Mühacir-yazar

 

Adı ehtiramla xatırlanan, Azərbaycanın istiqlal savaşı və milli mətbuat tarixində mühüm yer tutan ziyalılardan biriHüseyn Baykaradır. Bu şəxsiyyət 114 il öncə, 1904-cü ildə Şuşada dünyaya gəlib.

Əsl adı Qara, soyadı Hüseynov idi. Onun tərcümeyi-halı və ictimai-siyasi fəaliyyəti ilə ilk dəfə istiqlal şairi Əhməd Cavad Axundzadənin yaradıcılığının tədqiqi ilə məşğul olarkən tanış olmuşam...

1923-cü ilin sonlarında bolşeviklər tərəfindən həbs edilən 19 yaşlı Qara Hüseynov istiqlal şairi Əhməd Cavadla Bakının köhnə Staro-Politseyski məhəlləsindəki həbsxanada (sovet dönəmində Kömürçü bazarının yaxınlığında, şirniyyat fabriki kimi tanınan ünvanda) bir neçə ay eyni kamerada dustaq həyatı yaşamışdır. Əqidə sahiblərinin bu yoldaşlığı sonralar sədaqətli dostluğa, mübarizə birliyinə çevrilmişdir.

Orta təhsilini Şuşada alan Qara Hüseynov sonralar Bakı Dövlət Universitetinin tarix fakültəsində oxumuşdur. Gənclik illərindən xalqının azadlığı, ölkəsinin müstəqilliyi uğrunda gedən ictimai-siyasi hadisələrin iştirakçısı olmuşdur.

Bir gün şəhərdə yaxın dostu Əhməd Cavadla, qeyri-leqal Milli Azadlıq Komitəsinin rəhbəri doktor Dadaş Həsənzadə və bu sıradan olan liderlərdən Rəhim bəy Vəkilli ilə rastlaşır. Uzun-uzadı söhbətdən sonra Qara Hüseynov haqsızlıqlardan, təqiblərdən bezdiyini, Dövlət Siyasi İdarəsi əməkdaşlarının diqqətini özlərindən yayındırmaq üçün qeyri-leqal komitənin üzvlərinin, özüdaxil olmaqla, bir hissəsinin müvəqqəti olaraq Azərbaycandan çıxıb getmələrini təklif edir. Qara Hüseynov xatirələrində qeyd edir ki, “Azərbaycan azadlıq mübarizəsinin hər üç lideri mənim bu təklifimə qarşı çıxdılar və dedilər: “Mən gedim xarici ölkəyə, sən get, o getsin, çox yaxşı, bəs bu bədbəxt və talesiz günləri millətlə kim bölüşsün?!”

Yaxşı xatırlayıram, Əhməd Cavad və Rəhim bəy Vəkilli mənim təklifimə çox hirsləndilər və bir daha belə sözlər danışmamağı söylədilər. O vaxtdan düz yarım əsr keçmişdir. İstiqlal uğrunda mübarizə aparan bu üç “azadlıq aşiqləri” sözlərinə sadiq qalmış, Azərbaycan xalqının bədbəxt günlərini onlarla birgə yaşamışlar. Doktor Dadaş Həsənzadə güllələnmiş, Rəhim bəy Vəkilli özünü öldürmüş, Əhməd Cavad isə Sibirə sürgün olunmuş (əslində, şair NKVD zirzəmisində ağır işgəncələr altında 1937-ci il oktyabrın 13-dən 14-nə keçən gecə vəhşicəsinə qətlə yetirilmişdir) və ondan bir daha heç bir xəbər gəlməmişdir”.

1927-ci ildə dostlarından biri Qaraya universitet tələbələrinin Novruz bayramı ilə əlaqədar keçiriləcək tədbirdə bolşevik casusları tərəfindən tutulacağını ehmalca xəbər verir. Bu zaman Qazax gimnaziyasında böyük şairimiz Səməd Vurğuna, Osman Sarıvəlliyə, Hacı Kərim Sanılıya, şəmkirli Qalaçalı Kamala dərs demiş qardaşı, tanınmış pedaqoq Surxay müəllimin Sibirə - ölüm düşərgəsinə sürgün edildiyi səhnələr gözləri önündə canlandı (araşdırmalara görə, gimnaziya müəllimi Surxay Hüseynov vətənə qayıda bilməmiş və 1955-ci ildə Qazaxıstanda sürgün düşərgəsində həlak olmuşdur).

Bolşevik təpkilərinə görə tələbələr arasında qapalı və simvolik keçirilən Novruz tədbirlərində gözə dəyməyən Qara NKVD-çilərin əlinə keçməmək üçün Azərbaycanla vidalaşmalı olur. Baharın xoş günlərində əyninə çoban paltarı geyinib üz tutur cənuba - çatır Araz çayının sahilinə. Oradan İrana keçir, sonra da Türkiyəyə gedir.

23 yaşlı mühacir Qara Hüseynov Türkiyədə xeyirxah və təəssübkeş adamların qayğısı ilə əhatə olunur. Qaranın savadına, qabiliyyətinə və əqidəsinə bələd olan bu şəxslər ona İstanbul Universitetinin hüquq fakültəsinə daxil olmaqda yardımçı olurlar. Ərəb, farsrus dillərini, habelə qədim tarixi yaxşı bildiyindən, Şərq-Qərb ədəbiyyatına yetərincə bələd olduğundan o, qısa müddətdə nümunəvi tələbə kimi tanınır. Çalışqanlığı və ictimai işlərdə fəallığı ilə seçilir. Hüseyn Baykara universiteti müvəffəqiyyətlə bitirdikdən sonra əvvəl Elazıqda, sonra İstanbulda hakimprokuror vəzifələrində çalışır, sonra ömrünün son günlərinədək vəkilliklə məşğul olur. Hüseyn Baykara hüquqşünaslıqla yanaşı, ədəbi fəaliyyətlə də ciddi məşğul olur. Dövri mətbuatda tarixielmi-publisistik məqalələrlə çıxış edir. “Azəri-türk”, “Odlu Yurdkimi nəşrlərdə Azərbaycan türkçülüyü ideyasını və milli azərbaycançılığı təbliğ edən əsərləri, xalqının mədəniyyəti, ədəbiyyatı və onun dəyərli ziyalıları ilə əlaqədar elmi-publisistik məqalələri, xüsusilə “Azərbaycan istiqlalının 50 illiyi dolayısı ilə”, “Azərbaycanda erməni basqısı və Naxçıvan məsələsi”, “Azərbaycan Cümhuriyyətinin iki hərbi zəfəri”, “Azərbaycan istiqlal mücadiləsinin iqtisadi təməli” yazıları, “Dədə-Qorqud kitabı üzərinə notlar”, “Azərbaycan renesanseni yapanlardan Abbasqulu Ağa Bakıxanov” yazıları ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır.

Ədib Azərbaycanın azadlıq hərəkatından bəhs edən bir neçə elmi kitabın müəllifidir. H.Baykaranın Türk Kulturunu Araşdırma İnstitutu tərəfindən 1966-cı ildə nəşr edilən “XIX əsrdə Azərbaycanda yeniləşmə hərəkatı”, 1975-ci ildə İstanbulda işıq üzü görən “Azərbaycan istiqlal mücadiləsi tarixi” və “İran inqilabı və azadlıq hərəkatı” nəşrləri, eləcə də “Azərbaycan mədəniyyəti tarixi” əsəri indioxucular tərəfindən sevilə-sevilə oxunan, tədqiqatçılar tərəfindən tez-tez istinad edilən məxəzlərdəndir.

Hüseyn Baykara “Azərbaycan istiqlal mübarizəsi tarixi” kitabında az vaxt ərzində gördüyü işləri, ölkənin başına gələn fəlakətləri oxuculara çox məharətlə çatdıra bilmişdir. Müəllif bu əsərdə Azərbaycanın bolşeviklər tərəfindən istila olunmasını, ermənilərin bundan istifadə edərək qırğın törətməsini, türkiyəli soydaşlarımızın bizə etdikləri hərbi yardımı və digər hadisələri tarixi faktlar əsasında qələmə almışdır. O, Daşnaksütyun partiyasının və onun silahlı birləşmələrinin Bakıda və Azərbaycanın digər yerlərində müsəlmanların başlarına gətirdikləri müsibətləri tarixi faktlarla gündəmə gətirmişdir.

Araşdırmalardan məlum olur ki, 1967-1968-ci illərə kimi Hüseyn Baykaranın harada olmasından, nə öldüsündən, nə də qaldısından doğmalarının xəbəri olmayıb. Ehtimal ki, istiqlal mübarizlərindən, əqidə və əməl yoldaşlarından bu barədə kiminsə məlumatı olmamış deyildi, təəssüf ki, onlar da busirrirepressiya təlatümləri üzündən özləri ilə haqq dünyasına aparmışlar.

Türkiyədə yetərincə tanınan bu böyük şəxsiyyəti yenidən Azərbaycana tanıdan, doğmalarına qovuşduran dünya şöhrətli maestro, SSRİ xalq artisti, Stalin mükafatı laureatı Niyazi olmuşdur. Maestro 1966-cı ildə həyat yoldaşı Həcər xanımla Türkiyədə olarkən böyük vətənpərvərlik hissi ilə ondan Vətən ətrini duymaq istəyən mühacir azərbaycanlılardan gəncəli İsmayıl bəy Saryal, Nuru bəy Saryal, professor Dilşad xanım Elbrus, Saleh bəy Gəncə, doktor Sultan Hacıoğlu və Hüseyn Baykara ilə görüşür. Yaşlı nəslə yaxşı məlumdur ki, bu görüşbu “yığım” sovetlər dönəmində nə qədər riskli və məsuliyyətli bir addım idi. Türkiyədən qayıdandan bir neçə gün sonra maestro Niyazi Azərbaycan televiziyasında səfər təəssüratları haqqında danışanda ikinci bir riskə gedir, mühacir ömrü yaşayan həmvətənlərimiz haqqında ətraflı söz açır, o cümlədən Hüseyn Baykaranın adını çəkir.

Gəncədə yaşayan, illərlə qardaş xiffəti ilə gözləri yol çəkən bacısı Sərəncamın bu xəbərin sevincindən az qalır ürəyi dayana, “qardaşım sağdır!” deyə-deyə evi o baş-bu başa gəzir, dəstəyi götürüb dost-tanışa zəng edir, sevincini bölüşür. Bakıya telefon açıb yaxın qohumu Nazim müəllimdən israrla xahiş edir ki, gedib maestro Niyazi ilə görüşsün.

Maestronun yaşadığı ünvana gedən Nazim müəllimi evin xanımı qarşılayır. Bu gəlişin səbəbini biləndə Həcər xanım sevinclə “Ay bala, neçə vaxtdır biz Sərəncamı axtarırıq. Səni xeyir xəbər olasan, nə xoş təsadüf, axır ki, narahatçılıqdan qurtardıq...” deyə bildiklərini, gördüklərini təfsilatı ilə qonağa çatdırır.

Bu görüşün təəssüratından da ürəyi soyumayan Sərəncam ana deyir: “Mənim yaşım 70-i ötüb, təzyiqim var, səhhətim imkan vermir ki, təyyarəyə minim, uzaq yola çıxım, siz gedin Qaranı əməlli-başlı axtarın, görüşün...”

Ağbirçəyin bu istəyinin izi ilə qohumlardan bir neçəsi 1967-ci ilin sentyabrında Türkiyəyə gedir. Gəncədən, Şuşadan və Bakıdan müxtəlif ailələrdən bir məqsəd dalınca eyni ünvana gedən qonaqların İstanbulda Hüseyn Baykaranın evində təntənəli görüşü olur. Niyazi müəllimin, Həcər xanımın, Sərəncam ananın söylədikləri dağ vüqarlı, sel hünərli, millət, vətən təəssübkeşi ilə bu görüş əsl toy-bayrama çevrilir. Ürəkdən keçənlərin baxışlardan oxunduğu bu məclisdə çox mətləblərə aydınlıq gətirilir. Hüseyn Baykaranın doğmalarından “Mənə bir ovuc Vətən torpağı gətirəydiniz!” istəyi hamını kövrəldir. Bu gəlişə, bu görüşə Hüseyn Baykaranın övladları - jurnalist Odhan bəy, inşaatçı-mühəndis Surxay bəy, uşaq həkimi Mina xanım, mühəndis Gülqənd xanım: “Axır ki, babam arzusuna çatdı” - deyə hamıdan çox sevinirlər.

İstanbuldan qayıdan qonaqlar ürəklərindəki, yaddaşlarındakı söz-söhbətlə yanaşı, Hüseyn Baykara haqqında yazılanları, habelə müəllifi olduğu bir neçə kitabını özləri ilə Gəncəyə gətirirlər.

Azərbaycan 1991-ci ildə öz tarixi müstəqilliyinə qovuşduqdan sonra azərbaycanlı oxucular Hüseyn Baykara yaradıcılığı ilə yaxından tanış olmaq imkanı əldə edə biliblər. Əsərlərində milli azadlıq hərəkatına xüsusi yer verən Hüseyn Baykaranın “Azərbaycan mədəniyyəti tarixi” və “Azərbaycan istiqlal mübarizəsi tarixi” kitablarını araşdırıcılar Azərbaycanın azadlıq mübarizəsinin əlifbası hesab edirlər. Hüseyn Baykara sonuncu kitabında yurdumuzun istiqlal tarixi ilə yanaşı, baş verən milli azadlıq hərəkatının ilk rüşeyimlərinin XIX əsrin ilk millətçiləri A.A.Bakıxanov, M. F.Axundzadə, H.Zərdabi və digərləri tərəfindən ortaya atıldığını bildirir. Hüseyn Baykaraya görə, “millət” anlayışını ilk dəfə M.F.Axundzadə işlədib, Azərbaycan xalqının qəlbində millətçilik ruhunu oyadan, bunu millətin qayəsinə çevirən “Əkinçi”də H.Zərdabi, “Kəşkül” və “Ziya” qəzetlərində isə Ünsizadə qardaşları olmuşdur.

İstiqlalçı Hüseyn Baykara həyati reallıqlardan bu nəticəyə gəlir ki, ötən əsrin əvvəllərində yazıb-yaradan ədiblər Azərbaycanın milli azadlıq hərəkatında təkanverici qüvvə olmuşlar. O, romantizm nümayəndələrindən Hüseyn Cavid, Məhəmməd Hadi, Abbas Səhhət və başqalarını, realistlərdən Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Firudin bəy Köçərli və digərlərini misal göstərir.

Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Hüseyn Baykara ömrünün sonuna kimi qəzet-jurnal səhifələrindəki tarixi-publisistik məqalələri, bir-birindən dəyərli kitabları və ədəbi tədbirlərdə çıxışları ilə Azərbaycan Cümhuriyyəti, onun müstəqilliyi, ərazi bütövlüyü, xalqının azadlığı uğrunda mübarizə aparmışdır. Mühacir, hüquqşünas, habelə milli mətbuat tarixində publisist-yazar kimi tanınan Hüseyn Baykara doğma Qarabağa, Şuşaya, bir sözlə, başı bəlalar çəkmiş Azərbaycana qayıtmaq həsrəti ilə 1984-cü ildə İstanbulda haqq dünyasına qovuşmuşdur.

 

Rəhman SALMANLI,

 

Azərbaycan.- 2017.-21 iyul.- S.11.