Bakıda Azərbaycan-Türkmənistan-Türkiyə xarici işlər nazirlərinin dördüncü üçtərəfli görüşü keçirilib
Azərbaycan-Türkmənistan-Türkiyə
xarici işlər nazirlərinin üçtərəfli
görüşünün yekunlarına dair birgə bəyanat
qəbul olunub
İyulun 19-da Bakıda Azərbaycan
Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun,
Türkiyə Respublikasının xarici işlər naziri
Mövlud Çavuşoğlunun və Türkmənistan Nazirlər
Kabineti Sədrinin müavini, xarici işlər naziri Rəşid
Meredovun iştirakı ilə Azərbaycan-Türkmənistan-Türkiyə
xarici işlər nazirlərinin dördüncü
üçtərəfli görüşü keçirilib.
Xarici İşlər Nazirliyinin mətbuat
xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan-Türkmənistan-Türkiyə
xarici işlər nazirlərinin dördüncü
üçtərəfli görüşünün yekunlarına
dair birgə bəyanat qəbul olunub.
Bəyanatda deyilir ki, tərəflər:
2014-cü il mayın 26-da Bakı şəhərində,
2015-ci il yanvarın 29-da Aşqabad şəhərində və
2015-ci il avqustun 28-də Antalya şəhərində
keçirilmiş xarici işlər nazirlərinin üçtərəfli
görüşlərində qəbul olunmuş birgə bəyanatlara
sadiqliklərini təsdiqləyərək, “2015-2017-ci illər
üçün Azərbaycan-Türkmənistan-Türkiyə əməkdaşlığının
Çərçivə Proqramı”nın həyata
keçirilməsi üzrə birgə səylərin
vacibliyini qeyd etdilər;
Qarşılıqlı şəkildə
dövlətlərinin suverenliyi, ərazi
bütövlüyü və beynəlxalq səviyyədə
tanınmış sərhədlərinin
toxunulmazlığına hörmətlərini və qətiyyətli
dəstəklərini bir daha təsdiqlədilər;
Bu kontekstdə münaqişələrin
qısa zamanda suverenlik, ərazi bütövlüyü və
beynəlxalq səviyyədə tanınmış sərhədlərin
toxunulmazlığı prinsiplərinə riayət əsasında
həllinin zəruriliyini qeyd etdilər;
Azərbaycan Respublikası,
Türkiyə Respublikası və Türkmənistanın Birləşmiş
Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik
və Əməkdaşlıq Təşkilatı, İslam
Əməkdaşlığı Təşkilatı, Beynəlxalq
Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və
digər müvafiq regional və beynəlxalq təşkilatlarda,
həmçinin Asiyanın Ürəyi-İstanbul Prosesi kimi
arenalarda və qarşılıqlı fəaliyyətin
vacibliyini qeyd etdilər;
Terrorçuluq, separatizm, ekstremizm və
ayrı-seçkiliyin bütün forma və təzahürləri,
transmilli mütəşəkkil cinayətkarlıq, narkotik
maddələr və onların prekursorlarının və
silahların qanunsuz dövriyyəsi, insan alveri, mədəni və
tarixi irs əleyhinə cinayətlər, kibercinayətlər və
qanunsuz miqrasiyaya qarşı mübarizədə əməkdaşlığın
daha da gücləndirilməsinin vacibliyini vurğuladılar;
2014-cü il iyunun 5-də Bodrum
şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının Dördüncü Zirvə
Görüşü zamanı baş tutmuş Azərbaycan
Respublikası, Türkiyə Respublikası və Türkmənistan
prezidentlərinin üçtərəfli
görüşünün yüksək əhəmiyyətini
xüsusi olaraq qeyd etdilər və dövlət
başçılarının Türkmənistanda
keçirilməsi nəzərdə tutulan Birinci Üçtərəfli
Zirvə Görüşünün əhəmiyyətini
vurğuladılar;
Üçtərəfli iqtisadi əməkdaşlığın,
habelə üç ölkə arasında iqtisadi tərəfdaşlığın
müqavilə-hüquq bazasının gücləndirilməsinin
vacibliyini qeyd etdilər;
İqtisadi-ticari əməkdaşlığı
gücləndirmək, sərmayə və ticarətin təşviq
edilməsi üçün mövcud potensialdan istifadə etmək,
həmçinin gömrük, enerji, nəqliyyat,
telekommunikasiya, sənaye, kənd təsərrüfatı, elm,
təhsil, mədəniyyət, turizm və ətraf mühit
sahələrində birgə layihə və proqramların həyata
keçirilməsi yolu ilə əməkdaşlığın
daha da inkişaf etdirilməsinə dəstək verəcəklərinə
dair razılığa gəldilər;
Dövlət
başçılarının Türkmənistanda keçiriləcək
Üçtərəfli Zirvə Görüşü
zamanı Azərbaycan-Türkiyə-Türkmənistan Biznes
Forumunun keçirilməsi imkanlarının nəzərdən
keçiriləcəyinə dair razılığa gəldilər;
Hər üç ölkənin
kiçik və orta sahibkarlıq müəssisələri
arasında mövcud əməkdaşlığın davam
etdirilməsinin əhəmiyyətini vurğuladılar;
Nəqliyyat infrastrukturunun inkişafı və tranzit potensialının artırılması istiqamətində yeni layihələrin həyata keçirilməsi üçün əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğuladılar;
Bu kontekstdə, bu ölkələri birləşdirən nəqliyyat-tranzit dəhlizlərinə dair geniş spektrli məsələlərin müzakirə olunduğu üç ölkənin nəqliyyat nazirlərinin 2016-cı il sentyabrın 1-də Aşqabad şəhərində keçirilmiş birinci görüşünün əhəmiyyətini qeyd etdilər;
Xəzər dənizindən keçməklə Türkmənistanı Azərbaycan Respublikası ilə birləşdirən və Türkiyə vasitəsilə (Bakı-Tbilisi-Qars dəmir yolu) Avropaya çıxışı olan Şərq-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf perspektivlərini müzakirə etdilər və üç ölkənin Böyük İpək Yolunun bərpasına yönəlmiş səylərinə mühüm töhfə verəcəyini vurğuladılar;
Xəzər dənizi hövzəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Türkmənbaşı Beynəlxalq Limanının Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi üzərində mühüm nəqliyyat logistika qovşağına, eyni zamanda, Avropa və Asiyanı birləşdirən geniş beynəlxalq logistika şəbəkəsinin bir hissəsinə çevriləcəyini və bununla da tarixi İpək Yolunun yenidən canlanmasına xüsusi töhfə verəcəyini qeyd etdilər;
Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizi layihəsinin əhəmiyyətini vurğulayaraq, sözügedən dəhlizə zəruri dəstəyin davam etdiriləcəyini bəyan etdilər;
Regionda rəqəmsal informasiya cəmiyyətinin qurulması üçün ölkələr arasında informasiya (internet) infrastrukturunun yaradılması vasitəsilə davamlı əməkdaşlığın gücləndirilməsini nəzərdə tutan, habelə Avropa və Asiya arasında telekommunikasiya tranziti yollarının diversifikasiyası və təkmillədşirilməsinə dəstək olan Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsinin Trans-Xəzər hissəsinin önəmliliyini yüksək qiymətləndirərək, tərəflər dövlət və özəl sektorunun iştirakını həvəsləndirməklə layihəyə dəstək olacaqları barədə razılığa gəldilər;
Enerji sahəsində əməkdaşlığın inkişafının vacibliyini nəzərə alaraq, Azərbaycan və Türkmənistan təbii qazının Azərbaycan və Türkiyə vasitəsilə Avropa və digər beynəlxalq bazarlara ötürülməsinin xüsusi əhəmiyyətini qeyd etdilər;
Təhsil, elm, mədəniyyət və digər humanitar sahələrdə Azərbaycan, türk və türkmən xalqlarının ümumi mədəniyyət, dil və tarixi irsinə əsaslanan əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini vurğuladılar;
Türkdilli dövlətlər arasında hərtərəfli əməkdaşlığın səmərəliliyinin daha da artırılması məqsədilə adıçəkilən dövlətlərin rəhbərlərinin Zirvə Görüşlərinin və ikitərəfli, həmçinin çoxtərəfli təmaslarının vacibliyini qeyd etdilər;
İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın önəmliliyini qeyd etdilər və hər üç dövlət üçün ümumi maraq kəsb edən məsələlər üzrə qarşılıqlı dəstəyin verilməsinin vacibliyini vurğuladılar;
Azərbaycan Respublikasında 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsini və bu kontekstdə İslam mədəniyyəti və mənəvi dəyərlərinin bütün dünyada təşviqinə mühüm töhfə kimi Bakıda yüksək səviyyədə təşkil olunmuş IV İslam Həmrəylik Oyunlarının əhəmiyyətini qeyd etdilər;
2017-ci ilin sentyabrında Aşqabadda keçiriləcək 5-ci Asiya Qapalı və Döyüş Növləri Oyunlarının uğurlu təşkilinə dəstəklərini ifadə etdilər;
Türkmənistanda keçiriləcək Zirvə Görüşü zamanı imzalanması nəzərdə tutulan enerji, nəqliyyat, iqtisadiyyat, ticarət, gömrük, elm, təhsil və mədəniyyət sahələrində saziş layihələri ilə bağlı əldə edilmiş irəliləyişi vurğuladılar.
Siyasi dialoq, qlobal və regional məsələlər üzrə əməkdaşlıq və əlaqələndirmənin gələcəkdə də davam etdirilməsi məqsədi ilə hazırkı üçtərəfli formatda mütəmadi görüşlərin keçirilməsinin vacibliyini qeyd etdilər.
Növbəti üçtərəfli
görüşün Türkmənistanda
keçirilməsinə dair
razılığa gəldilər. Görüşün
tarixi diplomatik kanallar vasitəsilə razılaşdırılacaqdır.
AZƏRTAC
Azərbaycan.-
2017.-20 iyul.- S.4.