UNESCO-nun Baş direktoru “Xoşməramlı səfirlər” miniatür kitabını yüksək qiymətləndirib
Mən sizə UNESCO-nun xoşməramlı səfirləri haqqında miniatür kitabların çap olunması kimi müstəsna təşəbbüsünüzə görə ən səmimi təşəkkürlərimi bildirirəm. Fürsətdən istifadə edərək, IV Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Bakıya son səfərim zamanı bu nadir miniatür nəşrin nüsxəsini mənə təqdim etdiyinizə görə də sizə çox böyük minnətdarlığımı bildirmək istəyirəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri UNESCO-nun Baş direktoru İrina Bokova Miniatür Kitab Muzeyinin yaradıcısı və təsisçisi, Əməkdar Mədəniyyət İşçisi Zərifə Salahovaya “Xoşməramlı səfirlər” (“Goodwill Ambassadors”) kitabı ilə əlaqədar göndərdiyi məktubunda yazıb.
UNESCO-nun Baş direktorunun məktubunda deyilir ki, fəxri və xoşməramlı səfirlərin həyata keçirdikləri mühüm işlərin təbliğində “Xoşməramlı səfirlər” miniatür kitabının müstəsna əhəmiyyəti var.
İrina Bokovanın məktubu ilə bağlı fikirlərini bölüşən Zərifə Salahova deyir: “Mən “Xoşməramlı səfirlər” kitabını IV Bakı Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən tədbirdə UNESCO-nun Baş direktoruna təqdim etdim. Dedim ki, bu miniatür kitab UNESCO-nun yarandığı gündən elan olunmuş xoşməramlı səfirlərdən bəhs edir. Kitabda 68 xoşməramlı səfir, həmçinin 2004-cü ildən UNESCO-nun ən fəal xoşməramlı səfiri, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva haqqında qiymətli məlumatlar yer alıb. Bizim növbəti miniatür kitabımız xanım Bokovanın çox xoşuna gəldi”.
“Xoşməramlı səfirlər” kitabının məziyyətlərindən danışan Zərifə Salahova bildirib ki, nəşrin yaranması ideyasını birinci olaraq Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi-Prezidentin köməkçisi, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə dəstəkləyib. Miniatür kitabın ərsəyə gəlməsində Katibliyin əməkdaşlarının mühüm rolu olub. Buna görə Dilarə xanıma və onun komandasına minnətdarlığımı bildirirəm.
Ölçüləri
50x60 millimetr olan bu nəşr ingilis dilində
Miniatür Kitab Muzeyi tərəfindən “İndigo”
mətbəəsində 100 nüsxə tirajla
çap edilib.
Kitabın forzasında UNESCO-nun loqosu yer alıb. Kitab 376 səhifədən ibarətdir. Nəşrə
68 portret və 52 rəngli Dünya
İrsi Abidələrinin fotoları daxil edilib.
Azərbaycan.-
2017.-19 iyul.- S.3.