Xalqın tərəqqi yolunun bələdçisi
- “Əkinçi”
Həsən bəy Zərdabi Moskva Dövlət Universitetində mükəmməl təhsil almış, dünya elmi nailiyyətləri, o cümlədən rus elmi ilə yaxından tanış olmuş, mütərəqqi ziyalı kimi Azərbaycana qayıtmışdı, həm də Moskva Dövlət Universitetində müəllimlik fəaliyyəti ilə məşğul olmaq təklifindən imtina edərək.
Zərdabinin əsas amalı əldə etdiyi biliklərlə, öz elmi təfəkkürü ilə silahlanaraq elmsiz, hər cür xurafatın təsirinə mübtəla olmuş doğma xalqını maarifləndirmək, onu tərəqqi yoluna çıxarmaq idi.
Bəs bunu necə etmək olardı? Ali təhsil aldıqdan sonra müvafiq dövlət idarələrində çalışan, ictimai həyatın çətinlikləri, çar siyasi rejiminin təqibləri ilə üz-üzə gələn Zərdabi, nəhayət, Bakı Realnı Məktəbində (1869) müəllimlik fəaliyyətinə başladı. O, burada demokratik əhval-ruhiyyəli gənclərin yetişdirilməsinə xüsusi səy göstərdi. Maraqlıdır ki, onlardan bir çoxu sonralar xalqı maarifləndirmək meydanında Zərdabinin silahdaşlarına, həmkarlarına çevrildi.
Xeyriyyəçilik, realnı məktəbdə gənclərin yetişdirilməsi Zərdabinin maarifçilik sahəsində planlarının həyata keçirilməsində böyük rol oynasa da, o, daha güclü vasitə axtarırdı. Nəzərində milli dildə qəzet çıxarmaq idi.
Həsən bəy Moskva Dövlət Universitetində oxuduğu illərdə bu təhsil ocağının mətbu orqanı olan “Moskovskiye vedomosti” qəzeti ilə tanış idi və yəqin ki, mütaliə də edirdi. O, ümumiyyətlə, qəzetin nə qədər böyük informatik və idraki gücə malik olduğunu yaxşı bilirdi. H.Zərdabi öz istəyini gerçəkləşdirdi və onun redaktorluğu ilə 1875-ci il iyulun 22-də “Əkinçi” qəzeti nəşrə başladı. Bununla da Azərbaycan milli mətbuatının əsası qoyuldu. Bu, Azərbaycan xalqının mədəni həyatında əlamətdar hadisə idi, Həsən bəy Zərdabinin və onun dostlarının maarifçilik ideyasının həyata keçirilməsində dönüş nöqtəsi, bir sıçrayış anı idi.
Əvvəlcə “Əkinçi” adı ilə bağlı məsələyə aydınlıq gətirən Həsən bəy Zərdabinin elmi irsinin, xüsusilə bu qəzetin təhlilinə həsr olunmuş yazılarda belə bir fikir formalaşdırılmışdır ki, o, lap əvvəldən məhz “Əkinçi” adında qəzet çıxarmaq istəyirmiş. Əlbəttə, bu ad altında Həsən bəy Zərdabi öz maarifçilik planlarını gerçəkləşdirmək istiqamətində ciddi işlər görmüş, əkin və ziraət məsələlərindən bəhs edərkən belə, xalqı maarifləndirmək, onu kənd təsərrüfatının müxtəlif sahələri üzrə, həyat və məişət, ailə, sağlamlıq barədə elmi biliklərlə silahlandırmaq məqsədindən kənarda qalmamışdır. Lakin həqiqət də həqiqətliyində qalır. 60 ilə yaxın Həsən bəy Zərdabinin elmi irsinin fəlsəfi tədqiqi ilə məşğul olduğum üçün cəsarətlə deyə bilərəm ki, onun elmi ideyaları, maarifçilik planları, Azərbaycan xalqının mənəvi mədəniyyətinin davamlı təkamül və tərəqqi yoluna aparmaq səyləri “əkin və ziraət çərçivəsindən” çox-çox kənara çıxır. Şübhəsiz ki, milli mətbuatımızın əsasını təşkil edən qəzetin nəşrini reallaşdırmaq, buna rəsmi dövlət icazəsi almaq üçün “Əkinçi” adının qəbul edilməsi həm zərurət, həm də məcburiyyət idi. Qəzetin nəşrinə razılıq almaq yolunda yaradılmış süründürməçiliyə son qoymaq lazım idi. Bu da baş tutdu. Məsələ ilə əlaqədar Zərdabinin özü belə deyib: “Bizim qubernator…general Staroselski,…...doğrudur, xalis rus idi. Amma onun övrəti gürcü qızı idi. Ona görə Qafqazın yerli əhlini artıq dost tuturdu. Mən ona dərdimi deyəndən sonra məsləhət gördü ki, qəzetin adını “Əkinçi” qoyum ki, guya məhz əkin və ziraətdən danışacaq və özü də boynuna çəkdi ki, senzorluğu qəbul eləsin. Bu tövr ərizə verib, izn aldım” (“Rusiyada əvvəlinci türk qəzetəsi”).
Müvafiq çar idarələrinin “Əkinçi” qəzetinin Həsən bəy Zərdabi tərəfindən tərtib edilmiş proqramı ilə bağlı irəli sürdükləri iradlar nədən ibarət idi? Həsən bəyin arxivində saxlanılan və rus dilindən Azərbaycan dilinə tərcümə etdiyim, onun cavablarını əks etdirən bir parçanı oxuculara təqdim etmək istəyirəm: “Siz məndən tələb edirsiniz ki, “Əkinçi” qəzetinin proqramını təkmilləşdirim, daha doğrusu, xüsusilə yerli ehtiyaclara və tələbata həsr edilmiş baş məqalələr adı altında nə demək istədiyimi aydınlaşdırım və soruşursunuz ki, bu məqalələri qəzetin digər şöbələrindən birində, xüsusilə elm şöbəsində vermək olmazmı? Doğrudur, mən baş məqalələrdə toxunmaq istədiyim ehtiyaclar haqqında digər şöbələrdəki məqalələrdə də danışmaq olar. Lakin nəqli xarakter daşıyan həmin məqalələrdə bu həyatın qüsurlarını xalqa göstərmək, bilavasitə bu qüsurlardan bəhs etməklə oxucunun diqqətini özünə cəlb edə biləcək baş məqalələrdəki qədər münasib deyildir. Buna görə də mən hesab edirəm ki, “Əkinçi” qəzeti üçün baş məqalələr zəruridir və baş məqalələrsiz qəzet nəinki inkişaf etmiş, hətta yarıminkişaf etmiş adamlar tərəfindən həvəssiz oxunan məlumat yığını olacaqdır. Bizim məhz yerli ehtiyaclarımıza və tələblərimizə gəldikdə isə mən bunlar haqqında baş məqalələrdə danışacağam. Bunun nə demək olduğuna cavab vermək mahalın müsəlman əhalisinin ehtiyacının hamısını şərh etmək olardı”.
Həsən bəy Zərdabi artıq çapı gerçəkləşmiş “Əkinçi”nin ilk nömrələrindən başlayaraq qəzetin vəzifələri barədə mülahizələrini oxucuları ilə bölüşdürür, bir sıra aparıcı ideyalarını şərh edir. O göstərir ki, yaşadığımız dünya daim dəyişməkdədir və bu prosesi heç kim saxlaya bilməz. Bizdən tələb olunan budur ki, işlərimizi zamanın və dünyanın dəyişməsinə uyğun quraq, dünyanın axarı ilə gedən qanunlarına qarşı çıxmayaq, tərəqqi yolunda irəliləyişimizə mane ola biləcək zərərli vərdişlərimizdən əl çəkək. Həsən bəy “Əkinçi”nin ilk nömrələrinin “Daxiliyyələri”ndə narahat olduğunu bildirirdi ki, hələ də xalqın maariflənməsi qarşısında maneələr yaradanlar, xurafatçılar Həsən bəyin dediyi kimi, pulla dolu öz qara sandıqlarının üstündə oturub, başqa heç bir şeyi görmək istəməyənlər var. O, belələrinə müraciət edirdi: “Müsəlmanların anlayan və pirşov şəxslərindən iltimas edirik ki, xalqı bu qəzeti oxumağa mane olmasınlar”.
Həsən bəy belə hesab edirdi ki, öz düşmənlərimizlə mübarizədə məğlub olmamaq üçün mütləq elm təhsil etmək lazımdır. O yazırdı: “Bizim ilə zindəganlıq cəngi edən millətlər elm təhsil edirlər. Ona binaən gərək biz də elm təhsil edək ki, onlara zindəganlış cəngində qalib olmasaq da, onların bərabərində dayanıb duraq, yoxsa dövlət və xoşgüzaranlıq onların əlinə keçəcəkdir və bizlər mürur ilə zindəganlıq cəngində məğlub olub, tələf olacağıq”.
Həsən bəy Zərdabi “Əkinçi”ni nəşr etdirdiyi illərdə Bakı Realnı Gimnaziyasında da dərs deyirdi. O, həyəcanla nəzərə çatdırırdı ki, bu gimnaziyada oxuyan müsəlmanların sayı ruslara və ermənilərə nisbətən olduqca azdır. Buna görə də Həsən bəy ömrünün sonunadək Azərbaycan xalqının, onun övladlarının elmi biliklərə yiyələnməsini, təhsil almasını özünün başlıca fəaliyyət dairəsinə daxil etmişdi, necə deyərlər, öz canını da bu işə qurban vermişdi. Deyilənlərə uyğun olaraq, “Əkinçi” qəzetindəki mühüm mövzulardan biri məktəb, müəllim, tədrisin keyfiyyəti, onun dünya standartlarına cavab verməsi idi. Lakin Həsən bəy hesab edirdi ki, dini xurafat, o cümlədən dini məktəblər dünyəvi məktəblərin təşkilinə mane olur, həqiqi elmi biliklərin tədrisini çətinləşdirirdi. Bu baxımdan “Elmi-əbdan” və “Elmi-ədyan” müzakirəsinin “Əkinçi” qəzeti səhifələrində qaldırılması Azərbaycanda, ümumilikdə, müsəlman aləmində böyük əks-səda doğurmuşdu. Qəzetin əsas müxbirləri Həsən bəy Zərdabinin mövqeyini müdafiə edir, dünyəvi elmlərin təbliğinin və tədrisinin zəruriliyini əsaslandırır, “Əkinçi”nin səhifələrində şərh edirdilər. Lakin təhsilin, elmi təfəkkürün düşmənləri, nadanlar, qaragüruhçular da dinc durmurdular, Həsən bəyi hörmətdən salmağa çalışırdılar, çirkin sözlərlə onu həcv edirdilər. “Qəzeti hər nə danışır, hamu hədyan danışır; özgələr adına nə deyir, böhtan danışır; nə hacət xarə güli-yasəməni ad edələr; sənə Həsən yox, Kasparu Vartan daha çox yaraşır” - deyə onu alçaltmağa, təhqir etməyə çalışırdılar.
Çox əlamətdardır ki, “Əkinçi”nin nəşr olunduğu illərdə Qafqazın Şeyxülislamı mütəfəkkir Əhməd Hüseynzadə (Əli bəy Hüseynzadənin babası) Həsən bəy Zərdabinin mövqeyini müdafiə edərək söyləyirdi ki, peyğəmbərimiz hər iki elmin - dünyəvi və dini elmlərin öyrənilməsini buyurub. Həsən bəyi həcv etmiş Hadiyul-müzillin Qarabaği Azərbaycanın ziyalı oğulları, o cümlədən Həsən bəy Zərdabinin və “Əkinçi”nin dostu Seyid Əzim Şirvani tərəfindən kəskin tənqid atəşinə tutulur. Hadiyul-müzillin Qarabaği Həsən bəy Zərdabiyə müraciətən yazırdı ki, kişisən, mənim həcvimi qəzetində çap elə. Həsən bəy ona cavab olaraq yazırdı: “Fikrim budur Göyçayla Qarabağın arasında bir daş basdırım və bu həcvi eynilə onun üstündə yazdırım. Qoy gələcəkdə balalarımız oradan keçərkən o yadigarı oxuyub bilsinlər ki, mən milləti-islami qəflət yuxusundan ayıltmağa çalışarkən hansı nadanlarla rastlaşmalı olmuşam”. Mirzə Fətəli Axundzadə Zərdabinin müdafiəsinə qalxır və onu tənqid edən Hadimül-qəvaid kapitan Sultanova qarşı kəskin ruhlu bir məqalə göndərir. Lakin məqalə kəskin olduğundan Həsən bəy onu “Əkinçi”də çap etdirə bilmir və Mirzə Fətəliyə müraciətən yazır ki, əgər cənabınız icazə versə, onun üstünə nazik bir pərdə çəkib, çap etdirərik. Yeri gəlmişkən nəzərə çatdıraq ki, Mirzə Fətəli Axundzadənin həmin məqaləsi sonralar böyük mütəfəkkirin fəlsəfi əsərlərində çap olunmuşdur.
“Əkinçi”nin səhifələrində qaldırılmış “Elmi-əbdan” - “Elmi-ədyan” mübahisəsi böyük əks-səda doğurmuşdu və bu, XX əsrin əvvəllərində “Bizə hansı elmlər lazımdır” mövzusunda davam etdirilmişdir. Axund Əbu-Turabın 1906-cı ildə “Həyat” qəzetində dərc olunmuş bu adda məqaləsi ilə başlanan və uzun müddət davam edən müzakirədə Əli bəy Hüseynzadə, Məhəmməd Hadi, Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə və digərləri fəal iştirak etmişlər.
“Əkinçi”nin milli mətbuatımızın və maarifçilik hərəkatı tarixində böyük rolu həm də bunda idi ki, qəzet demokratik əhval-ruhiyyəli gənclərin, yazıçı və şairlərin toplandığı dəyərli mərkəzə çevrilmişdi. Bu baxımdan Mirzə Fətəli Axundzadənin “Əkinçi”nin çapı üçün göstərdiyi qayğılar, Azərbaycan dilinin qəzetdə tətbiqi ilə əlaqədar Həsən bəy Zərdabiyə verdiyi məsləhətlər xüsusi rəğbətlə qarşılanır. Eyni zamanda, Mirzə Fətəli “Vəkili-naməlum” imzası ilə ciddi təndiqi məqalə ilə qəzetdə çıxış edir. Bununla əlaqədar Həsən bəy Zərdabi və “Əkinçi”nin mütərəqqi fikirli müxbirləri “Vəkili-naməlum”la fikir mübadiləsinə girişirlər. Mirzə Fətəli söylənilən tənqidi mülahizələrlə bağlı “Əkinçi”yə cavab məqaləsi göndərir. Ümumi səylərin eyni məcraya yönəldiyi aydın olur.
“Əkinçi” bir növ müxbir dəst-xəttini, yazı dilini formalaşdırır. Qəzetdə müsəlman mahallarından ərəb dilində göndərilən müxbir məqalələri Azərbaycan dilinə (bəlkə də ümumi türk dilinə) tərcümə edilərək müəlliflərinə göndərilirdi ki, onlar ana dilində yazmağı öyrənsinlər. H.Zərdabinin XX əsrin əvvəllərindən müxtəlif qəzet və məcmuələrdə dərc etdirdiyi məqalələrdə də (“Dil davası”, “İttihadi-lisan”, “Açıq məktub” və s.) Azərbaycan dilinin elm və təhsil dili olaraq təkmilləşdirilməsi, eyni zamanda, ortaq türk dili məsələsini təkidlə irəli sürür.
“Əkinçi”nin dostu, Həsən bəy Zərdabini müəllimi sayan, ona “bizim böyük Şeyximiz” deyə müraciət edən İsmayıl bəy Qaspıralı Həsən bəyin ideyalarından bəhrələnərək ortaq türk dili problemini bitkin konsepsiya kimi irəli sürür. “Türkçülüyün tarixi” əsərinin müəllifi Yusuf Akçura “Əkinçi” qəzetinin bütün komplekti ilə məhz İsmayıl bəyin kitabxanasında tanış olduğunu xatırlatması ciddi elmi maraq doğurur. Fikrimizcə, Yusuf Akçuranın İsmayıl bəy Qaspıralıya Zərdabi ideyalarının müsbət təsiri ilə əlaqədar söylədiyi fikirlər olduqca əhəmiyyətlidir.
“Əkinçi” qəzetindən, onun redaktoru, böyük ictimai xadim, təbiətşünas alim Həsən bəy Zərdabidən bəhs edərkən Əlimərdan bəy Topçubaşovun ona və “Əkinçi”nin 50 illiyinə həsr olunmuş “Azərbaycanın mayakı” adlı xatirə məqaləsinə də müraciət etmək zərurəti yaranır. Xatırladırıq ki, Əlimərdan bəy Həsən bəy Zərdabinin qızı Pəri xanımın həyat yoldaşı idi, həmçinin onlar birlikdə “Kaspi” qəzetində çalışmışdılar. Əlimərdan bəy Topçubaşovun əvvəla, “Əkinçi”nin nəşri zamanı Həsən bəyin Azərbaycan-türk dilinin saflığı uğrunda mübarizə apardığını, onu ərəb-fars tərkiblərindən təmizləməyə çalışdığını nəzərə çatdırır. İkincisi, Həsən bəyin İsmayıl Qaspıralı ilə dərin ideya əlaqələrindən bəhs edir. Üçüncüsü, “Əkinçi”nin Zərdabi üçün çox doğma olduğunu xüsusi nəzərə çatdırır. Əlimərdan bəy yazır: “Əkinçi”! Bu sözü ürək döyüntüsüz və həyəcansız dilə gətirmək çətindir. Bu sözdə hər bir azərbaycanlı... üçün nə qədər müqəddəslik var... “Əkinçi”... müstəqil Azərbaycan üçün, onun dili, xalq mahnıları, poeziyası, tarixi üçün gözəl emblemdir. “Əkinçi” bütün Azərbaycan xalqının təsviri və ona tərif verilməsidir, onun enerjisinin, onun azad əməyə məhəbbətinin, onun ideya və ideallarının təzahürüdür!
“Əkinçi” və Həsən bəy Məlik-Zərdabi, Həsən bəy Məlik-Zərdabi və “Əkinçi” tarixdə və xalq yaddaşında bir-birilə o qədər birləşmiş və bağlıdırlar ki, onları ayırmaq mümkün deyildir. Onlar birlikdədirlər və bölünməzdilər” .
Qeyd edək ki, ulu öndər Heydər Əliyevin yolunu çox böyük uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycan milli mətbuatının tarixinə, milli mətbu dəyərlərimizin layiqincə öyrənilməsinə xüsusi diqqətlə yanaşır, Milli Mətbuat Gününün lazımi səviyyədə keçirilməsini daim nəzarətdə saxlayır. Bunun nəticəsidir ki, son dövrlərdə “Əkinçi” və Həsən bəy Zərdabi irsinin öyrənilməsi sahəsində elmi araşdırmalar intensiv xarakter alıb. Görkəmli mətbuat fədaisinin soykökünə, o cümlədən onun Bakı Dumasındakı fəaliyyətinə dair sanballı kitablar meydana gəlib. Həsən bəy Zərdabinin həyat və yaradıcılığının bədii salnaməsi kimi təqdim edilə biləcək “İşığa gedən yol” romanı da xüsusi qeyd olunmalıdır.
İzzət RÜSTƏMOV,
fəlsəfə elmləri doktoru, professor
Azərbaycan.- 2017.-21 iyul.- S.11.