Çuxur hamam əsaslı təmir olunur

 

Tarixi abidələrimiz

 

Qubalılar XIX əsrin sonlarında istifadəyə verilən Çuxur hamamını yaxşı xatırlayırlar. O vaxtlar çoxları bura - Çuxur hamama gələrdi. Böyük növbə yaranardı. Hamamdan çıxanların qapının ağzındakı hücrədə içdikləri Məmmədrza dayının çayının dadı hələ də damaqlarındadır.

Ötən əsrin 80-ci illərinin sonunda hamamın kanalizasiya sistemi bağlandı. Bura uzun müddət baxımsız qaldı, bəzi yerləri uçub-töküldü.

Bu ilin yanvarında Çuxur hamamda təmir-bərpa işlərinə başlanıldı. İşlər ABŞ Dövlət Departamentinin Səfirləri Mədəni İrsinin Qorunması Fondunun maliyyə dəstəyi və Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq çərçivəsində görülür. Onu da bildirək ki, bu, səfirliyin regionlarda ilk layihəsidir. Bərpa işi 3 mərhələdən ibarətdir. Burada həmçinin dulusçular, xalçaçılar və digər sənətkarların əl işləri sərgilənəcək və satış yarmarkaları  təşkil olunacaq. Beləliklə, bura gələn yerlixarici turistlər həm sənətkarlıq nümunələri ilə tanış olacaq,  həm də  alış-veriş edəcəklər.

Təmir işləri “İnşaat” MMC tərəfindən aparılır. Artıq abidənin fasad hissəsinin uçulmuş hissələri, giriş qapıları, hücrələr bərpa  edilib. Hər bir zərgər dəqiqliyi ilə görülür.

Hamam bir dəfə sovet dönəmində təmir olunub. O vaxt aparılan təmir işləri hamamın ümumi daxili görünüşünə xələl yetirib. Buna görə hazırda işə  təcrübəli ustalar cəlb edilib. Telman Zeynalov, Zeynal Zeynalov, Ramin Cabbarov, Rasim Hümbətov kimi ustalar uzun illərdir ki, bu sahədə çalışırlar.

Hamamın maraqlı işıqlandırma sistemi var. Elektrik lampaları söndürüldikdə  belə içəri işıqlı olur. Səbəb çölün işığının  günbəzin yuxarısında, tam mərkəzdə təxminən diametri 1 metr olan dairəvi dəlikdən yanlardakı 20-30 santimetrlik yarımdairəvi beş pəncərədən süzülməsidir. Bunların arasındakı məsafə elə dəqiqliklə hesablanıb ki, günəşin hərəkət trayektoriyasından asılı olaraq hamamın işıqlandırılması eyni vəziyyətdə qalır.

Ustalar onu da bildirdilər ki, təmir işlərini sürətlə aparmaq mümkün deyil. Çünki təmirə hazırlanmış hissə tam qurumadan digərini hörmək olmaz.

 

Akif ƏLİYEV

 

Azərbaycan.- 2017.- 14 iyul.- S.8.