Azərbaycan-Türkiyə əməkdaşlığı
regionda sabitləşdirici təsirə malik həlledici faktordur
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin dördüncü üçtərəfli görüşündə iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə qardaş ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrində yüksək səviyyəli inkişafdan və siyasi dialoqdan məmnunluq ifadə olunub. Azərbaycan-Türkiyə əməkdaşlığının regiondakı vəziyyətə sabitləşdirici təsirə malik həlledici bir faktor olduğu qeyd edilib, bu baxımdan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının, o cümlədən onun son iclasının nəticələrinin yüksək qiymətləndirildiyi bildirilib. Həmçinin Azərbaycan taborunun Türkiyə Silahlı Qüvvələri ilə birlikdə Əfqanıstanda sülhyaratma missiyasında uğurla fəaliyyət göstərdiyi qeyd olunub.
Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi barəsində geniş müzakirələr aparılıb və Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalının davam etməsinin regional sülh və təhlükəsizlik üçün ciddi təhdid olduğu vurğulanıb.
Həmçinin ölkələrimizin beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığı yüksək qiymətləndirilib.
Ticarət-iqtisadi əlaqələrin davamlı, sabit və uzunmüddətli inkişafının təmin edilməsində Azərbaycan-Türkiyə Hökumətlərarası Müştərək İqtisadi Komissiyanın vacib rolu qeyd edilib və komissiyanın işinin daha da canlandırılmasının vacibliyi ifadə olunub. Həmçinin ölkələrimiz arasında ticarət-iqtisadi münasibətlərin inkişafında ikitərəfli və tranzit nəqliyyat imkanlarının (dəmiryolu, su və avtomobil) inkişaf etdirilməsi, eləcə də Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin qısa müddətdə tamamlanmasının əhəmiyyəti qeyd edilib.
Həmçinin TANAP layihəsinin
icrasının uğurla və qrafikə uyğun olaraq davam etdiyi məmnunluqla
vurğulanıb.
Azərbaycan.-
2017.-20 iyul.- S.3.