Əliyev olub. Balaca Zəhranın faciəli ölümü ilə bağlı Türkiyə dövlətinin başçısı da Azərbaycan Prezidentinə başsağlığı verib.

 

15 iyul şəhidləri Azərbaycanın, Qarabağda, Xocalıda, Alxanlıda şəhid olanlar Türkiyənin şəhidləridir

 

Türk xalqının böyük oğlu Atatürkün dediyi kimi, Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir, ulu öndər Heydər Əliyevin dediyi kimi, biz bir millət, iki dövlətik. Bugünkü vəhdət namazı bunu bir daha sübut etdi. 15 iyul hadisələri zamanı şəhid olanlar, həm də Azərbaycanın şəhidləridir, eyni zamanda, Qarabağda, Xocalıda, Alxanlıda şəhid olanlar Türkiyə şəhidləridir”,- deyə səfir Erkan Özoral vurğulayıb.

Sonra Türkiyədə 15 iyul hadisələri zamanı şəhid olan insanların xatirəsinə vəhdət namazı qılınıb.

 

Azərbaycan.- 2017.-16 iyul.- S.2.