İlham Əliyevin düşmənin göz
dağına çevirdiyi yurd
İnkişafın rəmzinə, zəfərin
ünvanına çevrilən Cocuq Mərcanlıda həyat
qaynayır, sürətlə yeni evlər tikilir
Bura Cocuq Mərcanlıdır...
Başını qəhrəmanlıq ünvanı olan Lələtəpə yüksəkliyinin dizlərinə söykəyib oradan dalğalanan Azərbaycan bayrağına baxa-baxa qürurlanır. İyirmi beş illik intizarı sona çatır. Çiyinlərindən həsrət yükünü yerə qoyub, yorğun-yorğun gülümsəyir. Kəndin uşaqları yurdlarının genişliyindən vəcdə gəlir, sanki qanad açıb uçmaq istəyirlər. Böyüklər isə hələ əşyalarını yeni evlərində yerbəyer etməklə, bəzəməklə məşğuldurlar.
Kəndin bir tərəfində isə buldozerlərin gurultusu tez-tez bir-birləri ilə məsləhətləşən işçilərin səslərinə qarışıb. Qızğın iş gedir. Ərazi təmizlənir, hamarlanır. Yeni evlərin tikintisinə burada başlanılacaq. Kəndin ümumi ab-havası işçilərin də ovqatına xoş təsir göstərib. Gərgin işləsələr də, yorğun görünmürlər.
Kənd canlanır. Bu yay Cocuq Mərcanlının ümidləri çiçək açıb.
İyirmi beş illik həsrət bitir...
...Qulaqlarından iyirmi beş
il qabaq onu tərk etmək istəməyən sakinlərinin
yanıqlı naləsi, ahu-fəğanı hələ
çəkilməyib. O zaman kəndə sanki od
yağırdı. Erməni silahlıları Azərbaycanın
hücum etdikləri yaşayış məskənlərində
kimsəyə aman vermirdilər. Cocuq mərcanlılılar
bunu bilə-bilə kənddən
çıxmamışdılar. O gün - 1993-cü ilin
23 oktyabrında Cocuq Mərcanlını tərk etməyə
məcbur oldular. Azərbaycan Ordusu bu kəndi
1994-cü ildə düşmən əsarətindən azad etdi.
Amma erməni silahlı qüvvələrinin atəş
nəzarətində qalan Cocuq Mərcanlıda
yaşayışın bərpası uzun illər
mümkün olmadı.
Gedənlərin gözləri
öz yurdlarında qaldı. Ona görə
heç yerdə könül rahatlığı tapa bilmirdilər.
Bu kənd də 1993-cü ilin o kədərli
oktyabr gününün dərdi ilə illərlə
yaşadı. Ancaq indi o ağır
gedişin bu sevincli dönüşü ruhunu oxşayır.
Cocuq Mərcanlı öz
sakinlərinin bəzilərini güclə tanıdı. Onun
hesabınca bu qədər yaşlı görünməməliydilər.
Görünür illərdən deyil, həsrətdən
qocalıblar. Buradan gedən o
uşaqların, yeniyetmələrin əksəriyyəti
artıq ailəlidirlər. Boyları
ata-analarının boyuna yetmiş gənc qızları,
oğlanları, yerə-yurda sığmayan uşaqları ilk
dəfəydi görürdü. Amma
gözlərindəki sevgidən tanıdı onları.
Görünür sakinləri
Cocuq Mərcanlını öz övladlarına da
tanıdıb sevdirə bilmişdilər. Gözünə
dəyməyənlər də çoxdur. Bəziləri yeni köçlə gələcəklər.
Ancaq doğma yurdun hicranına tab gətirə bilməyənlər
həsrət içində köçüb getdilər bu
dünyadan. Onlar son nəfəslərində də
“Məni yurdumuzda dəfn eləyin” - dedilər. Bu kəndin Lələtəpədə yerləşən
qədim qəbiristanlığına yolunu ermənilər
bağladığından doğmaları onları Cocuq Mərcanlıya
yaxın Qazaxlar kəndində torpağa tapşırdılar.
2016-cı ilin aprel
döyüşlərində Azərbaycan Ordusu tərəfindən
strateji əhəmiyyətli Lələtəpə yüksəkliyinin
erməni işğalından azad edilməsi ilə Cocuq Mərcanlının
günəşi doğdu. Kənddə
yaşayışın bərpası üçün imkan
yarandı. Azərbaycan oğulları bir
daha sübut etdilər ki, torpaqlarımızı
yağıların əsarətində qoymayacaqlar. O
döyüşlərdə hünər göstərmiş vətən
övladlarını bu kənd heç zaman unutmayacaq.
Cocuq Mərcanlı
abadlaşdırılır
Cocuq mərcanlılıların
üzlərini güldürən, qəlblərində
ümid çırağını şölələndirən
bir hadisə də bu ilin yanvarında baş verdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
2017-ci il yanvarın 24-də “Cəbrayıl
rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin
bərpası haqqında” sərəncam imzaladı. Sərəncamdan irəli gələn
tapşırıqlar yüksək səviyyədə yerinə
yetirildi.
İyunun 14-də Prezident İlham
Əliyev yenidən qurulan Cocuq Mərcanlı kəndində
görülən işlərlə tanış
oldu, kəndi tərk etməyən yeganə ailənin - Həziyevlər
ailəsinin üzvləri ilə görüşdü.
İyunun 15-də Prezident İlham
Əliyev Cocuq Mərcanlıda bərpa işlərinin davam
etdirilməsi ilə bağlı tədbirlər haqqında
yeni sərəncam verdi. Sərəncamda
qeyd olunur ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi
erməni silahlı birləşmələrinin
işğalından azad edildikdən və burada insanların təhlükəsiz
yaşaması mümkün olduqdan sonra kənd sakinlərinin
öz doğma yurdlarına qayıtması üçün həmin
ərazilərdə əsaslı yenidənqurma və bərpa
işlərinə başlanılıb. İlkin mərhələdə
10 hektar ərazidə geniş tikinti-bərpa və
abadlıq-quruculuq işləri aparılmış, ümumi
sahəsi 3850 kvadratmetr olan 50 fərdi yaşayış evi, 96
şagird yerlik ümumtəhsil məktəbi, məscid,
elektrik yarımstansiyası, hidrometeoroloji stansiya inşa edilib,
qaz, elektrik, içməli su xətləri, ümumi
uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilib. Bu istiqamətdə
işlərin davam etdirilməsinin vacibliyini və
respublikamızın müxtəlif bölgələrində məskunlaşmış
cocuq mərcanlıların öz doğma yurdlarına
qayıtmaq barədə müraciətlərini nəzərə
alaraq, kənddə tikinti-bərpa və abadlıq-quruculuq
işlərinin davam etdirilməsi, o cümlədən 100 fərdi
yaşayış evinin, uşaq bağçasının, həkim
məntəqəsinin, digər zəruri sosial və
infrastruktur obyektlərinin tikintisi nəzərdə tutulub. Əhalinin məşğulluğu üçün
ölkə başçısı aidiyyəti nazirliklərə
və şirkətlərə tapşırıqlar verib.
Birinci mərhələdə
əlli ailə doğma yurdunda evlə təmin olundu. Bu ilin
sentyabrından Cocuq Mərcanlı kəndində yenidən məktəb
zənginin sədaları da eşidiləcək. Kənd
sakinlərinin özü kimi qaçqın
düşmüş, iyrmi dörd il idi ki,
Bakının Xətai rayonunda məskunlaşmış məktəbi
bundan sonra Cocuq Mərcanlının özündə fəaliyyət
göstərəcək.
El gücü, sel
gücü
Kənddə evlə təmin
olunanlar qədər onlara yardım etməyə gələn
qohumları da sevincli, həyəcanlı
görünürdülər. Onlara da ikinci mərhələdə
Cocuq Mərcanlıda ev veriləcək. Cocuq Mərcanlının altmış dörd
yaşlı sakini Yaqut Məmmədovanın hələ ki
üç oğlu, bir qızı öz ailələri ilə
yeni evlərinə köçürdü. Onların əşyalarını yerləşdirmələrinə
kömək edən ana arabir əl saxlayırdı, oğlunun
həyətindən görünən
uçub-dağılmuş evə baxdıqca gözlərində
kədər kölgələnirdi.
Ötən günlərini yada
salırdı: “O görünən mənim ata evim idi. Ömrümün qayğısız günləri
orda keçib. O evdə boya-başa çatdım, gəlin
köçdüm. Dədə-baba yurdumuzda öz ailəmlə
yeni ev qurdum. Beş övlad
anası oldum. Həyat yoldaşım Gərayla
ailəmizin ruzisini əlimizin zəhməti ilə
qazanırdıq. Heç nədən
korluğumuz yox idi. Deyirdik, uşaqlarımız da
böyüyər, köməyimizə çatarlar, onlara da bu
kənddə toy edərik, ev tikərik. Ancaq erməni bəlası başımızın
üstünü aldı. Bizi didərgin
saldılar, yurdumuzu viran qoydular, evlərimizi yandırdılar.
Uzun illər bura gələ bilmədik. Kəndimizi, böyüdüyüm ata
ocağını, həyat yoldaşımla, uşaqlarımla
birlikdə yaşadığım evimizi tez-tez xəyalımda
canlandırmağa çalışırdım. Qorxurdum birdən bu kəndin mənzərəsi, o
evlərin görkəmi yaddaşımdan silinər. Bilə-bilə ki, o evlər artıq yoxdur, ermənilər
yandırıb, xarabaya çevirib, yenə onların var
olduğuna özümü inandırmağa
çalışırdım. Bu hissləri
yaşayan tək mən deyildim. Qaçqın
düşənlər zaman keçdikcə ən çox
yurdlarının, evlərinin təsvirlərinin
yaddaşlarından silinəcəyindən qorxurlar. Cocuq Mərcanlıda bərpa işləri
aparılanda kəndimizi görməyə gəldik. O
gün keçirdiyim hissləri ifadə edə bilmərəm.
Sözlər o duyğuları təsvir etməkdə
acizdir. Ana yurdun havası da bir
başqadır. Erməni vəhşiliyi nəticəsində
gözəl elimizin talan olduğunu gördükcə ürəyimiz
qan ağladı. Ancaq dövlətimizin
gücü ilə Cocuq Mərcanlı yenidən
abadlaşır. Biz də
köçdükdən sonra əlimizin zəhməti ilə
buranı cənnətə çevirəcəyik”.
Ən çox ona təəssüflənir
ki, ömür-gün yoldaşı bu dünyadan yurd həsrətilə
köçüb. Deyir: “Həyat yoldaşımın ən böyük
arzusu Cocuq Mərcanlıya qayıtmaq idi. Xəstəlik
tapdı. Dörd ay əvvəl
altmış səkkiz yaşında vəfat etdi”.
Azadə Hüseynova da
baldızıgilə köməyə gəlib. Onun həyat
yoldaşı bu kənddəndir, özü isə Cəbrayıl
rayonunun Mahmudlu kəndindəndir. O kənd hələ ki
erməni işğalçılarının nəzarəti
altındadır. Cocuq Mərcanlının bugünkü
növrağı Azadə Hüseynovanı bir az
da ümidləndirir: “Qaçqın düşəndə on
yeddi yaşım vardı, iyirmi beş ildən sonra ilk dəfədir
buralara qayıdıram” - deyir: “Biz çox çətin
günlər yaşadıq. Ancaq hər zaman
dövlətimizə, millətimizə güvəndik. İnandıq ki, torpaqlarımız geri alınacaq.
Bizim bu yurda geri dönməyimiz sübut etdi ki,
Azərbaycan öz torpaqlarını düşmən
işğalında qalmağa qoymayacaq. Bu
gün Cocuq Mərcanlıda qurulan bu büsat dövlətimizin
öz vətəndaşlarına verdiyi dəyərin ən
gözəl nümunəsidir”.
Almaz Hüseynova isə oğlu Fuad Qafarovla birlikdə qardaşıgilin evlərinə daşınmalarına yardım edirdi. Bizə yaxınlıqdakı evləri göstərib, sakinlərini tanıdır. Qardaşlarının, bacısının evləri bir-birinə yaxındır. On iki yaşlı Fuad ilk dəfə gördüyü Cocuq Mərcanlıya indidən bağlandığını söyləyir: “Yayı dayımgildə qalacağam. Sonra gedəcəyik. Amma yenə qayıdacağıq. Burdan heç getmək istəmirəm”.
Cocuq Mərcanlı sakini Elnur Həsənov da bacısının həyat yoldaşıyla ağır əşyaları bir-bir onların evlərinə daşıyır. Arada dincini alanda onunla da söhbət edirik. Buranı tərk edəndə on dörd yaşı olub. “İndi qırx yaşın içindəyəm - deyir. Qaçqın düşəndə əvvəl Saatlı, sonra İmişli rayonlarına getdik. Hərəsində bir az qaldıq. Biləsuvarda qəsəbə salınanda ora köçdük. Həmişə öz yurdumuzun xəyalıyla yaşadıq. Artıq köç başlayıb. Müraciət etdik, bizə də növbəti yüz fərdi evdən biri düşəcək. Ailədə beş nəfərik, atam, mən, həyat yoldaşım və iki oğlum. Əslində, bizə üçotaqlı düşürdü, amma şəhid ailəsi olduğumuz üçün dördotaqlı ev veriblər”. Elnur Həsənov övladlarından da danışır: “Böyük oğlum Röyal 9-cu, Oruc isə 8-ci sinifdə oxuyur. Bu gün onları gətirə bilmədim. Amma söz verdim ki, növbəti dəfə birlikdə gələcəyik. Biz cocuq mərcanlılar əl-ələ verib burada o vaxtkından da gözəl kənd quracağıq. Dövlətimiz bunun üçün bizə hər cür şərait yaradıb. Qazımız, işığımız, suyumuz var. İşlə təmin olunacağıq. Övladlarımızın təhsil almaları üçün yüksək səviyyədə məktəb binası inşa olunub. Biz dövlətimizlə fəxr edirik. Burada əməyi olan hər kəsə təşəkkür edirik”.
Adı tarixə yazılan kənd
Belə qurulur Cocuq Mərcanlı. Daha bu kəndin gözləri yollardan yığışır. Sinəsi üstündə ard-arda, yan-yana sıralanmış evlərə baxır. Bu əlli fərdi evdən gələn əlli işıq gecələr ulduz kimi sayrışacaq. Çox keçməyəcək ki, onlara daha yüz evin işığı qoşulacaq. Hər ocağın başına yığılmış ailələrdən sevinc dolu səslər yüksələcək. Bu səslər üçün nə qədər darıxdığını indi daha yaxşı anlayır.
Artıq küçələrində uşaqlar oynayırlar. Böyüklər isə həyətlərinə baxa-baxa bir-birləri ilə harada ağac əkəcəklərini məsləhətləşirlər. Hələ bir azdan əkin-biçin söhbətlərinə də başlayacaqlar.
...Bura Cocuq Mərcanlıdır. Uzun illər gözlədiyimiz zəfərin bugünkü ünvanı. Vətən övladları onun adını tarixə belə yazdılar.
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-
2017.-20 iyul.- S.1;5.