Yeridilən siyasət, görülən işlər,
qazanılan nəticələr
Və İlham Əliyevin uğurlu fəaliyyət
formulu
Böyük kiçikliyindən asılı olmayaraq hər bir ideya əvvəlcə insan beynində yaranır.
Sonra siyasi xəttə, layihəyə çevrilərək həyat vəsiqəsi qazanır.
İdeya, yenilik yalnız gerçəkləşəndən sonra nə qədər həyati, dəyərli, faydalı və yaşarı olduğu bilinir!
Söhbət nəzəri, fəlsəfi ideyalardan yox, ölkələri, dünyanı, bütövlükdə bəşəriyyəti irəliyə aparan, insanlara sülh, firavanlıq, qazanclı iş, rahat həyat gətirən ideyalardan gedir.
Xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdan ulu öndər Heydər Əliyev bir dəfə uğursuzluğa düçar olmuş, cəmi 23 ay yaşaya bilmiş müstəqillik ideyasını nəinki yenidən gerçəkləşdirdi, hətta onu əbədiliyə və dönməzliyə çevirdi!
Müstəqillik böyük nemətdir! Biz müstəqil dövlətdə yaşadıqca onun şərəf və qürurunu daha dərindən duyur, xalqa məxsus sərvətlərdən qədərincə bəhrələnir, dövlətin yaratdığı imkanlar hesabına həyatımızı daha yaxşı qurur, rifahımızı ilbəil yüksəldirik.
Əlbəttə, bütün bunlar “mexaniki”, kortəbii surətdə baş vermir.
Əvvəla, ulu öndər Heydər Əliyev tərəfindən başlıca prinsipləri və istiqamətləri müəyyənləşdirilərək Azərbaycanın davamlı və sürətli inkişafını təmin edən və xalqın böyük məhəbbətlə “Heydər Əliyev siyasi kursu “ adlandırdığı siyasət davam etdirilir.
Digər tərəfdən, zəngin siyasi və idarəetmə təcrübəsinə yiyələnmiş, dünyada böyük hörmət və nüfuz qazanmış Prezident İlham Əliyev düşünülmüş, dünyanın çağırış və reallıqları ilə üzvü surətdə əlaqələndirilmiş, ölkəmizin mənəvi, iqtisadi və siyasi potensialını nəzərə alan və gerçəkləşdirən qətiyyətli addımları və yenilikləri ilə doğma Azərbaycanı qoruyur, yüksəldir, söz sahibinə çevirir, bəla və təhlükələri dəf edərək daim gücləndirir, qüdrətləndirir!
Hələ hər şeyin olması - coğrafi mövqeyin əlverişliyi və təbii sərvətlərin mövcudluğu güclü və əmin-aman dövlət demək deyil!
Heç təkcə güclü ordu da müstəqilliyin qorunmasının qarantı sayılmır!
Sivilizasiyaların qarşılaşdığı, “demokratiya istəyi” adı altında sabitliyin pozularaq ölkələrin qana çalxalandığı, insanların doğma vətənlərindən baş götürüb qaçmaq məcburiyyətində qalaraq “miqrant-qaçqınlara” çevrildiyi, bazarlar uğrunda mübarizənin kəskinləşdiyi bir zamanda möhkəm sabitliyin və daimi inkişafın təminində ən əvvəl dövlət rəhbərinin xarizması, uzaqgörənliyi, milli maraqlara sədaqəti, çevik və düşünülmüş siyasəti həlledici rol oynayır!
Cənab İlham Əliyev kimi müasir təfəkkürlü, demokratik düşüncəli, xalqa sonsuz məhəbbət və sədaqəti, ən çətin situasiyadan belə uduşla çıxmağı bacaran şəxsiyyətin meydanda olması xalqın və dövlətin bu gününün və sabahkı nailiyyətlərinin də qarantına çevrilir.
Azərbaycan xalqı öz liderini həm də bütün bunlara görə sonsuz məhəbbətlə sevir, daim dəstəkləyir, özünün, ailəsinin və dövlətinin gələcəyini rahatlıqla etibar edir!
Bəli, dünya narahatdır, dünya çalxalanır, bəşəriyyət sabahından nigarandır.
Amma bu fonda müstəqil Azərbaycanda dövlətə güvən, inam, etibar və əminlik vardır!
Hətta müharibə şəraitində yaşasaq belə!
Hətta mənfur düşmən tərəfindən atəşkəs rejimi daim və dönə-dönə pozulsa belə!
Hətta tez-tez əsgər və zabit balalarımızı, mülki vətəndaşlarımızı şəhid verməli olsaq da belə!
BU GÜNÜN ƏN GÖZƏL
GÖSTƏRİCİLƏRİ
Ötən həftə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyevin söylədikləri də deyilənləri təsdiq etdi.
Müstəqil Azərbaycanın inkişafından danışarkən bir neçə məqamı - bu inkişafın sürətinə mənfi təsir edən, onu müəyyən qədər yavaşıdan, tormozlayan obyektiv maneələri də nəzərdən qaçırmamalıyıq.
Söhbət ölkə ərazisinin 20 faizinin işğalının yaratdığı fəsadlardan gedir.
ƏVVƏLA, 20 faiz Qarabağ ərazisi ən məhsuldar və böyük əksəriyyəti kənd təsərrüfatına yararlı torpaq sahələri idi. İşğal rayonlarında yaşayan insanlar fədakar əməkləri ilə hər il yüksək miqdarda məhsul istehsal edir, ərzaq bolluğuna öz töhfələrini verirdilər, lakin indi bunu edə bilmirlər!
İKİNCİSİ, bu gün doğma yurddan kənar düşmüş bir milyonadək məcburi köçkün nəinki vətənində məhsul istehsalı ilə məşğul ola bilmir, üstəlik istehsal olunan ümumi məhsuldan pay alırlar.
ÜÇÜNCÜSÜ, dövlət öz vətəndaşını köməksiz qoymayıb. Bu gün yüz minlərlə məcburi köçkün müavinət alır, müəyyən limit daxilində pulsuz elektrik enerjisindən, təbii qazdan, sudan, başqa kommunal xidmətlərdən istifadə edir. İndiyə qədər yüzədək müasir tipli qəsəbə və yaşayış kompleksləri salınaraq qaçqın və məcburi köçkünlərə təmirli evlər, mənzillər verilmişdir.
ƏN NƏHAYƏT, torpaqlarını lazım gələrsə hərbi yolla da olsa, azad etməyə hazırlaşan Azərbaycan öz ordusunun gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, sistemli şəkildə müxtəlif dövlətlərdən ən yeni texnologiyaya əsaslanan müasir silahlar alır. Hətta Ali Baş Komandanımız bunu da gizlətmir ki, hər il bizim silah alışına sərf etdiyimiz vəsait Ermənistanın dövlət büdcəsindən də çoxdur!
Bu məqamlar dövlət büdcəsinə əlavə yük olsalar da, bütövlükdə inkişafımızı əngəlləyə bilmirlər. Çünki bu sahədə də düşünülmüş, ölçülü-biçili addımlar atılır. Görüləsi işlər vaxtında-vədəsində görülür, zəruri vəsait qazanılaraq büdcəyə gətirilir, sonra şəffaf şəkildə xərclənir! Bu yerdə cənab İlham Əliyevdən sitat gətirməyə bilmirəm:
“Bu il 122 min yeni iş yeri açılmışdır ki, onlardan 101 mini daimi iş yeridir. Bu ilin altı ayında ixrac 36 faiz artıb. Qeyri-neft ixracı altı ayda 27 faiz artıb. İdxal 15 faiz azalıbdır. Müsbət saldo 1,9 milyard dollar təşkil edir. Hər bir ölkə üçün bu, ən arzuolunan nəticələrdir. Kənd təsərrüfatı da 2,2 faiz artıbdır”.
Sonuncu ən vacib məsələ!
Prezident İlham Əliyev bu naliyyətlərin baş müəllifi sayılsa da, bu siyasətin icraçıları insanlardır, xalqdır! Sabitlik və inkişaf yalnız xalqla rəhbərin birliyi və yekdilliyi sayəsində mümkündür. Cənab İlham Əliyev fəaliyyətinin bütün illərində ən yüksək reytinqli dövlət başçılarından olub. O, insanlara arxalandığı kimi, ölkə vətəndaşları da daim ona inanıb dəstəkləyib, qarşıya qoyduğu vəzifələri uğurla həyata keçirmək üçün qüvvə və bacarıqlarını əsirgəməyiblər.
Dünyanın düz vaxtında, neftin qiymətinin yüksək olduğu şəraitdə Azərbaycanın qazandığı uğurları hamı normal qəbul edirdi. Hərçənd ki, ÜDM-ın artım tempi, inkişafın davamlılığı və sürəti “adi” sayılmırdı.
Lakin...
Torpaqlar hələ də işğal altındadır!
Bir milyondan çox qaçqın və məcburi köçkünün problemiləri hələ də büdcə vəsaitləri hesabına həllini tapır!
Ən yeni və bahalı silah-sursat almaqla Milli Ordu hələ də gücləndirilir!
Neft gəlirləri isə dörd-beş dəfə aşağı düşüb, hələ ki, əvvəlki səviyyəyə qalxması imkanı görünmür!
Sadə məntiqə söykənsək, belə vəziyyətin yeganə izahı var:
Deməli, söhbət milli sərvətlərdə, onların dünya bazarındakı oynayan qiymətlərində deyil! Məsələ həmin sərvətlərdən düzgün istifadədə, yeridilən uzaqgörən siyasətdə, vaxtında və zəruri islahatların aparılmasında, çeviklik və operativlikdə, düşünülmüş, ağıllı və uzaqgörən siyasətdədir!
Nəyi, necə, hansı formada etməyi bilmək və bildiyini bacarıqla həyata keçirməkdədir! - Bu, görülən işlərin və qazanılan uğurların sadə izahıdır.
Amma bu “sadəliyi” də hamı bacarmır!
Düşmən Ermənistana, bəzi ərəb dövlətlərinə, Ukrayna və Gürcüstana baxaq! Təqribən bizimlə eyni vəziyyətdədirlər! Qarabağ uğrunda müharibənin fəsadlarını nəzərə alsaq, bizdən daha öndə idilər.
Amma indi vəziyyət necədir?
Biz hara, onlar hara?!
İndi isə gəlin birlikdə cənab
İlham Əliyevin fəaliyyətinin bizim üçün
aydın, göz qabağında olan cəhət və
xüsusiyyətlərinə baxaq!
XARİCİ
SİYASƏT:
Azərbaycanın xarici siyasəti
ulu öndər Heydər Əliyevin dövründə
olduğu kimi yenə də sanki “nazik tük üzərində”
aparılır. Nə sağa, nə də sola tük qədər əyilmir!
Yoxsa, nəticəsi
özünü çoxdan göstərmişdi.
Bəli, Azərbaycanın
xarici siyasətinin əsasında Azərbaycan xalqının və
dövlətinin maraqları dayanır. Bu, dəyişməz
və pozulmaz prinsipdir.
Azərbaycan tarazlı və
balanslaşdırılmış siyasət yürüdür.
Bu, heç də asan deyil! Amma cənab İlham Əliyev bunu məharətlə
edir.
Azərbaycan öz
qonşuları ilə mehribanlıq və əməkdaşlıq
şəraitində yaşayır. Yalnız Ermənistan istisnadır, məlum
səbəbdən!
Azərbaycan heç bir dövlətin
daxili işinə qarışmır və heç bir dövlətə
onun daxili işlərinə qarışmasına yol vermir!
Ölkəmiz beynəlxalq
qurum və təşkilatların əksəriyyətinin
üzvüdür, orada səmərəli fəaliyyət
göstərir. Həmin təşkilatlara hörmət gətirəcək
addımlar atılır, işinə müsbət təsir edəcək
səmərəli təkliflər verilir. Doğrudur,
hərdən onların qəbul edəcəkləri və ya
etdikləri ədalətsiz qərarların qarşısı
alınır, dəyişdirilir, hətta bəzən ləğv
də etdirilir. Bütün bunlar həm də
Azərbaycanın beynəlxalq aləmdə müasir və
demokratik dövlət kimi tanınmasının, nüfuzunun
yüksəlməsinin göstəricisidir. BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü olduğu müddətdə
ölkəmiz dünyada sabitlik və inkişafa, sülhün
qorunmasına və terrorizmlə mübarizəyə
sanballı töhfələr verdiyini də əməli şəkildə
nümayiş etdirdi!
Dünya artıq Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi barədə əsl
həqiqətləri bilir, Azərbaycanın haqq işini dəstəkləyir. Bir sıra
beynəlxalq qurumlar və ölkə parlamentləri Azərbaycanın
mövqeyini dəstəkləyən, Xocalı
soyqırımını tanıyan sənədlər qəbul
etmişlər. Füzuli rayonunun Alxanlı kəndində
mülki obyektlərin və vətəndaşların atəşə
tutulması, iki yaşlı Zəhranın və nənəsinin
öldürülməsi erməni faşizminin iç
üzünün açılmasında növbəti fakt oldu.
Azərbaycan öz imkanlarından istifadə edərək
bu hadisəni qısa müddətdə bütün dünyaya
yaydı. Dünya KİV-i, tanınmış siyasətçilər,
liderlər və parlament üzvləri erməni vəhşiliyini
qınayan və pisləyən açıqlamalar verdilər.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin tezliklə, Azərbaycanın ərazi
bütövlüyü və beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin
vacibliyini söylədilər.
Alxanlıda baş vermiş dəhşətli
hadisə ilə bağlı Azərbaycanın
atdığı addımlar və gördüyü işlər,
habelə əldə etdiyi nəticələr, eyni zamanda,
ölkəmizin imkanlarının genişləndiyinin,
nüfuzunun daha da artdığının, tərəfdarlarımızın
sayının çoxaldığının növbəti təsdiqinə
çevrildi!
DAXİLİ
SİYASƏT:
Nazirlər Kabinetinin cari ilin
I yarısının
yekunlarına həsr olunmuş iclasında Prezident İlham
Əliyevin dərin təhlilə, konkret faktlara əsaslanan
nitqində daxili siyasətin bütün parametrlərinə
toxunuldu.
Prezidentin söylədiyi bir neçə vacib məqama
yenidən diqqət çəkirik:
“Bizim siyasətimizin mərkəzində
Azərbaycan vətəndaşıdır. Ona görə
sosial məsələlərin həlli daim diqqət mərkəzindədir”.
“Biz heç vaxt populist
işlərlə məşğul olmamışıq. Biz hər
zaman ölkəmizin uzunmüddətli inkişafı ilə məşğul
olmuşuq”.
“Bu il 122 min yeni
iş yeri açılmışdır ki, onlardan 101 mini daimi
iş yerləridir”.
“Azərbaycanın ərazi
bütövlüyü heç vaxt danışıqlar
mövzusu olmayıb və olmayacaq”.
“Bu günün özündə
biz işğal edilmiş torpaqlarda istənilən hərbi hədəfi
məhv edə bilərik”.
“Biz işğaldan azad
edilmiş Cocuq Mərcanlı kəndini bərpa etdik. Orada 50 ev, məktəb,
Şuşa məscidinin bənzəri olan məscid tikib, yol
çəkilib, bütün infrastruktur yaradılıb”.
Bütün bunlar
hamının nigarançılıqla gözlədiyi,
hamının həllini arzuladığı, hər kəsə
bu və ya digər dərəcədə, yaxud birbaşa dəxli
olan məsələlərdir. Onlarla bağlı
xatırcəmliyi dövlət başçısının
dilindən eşitmək, bildiyimiz, görüb-eşitdiyimiz,
konkret rəqəmlərdə ifadəsini tapmış
faktlarla tanışlığımız hamımızda əminlik,
ürəklərdə sakitlik yaradır.
Bunlardan başqa, son illər
üçün xüsusilə prioritet sayılan sahələrdə
də ciddi irəliləyişlər baş vermişdir. Məsələn,
aparılan dərin islahatlar nəticəsində
sahibkarlığın inkişafı təmin edilmiş, onlara
maneçilik törədən bəzi süni maneələr
aradan qaldırılmışdır.
Prezidentimiz qeyri-neft sektorunun
inkişafı vəzifəsini irəli
sürmüşdü. Bu halda qarşıya bir neçə konkret hədəf
də qoyulmuşdu: ərzaq təhlükəsizliyinin təmini,
kənd təsərrüfatında ənənəvi
bitkiçiliyin bərpası və istehsalının
artımı, ixracın çoxaldılaraq idxalın
azaldılması, bu hesaba ölkəyə valyuta
daxilolmalarının artırılması, ənənəvi
bazarlara daha çox məhsul çıxarılması, yeni
bazarların tapılması və s.
Sadalanan vəzifələrin
arxasında gərgin və çoxşaxəli iş, dövlətin maddi və mənəvi dəstəyi
dayanır. Qısa müddətdə baş verən
dəyişikliklər hətta adi gözlə belə
aydın görünür. Statistik rəqəmlərdə
isə ifadəsi belədir: “Bu ilin altı ayında ixrac 36
faiz artıb. Burada da ən önəmlisi
qeyri-neft ixracıdır. Qeyri-neft ixracı
altı ayda 27 faiz artıb. Bax, budur
gördüyümüz işlərin nəticələri.
Bununla bərabər, idxal 15 faiz azalıbdır.
Müsbət saldo 1,9 milyard dollar təşkil
edir. Hesab edirəm ki, hər bir ölkə
üçün bu, ən arzuolunan nəticələrdir.
Kənd təsərrüfatı da 2,2 faiz
artıbdır”
TRANSMİLLİ LAYİHƏLƏRİN
GERÇƏKLƏŞDİRİLMƏSİ:
Neft tükənən sərvətdir!
Neftin qiyməti sabit qalmır, bəzən
dəfələrlə aşağı düşə bilir!
Neft insanlara təkcə gəlir və
xoşbəxtlik yox, hərdən böyük problemlər və
hətta fəlakətlər də gətirir!
Baxır bu sərvətdən necə
istifadəyə!
Ulu öndər Heydər
Əliyev tərəfindən böyük müdriklik və
uzaqgörənliklə hazırlanan, cənab İlham
Əliyevin birbaşa iştirakı və fəaliyyəti ilə
gerçəkləşdirilən yeni neft strategiyasında
bütün bu məqamlar nəzərə
alınmışdı. Odur ki, Azərbaycanın neft ehtiyatları Azərbaycan
xalqına rifah və inkişaf gətirdi!
Çünki neftdən düzgün
və bacarıqla istifadə olundu!
Çünki neft gəlirləri
açıq və şəffaf şəkildə xərcləndi!
Çünki neftdən əldə
olunan vəsait təkcə bu günümüzə yox, həm
də xalqımızın və dövlətimizin gələcəyi
naminə sərf edildi!
Neft gəlirləri
hesabına yeni yollar çəkildi, körpülər
salındı, müasir infrastruktur yaradıldı. Azərbaycan
özünün enerji və nəqliyyat təhlükəsizliyini
təmin etdi.
Bölgələr fasiləsiz
elektrik enerjisi ilə, mavi yanacaqla təmin olundu.
Regionların sosial-iqtisadi
inkişafına dair üç Dövlət Proqramı qəbul
edilərək müvəffəqiyyətlə icra olundu.
Qaçqın və məcburi
köçkünlər üçün yüzədək
yeni qəsəbə və yaşayış kompleksi
salındı.
Taxtakörpü, Şəmkirçay
və Tovuzçay su ambarlarının tikintisi başa
çatdırılaraq xalqın istifadəsinə verildi, yeni
suvarma kanalları çəkildi, artezian quyuları vuruldu.
Azərbaycan mavi qaz və
elektrik enerjisi idxalçısından ixracatçısına
çevrildi.
Eyni zamanda, daha nəhəng
layihələrə həyat vəsiqəsi verildi, bir sıra
transmilli layihələr Azərbaycanın təşəbbüsü,
rəhbərliyi, maliyyəsi hesabına gerçəkləşdirildi.
Həm də bütün maneələrə
baxmayaraq!
Ölkəmizin geostrateji
mövqeyindən məharətlə istifadə edən cənab
İlham Əliyev Azərbaycanın özünə,
qonşularına, bütövlükdə Avropaya və
dünyaya fayda gətirən bir sıra yeniliklərin təşəbbüsçüsü
və baş icraçısı oldu. Artıq Şərq-Qərb
və Şimal-Cənub nəqliyyat dəhlizi işə
düşərək daşınmalara sərf olunan vaxta və
vəsaitə xeyli qənaət etməyə imkan
yaratmışdır. Azərbaycan beynəlxalq
logistika mərkəzinə çevrilməkdədir.
Bakı-Tbilisi-Qars dəmir
yolu tezliklə işə salınacaqdır.
“Cənub axını” qaz
layihəsi Avropa üçün yeni mənbə və yeni
marşrut olduğundan ondan çox dövlətin maraq mərkəzindədir.
Bütün bu layihələrin
icrası zamanı Azərbaycana xeyli xarici investisiya qoyulur.
Bütün bu layihələrin
icrası zamanı Azərbaycan xarici dövlətlərə
xeyli investisiya yatırır.
Bütün bu layihələr
əsrlər boyu Azərbaycan xalqına və dövlətinə
xidmət edəcək, ona daim dividendlər gətirəcəkdir.
Bütün bu layihələrdə
Azərbaycan xalqının və dövlətinin maraqları
birmənalı şəkildə təmin olunmuşdur.
Bütün bu layihələr sayəsində
çoxsaylı dövlətlərin maraqları Azərbaycanın
maraqları ilə üzvi surətdə
bağlanmışdır!
Budur İlham Əliyev siyasəti və
müdrikliyi!
AZƏRBAYCANIN
DÜNYAYA TƏQDİMİ FORMALARI
Azərbaycan dünyaya təkcə
karbohidrogen ehtiyatları ilə çıxmır!
Qeyri- neft məhsulları ilə yeni
bazarlar fəth etməklə də kifayətlənmirik!
Transmilli layihələrimiz hamıya
fayda gətirsə də, bu da sonuncu imkanımız deyil!
Azərbaycan dünyanı həm
də mənəvi dəyərləri, mədəniyyəti,
özünəməxsus modelləri ilə heyrətləndirə
bilir.
Artıq xalqımızın
tolerantlığı hamının qəbul etdiyi və
öyrənməyə başladığı mükəmməl
modeldir!
Multikulturalizmin Azərbaycan nümunəsinin
tətbiqi dünya dövlətlərinə sabitlik, əmin-amanlıq
və inkişaf gətirə bilər - bunu çoxları dərk
edib!
Azərbaycan idman oyunları
vasitəsilə dövlətləri bir-birinə
yaxınlaşdıra, yeni əməkdaşlıq
qurulmasında fayda gətirə bilər - bu da sübut
olunmuş məsələdir.
Azərbaycan islam
həmrəyliyinə də yeni töhfələr verməyi
bacardı.
Azərbaycan beynəlxalq tədbirlərin,
dünyaya sülh, inkişaf, əmin-amanlıq gətirən
forumların keçirildiyi məkana çevrilib.
Azərbaycan
atdığı hər bir uğurlu addım və təşəbbüsdə
yalnız özünü düşünmür. Dövlətlərə
sülh, əmin-amanlıq gətirilməsinin, terrorizmə
qarşı təsirli mübarizə aparılmasının
yollarını da göstərir.
Həm də konkret fakt və
nümunələr əsasında .
Budur cənab İlham Əliyevin bəşəriyyətə
verdiyi töhfələr!
AZƏRBAYCAN
LİDERİNİ DÜNYADA NİYƏ SEVİRLƏR
Artıq biz hamımız Azərbaycan
Prezidenti cənab İlham Əliyevi dünyada keçirilən
bütün möhtəşəm tədbirlərin fəal
iştirakçı, məruzəçisi və yaxud hörmətli
qonağı kimi görməyə alışmışıq. Hətta həmin tədbirin
səviyyəsini və gərəkliyini cənab İlham
Əliyevin orada iştirak edib-etməməsi ilə qiymətləndirməyə
başlamışıq!
Burda hörmət də var, sevgi də,
heyranlıq da!
Dünya cənab İlham
Əliyevi həm də yenilikçi və faydalı
olduğuna, maraqlı və gərəkli addımlar
atdığına, yeni formatlar təklif etdiyinə və
yaratdığına görə də yüksək dəyərləndirir.
Bəli, İlham Əliyev yeni tipli və
müasir düşüncəli siyasətçidir!
İlham Əliyev xarizmatik şəxsiyyətdir!
İlham Əliyev
düşünülmüş siyasətin qurucusu və icraçısıdır!
İlham Əliyev gözəl natiqdir, məntiqli və maraqlı nitqləri ilə auditoriyanı dərhal ələ almağı bacarır!
İlham Əliyev ünsiyyət qurmağın, ən çətin müsahibini belə öz tərəfinə çəkərək tərəfdaşına çevirməyin ustasıdır!
İlham Əliyev istədiyi hədəfə ən qısa zamanda, ən optimal yolla çatmağın da vasitələrini hamıdan yaxşı bildiyini dəfələrlə göstərmişdir!
Budur onu dünyada hörmət və nüfuz sahibi edən!
Budur onu Azərbaycan xalqına sevdirən!
Xalqın öz rəhbərinə böyük inamı və daimi dəstəyi ona yeni güc və enerji verir!
Rəhbərin səmərəli fəaliyyəti isə daim dövləti və xalqı irəliyə aparır, hər bir istək və arzusuna qovuşdurur!
BU GÜN AZƏRBAYCANDA:
Aşkarlıq və hesabatlılıq mühiti olduğundan yeridilən siyasət barədə hər birimizin aydın təsəvvürü vardır!
Bir çoxumuz görülən işlərin iştirakçısı, hamımız isə şahidləriyik!
Nəticələr isə doğma Azərbaycanı və ölkə vətəndaşlarının rifahını durmadan yüksəldir!
Bütün bunlar isə ölkədə iqtidarla xalqın möhkəm birliyinin, deməli, sabitliyin davamlılığının başlıca şərtidir!
Allah bütün bunları bizə çox görməsin!
Bəxtiyar SADIQOV
Azərbaycan.-
2017.-19 iyul.- S.1; 5.