Latviya-Azərbaycan biznes forumu keçirilib
İyulun 17-də Riqada Latviya-Azərbaycan biznes forumu keçirilib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Latviya Respublikasının Prezidenti Raymonds Veyonis biznes forumun açılış mərasimində iştirak ediblər.
Latviyanın İnvestisiya və İnkişaf Agentliyinin direktoru Andris OZOLS biznes forumda çıxış edərək dedi:
-Zati-aliləri Latviya Prezidenti cənab
Raymonds Veyonis.
Zati-aliləri Azərbaycan
Prezidenti İlham Əliyev.
Hörmətli xanımlar və
cənablar, nazirlər, səfirlər.
Bu gün dostlarımız
burada – Riqadadırlar. Bu, ölkələrimizin burada birlikdə
biznes əlaqələrini yaxşılaşdıra biləcəkləri
gözəl fürsətdir. Mən bu
forumun təşkilinə görə Azərbaycanın
İqtisadiyyat Nazirliyinə və Azərbaycanda İxracın
və İnvestisiyaların Təşviqi Fonduna da təşəkkür
etmək istəyirəm. Burada şirkətlərin
nümayəndələri çoxdur, çünki bizim əməkdaşlığımıza
çoxları maraq göstərir. Biznes
forumda yüzdən çox Latviya sahibkarı iştirak edir.
Onlar yeyinti məhsulları istehsalı, kənd
təsərrüfatı, turizm və digər sahələri təmsil
edirlər.
Azərbaycanda deyirlər ki,
etibarlı dost heç vaxt yada çevrilməyəcək. Biz Azərbaycan ilə yaxşı dostlarıq.
Bu il Latviya Prezidenti Azərbaycana səfər
edib və onu çox mehriban qarşılayıblar. Biz əməkdaşlığımızla çox
fəxr edirik.
***
Sonra dövlət
başçıları biznes forumda çıxış
ediblər.
Prezident Raymonds
Veyonisin çıxışı
-Zati-aliləri cənab Prezident.
Hörmətli sahibkarlar,
xanımlar və cənablar.
Salam hörmətli dostlar.
Xoş gördük əziz
dostlar. Mən sizi Riqada Latviya-Azərbaycan biznes forumunda
salamlayıram. Mənim bir neçə dəfə
Azərbaycana səfər etmək, zəngin ənənələri
olan bu ölkənin insanlarını tanımaq fürsətim
olub. Bu ilin martında Bakıya səfərim
yaxşı yadımdadır. Biz cənab
Əliyevlə görüşərək Latviya ilə Azərbaycan
arasında siyasi və iqtisadi əməkdaşlığı
müzakirə etmişik.
Mən vurğulamaq istəyirəm
ki, Latviya ilə Azərbaycan arasında diplomatik münasibətlərin
qurulmasından ötən 23 ildən çox müddət ərzində
biz fəal diplomatik və siyasi dialoqu, güclü iqtisadi əməkdaşlığı
inkişaf etdirmişik. Bunu dövlətlərimizin nümayəndələrinin
tez-tez səfərləri, habelə çoxlu sayda yüksək
səviyyəli tədbirlər, nəqliyyat, tikinti, təhsil və
elm sahələrində imzaladığımız müqavilələr
təsdiq edir. Biz çox iş
görmüşük. Amma hələ qarşıda daha
çox iş var. Biz qarşıya
iddialı məqsədlər qoymalı və imkanlardan tam
istifadə etməliyik. Bu, xüsusən məhsulumuzun
Azərbaycana ixracının təşviqinə, habelə
informasiya texnologiyaları, əczaçılıq, turizm, o
cümlədən müalicəvi turizm sahələrində əməkdaşlığa
aiddir. Latviyada yüksək inkişaf
etmiş kommersiya bankları şəbəkəsini nəzərdə
tutaraq biz peşəkar və müasir maliyyə xidmətləri
təklif edə bilərik.
Eyni sözləri nəqliyyat
sahəsi haqqında da demək olar. Latviya çox əlverişli
coğrafi mövqeyə malikdir. Ölkəmizdə
nəqliyyat infrastrukturu inkişaf edib. Donmayan
limanlar, dəmir yolları, aeroportlar bizi Baltik regionu
üçün mühüm nəqliyyat qovşağına
çevirib.
Artıq bu gün Azərbaycan
nəqliyyat sahəsində Latviyanın mühüm tərəfdaşıdır
və biz burada əməkdaşlıq üçün,
xüsusən Avrasiya nəqliyyat dəhlizinin və aviasiya əlaqələrinin
inkişafında böyük iqtisadi potensial
görürük. Biz Latviya ilə Azərbaycan arasında
biznes əlaqələrinin inkişafına kömək edəcək
müntəzəm hava nəqliyyatına böyük maraq
göstəririk. Sahibkarlıq fəaliyyəti
turizmin inkişafının yaxşı təməli olacaq.
Biz iqlim dəyişmələri sahəsində
əməkdaşlıq imkanlarını nəzərdən
keçiririk. Bizim ekologiya, habelə
tullantıların təkrar emalı, innovativ yaşıl
texnologiyalar sahələrində yaxşı təcrübəmiz
var. Latviya bərpa olunan enerji resurslarının istehsalı
üzrə Avropa İttifaqında liderlərdən biridir.
Bizim sərvətimiz insanlarımız,
onların bilikləri və elmdir. Biz gələcəyimizi
iqtisadiyyatın rəqəmsallaşdırılması,
müasir elektron idarəetmə və yeni texnologiyalarla
bağlayırıq. Bizim
ambisiyalarımız təməlində gələcək
onilliklərdə inkişafımızı müəyyən
edəcək müasir texnologiyalar duran dövlətə
çevrilməkdir. Mən ümid edirəm
ki, bu biznes forum gələcək əməkdaşlıq
üçün yeni əlaqələr qurmaq, fikir və yeni
ideya mübadiləsi aparmaq üçün gözəl
fürsətdir. Çox sağ olun.
***
Andris OZOLS: Cənab Prezident,
ruhlandırıcı sözlərə görə çox
sağ olun. İndi isə çıxış
üçün Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevi dəvət edirəm.
Buyurun, cənab Prezident, söz sizindir.
***
Prezident İlham
Əliyevin çıxışı
-Cənab Prezident, hörmətli
xanımlar və cənablar.
Əvvəlcə Latviya
Prezidentinə bu gözəl ölkəyə məni səfərə
dəvət etdiyi üçün bir daha təşəkkürümü
bildirmək istəyirəm. Mənim səfərim
ikitərəfli münasibətlərimizin inkişafında
çox mühüm addımdır. Bu
gündən etibarən Latviya və Azərbaycan strateji tərəfdaş
hesab olunurlar. Bu gün biz ölkələrimiz
arasında strateji tərəfdaşlıq üzrə Birgə
Bəyannaməni imzaladıq. Bu, çox
yüksək səviyyəli əməkdaşlıqdır və
bəyannamədə bir çox sahələr, o, cümlədən
iqtisadi və ticari əməkdaşlıq əhatə olunur.
Prezident, Baş nazir və
parlamentin sədri ilə aparılan danışıqların
bir qismi ticari və iqtisadi əməkdaşlığımıza
həsr olunmuşdur. Böyük potensial mövcuddur. Cənab Prezident bizim ticarət dövriyyəsini
çox asanlıqla artıra biləcəyimiz mühüm əhəmiyyət
kəsb edən sahələri artıq qeyd etmişdir. Hesab edirəm ki, növbəti illərdə ticarət
dövriyyəsinin artırılması prioritet məsələlərdən
biri olacaqdır.
Bilirəm, biznes forum
zamanı bir neçə biznes müqaviləsi
imzalanacaqdır. Bu müqavilələr isə bizim bu səhər
cənab Prezidentlə müzakirə etdiklərimizi əks
etdirəcəkdir. İqlim şəraitimizin
müxtəlifliyinə görə bizim
iqtisadiyyatlarımız bir-biri ilə rəqabət aparan
iqtisadiyyatlar deyil. Bunlar bir-birini müxtəlif
mallarla təmin edə bilən iqtisadiyyatlardır. Bizim Latviyaya ixracımızı və Latviyadan Azərbaycana
idxalı artırmaq üçün yaxşı fürsətlər
var. Biz əsasən sizin istehsal və ixrac etdiyinizi idxal edirik,
siz də bizim istehsal və ixrac etdiyimizi idxal edirsiniz. Bu, ticarət dövriyyəsini artırmaqla
bağlı konkret layihələr üzərində işləmək
üçün fəaliyyəti Hökumətlərarası
Komissiya tərəfindən əlaqələndirilən biznes
qruplarının işidir.
İqtisadi əməkdaşlığımızın
digər vacib hissəsi qarşılıqlı sərmayə
qoyuluşu ola bilər. Beləliklə,
biz çox vacib məqama gəlib çatırıq. Bu barədə daha çox informasiyaya malik olmaq
lazımdır. Çünki yaxşı
investisiya portfelinə malik olmaq üçün bizim
bütün əsas ilkin şərtlərimiz var. Bu isə
güclü siyasi əlaqələrdir. Biznes
çox həssasdır və biznesmenlər adətən sabit
mühitə investisiya qoyurlar. Buna görə də
ölkələrimiz arasında güclü siyasi və dost
münasibətlər investisiyaların qoyuluşunu çox cəlbedici
edir. İndi biz potensial investisiya sahələrini
müəyyənləşdirməli və biznes
qruplarının yerli tələbata uyğun planlarını
koordinasiya etməliyik. Zənnimcə, bu
böyük auditoriyanı nəzərə alaraq bunu etmək
asan olacaqdır. Əminəm ki, bu gün
bir çox yeni biznes əlaqələri qurulacaqdır.
Əlbəttə, mən
Latviya şirkətlərini Azərbaycanda podratçı
qismində işləməyə bir daha dəvət etmək
istəyirəm. Azərbaycanda müxtəlif layihələri
icra etmiş bir neçə Latviya şirkəti olmuşdur.
Bu layihələr çox uğurlu və
yüksək səviyyədə icra edilmişdir. Buna
görə də şirkətlərinizin yaxşı ekspert
biliyi, nüfuzu və peşəkar səviyyəsi var. Biz Azərbaycanda
sizin şirkətlər üçün maraqlı ola biləcək bir çox infrastruktur layihələrini
həyata keçiririk. Ümumiyyətlə, Azərbaycanda
investisiya mühiti çox müsbətdir. Son iyirmi il ərzində Azərbaycana 200 milyard dollardan
çox investisiya qoyulmuşdur. İqtisadiyyatımız
rəqabətqabiliyyətlidir. Davos
Dünya İqtisadi Forumuna əsasən Azərbaycan
iqtisadiyyatı rəqabətqabiliyyətlilik indeksinə
görə 37-ci yerdə qərarlaşıb. Ölkə siyasi və iqtisadi cəhətdən
sabitdir. Bir çox infrastruktur layihələri
həyata keçirilməkdədir. Avropada
və dünyanın digər yerlərində olan bir çox
şirkətlər bu layihələrin icrasında bizim tərəfdaşlarımız
qismində çıxış edirlər. Enerji amilindən asılılığı azaltmaq
üçün Azərbaycanın iqtisadi gündəliyi indi
iqtisadiyyatın şaxələnməsinə yönəlib.
Bu, artıq baş verir. Ümumi
daxili məhsulun ən böyük hissəsi qeyri-enerji
sektorunun payına düşür. Bu, bizə qeyri-enerji
sektorumuzu 27 faizdən daha çox artırmağa, idxalı isə
50 faiz azaltmağa imkan verdi.
Bizim iqtisadiyyatı sabit və
proqnozlaşdırılan edə bilən əsaslı maliyyə
resurslarımız var və maliyyə resursları xarici borcdan
5 dəfə çoxdur. Buna görə də ölkəmiz Latviyaya, Avropaya dost
ölkədir. Avropa ölkələri ilə
çoxlu biznes əlaqələri var və bu gün imzalanan
strateji tərəfdaşlıq üzrə Birgə Bəyannamə
bu qəbildən olan on birinci bəyannamədir. Azərbaycanın Avropa İttifaqının
üzvü olan on bir ölkə ilə strateji tərəfdaşlıq
üzrə əməkdaşlıq formatı var. Bu gün biz
əsasən meqalayihə olan Şimal-Cənub nəqliyyat
şəbəkəsinin həyata keçirilməsi ilə
yaranacaq imkanları müzakirə etdik. Bu layihə nəinki
təkcə inşaat zamanı iş yerlərini yaradacaq, eyni
zamanda, Cənubdan Şimala və Şimaldan Cənuba gedən,
ərazilərimizdən keçən
yükdaşımalarının həcmini əhəmiyyətli
dərəcədə artıracaqdır. Biz
tranzit üçün daha önəmli ölkələrə
çevrilərək daha çox faydalar qazanacağıq və
əlbəttə ki, bu, biznes şirkətləri
üçün çoxlu fürsətlər yaradacaqdır.
Həmçinin Azərbaycanın hazırda icra
etdiyi vacib layihə və birbaşa Avropa maraqlarına və əlbəttə
ki, bizim maraqlara yönələn enerji şaxələnməsi
layihəsi olan Cənub Qaz Dəhlizidir. Bu, indi ola bilsin ki, Avropada icra edilməkdə olan ən
böyük infrastruktur layihəsidir. Layihənin
ümumi dəyəri 40 milyard dollardır. Bu, Avropa İttifaqı bazarını yeni
marşrutla və yeni mənbədən Azərbaycan qazı
ilə təchiz edəcək layihədir. Bu,
həqiqi şaxələnmədir. Çünki
enerjinin şaxələnməsi təkcə
marşrutların şaxələnməsi demək deyil, bu, əsasən
mənbələrin şaxələnməsi deməkdir.
Bizim layihədə bu, məhz belədir. Enerji təhlükəsizliyi bizim hamımızın
bildiyi kimi, hər bir ölkə üçün mühüm
əhəmiyyət kəsb edir. Buna görə
də Azərbaycanda icra etdiyimiz bir çox layihələr sərhədlərimizin
hüdudlarından çox kənara uzanır.
Bizim Latviya ilə elə
güclü əməkdaşlıq formatımız var ki,
daha geniş tərəfdaşlığa başlamaq təbii
olardı. Bu gün biz, həmçinin biznes, turistlər,
xalqlar arasında əlaqələr üçün çox
vacib məsələni müzakirə etdik. Söhbət
il ərzində fəaliyyət göstərəcək
Bakı və Riqa arasında birbaşa uçuş reysindən
gedir. İndi bizim mövsümi reysimiz var, biz
onu daimi etmək istəyirik. Bu, əlbəttə
ki, əlavə fürsətlər yaradacaq və eyni zamanda,
biznes ictimaiyyətinin nümayəndələri bir-birini ziyarət
etmək üçün bu reysdən daha müntəzəm
istifadə edərlərsə bu, həmin reysi kommersiya cəhətdən
çox cəlbedici edəcəkdir. Beləliklə,
reys təkcə ölkə rəhbərliyinin qərarı ilə
deyil, eyni zamanda, kommersiya cəhətdən də əsaslandırılmış
olardı.
Sizin diqqətinizi yönəltmək
istədiyim sonuncu məsələ turizmdir. Bizim iqlimlərimiz
və hava şəraitimiz də çox fərqlidir. Hesab edirəm ki, bu, bir üstünlükdür.
Çünki bizim insanlar ola bilsin
qızmar yayda sərinləməyə üstünlük
verir, latviyalılar isə çox güman ki, qış və
digər mövsümlərdə daha çox günəşli
havaya can atırlar. Buna görə də turizmə
investisiya qoymaq və bizim məkanları turizm şirkətlərinə
çox cəlbedici etmək üçün böyük
potensial mövcuddur. Lakin bunun
üçün bizim əlbəttə ki, daha çox əlaqələrimiz
olmalıdır. Biz bir-birimizi daha
yaxşı tanımalıyıq, daha çox təqdimatlar,
daha çox belə forumlar keçirməliyik və bu, bizim
münasibətlərimizi gücləndirəcəkdir. Bizim etdiklərimizin hamısı Latviya və Azərbaycan
arasında münasibətlərin gücləndirilməsinə
yönəlib və mənim bu səfərim buna çox vacib
bir töhfədir. Çox sağ
olun.
***
Sonra biznes forum işini
müzakirələrlə davam etdirib.
Azərbaycanın İqtisadiyyat
Nazirliyinin, Azərbaycanda İxracın və
İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və
Latviyanın İnvestisiya və İnkişaf Agentliyinin təşkil
etdiyi biznes forumda hər iki tərəfdən 120-dən çox
şirkəti təmsil edən 200-dək sahibkar iştirak
edib.
Latviya-Azərbaycan biznes
forumunda ölkələrimiz arasında iqtisadiyyatın
müxtəlif sahələri üzrə əməkdaşlıq
əlaqələrinin inkişaf etdirilməsinə dair təkliflər
irəli sürülüb.
AZƏRTAC
Azərbaycan.-
2017.-18 iyul.- S.3-4.