Avropa İttifaqındakı 11-ci strateji tərəfdaş

 

Azərbaycan-Latviya əlaqələrində yeni mərhələ başlayır

 

Bu gün Azərbaycan-Latviya münasibətlərinin formalaşmasında hələ ötən əsrin əvvəllərində yaranmış siyasi-mədəni əlaqələrin, o cümlədən hər iki dövlətin Sovet İttifaqı tərkibindəki oxşar talelərinin böyük rolu var. Hələ 1918-ci ildə hər iki dövlət müstəqilliyə qovuşmuş, de-yure tanınmaları ilə bağlı Paris Sülh Konfransına müraciət ünvanlamışdılar. 1919-cu ildə Azərbaycan parlamenti Latviyada nümayəndəliyinin açılması ilə bağlı qərar qəbul etmişdi.

Mədəni sahəyə gəldikdə isə Bakıdakı Latış Cəmiyyəti hələ XX əsrin əvvəllərində fəaliyyətə başlamışdı. Məşhur latış yazıçıları Ernest Birznieks-Upitis, Yanis Vainovskis, Auqusts Bertse, rəssam və yazıçı Yanis Yaunsudrabinş, Bakı Opera Teatrının dirijoru, bəstəkar Yazeps Medinş, memar Ervins Paumbats və başqaları Azərbaycanda yaşayıb yaratmışlar. Bu mənada Azərbaycanla Latviya arasındakı bugünkü əməkdaşlıq bənzər talelər, mədəni əlaqələr və iki xalqın sınaqdan keçdiyi çətin dönəmlər kimi tarixi bağlara əsaslanır.

Həm Azərbaycanı, həm də Latviyanı müstəqilliyə aparan yollar rahat olmayıb, hər iki ölkə qurbanlar verib. Müstəqillik illərində isə iki dövlətin diplomatik münasibətləri 1994-cü ilin yanvarında qurulub. 2005-ci ildən Azərbaycanla Latviya arasındakı münasibətlərdə xüsusi fəallıq müşahidə olunub, ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Latviya prezidentləri 2005, 2009, 2013 və 2017-ci illərdə Azərbaycana səfər ediblər. Prezident İlham Əliyev isə 2006-cı və 2011-ci illərdə Latviyada səfərdə olub. Bu cür yüksək səviyyəli səfərlər təbii ki, son 12 ildə əlaqələrin inkişafına təsirsiz ötüşməyib. Məhz dövlət başçılarının gərgin əməyinin nəticəsi olaraq, Azərbaycan-Latviya əlaqələri yeni - dinamik inkişaf mərhələsinə qədəm qoyub, qarşılıqlı münasibətlər bir çox mühüm sferaları əhatə etməyə başlayıb. Məsələn, ilbəil artan ticarət dövriyyəsi iki ölkə arasında dərinləşən iqtisadi əməkdaşlığın mühüm göstəricisidir.

Bu günlərdə Prezident İlham Əliyevin Latviyaya etdiyi rəsmi səfər iki ölkə arasındakı siyasi münasibətlərin yüksək səviyyədə olduğunu bir daha təsdiq etdi. Səfər zamanı dövlət başçılarının həm təkbətək, həm də nümayəndə heyətlərinin iştirakı ilə keçirdikləri görüşlərdə dövlətlərarası əlaqələrin müxtəlif aspektləri müzakirə edildi, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğu bildirildi, Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində, o cümlədən Şərq-Qərb, Şimal-Cənub dəhlizlərində, Asiya ilə Avropa arasında yükdaşımalarda önəmli rolu qeyd olundu. Danışıqlar zamanı Azərbaycan-Latviya münasibətlərinin Azərbaycan-Avropa İttifaqı münasibətləri çərçivəsində önəmi diqqətə çatdırıldı. Hökumətlərarası Komissiyanın fəaliyyəti müzakirə olundu, ticarət dövriyyəsinin artırılması üçün imkanların araşdırılması, ixrac-idxal potensialının müəyyənləşdirilməsi, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq məsələlərindən danışıldı. Prezident Raymonds Veyonis vurğuladı ki, Latviya Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyib, bundan sonra da dəstəkləyəcək.

Səfər zamanı iki ölkə arasında bir neçə sənəd imzalandı. Bunların arasında ən mühümü sözsüz ki, “Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”dir. Təbii ki, bu sənəd ikitərəfli münasibətlərin genişləndirilməsinə olduqca müsbət təsir göstərəcək. Bəyannamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çox önəmli məsələlər də əksini tapıb. Qeyd olunur ki, bu məsələ BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, Azərbaycan sərhədlərinin toxunulmazlığı çərçivəsində həllini tapmalıdır.

Prezident İlham Əliyev bununla bağlı deyib: “Müstəqilliyin bərpasına eyni vaxtda nail olmuş dövlətlərimiz qarşıdan gələn ildə dövlət quruculuğunun 100 illiyini qeyd edəcəklər. Dövlət müstəqilliyimizi bərpa etdikdən sonra ikitərəfli münasibətlərimizin tarixində yeni səhifə açıldı. Ölkələrimiz bu illərdə böyük uğurlar qazanıb, xalqlarımız isə sabitlik və təhlükəsizlik şəraitində rahat yaşayırlar. Bu gün ölkələrimiz arasında energetika, nəqliyyat, kənd təsərrüfatı, təhsil və digər sahələrdə əməkdaşlıq üçün yaxşı imkanlar var. Əminəm ki, Sizinlə apardığımız danışıqlar, iştirak etdiyimiz biznes forumu, əldə olunan razılaşmalar və imzalanan sənədlər, xüsusilə də Azərbaycan Respublikası və Latviya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə əlaqələrimizin inkişafına mühüm təkan verəcəkdir”.

Səfər zamanı “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Latviya Respublikasının Nəqliyyat Nazirliyi arasında beynəlxalq kombinə edilmiş yükdaşımaları haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Latviya Respublikasının İqtisadiyyat Nazirliyi arasında tikintidə təhlükəsizliyə dövlət nəzarəti sahəsində əməkdaşlıq haqqında Saziş” və “Azərbaycan Respublikası hökuməti ilə Latviya Respublikası hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb. Bununla da iki dövlət arasında indiyədək imzalanan sənədlərin sayı 47-yə çatıb.

Latviya həm də Avropa İttifaqının (Aİ) üzvüdür. Azərbaycan ilə bu qurum arasında əlaqələr son illər uğurla inkişaf edir. Bunu Prezident İlham Əliyevin cari ilin fevral ayında Belçikaya etdiyi səfər zamanı Avropa Komissiyasının prezidenti, Avropa İttifaqı Şurasının prezidenti və digər Aİ rəsmiləri ilə keçirdiyi görüşlər də təsdiq edir. Həmin səfərdən sonra Aİ ilə Azərbaycan arasında gələcək illər üçün strateji əməkdaşlığı müəyyən edəcək yeni saziş üzərində işlər başlamışdır. Strateji tərəfdaşlıq haqqında Azərbaycanla Latviya arasında imzalanan Birgə Bəyannamə isə Aİ ilə Azərbaycan arasında imzalanacaq sənəd üçün gözəl əsas yaradır. Xatırladaq ki, Azərbaycanın artıq Aİ üzvü olan 11 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədləri var.

Səfər zamanı keçirilən görüşlərdə Latviya Prezidenti Raymonds Veyonis bəyan etdi ki, Latviya Azərbaycan-Aİ əlaqələrinin inkişafına bundan sonra da dəstək verəcək: “Latviya hər zaman Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsini dəstəkləmişdir. Biz iqtisadiyyat, nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsində imkanlar açacaq yeni Avropa İttifaqı-Azərbaycan tərəfdaşlıq sazişi ilə bağlı danışıqları alqışlayırıq”.

Prezident İlham Əliyevin Latviyaya rəsmi səfəri göstərdi ki, Azərbaycan-Latviya münasibətlərinin inkişaf dinamikası yüksəkdir və müxtəlif sahələr üzrə əməkdaşlıq telləri daim genişlənir. Digər tərəfdən, bu səfər həm də regional və beynəlxalq münasibətlər baxımından mühüm əhəmiyyət kəsb edir. İki ölkə arasındakı yüksək siyasi dialoq həm indi, həm də gələcək illərdə əlaqələrin daha da şaxələnməsinə, beynəlxalq əhəmiyyətli məsələlərdə səmimi tərəfdaşlığa xidmət edəcək.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan. - 2017.- 20 iyul.- S.1.