Media nümayəndələrinin sosial problemləri
dövlət tərəfindən həll edilir
Jurnalistlər Prezident İlham Əliyevin humanist
missiyasının onların məsuliyyətlərini daha da
artıracağını deyirlər
Media işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı dövlət başçısı tərəfindən imzalanan sərəncamlar təbii olaraq media ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır. Bu istiqamətdə ilk sərəncam 2010-cu ildə milli mətbuatımızın 135 illiyi ərəfəsində imzalandı.
Sərəncama uyğun olaraq mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Xəzərin sahilində, gözəl şəhər mənzərəsi olan yerdə ilk binanın tikintisinə başlanıldı. Milli mətbuatın 138 illiyində həmin binanın açılışı oldu. 17 mərtəbəli, ikibloklu, 155 mənzilli bina jurnalistlərin istifadəsinə verildi.
Nəhayət, 2013-cü ildə Prezident İlham Əliyev “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” növbəti sərəncam imzaladı. Son illər dünyada müşahidə olunan iqtisadi böhranlara və bunun Azərbaycan iqtisadiyyatından da yan keçməməsinə baxmayaraq, Prezident İlham Əliyev bu məsələni yenə diqqət mərkəzində saxladı. Nəticədə jurnalistlər üçün 17 mərtəbəli, üçbloklu, 255 mənzilli 2-ci binanın tikintisi reallaşdı. İyulun 20-də isə Prezidenti İlham Əliyevin də iştirakı ilə jurnalistlərin sosial durumunun yaxşılaşdırılmasına xidmət edən bina ehtiyacı olan media nümayəndələrinin ixtiyarına verildi. Heç şübhə yoxdur ki, bu xeyirxahlıq əməli təkcə 255 nəfəri yox, o qədər də ailəni, dostu-tanışı sevindirdi.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov dövlət başçısının bu nəcib, humanist addımını yüksək qiymətləndirərək yüzlərlə jurnalist ailəsinə mənzil sevinci bəxş etdiyi üçün media ictimaiyyəti adından Prezident İlham Əliyevə dərin təşəkkürünü bəyan etdi. Onun sözlərinə görə, hər bir vətəndaş üçün Prezidentin onu qiymətləndirməsindən gözəl yaşantı və qürur ola bilməz: “Razılaşaq ki, jurnalistin özünə mənzil alması çox çətindir. Bu çətinliyə və jurnalistikanın spesifik sahə olduğuna görədir ki, həmkarlarımızın mənzillərlə təminatı məsələsi gündəmə gəlib”.
Ə.Amaşov əminliklə deyir ki, jurnalistlər üçün yeni binadakı mənzillərin bölgüsünə prinsip etibarilə tam ədalətli və vicdanlı yanaşılıb. Bu yanaşma cənab Prezidentin iradəsindən irəli gələn müstəsna tələbdir: “Bu, ölkə rəhbərinin başçılığı ilə Azərbaycan dövlətinin media siyasətinin mühüm göstəricisidir. Nəzərə alaq ki, dünyanın heç bir yerində jurnalistlərin dövlət hesabına mənzillə təmin edilməsinə dair ölkəmizdəki kimi təcrübə yoxdur. Bu təcrübənin qüsursuzluğu, faydalılığı və nümunəviliyi göz önündədir. Odur ki, dəyərli həmkarlarımızın, dostlarımızın xoş gününə sevinməliyik”.
Mənzil alan
jurnalistlərin isə sevinclərinin həddi-hüdudu yoxdur.
Onlar bu şad günlərinin xoş təəssüratlarını
bizimlə də bölüşdülər:
“Şəraiti
olan jurnalist gücünü ancaq yaradıcılığa verəcək”
İradə
Sarıyeva,
“Bakı-Xəbər”
qəzetinin əməkdaşı:
- Azərbaycan dövlətinin
jurnalistlərə qayğısı illərdir ki, ənənə
halını alıb. Media təmsilçiləri bu hərtərəfli
qayğını öz həyatlarında hiss edir. Ölkəmizdə jurnalistlərin mənzillə təmin
olunması, dövlətin media mənsublarına təmənnasız
mənzil verməsi olduqca nümunəvi bir haldır. Uzun illər kirayələrdə həyat sürən
jurnalistlərin evlə təmin olunması doğrudan da
onların sosial-məişət qayğılarından
uzaqlaşaraq yaradıcılığa daha möhkəm
bağlanmasına səbəb olacaq. Mənzili
olan jurnalist gücünü ancaq yaradıcılığa
yönəldəcək, dövlətə, dövlətçiliyə
daha çox fayda verməyə çalışacaq. Bizə bu sevinci yaşadan ölkə rəhbəri
İlham Əliyevə təşəkkür edirəm.
Mən uzun illərdir həyat
yoldaşım və azyaşlı oğlumla şəraitsiz,
rütubətli evdə kirayədə yaşayıram. Bu gün isə
dövlət tərəfindən mənzillə təmin olunan
255 jurnalistin içində mən də varam. Prezident mənə
ev verməklə sosial qayğılardan
xilas etdi. Ona görə də dövlət
başçımıza dönə-dönə təşəkkür
edirəm, artıq mən də qaranlıq, rütubətli, təmirsiz
kirayə mənzildən çıxıb özümün
geniş, işıqlı mənzilimə qovuşacağam.
“Ölkə
başçısı jurnalistlərə həqiqətləri
yazın dedi”
Elşad
Paşasoy,
“Yeni Müsavat” qəzetinin
parlament müxbiri:
- Budəfəki peşə
bayramımız da çox əlamətdar hadisə ilə
yaddaqalan oldu. Dörd il əvvəl mənzil
sahibi olan 156 media təmsilçisinin ardınca Prezident
İlham Əliyevin sərəncamı ilə jurnalistlər
üçün inşa olunmuş ikinci binadan daha 255 media təmsilçisi
dövlətimizdən mənzil hədiyyəsini məmnunluqla
qəbul etdi. Bu, sıradan bir hadisə deyil.
Bu, bəzilərinin iddia etdiyi kimi, dövlətin,
hakimiyyətin mətbuatı susdurmaq, yaxud tənqidi medianı
neytrallaşdırmaq siyasəti də demək deyil. Əksinə, belə bir addım dövlətin
medianı stimullaşdırması, tənqidi medianın daha
da cəsarətlə ölkəmizdəki neqativlərin
üzərinə getməsinə həvəsləndirməsi,
Azərbaycanın daha da inkişaf etmiş, demokratik, firavan
ölkəyə çevrilməsi istiqamətində töhfə
verməsi üçün verilən mesajdır. Bunun əksini düşünənlərə
dövlət başçısının elə mənzillərin
təqdimatı mərasimində səsləndirdiyi fikirlərə
diqqət yetirməyi məsləhət görürəm.
Cənab Prezident jurnalist ordusuna xitabən
“düzü düz, əyrini əyri” yazmaq
çağırışı etdi. Prezidentin
“...jurnalistlər bəlkə də özləri də bilmədən
mənim köməkçilərimdir” deməsi əslində
mətbuata verilən yüksək qiymət, həmçinin
jurnalistlərin üzərinə qoyulan məsuliyyətdir.
Ölkə başçısı jurnalistlərə “həqiqətləri
yazmayın” demədi, əksinə, “Əminəm ki, siz gələcəkdə
də bütün cəmiyyəti narahat edən, incidən məsələlər
haqqında yazacaqsınız, harada hansı ədalətsizlik
var, qanunsuzluq var, dərhal operativ reaksiya verəcəksiniz, cəmiyyətin
və dövlət orqanlarının diqqətini bu məsələlərə
cəlb edəcəksiniz” söylədi. Hətta
buna görə mətbuata minnətdarlığını da
bildirdi.
Prezident sərəncamı ilə
tikintisinə başlanılan və üç il
sonra istifadəyə veriləcək üçüncü
binanın açılış törəni həm də mətbuatımızın
qarşıya qoyulan vəzifələrlə əlaqədar
hesabat dövrü olacaq. Dünyanın heç
bir ölkəsində jurnalist Prezidentin köməkçisi
statusunda qəbul olunmur, bu dəyər Azərbaycanda verilir.
Belə bir şəraitdə mətbuat nümayəndələrinin
üzərinə düşən yeganə vəzifə
peşə borcunu yerinə yetirməkdir. Sonda
bir daha mənzil sahibi olan həmkarlarımızı ürəkdən
təbrik edirəm, cənab Prezidentə, bu böyük
işdə zəhməti olan hər kəsə minnətdarlığımı
bildirirəm.
“Bu hədiyyənin
mənim üçün mənəvi dəyəri
ölçüyəgəlməzdir”
Qafar
Çaxmaqlı,
müstəqil jurnalist:
- Jurnalistika sahəsində uzun illər
göstərdiyim fəaliyyət hədər getmədi. Mənim ailəmi mənzillə
mükafatlandırdığı üçün Azərbaycan
Prezidenti İlham Əliyevə dərin təşəkkürümü
bildirirəm. Bu hədiyyənin mənəvi
dəyəri də ölçüyəgəlməzdir.
Bu, məni rəqiblərimizlə
apardığımız ideoloji savaşda bundan sonra daha qərarlı
addımlar atmağa sövq edəcək. Prezidentin
bu diqqəti Azərbaycanımız üçün
qarşıya qoyduğumuz məqsədləri
reallaşdırmağımıza daha bir stimul olacaq, şəxsən
məni beynəlxalq arenada daha qətiyyətli mübarizə
aparmağa ruhlandıracaq.
Müraciətimə diqqətlə
yanaşan, bu işdə obyektivlik nümayiş etdirən
insanlara sağ olun deyirəm... Mənim bu
sevincimə şərik olan hər kəsə təşəkkürümü
bildirirəm.
“Həm
seçildik, həm də daha məsuliyyətli olmağın
ciddiliyini anladıq”
Jalə
MütƏllimova,
müstəqil jurnalist:
- Mənim üçün
seçdiyim peşə çox gözəl olsa da, bu sahə
biznes, pul qazanmaq üçün uğurlu deyil. Yəni ən yaxşı olan, seçilən
jurnalist belə biznesmen kimi yaşamır. Bu
mənada hətta tanınan jurnalistlərin belə maddi və
maliyyə problemi üzündən mənzilsizlik
qayğıları olur. Ölkə
Prezidentinin mənzil mükafatına layiq görülənlər
arasında mən də varam. Əsas o
deyil ki, mənə neçə otaqlı mənzil
bağışlandı, əsas odur ki, iyirmi dörd illik fəaliyyətimə
diqqət yetirildi, araşdırıldı, üstün tutuldu
və dəyərləndirildi. Bu, son dərəcə
xoş, sevincli duyğudur.
Jurnalistlərə mənzillərin
verilməsi onun özündən çox övladının
probleminin çözülməsidir. Mənim
üçün isə sonrakı fəaliyyətim müddətində
böyük məsuliyyətdir. Bu, Azərbaycan dövlətinin
mesajıdır: “Sən diqqət mərkəzindəsən!”,
“Sən lazımsan!”, “Sənin dediyin sözün önəmi
var!” Mənzillərin təqdimatı mərasimində
Azərbaycan Prezidenti cənab İlham Əliyevin
çıxışında xüsusi məqamlar var idi. Daha çox diqqətimi çəkən
“...jurnalistlər bəlkə də özləri də bilmədən
mənim köməkçilərimdir” deməsi oldu. Bu, ölkə Prezidentinin baş verənləri
olduğu kimi göstərmək təklifi idi. Bu həm də yazarları daha məsuliyyətli
olmağa çağırış idi. O üzdən
biz təkcə mükafat almadıq, həm də seçildik
və daha məsuliyyətli olmağın ciddiliyini anladıq.
Tanrı bizi ölkə, vətən və dövlət
qarşısında utandırmasın!
Bu, mənim bütün həyatım
boyu yaşadığım səmimi duyğumdur. Artıq daha
çox inanıram, ədalət var və mütləqdir.
Buna inanıb seçdiyim həyat tərzi
çətin olduğu qədər doğru seçim
imiş. İnsan ona dəyər verildiyini
görəndə daha qüdrətli olur, böyük işlər
görməyi arzulayır. Hər
sınaqdan qalib çıxacağına əmin olur və
çıxır da. Odur ki, deyirəm: cənab Prezident,
bu özgüvəni bir qadın, vətəndaş və
jurnalistdə daha da möhkəmləndirdiyiniz
üçün Sizə minnətdaram.
“Artıq
dostlarımı, qohumlarımı ürəklə öz evimə
dəvət edə biləcəm”
Lalə
Mehralı,
müstəqil jurnalist:
- 16 il televiziya və mətbuatda
çalışan, evləndikdən sonra 13 ildir kirayələrdə
yaşayan, çox ağır şəraitdə iki övlad
böyüdən bir ana kimi həyatımın ən xoşbəxt
gününü iyunun 20-si hesab edirəm. Həmin
gün hörmətli Prezidentin jurnalistlər üçün
inşa etdirdiyi 2-ci binadan mənzillərin paylanması mərasimində
bizim ailə də o xoşbəxt anları yaşadı.
Həyat yoldaşım 20 ildir mətbuatda
çalışıb, həyatının 40 ilini kirayələrdə
yaşayıb, kirayədə doğulub, kirayədə
böyüyüb. Bir jurnalist ailəsi olaraq biz
bütün bu müddətdə vicdanla, heç bir təmənna
güdmədən işləmişik, ev məsələsindən
çox-çox illər əvvəl öz fəaliyyətimizlə
milli dövlətçiliyimizə, xalqımızın maariflənməsinə
töhfəmizi verməyə
çalışmışıq. Bunun dövlətimiz
tərəfindən ən yüksək səviyyədə
qiymətləndirilməsi təkcə bizə yox, yüzlərlə
həmkarıma da diqqət və qayğının hansı səviyyədə
olduğunu aydın ifadə edir. Mənzillərin
paylanması mərasimində Prezident İlham Əliyevin
jurnalistlərlə mehriban söhbətləşməsi,
bizimlə xatirə şəkli çəkdirməsi həyatımızın
ən xoş anları idi. Bu elə bir
hissdir ki, hətta peşəkar jurnalist belə onu ifadə etməkdə
çətinlik çəkir.
Artıq övladlarımın “ana, bizim niyə evimiz yoxdur, niyə başqa adamın evində qalırıq, niyə pulumuzun çoxunu ona veririk” kimi suallarına cavab verə bilməyəndə bir kənara çəkilib ağlamayacam, onlara ürəklə “dövlətimiz və cənab Prezidentimiz sizin nümunəvi vətəndaş kimi formalaşmağınızı, vətənə və xalqa layiqli övlad olmağınız üçün bu geniş və işıqlı evdə sağlam böyüməyinizi istədi” deyə biləcəm. Kirayəyə hər ay ödədiyim pulu övladlarımın təhsilinə sərf edə biləcəm. Artıq dostlarımı, qohumlarımı ürəklə öz evimə dəvət edəcəm. Bir sözlə, normal insan kimi yaşaya biləcəyik. Bu səbəbdən də xalqımızın maarifləndirilməsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, informasiya müharibəsində daha yaxşı mübarizə apara bilməmiz mümkün olacaq. Dövlətimizin, onun rəhbərinin əsas məqsədi də budur. Mənzillərin obyektiv və şəffaf şəkildə bölüşdürülməsinə, haqqı və ehtiyacı daha çox olanların düzgün seçilməsinə görə Prezidentə çox sağ olun deyirəm. Tanrı həmişə köməyiniz olsun...
Elgün MƏNSİMOV
Azərbaycan.-
2017.-23 iyul.- S.4.