O, qəlblərdə yaşayır
Onun doğum tarixi bəzi mənbələrdə 1882-ci il kimi qeyd olunub. “İqbal” qəzetində 1879-cu ildə dünyaya gəldiyi yazılıb. Rəsmi sənədləri isə Abdulla Sur Ağaməhəmməd oğlu Məhəmmədzadənin 1883-cü il iyulun 23-də Gəncə şəhərində dünyaya gəldiyini söyləməyə əsas verir.
İlk təhsilini məhəllə məktəbində alıb, burada şəriətlə, ərəb və fars dilləri ilə tanışlığı başlayıb. Sonra valideynləri onu şəhərin ən nüfuzlu təhsil ocaqlarından sayılan Gəncə məktəbi-xeyriyyəsinə aparıblar. Həmin məktəbdə dini elmləri, ərəb, fars dillərini öyrənib. Məktəbi-xeyriyyədə dünyəvi elmlər, riyaziyyat, həndəsə, coğrafiya, kimya fənləri də tədris edilirdi. Güclü hafizəsi, oxuyub öyrənmək marağı ilə şagird yoldaşlarından o qədər seçilib, fərqlənib ki, Abdulla Sura on beş yaşında özündən aşağı siniflərdə oxuyanlara müəllimlik etməyə icazə verilib. 1898-ci ildə məktəbi-xeyriyyəni bitirəndə artıq pedaqoji təcrübəsi də var idi. O, elə həmin məktəbə müəllim təyin olunub. Savadı, yüksək ədəbi zövqü çox tez bir zamanda Abdulla Suru Gəncə ziyalıları arasında da tanıdıb.
O dövrdə millətin gələcəyini düşünən və bu yolda var gücü ilə çalışan Azərbaycan övladları bir məqsədə xidmət edirdilər. Onlar digər millətlərdən geridə qaldıqlarını bilir, bunun səbəblərini araşdırır, ən böyük nöqsanı soydaşlarının çoxunun savadsız, cahil olduqlarında görürdülər. Buna görə də hansı sahədə oxumalarından, hansı ixtisasa yiyələnmələrindən asılı olmayaraq, ziyalılarımızın əksəriyyəti müəllimliklə məşğul olurdular. Abdulla Sur da ömrünün sonunadək müəllim sənətini sevdiyini yazıb: “Müəllimlikdən bezmədim. Bu, mənim ən sevimli əməlimdir. Nasıl ondan bezərim, nifrət edərim? Əsla!”.
XX əsrin ilk on illikləri millətsevər Azərbaycan ziyalılarından daha böyük işlər görməyi tələb edirdi. Rusiyada və onun müstəmləkəsi altında olan ölkələrdə, eləcə də Azərbaycanda mühüm ictimai-siyasi hadisələr baş verirdi. Belə bir vaxtda öz sözlərini demək, xalqı oyatmaq, doğru yol göstərmək üçün Azərbaycan ziyalılarına tribuna lazım idi. Ona görə də mətbuatın inkişafına diqqət artırdı. Bu mənada gəncəli müəllimin 1903-cü ildə Tiflisə Azərbaycanın ilk gündəlik qəzetində çalışmağa getməsi təsadüfi deyil.
“Şərqi-Rus” qəzetinin fəaliyyətə başlaması Azərbaycan mətbuatında 12 il hökm sürən sükutu pozdu. Qəzetin nəşrinə Məhəmmədağa Şahtaxtlı böyük çətinliklə icazə ala bildi. 1903-cü il martın 30-da “Şərqi-Rus”un ilk sayı işıq üzü gördü. Baş redaktor qəzetin ətrafına savadlı ziyalıları toplamağa başladı. Abdulla Sur da Məhəmmədağa Şahtaxtlıdan belə bir vaxtda dəvət aldı və Tiflisə gedərək, bir müddət “Şərqi-Rus”da çalışdı. İlk məqalələri bu qəzetdə çap olundu. “Şərqi-Rus”un hər sayında Abdulla Surun yazıları dərc edildi.
Çəkilən
zəhmətlərə, göstərilən səylərə
baxmayaraq, maddi çətinlik
və çar senzurasının təzyiqləri
nəticəsində “Şərqi-Rus”un nəşrini davam etdirmək mümkün
olmadı. Qəzetin son sayı
1905-ci il yanvarın
15-də oxuculara təqdim
olundu. Abdulla Sur “Şərqi-Rus” bağlandıqdan
sonra Gəncəyə
döndü. Əvvəlki kimi maarifçiliklə, müəllimliklə məşğul
oldu. Ancaq “Şərqi-Rus”dan başlanan jurnalistlik yolundan heç vaxt dönmədi. 1905-ci ildən məqalələri
“Həyat” və “İrşad” qəzetlərində
dərc olunmağa başladı.
Gənc Abdulla Surun ən böyük
arzularından biri təhsilini davam etdirmək idi, amma maddi vəziyyəti
buna imkan vermirdi. 1906-cı ildə “İrşad”ın
57-ci sayında verilən
“Təşəkkür” başlıqlı
məqaləsində Abdulla Sur yazırdı:
“Mühərrir
həzrətləri!
Mənim bu məktubuma ruznamənizdə
yer vermənizi rica edirəm:
Gəncənin mötəbər
və hörmətli tacirlərindən Hacı
Məhəmmədhəsən Rəfiyev həzrətləri
bana ayda on beş manat
məişət xərci
verərək bəni
ikmali-təhsil üçün
İstanbula göndəriyor.
Yol məsarifim də bu cənabın öhdəsindədir. Bundan başqa,
ildə yüz manat da andlı
dava vəkili Əliəsgər bəy Xasməhəmmədov cənabları
vəd etdi. Təhsil müddətində
olası məxaricimin
kəsrini də cavan tanış
və yoldaşlarım
üzərlərinə götürürlər.
Bunlar bir vəqt məyinəyə
qədər olacaq.
Rəfiyev həzrətləri ilə Xasməhəmmədov
cənablarınınkı isə müddət-təhsilim
qədər davam edəcəkdir.
İndi bunların
cümləsinə qarşı
ən səmimülqəlb
təşəkkür ediyorum...
Sağ olsunlar böylə ehsan sahibləri!.. Yaşasın böylə müsəlmanlar.
Abdulla Məhəmmədzadə
Gəncəli”.
1906-cı il martın 6-da İstanbula gedən Abdulla
Sur Darülfunun (Universitetin)
ədəbiyyat-tarix fakültəsinə
daxil oldu. İstanbulda təhsil aldığı
illərdə böyük
maddi sıxıntılar
yaşayır, ən ucuz yeməkxanalarda nahar edirdi. Ancaq çətinliklər fikrini
əsas hədəfdən
yayındıra bilmirdi,
Abdulla Sur gününün çoxunu kitabxanalarda keçirir, Türk ədəbiyyatına dair materialları oxuyurdu.
İstanbul mühiti yaradıcılığına
böyük təsir göstərdi, daha çox ədəbiyyatşünaslıqla
bağlı məqalələr
yazmağa başladı.
Araşdırma məqalələri İstanbuldakı
qəzetlərdə dərc
olunurdu. Vətənində nəşr olunan
mətbuat orqanlarını
da unutmur, ardıcıl yazılar göndərirdi. “İrşad” qəzetində
1906-cı ildə çıxan
“Əski İstanbul xanımları” adlı məqaləsində o, bildirirdi
ki, qadınların tərbiyəsindəki problemlərin
səbəbi cəmiyyətin
onlara lazımi dəyəri verməməsidir.
Yeni nəslin formalaşmasında qadınların
rolunu nəzərə
alan avropalılar
onların hüquqlarını
tanımağa başlayıblar.
Abdulla Surun fikrincə,
müsəlmanlar elm və
maarifdən uzaq düşdükləri üçün
müsəlman ölkələrində
bu sahədə ciddi problemlər mövcuddur. Müəllif tarixə nəzər salır, təəssüflə
qeyd edirdi ki, elm və maarifi Şərqdən öyrənən Qərb millətləri artıq onlardan irəlidədirlər.
Abdulla Sur yazırdı
ki, ömrümüzü
cəhalət içində
keçirməklə heç
nə əldə edə bilmərik: “Bizə də sevgili millətimizin cəhalət qaranlığından
mərifət aydınlığına
çıxması üçün
xərclər, məsrəflər
lazımdır. Başqa
dövlətlilər yanında
ibrət alın! Onlar öz millətləri xeyrinə yüz minlərcə, bəlkə
milyonlarca ianələr
veriyorlar. Siz də millətimizin qeydinə qalın!”.
Həmin il işıq üzü görən “Bir tövsiyə” adlı məqaləsində
isə Abdulla Sur yazırdı:
“Mühüm olduğu
vəchlə cümlə
millətlər maarif və mədəniyyəti
əsasən bir-birlərindən
iqtibas edə-edə gəlmişlər. Əski yunanlar,
romalılar ərəblərə
məlum oldular. Avropanın qərbi xristianları bugünkü mədəniyyət
əsasını ərəblərdən
(ərəbdilli islam mütəfəkkirlərindən) aldığı zatən bəllidir”.
Abdulla Sur 1908-ci ilin noyabrınadək İstanbulda yaşadı,
universitet təhsilini başa vurub Gəncəyə qayıtdı. Gəncə ruhani
seminariyasında ana dili və tarix
müəllimi kimi fəaliyyət göstərdi.
İstanbulda yazmağa
başladığı türk
ədəbiyyatının yaranması
və inkişafından
bəhs edən “Türk ədəbiyyatına
bir nəzər” adlı irihəcmli əsərini bitirib Ömər Faiq Nemanzadə və Cəlil Məmmədquluzadənin
açdıqları “Qeyrət”
mətbəəsində çap
etdirmək üçün
Tbilisiyə getsə də, bəzi səbəblərdən məqsədinə
çata bilmədi. Vəfatından sonra isə
əlyazmanın çox
hissəsi itdi.
Özü böyük çətinliklərlə
oxuyan Abdulla Sur istedadlı
gəncləri üzə
çıxarmaq, təhsillərinə
kömək etmək məqsədilə 1910-cu ildə
Gəncədə “Ədəbiyyat
və Sənət” cəmiyyəti yaratdı.
Qələm, söz adamı kimi dövrünün elə bir mühüm
məsələsi yox
idi ki, Abdulla Surun diqqətindən yayınsın. “Həyat”, “İrşad”, “Füyuzat”,
“Tərəqqi”, “Həqiqət”,
“Məktəb” və digər mətbuat orqanlarında dərc olunan məqalələrində
xalqı maarif və mədəniyyətə,
düşdüyü cəhalət
və gerilik burulğanından xilas olmağa çağırır,
bu yolda maneələr yaradanları,
əngəl olanları
tənqid atəşinə
tuturdu. Məqalələrində geniş yer
verdiyi mövzulardan biri də dil
məsələsi idi.
O, Əbdülhaq Həmid,
Tofiq Fikrət, Məhəmməd Hadi kimi şair və yazıçıların
əsərlərində ərəb,
fars sözlərinin çoxluğunu, onların
dilinin ağırlığını
tənqid edirdi. İslam dini, ədəbiyyat məsələləri də
Abdulla Surun daimi mövzuları sırasında
idi.
Müxtəlif mətbuat
orqanlarında o, Abdulla Sur, Məhəmmədzadə,
Qafqasiyalı, A.Tofiq, Gəncəli, Abdulla Məhəmmədzadə,
Bir Adam və başqa imzalardan istifadə edirdi.
Onun yaşadığı illərdə
Gəncədə böyük
maarifçi mühit formalaşmışdı. Ancaq Abdulla Sur yalnız Gəncədə
deyil, həm də digər yerlərdə, xüsusilə
Bakıya toplaşmış
ziyalılar arasında
nüfuz sahibi idi. Onun şəxsiyyəti və əsərləri ziyalılar tərəfindən
yüksək dəyərləndirilirdi.
Odur ki, 1912-ci ildə xəstəliyə düçar
olması xəbəri
hamını sarsıtdı.
1912-ci ildə müalicə üçün
Tiflisə yollandı.
İki ayadək xəstəxanada
qaldı, həkimlər
çox səy göstərsələr də,
onu həyata qaytara bilmədilər.
Abdulla Sur mayın 8-də Tiflisdə xəstəxanada
dünyasını dəyişdi.
Gəncəyə gətirilib Səbiskar
qəbiristanlığında dəfn olundu.
Onun gənc yaşında vəfat etməsi xəbəri böyük hüznlə qarşılandı. Abdulla Surdan
ədəbiyyat dərsləri
almış tanınmış
şair Əhməd Cavad müəlliminin ölümündən təsirlənərək
yazırdı:
“Quran nədir? Anlamazdıq.Vətən nədir? Bilməzdik.
Qarşımızda yetimlərin göz yaşını silməzdik.
Ağlanacaq bir hal idi, kəndimiz də görürdük,
Dilimizin, dinimizin getməsinə gülürdük.
Bu vətənin bunu görən südü təmiz evladı,
Bir qaç kişi o gün bizim qara günü anladı.
Ağladılar, sızladılar, yalvardılar Allaha,
Ulu Haqqın rəhmi gəldi könlü sınıq qullara…
Ancaq dünən başımıza kölgə
salan bir bulut,
Önümüzdə!.. Haqqın
varsa, ey daş yürək, gəl unut!
Yoq… Yoq… Sizin məzarınız qəlbimizin ən dərin,
Bir yerində saqlanmışdır,
sənin o pak ruhunçin”.
Şair Hüseyn
Cavid kədərlə
bildirirdi: “Əvət,
mərhum A.Sur pək çalışqan,
pək sahibməslək,
pək himmətli bir müəllim idi. Həm də pək
durbin (uzaqgörən),
pək münəqqid
bir ədib idi. Qafqas toprağı bir
də pək güc öylə cavanlar yetişdirə bilər. Onun haqqında beş-üç
sətir deyil, tərcümeyi-halolmaq üzrə
yüzlərcə səhifə
yazıb doldurmaq icab edər. Abdulla Tofiq ölmədi,
öləməz. O yaşar,
tarixin ağuşi-səmimiyyətində,
millətin qəlbində
yaşar”.
Sovet hakimiyyəti illərində
Azərbaycanın bir çox millətsevər övladı kimi, Abdulla
Sur da “unuduldu”. Ancaq ölkəmiz
öz müstəqilliyini
yenidən qazandıqdan
sonra onun yaradıcılığına da
diqqət artdı, haqqında məqalələr
yazıldı, dərsliklərdə
yaradıcılığına geniş yer verildi.
Zöhrə FƏRƏCOVA,
Azərbaycan.-
2017.- 23 iyul.- S.6.