İcra xidmətində qanunçuluğun
möhkəmləndirilməsi bu sahədə
işin səmərəliliyinə
müsbət təsir göstərib
Xəbər verdiyimiz kimi, bu günlərdə Ədliyyə Nazirliyində məhkəmə qərarlarının icrası vəziyyətinin müzakirəsinə həsr olunmuş geniş müşavirə keçirilib. Bununla əlaqədar insan hüquqlarının təmin edilməsində, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında mühüm əhəmiyyət kəsb edən məhkəmə və digər orqanların qərarlarının icrası sahəsində mövcud vəziyyət və çətinliklər, aparılan islahatlar və qarşıda duran məqsədlər barədə Ədliyyə Nazirliyi İcra baş idarəsinin rəisi - baş icra məmuru baş ədliyyə müşaviri Nurəddin Mustafayev AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik.
– Nurəddin müəllim, ilk
öncə məhkəmə qərarlarının icrasına
bilavasitə rəhbərlik edən baş
icra məmuru kimi, bu sahənin əhəmiyyəti barədə oxuculara məlumat verməyinizi istərdik.
– Çox sağ olun. Fikrimcə, insan hüquq və azadlıqlarının təmin edilməsində məhkəmə qərarlarının icrası qədər vacib və əhəmiyyətli olan sahələr çox azdır. Məhkəmə icraatının davamı və son mərhələsi olan məhkəmə qərarlarının icrası İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında vurğulandığı kimi, ədalət mühakiməsinin tərkib hissəsidir. Hüququn bərpası, ədalətin təntənəsi məhz qərarın icrası anında tamamlanır və həmin anda haqq sahibində daxili bir razılıq və könül xoşluğu yaradır. Ona görə də bu sahə əhəmiyyətli və məsuliyyətli olduğu qədər, qərarların icrasına nail olmağın faydası və mənəvi zövqü də böyükdür.
İcra icraatını bilavasitə həyata keçirən Ədliyyə Nazirliyinin İcra xidmətinin əsas fəaliyyəti vətəndaşların hüquqlarının bərpa olunmasını, qərarların icrasını vaxtında və dürüst təmin etməkdir. Bu, olduqca məsuliyyət və operativlik tələb edir. Çünki əhalinin məhkəmələrə inamının təzahürü olaraq baxılan işlərin sayının çoxalması icra xidmətində də iş həcminin həddindən çox artmasına səbəb olub. Təkcə ötən il ərzində yerli icra qurumlarının icraatında olan icra sənədlərinin sayı 712 mini ötüb, bu ilin birinci yarısında isə 695 minə çatıb. Bu, olduqca böyük rəqəmdir və mən deyərdim, arzuolunmazdır. Doğrudur, bunun bir sıra obyektiv səbəbləri, eyni zamanda, məhkəmə mübahisələrinin çoxluğunun müsbət tərəfləri vardır – vətəndaşların məhkəmələrə inamının artması, aralarındakı mübahisələri məhz bu müstəvidə, mədəni səpkidə həll etməyə üstünlük vermələri kimi. Bununla belə son dövrlər məhkəmə işlərinin, dolayısı ilə icra sənədlərinin kəskin artması iqtisadi mübahisələrlə bağlı olur. Təsadüfi deyil ki, icraatda olan icra sənədlərinin böyük bir qismi kredit mübahisələri ilə əlaqədardır. Buna baxmayaraq, İcra xidməti olaraq üzərimizə düşən vəzifə, sözsüz ki, qərarların icrasını təmin etməkdir. Ona görə də bu sahədə işin səmərəli qurulması, elmi texniki nailiyyətlərin tətbiqi daim diqqət mərkəzində saxlanılır.
- İcra işinin
yaxşılaşdırılması istiqamətində nə
kimi islahatlar
aparılır?
– Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən genişmiqyaslı məhkəmə-hüquq islahatları nəticəsində ədalətli məhkəmə hüququnun ayrılmaz tərkib hissəsi olan məhkəmə qərarlarının icrası işi yenidən qurulub, ilk növbədə, icra xidmətinin fəaliyyəti və strukturu təkmilləşdirilib, Konstitusiyada məhkəmə qərarlarının icra edilməməsinə görə məsuliyyət təsbit olunub, qanunvericilik əsaslı şəkildə yenilənərək təsirli icra mexanizmləri yaradılıb, icra məmurlarının səlahiyyətləri genişləndirilib, məhkəmə və digər orqanların qərarlarının icra edilməməsinə görə inzibati və cinayət məsuliyyəti sanksiyaları sərtləşdirilib.
Eyni zamanda, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması mexanizmi təkmilləşdirilərək, insan hüquqlarının təmin olunması baxımından qadağanın daha çevik götürülməsi məqsədilə icra xidmətində “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi quraşdırılıb. Bununla bağlı nazirliyin internet saytında elektron xidmət fəaliyyət göstərir.
Onu da xüsusi qeyd etmək lazımdır ki, dövlət orqanları tərəfindən məhkəmə qərarlarının icrası vəziyyəti Azərbaycan Prezidentinin daim nəzarətindədir. Bu məsələ ilə bağlı hər altı aydan bir müvafiq hesabatın dövlətimizin başçısına təqdim olunması icra prosesi iştirakçılarının məsuliyyət hissinin artırılmasına xidmət edərək müsbət nəticəsini verir.
Ümumiyyətlə, bu sahədə işin müasir tələblər səviyyəsində qurulması, təcrübədə meydana çıxan çətinliklər, mövcud iş yükünün azaldılması istiqamətində mühüm addımlar atılır, beynəlxalq təcrübə öyrənilməklə qanunvericilik daim təkmilləşdirilir, icra orqanlarının fəaliyyətində operativliyin və şəffaflığın təmin olunması məqsədilə elektron icra sisteminin tətbiqi üzrə əməli tədbirlər görülür.
Ötən ilin sonunda “İcra haqqında” Qanuna dəyişikliklər edilməklə məhkəmələr və icra qurumları arasında iş yükü bölgüsünə yenidən baxılıb, icra olunmuş icra sənədləri üzrə icraata xitam verilməsi və dayandırılması səlahiyyətlərinin icra məmurlarına verilməsi ilə bu sahədə operativliyə nail olunub, əlavə yazışmalara son qoyulub, vaxta və dövlət xərclərinə qənaət edilib.
Bundan əlavə, icra məmurları tərəfindən qanunçuluğa, etik davranış qaydalarına riayət olunması, insanlara layiqli xidmət göstərilməsi, onların müraciətlərinə daim həssaslıqla yanaşılması, korrupsiyanın yolverilməzliyi fəaliyyətimizin əsas rəhbər prinsipləridir.
Ötən bir ildə icra xidmətində qanunçuluğun möhkəmləndirilməsi, əmək və icra intizamına diqqətin artırılması, tələbkarlığın və nəzarətin gücləndirilməsi, hər bir icra məmurunun fəaliyyətinin fərdi olaraq qiymətləndirilməsi bu sahədə işin səmərəliliyinə müsbət təsir göstərib.
Statistikaya nəzər yetirsək görərik ki, ötən il görülmüş kompleks tədbirlər nəticəsində əvvəlki illə müqayisədə 34 faiz çox – 300 mindən artıq işin icrasına nail olunub, fiziki, hüquqi şəxslərə və dövlət büdcəsinə, o cümlədən vergi borcları ilə bağlı təxminən 3 dəfə çox – 560 milyon manatadək vəsait ödətdirilib.
Bu sahədə göstəricilər cari ildə də artan templə davam edib, altı ay ərzində icrası təmin edilən işlərin sayı 54 faiz artaraq 288 mini ötüb.
Sözsüz ki, məhkəmə qərarlarının icrasının təmin olunması vətəndaş məmnunluğu doğurur. Lakin unutmaq olmaz ki, icra icraatında çıxış edən tərəflərdən birinin narazı olduğu hallar da mövcuddur. Belə ki, şikayətlərin böyük əksəriyyəti əsassız olmaqla bir çox hallarda bilavasitə icra məmuru ilə deyil, qarşı tərəfin hərəkətləri ilə bağlı olur.
Bununla belə vətəndaşın nə cür düşünməsindən asılı olmayaraq, onun müraciətlərinə nazirlik tərəfindən daim xüsusi həssaslıqla yanaşılır, hər bir müraciət diqqətlə öyrənilir, onun qanunamüvafiq və operativ qaydada həlli üçün konkret tədbirlər görülür. Eyni zamanda, vətəndaşlar mütəmadi nazirlikdə qəbul olunurlar, həmçinin səyyar, virtual qaydada qəbullar təşkil edilir.
Qeyd olunmalıdır ki, ötən bir ildə həyata keçirilən məqsədyönlü tədbirlərin, vətəndaşların yerlərdə müraciətlərinə və qəbulu işinə göstərilən diqqətli münasibətin nəticəsidir ki, nazirliyə qəbula gələn vətəndaşların sayında xeyli azalma müşahidə olunur, icra işi ilə bağlı müraciətlərin sayı da icraatda olan işlərin sayı kontekstində xeyli azalıb. Məsələn, cari il icraatda 700 minə qədər iş olduğu halda, daxil olan şikayətlərin sayı böyük əksəriyyəti dublikat olmaqla 9335 təşkil edib. Başqa sözlə, barəsində şikayət edilən işlərin sayı bütün işlərin heç 1 faizinə çatmır. Yəni, bu qədər işin müqabilində bu sayda müraciətin olması başa düşüləndir. Amma təbiidir ki, bu, bizi qətiyyən arxayın etmir, insanlara layiqli xidmət göstərilməsi, onların müraciətlərinə vaxtında və dürüst baxılması hər bir icra məmurunun ümdə vəzifəsidir.
Onu da əlavə etmək lazımdır ki, məhkəmə qərarlarının icrasına arzuedilən səviyyədə nail olunması vətəndaşlarda hüquq düşüncəsinin formalaşdırılmasından bilavasitə asılıdır. Bu istiqamətdə icra xidməti kütləvi informasiya vasitələrindən istifadə edərək maarifləndirici verilişlər yayır. Hər həftənin şənbə günü İctimai Televiziyada və bazar ertəsi günü İctimai Radioda yayımlanan “Qanundan kənar” verilişinin “İcra məmuru” rubrikasında İcra xidmətinin fəaliyyəti ilə bağlı ətraflı məlumatlar verilir.
– İcra xidmətinin kadrlarla komplektləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi,
müasir İKT-nin, elektron xidmətlərin tətbiqi barədə
nə deyə bilərsiniz?
– Şübhəsiz ki, işin səmərəli təşkil olunması, qarşıda duran vəzifələrin və funksiyaların uğurla yerinə yetirilməsi, ilk növbədə, mənəvi cəhətdən saf, müasir dünyagörüşünə malik, yüksək bilikli və hazırlıqlı kadrların sayəsində mümkündür. Ədliyyə orqanlarının, o cümlədən icra xidmətinin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması da kadrlarla işin təşkilindən, onların düzgün seçilməsindən çox asılıdır.
Təsadüfi deyil ki, icra xidmətinin layiqli kadrlarla komplektləşdirilməsi məqsədilə ədliyyə orqanlarına qulluğa qəbulla bağlı keçirilən müsabiqələr nəticəsində uğur qazananların 60 faizi, əksəriyyəti gənclər olmaqla məhz icra qurumlarına təyin olunublar. Bununla yanaşı, fəaliyyətində ciddi qanun pozuntularına, o cümlədən vətəndaşların haqlı narazılıqlarına səbəb olan neqativ hallara görə xidmətin bəzi əməkdaşları ciddi cəzalandırılıb, o cümlədən ədliyyə orqanlarından xaric ediliblər.
Eyni zamanda, ötən il yerli icra qurumlarında rəhbər işçilərin rotasiyası üzrə tədbirlər görülərək İcra baş idarəsinin təcrübəli əməkdaşları həmin qurumlara rəhbər vəzifələrə təyin olunub, vəzifədə irəli çəkilməsi nəzərdə tutulan digər əməkdaşlar baş idarənin fəaliyyətinə cəlb olunaraq peşəkarlığı yoxlanılmaqla təyinatları aparılıb.
Kadrların peşəkarlığının artırılması məqsədilə, həmçinin Ədliyyə Akademiyasında mütəmadi təlimlər və ixtisasartırma kursları təşkil edilir, qabaqcıl beynəlxalq təcrübələrə yiyələnmək üçün xarici ölkələrə ezam olunurlar.
Həmçinin yerli qurumlara müntəzəm olaraq, əməli köməklik göstərilir. Bu məqsədlə ötən il "İcra haqqında" Qanunun Kommentariyası hazırlanıb. Qanunun tətbiqi ilə bağlı yaranan nəzəri və praktiki məsələlərin ətraflı şərhində və mövcud boşluqların aradan qaldırılmasında mühüm töhfə olan Kommentariya hər bir icra məmurunun stolüstü kitabına çevrilib.
Xidmətin infrastrukturunun müasirləşdirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi üzrə də ardıcıl tədbirlər görülür. Əvvəllər əlverişsiz binalarda fəaliyyət göstərən bir sıra məhkəmələr üçün dövlət büdcəsi hesabına, habelə Dünya Bankı ilə birgə həyata keçirilən layihələr çərçivəsində yeni, müasir binaların və komplekslərin inşa olunaraq istifadəyə verilməsi ilə, həmçinin müvafiq icra qurumları üçün də yüksək tələblərə uyğun müasir iş şəraiti yaradılıb. Eyni zamanda, bəzi icra qurumlarının binaları əsaslı təmir edilərək bütün texniki avadanlıqla təchiz olunmaqla istifadəyə verilib, qurumların böyük hissəsi avtonəqliyyat vasitələri ilə təmin edilib.
İcra xidmətinin maliyyələşməsində mühüm rol oynayan və tələbi könüllü icra etməyən borclulardan tutulan icra ödənişlərinin müəyyən hissəsinin hesabına formalaşan İcra məmurlarının Xüsusi Fondu xidmətin maddi-texniki bazasının möhkəmləndirilməsinə geniş imkan verir.
Fondun vəsaitlərindən, həmçinin icra məmurlarının həvəsləndirilməsində istifadə olunur. Bu zaman əsas meyar icra məmurunun işi fərdi qiymətləndirilməklə səmərəli fəaliyyəti, icra işlərinin yerinə yetirilməsi faizi, barəsində edilən şikayətlərin sayı nəzərə alınır. Bu, icra məmurlarında stimul yaratmaqla, icra işinin keyfiyyətinə müsbət təsir göstərir.
İcra işinin səmərəliliyinin yüksəldilməsində müasir İKT-nin, innovativ xidmətlərin rolu da danılmazdır. Bu mənada məhkəmə fəaliyyətinin elektronlaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 fevral tarixli Sərəncamına əsasən, "Elektron məhkəmə" informasiya sisteminin yaradılması və bu sistemin mühüm tərkib hissəsi olan "Elektron icra"nın tətbiqi xüsusilə qeyd olunmalıdır.
“Elektron icra”, ən sadə şəkildə ifadə etsək, kağız üzərindəki icraatın elektron formata köçürülməsi, zəruri icra hərəkətlərinin onlayn rejimdə, avtomatlaşdırılmış qaydada aparılmasıdır. Bu sistemin tətbiqi məqsədilə icra qurumları zəruri texniki avadanlıqlarla təmin edilib, icra xidməti əməkdaşlarının informasiya texnologiyaları üzrə bilik və bacarıqlarının artırılması ilə bağlı təlimlər keçirilib.
Cari ilin əvvəlindən bütün icra qurumlarına daxil olan icra sənədlərinin qeydiyyatı "Elektron icra" sistemi vasitəsilə aparılır. Həmçinin bu sistemin tətbiqi ilə icra işlərinə vahid qeydiyyat nömrəsinin verilməsi, işlərin icra məmurları arasında avtomatlaşdırılmış qaydada bölgüsünün aparılması, tərəflərə məlumatların elektron qaydada (elektron poçt, SMS məlumatlandırma və s.) çatdırılması, işlər üzrə prosessual müddətlərə riayət olunmasına nəzarət edilməsi və müddətlərin bitməsi ilə bağlı xəbərdaredici funksiyalara malik olunması, borcluların əmlak vəziyyətinin elektron icra xidmətinə inteqrasiya olunmuş dövlət qurumlarının elektron bazası vasitəsilə yoxlanılması, icra sənədi üzrə tərəflərin icraat materialları ilə tanış olmaq hüququndan yararlanması, statistik hesabatların səhih və avtomatlaşdırılmış şəkildə tərtib edilməsi, icra icraatı prosesində, eləcə də cəzaların icrası və məhkəmələrin müəyyən olunmuş fəaliyyət qaydasının təmin edilməsi ilə bağlı icra məmurları tərəfindən istifadə olunan prosessual sənədlərin avtomatlaşdırılmış şəkildə tərtib olunması, icra məmurlarının fəaliyyətinin fərdi qaydada qiymətləndirilməsi, elektron imzanın tətbiq edilməsi, habelə icra məmurlarının fəaliyyətinə nəzarətin gücləndirilməsi imkanı yaranıb.
Göründüyü kimi, bu sistemin faydaları olduqca çoxdur. Sistem icra xidmətinin ağır iş yükünü yüngülləşdirir, icra tədbirlərinin vaxtında, dəqiq və asanlıqla görülməsini, qanuni müddətlərə riayət olunmasını təmin edir. Eyni zamanda, icra məmurlarının fəaliyyətinə nəzarəti təmin etməklə onlarda intizamı möhkəmləndirir. Sui-istifadəyə şərait yarada bilən hallar bu sistemin tətbiqi ilə avtomatik şəkildə aradan qalxır.
Bu sahədə tədbirlər davam olunmaqdadır, "elektron icra" sisteminin bir sıra yeni komponentlərinin tətbiqi, o cümlədən hər bir icraat iştirakçısının tərəf olduğu işlə bağlı bütün məlumatları elektron qaydada əldə etmək imkanlarının yaradılması üzrə işlər görülür. Yaxın gələcəkdə bu imkanın həm Ədliyyə Nazirliyinin elektron xidmətlər bölməsi, həm də "Elektron hökumət" portalı vasitəsilə təmin edilməsi nəzərdə tutulur.
Nazirliyin elektron xidmətlər bölməsi vasitəsilə vətəndaşlar icra xidmətinin bir sıra fəaliyyət istiqamətləri, o cümlədən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, icra qurumları, onlar tərəfindən hərraca çıxarılan əmlaklar, eləcə də dəyəri 5 min manatdan artıq olmayan daşınar əmlakın satışı üzrə ticarət şəbəkələri barədə məlumat almaq imkanına malikdirlər. Həmçinin borcun, icra ödənişinin, icra hərəkətləri ilə bağlı xərclərin elektron qaydada ödənilməsi mümkündür.
- Qeyd etdiniz ki, icra işinin
yaxşılaşdırılması üçün
hərtərəfli tədbirlər görülür.
Bununla belə bəzi icra
sənədlərinin icra
olunmamasının səbəbini nə ilə izah
etmək olar?
- Bəzi hallarda məhkəmə qərarları bir müddət icrasız qalır. Bunun obyektiv və subyektiv səbəbləri mövcuddur. Subyektiv səbəblər əsasən bəzi icra məmurlarının işə laqeyd münasibəti və vətəndaşlarla münasibətlərin düzgün qurulmamasıdır. Bu hallarda həmin icra məmuruna qarşı sərt, o cümlədən intizam tənbeh tədbirləri görülür. Amma əksər hallarda məhkəmə qərarlarının icra olunmamasının səbəbi obyektiv amillərlə bağlı olur. Belə ki, borclunun icradan yayınmaqla axtarışda olması, habelə ölkə hüdudlarını tərk etməsi, ona məxsus hər hansı əmlakın olmaması tələbin qanunla müəyyən edilən müddətdə icrasını demək olar ki, mümkünsüz edir. Təəssüf ki, bu cür icra işlərinin sayı az deyil.
- Ölkə başçısının cəza siyasətinin
humanistləşdirilməsi ilə bağlı
tapşırıqlarına uyğun olaraq azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasına nəzarət
üzrə hansı işlər görülür?
- Əvvəla qeyd etməliyəm ki, Azərbaycan Prezidentinin "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" 2017-ci il 10 fevral tarixli Sərəncamı insan haqlarının, o cümlədən məhkumların hüquqlarının daha möhkəm qorunmasına xidmət etməklə cəza siyasətinin yumşaldılmasına, bir sıra cinayətlərin dekriminallaşmasına, azadlıqdan məhrum etməyə alternativ cəzaların geniş tətbiqinə zəmin yaradacaq.
Dövlətimizin başçısının Sərəncamı bu sahədə fəaliyyətin müasir dövrün tələbləri səviyyəsində qurulmasına, səmərəli idarəetmənin təşkilinə, mövcud nöqsanların aradan qaldırılmasına, korrupsiyanı istisna edən şəraitin təmin edilməsinə, müasir İKT-nin imkanlarından geniş istifadə olunmasına xidmət etməklə kompleks institusional, qanunverici və praktiki tədbirlərin görülməsini nəzərdə tutur. Bununla bağlı Ədliyyə Nazirliyinə çoxsaylı, o cümlədən ictimai işlər cəzasının formal icrası təcrübəsinin qarşısının alınması, bu və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan digər cəzaların icrasına effektiv nəzarətin təmin edilməsi ilə bağlı mühüm tapşırıqlar verilib.
Bu və digər tapşırıqların icrası əlaqədar nazirlik tərəfindən təxirəsalınmadan kollegiya iclası keçirilərək aidiyyəti tədbirlər müəyyən edilərək həyata keçirilməyə başlanılıb.
Artıq Sərəncamın icrası ilə bağlı Ədliyyə Nazirliyinin, Ali Məhkəmənin və Baş Prokurorluğun məsul əməkdaşlarından ibarət yaradılmış işçi qrup tərəfindən bir sıra konkret tədbirlər görülüb, beynəlxalq təcrübə öyrənilməklə cinayət qanunvericiliyi ətraflı təhlil olunmuş, cinayətlərin dekriminallaşdırılması, cəzaların humanistləşdirilməsi və s. ilə bağlı müvafiq qanun layihələri hazırlanaraq təqdim olunub. Habelə ölkəmiz üçün yeni olan Probasiya xidmətinin işinin təşkili, cəzaların icrası və qətimkan tədbirlərinin tətbiqi zamanı elektron nəzarət vasitələrinin tətbiqi üzrə konkret addımlar atılıb.
Azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrasına nəzarəti həyata keçirən nazirliyin İcra xidməti tərəfindən yerli icra hakimiyyəti orqanları ilə səmərəli qarşılıqlı fəaliyyət qurularaq ictimai işlər cəzasının icra olunacağı yerlərin siyahılarının müəyyən edilməsi ilə bağlı konkret işlər görülüb, bu cəzaya məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi qaydası, habelə məhkumların ictimai işlər növündə cəzanı çəkməkdən yayınmasına şərait yaradılmasına görə vəzifəli şəxslərin məsuliyyətini müəyyən edən qanun layihəsi hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.
Bu sahədə tədbirlər davam olunur və heç şübhəsiz ki, dövlətimizin başçısının tapşırıqlarından irəli gələn vəzifələrin mütəşəkkil qaydada, vaxtında və dürüst icrası sayəsində müsbət nəticələrə nail olunacaq.
Azərbaycan.-
2017.-25 iyul.- S.4.