Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla
çıxış ediblər
İyulun 17-də sənədlərin
imzalanması mərasimi başa çatdıqdan sonra Latviya
Respublikasının Prezidenti Raymonds Veyonis və Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanatlarla
çıxış ediblər.
Prezident Raymonds
Veyonisin bəyanatı
- Hörmətli cənab Prezident.
Xanımlar və cənablar.
Mən şərəf hissi
ilə Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevi bu gün burada, Riqada rəsmi səfəri
çərçivəsində qəbul edirəm. Azərbaycan
Latviyanın mühüm tərəfdaşıdır və
bizim ikitərəfli münasibətlərimiz çox sıx
dostluq əlaqələrinə əsaslanır.
Biz bu gün Birgə Bəyannamə
imzaladıq. Bu, Azərbaycan Respublikası ilə Latviya
Respublikası arasında strateji tərəfdaşlığın
yaradılması haqqında bəyannamədir və bu sənədin
bizim ikitərəfli münasibətlərimizin genişləndirilməsinə
müsbət təsiri olacaq. Əminəm
ki, bu gün imzalanan digər sənədlər – təhsil,
tikintiyə nəzarət və digər sahələrdə
olan razılaşmalar bizim ikitərəfli əlaqələrimizi
daha da gücləndirəcək.
Qeyd etmək istəyirəm ki, ikitərəfli
münasibətlər baxımından bu il
Latviya ilə Azərbaycan arasında çox fəal il olubdur
və biz bir çox addımları atmışıq ki, əməkdaşlığımız
daha da gücləndirilsin. Burada həm hökumətlərimiz,
həm də bələdiyyələr səviyyəsində əlaqələr
daha da genişlənib.
Bu gün Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri cənab İlham
Əliyevin rəsmi səfəri çərçivəsində
biznes forum da keçiriləcək. Həmçinin iyun
ayında bizim hökumətlərarası komissiyanın
iclası keçirilib. Mənə elə
gəlir ki, bunlar bizim həm iqtisadi, həm qarşılıqlı
ticari imkanlarımızı genişləndirəcək.
Beləliklə, bizim Azərbaycan ilə əməkdaşlığımız
nəqliyyat, xüsusən də beynəlxalq Şimal-Cənub
nəqliyyat dəhlizi baxımından daha sıx olacaq.
Əlbəttə, Latviya Azərbaycanı,
onun suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Dağlıq Qarabağ
münaqişəsi yalnız sülh və
danışıqlar yolu ilə həll oluna bilər və bu,
beynəlxalq hüququn norma və prinsiplərinə
əsaslanmalıdır.
Söhbətimiz zamanı
biz, həmçinin Azərbaycan ilə Avropa İttifaqı
arasındakı münasibətlərə toxunduq. Latviya bu iki tərəf
arasında – Avropa İttifaqı ilə Azərbaycan
arasında əlaqələrin gücləndirilməsinə hər
zaman öz dəstəyini verib - bu, müxtəlif formatlarda
olub. Həm Şərq tərəfdaşlığı
çərçivəsində, həm də digər çərçivələrdə.
Biz bilirik ki, bu ilin sonunda “Şərq tərəfdaşlığı”
proqramı ilə bağlı növbəti toplantı
keçiriləcək və bununla əlaqədar müxtəlif
çevik yollar tapılacaq ki, bizim məhz tərəfdaşımızla,
Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq
daha da genişləndirilsin. Bildiyiniz kimi, bu ilin
noyabrında bu məqsədlə sammit keçiriləcək
və bu, bizim qarşılıqlı əməkdaşlığımızın
uzunmüddətli perspektivlərini müəyyənləşdirəcək,
Azərbaycan ilə Avropa İttifaqı arasındakı əlaqələr
bütövlükdə müəyyən olunmuş daha konkret
formasını tapacaq. Azərbaycanın bu
istiqamətdə göstərdiyi səylər yüksək dəyərləndirilməlidir.
Mən səmimiyyətlə ümidvaram ki, bu
ilin noyabrında Estoniyada keçiriləcək tərəfdaşlıq
üzrə sammit çərçivəsində Azərbaycan
və Avropa İttifaqı ilə əməkdaşlıq edən
digər tərəfdaş ölkələr nəqliyyat və
iqtisadiyyat sahələrində daha böyük imkanlar əldə
edəcəklər.
Mən Azərbaycanın “Cənub
Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsində,
təbii qazın Avropa İttifaqındakı
istehlakçılara çatdırılmasında göstərdiyi
səyləri, apardığı işi yüksək dəyərləndirirəm. Zənnimcə,
biz daha sıx işləməliyik ki, bu istiqamətdə daha
böyük irəliləyiş əldə edə bilək.
Bizim əməkdaşlığımız
çoxtərəflidir. Biz Azərbaycanda insan
hüquqlarını müzakirə etdik, qanunun aliliyinə
toxunduq və qeyd etdik ki, bu sahələr hər hansı bir
ölkənin inkişafı üçün mühüm
amillərdir.
Mən, həmçinin qeyd
etmək istəyirəm ki, əslində ölkəmiz Avropa
İttifaqı ilə Azərbaycan arasında münasibətlərin
daha da inkişafına öz töhfəsini verməkdə
davam edəcək.
Yekunda bildirmək istəyirəm
ki, mən Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri
cənab İlham Əliyevin Latviyaya rəsmi səfərindən
çox məmnunam. Əminəm ki, bu səfər Latviya ilə
Azərbaycanın əlaqələrini, ikitərəfli
münasibətlərini daha da genişləndirəcək və
bizim dostluğumuz, tərəfdaşlığımız daha
da inkişaf edəcək. Mən,
sözün əsl mənasında, çox ümid edirəm
ki, biznes forum çərçivəsində biz, həmçinin
ölkələrimiz, işgüzar dairələrimiz
arasında yeni formatları, yeni imkanlarımızı müəyyən
edə biləcəyik.
Zati-aliləri,
çıxışımın sonunda bu səfərinizə
görə Sizə bir daha təşəkkürümü
bildirirəm, çox sağ olun.
***
Prezident İlham
Əliyevin bəyanatı
- Çox sağ
olun, cənab Prezident.
İlk növbədə, mənə
və nümayəndə heyətinə göstərdiyiniz
qonaqpərvərliyə görə Sizə minnətdaram. Yenidən
Latviyada olmağımdan çox məmnunam. Biz bu gün Sizinlə həm təkbətək
görüşdə, həm heyətlərin iştirakı
ilə keçirdiyimiz görüşdə Latviya-Azərbaycan
əlaqələrinin müxtəlif aspektlərini müzakirə
etdik. Bu müzakirələr çox
konstruktiv şəkildə aparılmışdır. Əminəm ki, səfərin nəticələri də
çox müsbət olacaq, Latviya-Azərbaycan əlaqələri
yeni pilləyə qalxacaq.
Siz də qeyd etdiyiniz kimi, bu
gün imzalanan sənədlər çox önəmlidir. Onların
içində xüsusilə Latviya ilə Azərbaycan
arasında strateji tərəfdaşlıq haqqında Birgə
Bəyannaməni qeyd etmək istərdim. Bu,
çox ciddi, sanballı sənəddir, demək olar ki, əlaqələrimizin
bütün sahələrini əhatə edir.
Siz də qeyd etdiniz ki, Azərbaycanın
ərazi bütövlüyü məsələləri Latviya
tərəfindən dəstəklənir, deyə bilərəm
ki, bütün dünya tərəfindən dəstəklənir. Bu bəyannamədə
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli ilə bağlı çox
önəmli məsələlər əksini tapıb. Qeyd olunur ki, bu məsələ BMT Təhlükəsizlik
Şurasının müvafiq qətnamələri, Azərbaycanın
ərazi bütövlüyü, suverenliyi, Azərbaycan sərhədlərinin
toxunulmazlığı çərçivəsində həllini
tapmalıdır. Bu, ədalətli
mövqedir, bu mövqeyə görə mən Sizə minnətdaram.
Biz bu gün, əlbəttə
ki, regional problemlərə də toxunduq, təhlükəsizlik
məsələləri müzakirə edildi. Biz indi strateji
tərəfdaşlar kimi, əlbəttə ki, bütün məsələləri
çox açıq, səmimi şəkildə müzakirə
edirik.
İqtisadi sahəyə
xüsusi diqqət göstərildi. Əlbəttə,
biznes forum çərçivəsində aparılacaq
diskussiyalar əminəm ki, yaxşı nəticələrə
gətirib çıxaracaq. Bizə verilən
məlumata görə, biznes forum çərçivəsində
artıq bir neçə biznes kontraktı da imzalanacaq. Beləliklə, bu, ölkələrimiz arasında o
qədər də yüksək səviyyədə olmayan ticarət
dövriyyəsinə müsbət təsir göstərəcək.
Bizim konkret təkliflərimiz
var ki, hansı məhsulları Latviyaya ixrac edə və
hansı məhsulları Latviyadan idxal edə bilərik. Bizim iqlim
şəraitimiz elədir ki, iqtisadiyyatlarımız bir-biri ilə
rəqabət aparmır. Odur ki, biz istehsal
etdiyimiz bir çox məhsulları Latviyaya ixrac edə bilərik
və əksinə. Ona görə,
qarşılıqlı ticarət əlaqələrinin
inkişafı üçün çox gözəl imkanlar
var. O cümlədən biz turizm sahəsində əməkdaşlığa
da toxunduq və belə qərara gəlirik ki, Riqa-Bakı reysləri
də müntəzəm olaraq həyata keçirilməlidir,
müvafiq göstərişlər verilmişdir.
Mən hökumətlərarası
birgə komissiyanın fəaliyyətini qeyd etmək istərdim. Komissiya
qısa müddət ərzində çox böyük
işlər görüb. Bu gün
çox mühüm sənədlər imzalanıb. Həm siyasi, həm iqtisadi və digər sahələrdə
əməkdaşlığın inkişafı istiqamətində
komissiyanın çox böyük rolu var. Komissiyanın gələcək
işinə uğurlar arzulamaq istərdim.
Əlbəttə ki, təhsil
sahəsində, humanitar sahədə əməkdaşlıq
böyük əhəmiyyət daşıyır. Verilən məlumata görə,
bu gün 150 Azərbaycan gənci Latviyanın ali
məktəblərində oxuyur. Mən istərdim
ki, onların sayı daha da çox olsun.
Nəqliyyat sahəsində
çox ümidverici əməkdaşlıq imkanları var.
Azərbaycan hazırda Şimal-Cənub nəqliyyat dəhlizinin
yaradılması ilə bağlı çox ciddi fəaliyyət
göstərir və bu məqsədlər üçün
çox böyük maliyyə vəsaiti ayırıb. Latviya bu dəhlizin
üzərində yerləşən ölkələrdən
biri kimi, əlbəttə, bizimlə bərabər işləyir.
Biz qərara gəldik ki, növbəti mərhələdə
müvafiq qurumlar artıq öz aralarında məsləhətləşmələrə
başlasınlar.
Cənab Prezident qeyd etdiyi
kimi, Avropa İttifaqı-Azərbaycan əlaqələri də
uğurla inkişaf edir. Bu ilin əvvəlində mən Avropa
Komissiyasına çox uğurlu səfər etmişəm.
Səfərdən bir gün sonra Avropa
Komissiyası ilə Azərbaycan arasında yeni saziş üzərində
işlər başlamışdır. Əlbəttə,
strateji tərəfdaşlıq haqqında bu gün imzalanan
Birgə Bəyannamə hesab edirəm ki, Avropa İttifaqı
ilə Azərbaycan arasında imzalanacaq sənəd
üçün də gözəl əsas yaradır. Onu da qeyd etməliyəm ki, Avropa
İttifaqının üzvü olan 11 ölkə ilə
artıq Azərbaycanın strateji tərəfdaşlıq
haqqında sənədləri var. Bu, əslində bizim
strateji əməkdaşlığımızı əks
etdirir.
Əlbəttə, Avropa
İttifaqı ilə Azərbaycan arasındakı əlaqələrdə
enerji məsələləri ön plandadır. Burada da Azərbaycan
etibarlı tərəfdaş kimi Avropanın enerji təhlükəsizliyinin
təmin edilməsində öz rolunu oynayır və
oynayacaqdır. Azərbaycan qazı Avropa məkanına
çatdırılacaq yeganə yeni qaz mənbəyidir, yeni
marşrutdur və yeni mənbədir. Bizim
üstünlüyümüz, bax, bundan ibarətdir.
Azərbaycanın təşəbbüsü
ilə həyata keçirilən “Cənub Qaz Dəhlizi” layihəsi
uğurla icra edilir. Dəhlizin yaradılması
üçün 40 milyard dollar vəsait tələb olunur.
Onun böyük hissəsi qoyulub. Azərbaycan milyardlarla dollar sərmayə qoyub və
qoyur ki, bu dəhliz tezliklə reallaşsın. Əminəm
ki, birinci mərhələ gələn il,
ikinci və sonuncu mərhələ isə 2020-ci ildə
başa çatacaq. Beləliklə, bizim Avropa
ilə strateji əlaqələrimiz daha da yüksək pilləyə
qalxacaq.
Latviyanın bu əlaqələrin
inkişafında çox böyük rolu var. Həmçinin
Azərbaycan-NATO əlaqələrinin uğurla
inkişafında da biz hər zaman Latviyanın dəstəyini
hiss etmişik. Bu gün NATO-Azərbaycan əlaqələri
- həm Əfqanıstan Respublikasında fəaliyyətimiz, həm
logistik, nəqliyyat dəhlizi, ümumiyyətlə,
bütün bu məsələlər, əlbəttə ki,
NATO-ya üzv olan ölkələrlə bizim əlaqələrimizi
gücləndirir.
Cənab Prezident, dəvətə və
qonaqpərvərliyə görə Sizə bir daha minnətdaram.
Öz növbəmdə, Sizi Sizin üçün
münasib olan vaxtda Azərbaycana rəsmi səfərə dəvət
edirəm. Sağ olun.
AZƏRTAC
Azərbaycan.-
2017.-18 iyul.- S.2.