Ali qonağın şərəfinə
17 İyul 2017
İyulun 17-də Latviya Respublikasının Prezidenti Raymonds Veyonisin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, əvvəlcə Azərbaycanın və Latviyanın dövlət himnləri səsləndirildi.
Sonra dövlət başçıları rəsmi ziyafətdə çıxış etdilər.
Latviya Prezidenti
Raymonds Veyonisin
çıxışı
- Zati-aliləri cənab Prezident.
Hörmətli nazirlər, xanımlar və cənablar.
Bu axşam
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevi salamlamaqdan şərəf duyuram.
Hörmətli cənab Prezident, Sizin Latviyaya səfəriniz qarşılıqlı
anlaşmanın dərinləşdirilməsi
və ölkələrimiz
arasındakı yüksək
səviyyəli dialoqun
davam etdirilməsi istiqamətində birgə
səylərimizin təzahürüdür.
Fürsətdən istifadə edərək,
2017-ci ilin mart ayında
Bakıda Latviya nümayəndə heyətinə
göstərilmiş qonaqpərvərliyə
görə dərin minnətdarlığımı ifadə etmək istərdim. Bu illər ərzində mən bir neçə dəfə Azərbaycanda səfərdə olmuşam
və Sizin
qonaqpərvərliyiniz bizi
heyran etməkdə davam edir. Həmin illər
ərzində mən Azərbaycanın dinamik inkişafının şahidi
olmuşam.
Latviya ilə Azərbaycan arasındakı əməkdaşlıq
bənzər talelər
və hər iki xalqın sınaqdan keçdiyi çətin dönəmlər
kimi tarixi bağlara əsaslanır. 1918-ci il Azərbaycanın və Latviyanın müstəqilliyə qovuşduğu
il olmuşdur. Gələn il
biz hər iki ölkənin müstəqilliyinin
100 illiyini qeyd edəcəyik. O zaman Azərbaycan cəmi iki il müstəqil yaşamışdır,
lakin ölkəniz İslam dünyasının
ilk parlamentli respublikası
olmuşdur.
Azərbaycan Latviya üçün mühüm tərəfdaşdır. Latviya Azərbaycanın
müstəqilliyi, ərazi
bütövlüyü və
suverenliyini dəstəkləyir.
Bu səfər çərçivəsində Latviya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın
yaradılması haqqında
Bəyannamənin imzalanmasını
məmnunluqla qeyd edirik.
Əminəm ki, bizim müxtəlif
sahələrdə əməkdaşlığın
dərinləşdirilməsində birgə marağımız
var. Dövlət başçıları,
parlament, hökumət,
bələdiyyə və
digər dövlət
qurumları arasında
sıx əməkdaşlıq
qurulmuşdur. Parlamentlər arasında fəal
əməkdaşlığı qeyd etmək, yerli hakimiyyət orqanları arasında artmaqda olan təmasları
xüsusi vurğulamaq
istərdim. Latviyanın və
Azərbaycanın yerli
hakimiyyət orqanları
arasında 13 əməkdaşlıq
sazişi imzalanmışdır.
Ümidvaram ki, Sizin səfəriniz
çərçivəsində təşkil olunmuş biznes forum və Hökumətlərarası Komissiyanın
iyun ayında keçirilmiş iclası
iqtisadi əməkdaşlığın
və qarşılıqlı
ticarətin artmasına
səbəb olacaq yeni layihələrin yaranmasına xidmət edəcəkdir. Coğrafi
məsafəyə baxmayaraq,
Latviyanın və Azərbaycanın paytaxtlarını
mövsümi uçuşlar
birləşdirir və
həmin uçuşların
müntəzəm olması
üçün potensialımız
var. Latviya Azərbaycan
ilə nəqliyyat sahəsində, xüsusilə
də beynəlxalq “Şimal-Cənub nəqliyyat
dəhlizi” layihəsi
çərçivəsində əməkdaşlığı gücləndirmək niyyətindədir.
Fəal siyasi və iqtisadi münasibətləri,
ölkələrimiz və
xalqlarımız arasındakı
dostluq və rəğbəti məmnunluqla
qeyd edirik. Ölkəmizdə müxtəlif mədəni
və ictimai tədbirlər təşkil
edən və Latviya Respublikasına sadiq olan azərbaycanlı
icmanın fəaliyyətini
xüsusi qeyd etmək istərdim.
Ali təhsil sahəsində əməkdaşlığımız
və hər il Azərbaycandan
olan 150 tələbənin
Latviyanın ali təhsil ocaqlarında təhsil alması sevindirici haldır. Əminik ki, səfər çərçivəsində imzalanmış əməkdaşlıq
sazişi bu sahədə yeni əməkdaşlıq imkanlarını
yaradacaqdır.
Hörmətli cənab Prezident, Latviyanın Avropa İttifaqına və
NATO-ya üzv olması ölkələrimiz
arasında əməkdaşlıq
üçün yeni imkanlar yaratmışdır. Bu təşkilatlara üzv olmaq üçün Latviya müasir, demokratik və firavan dövlət yaratmaq məqsədilə
əsaslı islahatlar
həyata keçirmişdir.
Bu sahədə təcrübəmizi Azərbaycanla
bölüşməyə hazırıq.
Latviya hər zaman Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin
möhkəmləndirilməsini dəstəkləmişdir. Biz iqtisadiyyat, nəqliyyat, enerji və digər sahələrdə
əməkdaşlığın genişləndirilməsində imkanlar açacaq yeni Avropa İttifaqı-Azərbaycan
tərəfdaşlıq sazişi
ilə bağlı danışıqları alqışlayırıq.
Azərbaycanın enerji sahəsində Avropa İttifaqının
mühüm tərəfdaşı
olması faktını
xüsusi vurğulamaq
istərdim. Latviya Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsindəki
rolunu və Avropa İttifaqının
enerji təchizatının
şaxələndirilməsi sahəsinə yatırdığı
sərmayələri yüksək
qiymətləndirir.
Hörmətli qonaqlar, gündəliyimizin
fəal və işgüzar xarakteri əməkdaşlıqla bağlı
hər iki tərəfin səmimi marağını təsdiq
edir. Əminəm ki, bu səfər Latviya və Azərbaycan arasında münasibətləri
fəallaşdıracaq və
onlara güclü təkan verəcəkdir.
Xalqlarımızı sülh və harmoniyada yaşamaq, dostluq və əməkdaşlıq etmək
arzusu birləşdirir. Ölkələrimiz arasındakı dostluğun
və ikitərəfli
əməkdaşlığın uğurlu inkişafı bu arzuya xidmət
edir.
Azərbaycan Prezidenti
İlham Əliyevin
çıxışı
-Hörmətli cənab Prezident.
Xanımlar və cənablar.
İlk növbədə, cənab
Prezident, mənə və nümayəndə heyətinə göstərdiyiniz
qonaqpərvərliyə görə
Sizə minnətdarlığımı
bildirirəm.
Zəngin tarixi və mədəniyyəti
ilə seçilən
dost ölkənizə yenidən
səfər etməyimdən
çox məmnunam. Sizinlə cari ilin mart ayında V Qlobal Bakı Forumu çərçivəsində keçirdiyimiz görüşü
və apardığımız
fikir mübadiləsini
xoş təəssüratlarla
xatırlayıram.
Ölkələrimizin tarixində oxşar məqamlar çoxdur. 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin və Latviyanın nümayəndə heyətləri
yeni yaradılmış
dövlətlərin de-yure
tanınmaları ilə
bağlı Paris Sülh
Konfransına müraciət
ünvanladılar. Bir
il sonra
isə Azərbaycan parlamenti Latviyada nümayəndəliyin açılması
ilə bağlı qərar qəbul etdi.
Müstəqilliyin bərpasına
eyni vaxtda nail olmuş dövlətlərimiz
qarşıdan gələn
ildə dövlət quruculuğunun 100 illiyini qeyd edəcəklər. Dövlət
müstəqilliyimizi bərpa
etdikdən sonra ikitərəfli münasibətlərimizin
tarixində yeni səhifə açıldı.
Ölkələrimiz bu illərdə
böyük uğurlar
qazanıb, xalqlarımız
isə sabitlik və təhlükəsizlik
şəraitində rahat
yaşayırlar.
Bu gün ölkələrimiz arasında
energetika, nəqliyyat,
kənd təsərrüfatı,
təhsil və digər sahələrdə
əməkdaşlıq üçün
yaxşı imkanlar
var. Əminəm ki, Sizinlə apardığımız
danışıqlar, iştirak
etdiyimiz biznes forum, əldə olunan razılaşmalar və imzalanan sənədlər,
xüsusilə də Azərbaycan Respublikası
və Latviya Respublikası arasında strateji tərəfdaşlığın
yaradılması haqqında
Birgə Bəyannamə
əlaqələrimizin inkişafına
mühüm təkan verəcəkdir.
Humanitar əlaqələrimizin də
zəngin tarixi vardır. İyirminci əsrin əvvəllərində
Bakıda Latış
Cəmiyyəti fəaliyyət
göstərirdi. Bu cəmiyyət 2013-cü ildən
fəaliyyətini bərpa
etmişdir. Məşhur
latış yazıçılar
Ernest Birznieks-Upitis, Yanis
Vainovskis, Auqusts Bertse, rəssam və yazıçı Yanis Yaunsudrabinş, Bakı Opera Teatrının
dirijoru, bəstəkar
Yazeps Medinş, memar Ervins Paumbats
və başqaları
Azərbaycanda yaşayıb
yaratmışlar.
Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi, iqtisadi, humanitar, enerji sahələrində və
digər sahələrdə
yaxşı tərəfdaşlıq
əlaqələri mövcuddur. Bu ilin əvvəlində Brüsselə
etdiyim səfərdən
sonra biz yeni tərəfdaşlıq sazişi
üzərində işləməyə
start verdik.
Azərbaycan iqtisadi, ticari və nəqliyyat sahələrində əlaqələrin
genişlənməsi üçün
böyük imkanlar yaradan Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin
həyata keçirilməsinə
xüsusi diqqət yetirir. Eyni zamanda, Azərbaycan
bir sıra irimiqyaslı beynəlxalq layihələrin təşəbbüskarı
və iştirakçısıdır.
Dünyanın ən böyük
enerji layihələrindən
biri olan Cənub Qaz Dəhlizi həm Avropanın enerji təhlükəsizliyində, həm
də ikitərəfli
və çoxtərəfli
formatda Avropa dövlətləri ilə
əməkdaşlıqda mühüm
rol oynayır.
Azərbaycan regionda təhlükəsizliyə, sabitliyə, inkişafa və əməkdaşlığa mühüm töhfə verir. Lakin regionun ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmamış qalır. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi - tarixi torpağımız olan Dağlıq Qarabağ və ətrafındakı 7 rayon işğal olunmuş, bu ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirilmiş, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Beynəlxalq təşkilatlar münaqişə ilə bağlı öz mövqelərini bildirmişlər. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Eyni zamanda, ATƏT, Avropa Parlamenti, AŞPA, NATO, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri vardır. Bu münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində beynəlxalq hüquq normalarına uyğun həll olunmalıdır. Bu gün imzaladığımız Birgə Bəyannamədə də göstərilir ki, bu münaqişə beynəlxalq norma və prinsiplər əsasında, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında həll olunmalıdır. Bu ədalətli mövqeyə görə Sizə minnətdaram.
Hörmətli cənab Prezident, Latviyada
olmağımdan bir daha
məmnunluğumu bildirirəm. Əminəm ki,
Azərbaycan ilə Latviya arasında dostluq və əməkdaşlıq uğurla inkişaf edəcək.
AZƏRTAC
Azərbaycan.
- 2017.-18 iyul.- S.4.