Xalqları və
ölkələri bir-birinə yaxınlaşdıran dostluq
körpüsü
Mədəniyyət
günləri
İran İslam Respublikasında
uğurla yekunlaşan Azərbaycan mədəniyyəti
günləri iki ölkənin vətəndaşlarına əsl
bayram ovqatı yaşadıb. Bu tədbir ölkələrimiz
arasında mədəni əməkdaşlığın
inkişafında, turizm potensialının genişlənməsində,
ölkəmizin beynəlxalq aləmdə müsbət imicinin
təbliğində müstəsna əhəmiyyətə
malikdir. Tehranda, Məşhəddə, İsfahanda və
Ərdəbildə yüksək səviyyədə
keçirilən görüşlər, rəngarəng
proqramlarla bir-birini əvəz edən Azərbaycan mədəniyyəti
günləri öz zənginliyi və xoşagəlimliyi ilə
insanların qəlbində uzun zaman yaşayacaqdır.
İki ölkə arasında əsası
ulu öndər Heydər Əliyev tərəfindən qoyulan əməkdaşlıq
və dostluq əlaqələri son illər daha da geniş
vüsət alır. Təsadüfi deyil ki, ötən 4 il ərzində
Azərbaycan və İran prezidentləri 7 dəfə
görüşüblər, qarşılıqlı əlaqələrin
bütün sahələr üzrə genişlənməsini
müzakirə ediblər. Dövlətlər arasında 130-dan
çox əməkdaşlıq haqqında sənəd
imzalanıb. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu
uğurla davam etdirən Azərbaycan Prezidenti İran İslam
Respublikası ilə münasibətlərə xüsusi
önəm verir. Hər iki dövlətin
başçısı regionda sülhün və əmin-amanlığın
qorunub saxlanılması üçün çox ciddi səylər
göstərir. Bunun nəticəsidir ki, Azərbaycan və
İran beynəlxalq əhəmiyyətli layihələrdə
bölgə üzrə aparıcı dövlətlərə
çevriliblər. Əhalinin sosial həyat şəraitinin
yaxşılaşmasına birbaşa təsir göstərən
iqtisadiyyat, energetika, nəqliyyat, rabitə, tibb, mədəniyyət
və digər sahələrdə əməkdaşlıq
durmadan inkişaf etdirilir. Bu sırada qarşılıqlı
turizm əlaqələri də son illər genişlənib.
Müşahidələrdən məlum olur ki, müasir
dövrdə turizmin inkişafı bu dostluğun möhkəmlənməsi
üçün ən yaxşı vasitədir. Xəzər dənizi
ətrafında yaşayan xalqlar tarixən oxşar milli-mədəni
dəyərlərə malikdirlər. Ona görə də
iranlı vətəndaşların Azərbaycana rahat gəlib-getməsi
üçün mühüm addımlar atılıb. 2017-ci
ilin əvvəlindən Azərbaycan Respublikası Prezidentinin
tapşırığı ilə “ASAN Viza” sistemi tətbiq
edilib. Bu da iranlı turistlərin Azərbaycana səfərlərini
asanlaşdırıb. Artıq İranın istənilən
şəhərindən Azərbaycana səfər etmək istəyən
şəxsin Tehrana gedib konsulluğa müraciət etməsinə
ehtiyac yoxdur. Hər bir kəs internet vasitəsilə viza almaq
imkanına malikdir. Yaxın gələcəkdə Azərbaycanda
“ASAN Viza” sistemi daha da təkmilləşdiriləcək və
hər bir şəxsə 3 saat ərzində elektron viza verilməsi
təmin olunacaq. Artıq İranda və Azərbaycanda fəaliyyət
göstərən turist firmalarının birgə müəssisə
yaratmalarına və qarşılıqlı turist səfərləri
təşkil etmələrinə ehtiyacı var. Bu firmalar
turistlərin ziyarətgahlara, tarixi yerlərə, gəzməli-görməli,
istirahət etməli bölgələrə səfərlərini
təşkil edə bilərlər.
Beynəlxalq təşkilatlarda iki
dövlətin vahid mövqedən çıxış etməsi
də milli maraqlara uyğundur və səmərəlidir. Mənəvi
varisliyə əsaslanan bu təəssübkeşlik və
milli birlik eyni dinə, adət-ənənəyə malik hər
iki xalqın ruhunu oxşayır. İranın
kitabxanalarında qədim əlyazmalar var və bunların birgə
araşdırılması yeni tarixi faktların ortaya
çıxmasına səbəb olar. Keçirilən tədbirlərdən
göründüyü kimi, mədəniyyət sahəsində
də ölkələrimiz arasında sıx əlaqələr
mövcuddur. İndi Azərbaycanda istehsal olunan bir sıra filmlər
İran aktyorları və mütəxəssislərinin
iştirakı ilə hazırlanır. Mədəniyyət
günləri çərçivəsində Tehran,
İsfahan və Ərdəbil şəhərlərində
teatr tamaşaları, filmlər, konsert proqramları nümayiş
olunub, fotosərgilər açılıb. Tehrandakı
İran İncəsənət Akademiyasında ölkəmizin
tarixini və müasir dövrünü əks etdirən “Azərbaycan
dünən, bu gün, sabah” adlı fotosərgi
tamaşaçılarda böyük maraq doğurub.
Ekspozisiyada Azərbaycanın tarixi, mədəniyyəti,
müasir inkişafı, füsunkar təbiəti,
tolerantlıq mühiti, islam dəyərləri, azsaylı
xalqların məskunlaşdığı bölgələrimizdən
bəhs edən 250-dən çox foto nümayiş etdirilib. Təbriz
şəhərindən tanınmış ziyalı doktor
Əli Zadimani redaksiyamızla telefon əlaqəsi yaradaraq Azərbaycan
mədəniyyəti həftəsində keçirilən tədbirlərdən
məmnunluğunu bildirdi. Xüsusi vurğuladı ki, “Tehranda
İran İncəsənət Akademiyasında keçirilən
fotosərgi televizyonda da geniş nümayiş etdirildi. Sərgiyə
ailə üzvlərimiz də həvəslə tamaşa etdilər.
Aldığımız təəssüratdan bəlli oldu ki,
Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyev həm sovetlər dönəmində, həm də
müstəqillik illərində mədəniyyətin
inkişafına xüsusi diqqət ayırıb. Heydər
Əliyevin rəhbərliyi ilə Azərbaycanda dini və
tarixi abidələr bərpa edilərək xalqın istifadəsinə
verilib. Bu, bizi çox sevindirdi və xoşhal etdi...
Can bir qardaşlara daha böyük
uğurlar arzulayırıq”.
Ekspertlərin fikrincə, bu kimi mədəniyyət
günlərinin qarşılıqlı şəkildə
keçirilməsi xalqların bir-birini daha yaxından
tanımasına, dəyərli təmasların qurulmasına
imkan yaradır. O da məmnunluq doğuran faktdır ki, son illər
Novruz bayramında İran vətəndaşları Bakıya gələrək
bayramı Azərbaycanın paytaxtında qeyd edirlər. Bu il
bayram günlərində 65 mindən çox iranlı Azərbaycana
qonaq gəlib. Çünki xalqımızla eyni din və adət-ənənəyə
malik olan bu insanlar Bakıda özlərini daha rahat hiss edirlər.
Bu rahatlıq və yaxınlıq mədəni əlaqələrin
inkişafı üçün əlavə stimul yaradır. Hər
iki ölkənin dostluq əlaqələrinə rövnəq
verən bir faktı xatırlamaq yerinə düşər. Azərbaycanda
keçirilən muğam festivallarında, sərgilərdə
və beynəlxalq əhəmiyyətli simpoziumlarda,
konfranslarda İran həmişə dəvətli olur. Cari ilin
may ayında Bakıda keçirilən IV İslam Həmrəyliyi
Oyunlarında İran böyük nümayəndə heyəti
ilə iştirak edib. Bu ölkənin idmançıları
yarışlarda 100-ə yaxın medal qazanıblar. Həmin ərəfədə
İrana Bakının mərkəzində təqdimat
keçirmək üçün şərait
yaradılıb. Bu fürsətdən yararlanan İran
özünün mədəniyyəti, turizm potensialı,
iqtisadiyyatı və digər sahələrini təqdim edərək
geniş təbliğat işi aparıb. Ötən il
Bakıda İran filmləri həftəsi keçirilib.
İran istehsalı olan filmlər Azərbaycanın mədəniyyət
adamları arasında ciddi maraq doğurub.
Azərbaycan ilə İran ISESCO və
İslam Əməkdaşlıq təşkilatları çərçivəsində
də yaxından əməkdaşlıq edirlər. Dövlət
başçıları çalışırlar ki, İran
ilə Azərbaycanın mədəni əlaqələrini elə
yüksək səviyyəyə çatdırsınlar ki, gələcəkdə
hər iki ölkənin təmsilçiləri bundan istifadə
edərək xoş münasibətləri qoruyub saxlasınlar
və inkişaf etdirsinlər. Bu xoş missiyanın bəhrəsidir
ki, gələn il Azərbaycanda İran mədəniyyəti
günlərinin keçirilməsi nəzərdə tutulur. Tədbirlər
təkcə Bakıda deyil, Gəncə, Qəbələ,
Şəki və digər şəhərlərdə də
reallaşacaq.
Rəhman
SALMANLI,
Azərbaycan.-
2017.- 16 iyul.- S. 6.