Prezident İlham Əliyevin müəyyənləşdirdiyi konsepsiyaya uyğun olaraq Azərbaycan mediası yeni inkişaf mərhələsini yaşayır

 

Güclü dövlət - onun bütün demokratik institutlarının güclü olması deməkdir. Vətəndaş cəmiyyəti güclü olan dövlətin sütunları da möhkəm olar. Medianın da azad, müstəqil və rəqabətədavamlı olması eyni məntiqlə xarakterizə edilə bilər. Bu gün milli mətbuatımızın inkişafı üçün kompleks tədbirlərin həyata keçirilməsi həmin sütunların daha da möhkəm olması üçün atılan məqsədyönlü addımlardandır.

Demokratik inkişafı şərtləndirən ən mühüm dəyərlərdən biri də kütləvi informasiya vasitələrinin müstəqilliyinin, o cümlədən mətbuat, söz, fikir azadlıqlarının yüksək səviyyədə təminatıdır. Bu azadlıqlar cəmiyyətdə sosial məsuliyyəti, şəffaflığı, siyasi plüralizmi, tolerantlığı şərtləndirməklə yanaşı, beynəlxalq konvensiyalarda və digər normativ hüquqi aktlarda təsbit edilmiş insan hüquqlarının etibarlı müdafiəsinə geniş imkanlar açır. Kütləvi informasiya vasitələri cəmiyyət həyatının bütün sahələrinə təsir göstərən qüdrətli vasitələrdən biri olaraq ictimai rəyin formalaşmasında, habelə siyasi proseslərin inkişaf istiqamətlərinin müəyyənləşməsində mühüm rol oynayır.

Əsası görkəmli ziyalı, ictimai xadim Həsən bəy Zərdabi tərəfindən qoyulmuş Azərbaycan milli mətbuatı 142 illik yubileyini qeyd edir. Respublikamızın ictimai-siyasi, sosial-iqtisadi həyatında demokratik dəyərlərin daha geniş şəkildə bərqərar olması, müstəqil dövlətçiliyin siyasi, iqtisadihüquqi dayaqlarının möhkəmlənməsi prosesi sürətləndikcə Azərbaycan iqtidarı da söz və mətbuat azadlıqlarının qanunvericilik bazasının demokratikləşdirilməsi istiqamətində yeni-yeni addımlar atır. Ulu öndər Heydər Əliyevin siyasi kursunu inamla davam etdirən Prezident İlham Əliyev söz və mətbuat azadlıqlarının inkişafını respublikanın demokratikləşməsi prosesinin vacib amili kimi dəyərləndirir və bir dövlət başçısı kimi KİV-in sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsinə lazımi imkanlar yaradır.

Məhz Prezident İlham Əliyevin mediaya diqqət və qayğısının nəticəsidir ki, jurnalist peşəsinin ictimai nüfuzu davamlı olaraq artır. Belə ki, jurnalistlərə fəxri adların verilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, obyektiv və qərəzsiz prinsiplər əsasında fəaliyyət göstərən media qurumlarının cəmiyyətin ictimai institutu kimi fəaliyyətinin təqdir edilməsi və sözügedən mətbuat subyektlərinin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə qiymətləndirilməsi nəticə etibarilə jurnalistlərin ictimai nüfuzunun artmasına gətirib çıxarıb.

Prezident İlham Əliyevin Azərbaycan mediasına göstərdiyi diqqət və qayğı göz önündədir. Dövlət başçısının KİV-ə dəstəyinin əsas məqsədi müstəqil, peşəkar, rəqabətədavamlı, eyni zamanda vətənpərvərlik prinsiplərinə dönmədən əməl edən media resurslarının formalaşdırılmasıdır. Prezident İlham Əliyev dəfələrlə sübut edib ki, dövlətimiz demokratiyanın əsas atributlarından olan söz və məlumat azadlığının inkişaf etdirilməsində, KİV-in iqtisadi müstəqilliyinin gücləndirilməsində, ölkədə azadplüralist medianın inkişafında maraqlıdır və qarşıda duran vəzifələri tam məsuliyyətlə, yüksək səviyyədə yerinə yetirir.

Hər kəsə bəllidir ki, hazırda Azərbaycanda mətbuatın inkişafı üçün kifayət qədər hüquqi baza mövcuddur, eyni zamanda azad sözün, azad mətbuatın inkişafında dövlət başçısının liderlik xüsusiyyəti, iradəsi də ortadadır. Mətbuata hər zaman açıq şəkildə dəstək verən, azad sözün qorunması istiqamətində öz qayğısını əsirgəməyən dövlət başçısının mətbuatın inkişafı, jurnalistlərin sosial-mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işlər də kifayət qədər genişanaloqu olmayan addımlardır. Kütləvi İnformasiya Vasitələrinə Dəstək Konsepsiyası qəbul olunduqdan sonra isə bu istiqamətdə ölkəmizdə sistemli və şəffaf aparılır, mediaya dövlət tərəfindən yardımlar ayrılır. Bu gün xüsusilə də yazılı mətbuatın ayaqda durmasının bir nömrəli səbəbkarı məhz dövlətimizdir.

Azərbaycan Prezidenti atdığı addımlarla bütövlükdə mətbuatın dostu, ölkə vətəndaşlarının Prezidenti olduğunu uzun illərdir ki, əməldə təsdiqləyir. Dövlət başçısının verdiyi dəstək nəticəsində Azərbaycan mətbuatının maddi-texniki bazası kifayət qədər möhkəmlənib, jurnalistlərin sosial problemlərinin həlli istiqamətində mühüm addımlar atılıb. Dövlət başçısı hər zaman Azərbaycan jurnalistlərinin əməyini yüksək səviyyədə qiymətləndirib. İyunun 20-də jurnalistlər üçün inşa olunan ikinci binanın açılışında dövlət başçısının qeyd etdiyi “Jurnalistlər mənim köməkçilərimdir” ifadəsi isə media nümayəndələrinə, söz azadlığına verilən ən böyük dəyər idi. Prezident vurğuladı ki, bu gün Azərbaycanda media ilə dövlət arasında anlaşılan mühit yaranıb. Dövlətin istədiyini media, medianın istədiyini də dövlət mümkün qədər qarşılamağa çalışır.

Diqqət edək, məhz Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə mətbuatın inkişafına, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına milyonlarla vəsait ayrılıb. Artıq 411 jurnalist ailəsinin mənzilə olan ehtiyacları dövlət hesabına təmin edilib. 3 ildən sonra isə daha 255 jurnalist ailəsi yeni mənzillərə sahib çıxacaq. Bu, həqiqətən də dünyada analoqu olmayan tarixi hadisədir. Düşüncəsindən, mövqeyindən, siyasi baxışlarından asılı olmayaraq, uzun illər müxtəlifyönümlü KİV-də çalışan media işçiləri Prezident tərəfindən mükafatlandırılır.

Atılan addımların hər biri ilk növbədə Prezident İlham Əliyevin Azərbaycan mətbuatına nə qədər diqqət yetirdiyini nümayiş etdirir. Həm 2013-cü ildə, həm də bu il dövlət tərəfindən ev verilən jurnalistlərin hər biri müxtəlif sferanı təmsil edir. Onlara münasibətdə hər hansı bir formada ayrı-seçkiliyə yol verilmir. Təqdim olunan sənədlərin araşdırılması üçün yaradılmış xüsusi komissiya isə sənədləri tam obyektiv şəkildə araşdıraraq ədalətli qərar qəbul edir.

Əlbəttə ki, Azərbaycan Prezidenti adından təqdim olunan istənilən mükafatın, təltifin, hədiyyənin mənəvi-psixoloji dəyəri maddi dəyərindən dəfələrlə yüksəkdir. Bu həm də böyük məsuliyyətdir, jurnalistə göstərilən etimadın, zəhmətinə verilən qiymətin ifadəsidir.

Azərbaycan mətbuatının isə respublikada demokratikləşmə proseslərinin dərinləşməsində və vətəndaş cəmiyyəti institutlarının mövqelərinin möhkəmlənməsində xidmətləri danılmazdır. Azərbaycanda söz və mətbuat azadlığının bərqərar olması prosesi cəmiyyətin özünün demokratik inkişaf xüsusiyyətlərinə uyğun olaraq mürəkkəb təkamül yolu keçməkdədir. Azərbaycan dövləti özünün Konstitusiya prinsiplərinə sadiq qalaraq söz və məlumat azadlığının təmin edilməsi sahəsində müəyyən etdiyi siyasi xətti ardıcıl şəkildə davam etdirir. Dövlət başçısı tərəfindən təqdim edilən konsepsiya əsasında Azərbaycan mediası yeni inkişaf mərhələsini yaşayır.

 

Rəşad BAXŞƏLİYEV,

 

Azərbaycan.- 2017.-23 iyul.- S.1.