"İslam həmrəyliyi və media" mövzusunda
konfrans keçirilib
22 iyul – Milli Mətbuat
Günü münasibəti ilə Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsi və Azərbaycan Mətbuat
Şurasının birgə təşkilatçılığı
ilə iyulun 18-də “İslam həmrəyliyi və media”
mövzusunda konfrans keçirilib.
Konfransda Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsi və Azərbaycan
Mətbuat Şurasının rəhbərliyi, Milli Məclisin
deputatları, din xadimləri və media nümayəndələri
iştirak ediblər.
Konfrans Azərbaycan
Respublikasının dövlət himninin səsləndirilməsi
ilə başlayıb.
Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsinin sədri Mübariz
Qurbanlı konfransı açaraq bildirib ki, Həsən bəy
Zərdabi tərəfindən əsası qoyulan Azərbaycan
kütləvi informasiya vasitələri bütün şərq
ölkələrinin mediası arasında qabaqcıl yerlərdən
birini tutub. Azərbaycan mətbuatı çox böyük
tarixi yol keçib. Sovet dövründə də mətbuatımız
inkişaf edib. Mətbuatımızın inkişafına Ulu
Öndər Heydər Əliyev daim diqqət yetirib. Prezident
İlham Əliyev də bu sahəni diqqətdə saxlayır.
Bu günlərdə jurnalistlərə veriləcək mənzillər,
yeni binanın tikintisinə başlanması mətbuata diqqət
və qayğının bariz nümunəsidir.
“2017-ci il “İslam Həmrəyliyi
İli” elan edilib, Azərbaycan mətbuatı həm ölkə
daxilində, həm də xaricdə İslam həmrəyliyini
geniş təbliğ edir. Prezidentin
tapşırığı ilə Dövlət Komitəsi və
Qafqaz Müsəlmanları İdarəsi bir sıra xarici
ölkələrdə “İslam Həmrəyliyi İli” ilə
bağlı tədbirlər keçirəcək. İslam
dünyasının həmrəyliyə daha çox
ehtiyacı var və bu mövzunun mediada təbliği üçün
mətbuatla sıx əməkdaşlıq edirik”, - deyə
Komitə sədri vurğulayıb.
Sonra
çıxış edən Milli Məclisin deputatı, Mətbuat
Şurasının sədri Əflatun Amaşov Azərbaycan
xalqının həyatında mətbuatın çox
böyük rol oynadığını deyib. O bildirib ki, Dini
Qurumlarla iş üzrə Dövlət Komitəsi mediaya ən
açıq qurumlardan biridir. Azərbaycan istər İslam
Əməkdaşlıq Təşkilatında, istərsə də
digər qurumlarda islami dəyərləri daim yüksək
qiymətləndirir, buna böyük önəm verir. Bir
müddət əvvəl Bakıda keçirilən İslam Həmrəyliyi
Oyunlarının təşkili də İslam ölkələri
arasında əlaqələri möhkəmləndirməyə
xidmət edib. Çünki İslam sülh, mərhəmət
dinidir.
Mətbuat
Şurasının sədri qeyd edib ki, Azərbaycan mətbuatı
hər zaman milli və dini dəyərlərə hörmətlə
yanaşıb. “Əkinçi” qəzeti milli dəyərlərə
söykənib, maariflənmənin təbliği də dini və
milli dəyərlərə verilən önəmin göstəricisidir.
Daha sonra nəşr edilən qəzetlərdə də bu məsələ
daim ön planda olub. Hazırda da jurnalistlərimiz İslam
ölkələrinə səfər edir, bu yaxınlarda
İranın nümayəndə heyəti də Azərbaycana
gəlib. Azərbaycanın media modeli İslam ölkələri
üçün bir örnəkdir. Yaxın vaxtlarda İslam
Əməkdaşlıq Təşkilatının xarici işlər
nazirlərinin toplantısında İslam ölkələrinin
media qurumları arasında bir təşkilatın yaranması
ilə bağlı qərar qəbul ediləcək. Yəqin
ki, həmin təşkilatın mərkəzi ofisi Bakıda
yerləşəcək.
Milli Məclisin
deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar
Sadıqov ölkəmizdəki zərərli dini təriqətlərdən
bəhs edib. Bildirib ki, bu təriqətlərin nümayəndələri
sadə insanlar arasında təbliğat aparır və bu bizi
narahat etməlidir. Hər kəs, o cümlədən media dini
radikalizmə, ekstremizmə qarşı mübarizə
aparmalıdır.
Ulu Öndər Heydər
Əliyevin mətbuata çox böyük önəm verdiyini
qeyd edən Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad
Məcid deyib ki, Prezident İlham Əliyevin son illərdə mətbuata
göstərdiyi diqqət və qayğı da bunun bariz
nümunəsi və davamıdır. Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsi media ilə sıx əməkdaşlıq
şəraitində işləyir. Dini maarifləndirmə ilə
bağlı tədbirlərin keçirilməsi və onun
KİV-də əks olunması müsbət haldır. Azərbaycan
bu istiqamətdə son illərdə xeyli işlər
görüb. Ölkəmizdə “İslam Həmrəyliyi
İli” elan olunması, Bakıda “IV İslam Həmrəyliyi
Oyunları”nın keçirilməsi çox mühüm hadisədir.
“Bu, ölkələri, insanları, düşüncələri
bir-birinə yaxınlaşdıran, dostluq yaradan bir hadisədir.
Bu mənada “İslam Həmrəyliyi Oyunları”nın
böyük təsiri olub. Bu gün şəhərimizdə
müxtəlif İslam ölkələrindən olan
çoxlu turistlər görürük. Bu da Azərbaycan
xalqının mahiyyət etibarilə mədəni və
tolerant xalq olduğunu bir daha sübut edir”, - deyə Rəşad
Məcid vurğulayıb.
Qafqaz Müsəlmanları
İdarəsi sədrinin müavini Qəmər Cavadlı
“Əkinçi” qəzetindən bu günə qədər
mediada dini dəyərlərə özünəməxsus
münasibət bildirildiyini qeyd edib. Diqqətə
çatdırıb ki, Sovet dövründə panislamizmlə
mübarizə siyasəti yeridilib. Bizim jurnalistlərimiz
İslam dinini yox, onun ətrafındakı mövhumatı,
xurafatçılığı tənqid ediblər. İslam
dini ilə media arasında qarşılıqlı münasibətlər
sistemi formalaşıb. Son illərdə dini icmaların,
qurumların nəzarəti altında olan KİV-lərdə,
həmçinin dövlət mediasında dini dəyərlərə
çox həssas münasibət görünür. Jurnalistləri
Həsən bəy Zərdabi kimi xurafata qarşı
mübarizə aparmağa çağıran Qəmər
Cavadlı bu mübarizədə mətbuatın köməyinə
ehtiyac olduğunu deyib.
Konfransda digər
çıxış edənlər milli-mənəvi, o
cümlədən dini dəyərlərin, multikultural və
tolerant ənənələrin qorunması və təbliği
istiqamətində KİV-lərin üzərinə
düşən vəzifələr barədə müzakirələr
aparıblar.
Sonda mətbuat
günü ilə əlaqədar bir qrup jurnalistə
mükafatlar təqdim olunub.
Azərbaycan. - 2017.-19 iyul.- S.4.