Vətən səngərdən başlayır
Döyüş tapşırığını
yerinə yetirən hərbi hissələr ən müasir maddi-texniki təchizata
və yüksək hərbi hazırlığa malikdir
Hərbi təyinatlı minik avtomobili ilə dolanbac və sərt enişli-yoxuşli yolları qət edərək Tovuz rayonu ərazisində Ermənistanla sərhəddə 1200-1300 metr hündürlükdə yerləşən “Cəngavər” postuna - düşmənlə təmas xəttinə yetişməyə jurnalist marağı ilə tələsirik...
Yüksəkliklərə qalxırıq və nəhayət, ön xəttə yetişirik.
Ucqar zirvədə ən müasir hərbi
təminat
Nahaq yerə bu posta “Cəngavər” adı verilməyib. Çünki bizi qarşılayan igid oğullarımız əsl cəngavərlər idilər. Onlar Milli Qəhrəman Çingiz Qurbanovun döyüş yoldaşları, silahdaşlarıdırlar. Çingizin şücaəti, qəhrəmanlığı bu igidlərin döyüş ruhunu daha da yüksəldib.
Zabit Saleh Qurbanov bizi qarşıladıqdan sonra ilk olaraq yerləşdikləri mövqedə yaradılan şəraitlə tanış edir. Gördüyümüz mənzərədən aydın olur ki, hərbi hissənin komandanlığı düşmənlə təmas xəttində xidmət keçən əsgər-zabit heyətinin sosial-məişət şəraitinə, maddi-texniki təminat və təchizatına qaydalarda nəzərdə tutulmuş ciddiliklə, son dərəcə məsuliyyətlə yanaşır.
Burada hərbi qulluqçular üçün yaradılmış şərait yüksək səviyyədədir. 1200 metr hündürlüyə çəkilən elektrik xətti kazarmanı qışda isti, yayda sərin etməyə imkan verir. Postdan qayıdan əsgərlər televizora baxır, rahat çarpayılarda dincəlir, bir sözlə, istirahətlərini səmərəli keçirirlər. Təşviqat guşəsində Azərbaycan Konstitusiyası, dövlət rəmzlərimiz barədə məlumatlar, Ali Baş Komandan İlham Əliyevin ordu ilə bağlı fikirləri yer alıb. Divardan hərbi hissənin Milli qəhrəmanları, eləcə də Mübariz İbrahimov və aprel döyüşlərində şəhid olan hərbi qulluqçuların şəkilləri asılıb. Burada anbar, mətbəx, hamam, sanitar qovşağı və sığınacaq da mövcuddur.
Belə ucqar bir zirvədə normal infrastruktura malik, isti və soyuq suyu olan hamam və sanitar qovşağının inşa olunması bizi daha da təəccübləndirir. Əsgərlər gigiyenik tələblərə riayət edir, vaxtı-vaxtında yuyunurlar.
“Cəngavər” postunun cəngavər
oğulları Vətən keşiyində
Ərazi ilə tanış olduqdan sonra taqım komandirinin müşayiəti ilə postda növbə çəkən əsgərlərimizin yanına yollanırıq. Səngərlər yüksək səviyyəli müdafiə qurğuları ilə təmin edilib.
Səngərlə hərəkət edə-edə zabit Saleh Qurbanovla söhbətləşirik. Deyir ki, ən böyük uğurlardan biri şəxsi heyətdə yüksək nizam-intizamın yaradılmasıdır: “Hərbin öz qayda-qanunları var. Ancaq biz burada həm də bir-birimizə xüsusi qayğı və diqqətlə yanaşır, əsgərlərə himayədarlıq edirik. Burada münasibətlər sırf səmimilik və qarşılıqlı inam əsasında qurulub. Çünki sabah Ali Baş Komandan hücum əmri verəndə biz bu şəxsi heyətlə çiyin-çiyinə irəliləyəcək, döyüşəcəyik. Yeni çağırışçıların hərbi-vətənpərvərlik hissinin yüksək olması da yaxşı haldır”.
Müşahidə məntəqəsinə yaxınlaşırıq. Hər zaman ayıq-sayıq olan əsgərlər buradan qarşı tərəfi rahatlıqla müşahidə edirlər. İstənilən hərəkətdə olan obyekt barədə dərhal gündəlik müşahidə dəftərində qeydiyyat aparırlar. Əgər əsgərin tanımadığı obyekt olarsa məlumat lövhəsində əksini tapan şəkil və ya yazılara nəzər yetirərək obyekti müəyyən edir.
Postda duran əsgər Bayram Nəbiyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinin çağırışçısıdır. 10 aydır hərbi xidmətdədir.
İgid əsgər deyir ki, bu gün Vətən bizim üçün səngərdən başlanır. Hərbi xidmətə gələnə qədər əsgər həyatının özəllikləri barədə müəyyən məlumat əldə etsə də, ümumilikdə təsəvvürü az olub: “Hərbi hissədəki vəziyyəti, əsgərlər üçün yaradılan şəraiti görəndə həqiqətən də, qüdrətli dövlətin vətəndaşı olduğumu özüm üçün bir daha yəqin etdim. Ordumuzun günbəgün qüdrətlənməsi, əsgərə olan xüsusi diqqət və qayğı bizim hamımızın mənəvi-psixoloji vəziyyətimizə də müsbət təsir edən amildir. Arxamızda güclü dövlətin durduğunu hiss edəndə daha mübariz olur, torpaqlarımızın işğaldan azad edilməsi üçün alışıb-yanırıq. Bütün əsgərlərin arzusu budur ki, torpaqlarımızın düşməndən azad edilməsi bizim hərbi xidmət dövrümüzə təsadüf etsin! Qalib əsgər kimi ailəmizin yanına dönmək hər birimiz üçün ən böyük şərəf olardı”.
Əsgərlər daim
ayıq-sayıqdırlar
Əldə silah Vətən keşiyində ayıq-sayıq dayanan digər əsgərə yaxınlaşırıq. Gözünü bir an tuşlayıcıdan çəkmədən bizimlə söhbət edir. Qaradağ rayonundan çağırışçı olan əsgər Sübhan Nəbiyev də 10 aydır burada xidmət edir. Ön xətdə xidmət etməsini özünə şərəf sayır və deyir ki, bu, ona bütün həyatı boyu fəxr etməyə imkan yaradacaq: “Özünüz də görürsünüz ki, ön xətdəyik. Şübhəsiz, bu həm də daim təhlükə altında olmaq deməkdir. Ehtiyatı əldən vermirik, ancaq hər an riskə getməyə də hazırıq, axı, risksiz nə qəhrəmanlıq ola bilər ki?..”
Əsgər Zamin Babazadə isə 13 aydır hərbi xidmətdədir. Lənkərandan çağırışçı olan Z.Babazadə hərbi xidməti cəbhə bölgəsində çəkməkdən fəxarət duyur. Deyir ki, əsgər həyatı çətin olduğu qədər də şərəflidir: “Ona görə şərəflidir ki, biz öz xalqımızın və torpaqlarımızın keşiyini çəkirik. Biz Milli Qəhrəman Çingiz Qurbanovun əsgər yoldaşlarıyıq. Çingiz öz qəhrəmanlığı ilə adını əbədi olaraq şanlı tariximizə yazdırdı. Biz də ondan nümunə götürməli, uğrunda canını fəda etdiyi torpağımızın işğalı ilə barışmamalıyıq. Əminəm ki, biz əsgərlər, bugünkü gənc nəsil üzərimizə düşən tarixi və müqəddəs vəzifənin öhdəsindən layiqincə gələcəyik. Hər an torpaqlarımızın azad olunması üçün müqəddəs döyüşə başlamağa hazırıq”.
İşğalçı Ermənistan yaxşı bilir ki, Azərbaycan Ordusunda Mübarizlərin və Çingizlərin
sayı çoxdur
Əsgərlərimizlə
söhbətləşdikdən sonra
yüksək əhvali-ruhiyyə ilə istirahətdə olan şəxsi heyətin yanına geri dönürük. Komandir və bir neçə
əsgərlə çay süfrəsi
arxasında buradakı hərbi xidmət və zabit-əsgər
münasibətləri ilə bağlı maraqlı söhbətə
başlayırıq.
Zabit Saleh Qurbanov deyir ki, artıq Azərbaycan Ordusunda vəziyyət tamam başqadır. İndi orduda kadr siyasəti düzgün aparılır, sosial vəziyyət yüksəlib, əsgərin döyüş hazırlığı artıb, bir sözlə, hər sahədə irəliləyiş var: “Özünüz görürsünüz ki, ərazidə necə yüksək səviyyədə uğurlar əldə edilib. Burada güclü nizam-intizam, yüksək döyüş əhvali-ruhiyyəsi formalaşıb, maddi-texniki təchizat və təminat da normaldır. Əsgər öz komandirlərinə güvənir, komandirlər də əsgərinin hazırlığından razıdır və onlara böyük qardaş kimi qayğı göstərirlər.
Onu da deyim ki, hərbi hissəmizin igid əsgəri Çingiz Qurbanovun göstərdiyi qəhrəmanlıq şəxsi heyətin döyüş əzmini daha da artırdı, Ermənistan silahlı birləşmələrini isə qorxuya saldı. Onlara bir daha bəlli oldu ki, bütün cəbhəboyu ərazilərdə, təmas xəttində Çingizlər, Mübarizlər yetərincədir. İstənilən təxribatları, pozuculuq əməlləri zamanı düşmən əsgərləri qarşılarında daha güclü və məğlubedilməz Azərbaycan əsgərini görürlər. Ali Baş Komandan İlham Əliyevin söylədiyi kimi “...bu gün Azərbaycan Ordusu yenilməz ordudur və istənilən vəzifəni icra etməyə qadirdir. İşğal edilmiş torpaqlarda, Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki, ordumuz onu məhv edə bilməsin. Ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir və Azərbaycan əsgəri Ali Baş Komandanına qələbə raportu verməyə qadirdir”.
Əsgər Mövsüm Qasımovun tərxis olunmasına cəmi 2 ay qalıb. Məğrur əsgər 1 il 4 aydır ki, bu yüksəklikdə şərəflə xidmət keçir. Deyir ki, burada xidmətin onun üçün anlamı başqadır. Əslən Ağdam rayonunun Çəmənli kəndindən olan əsgər Qasımov elə burada da gözəl yurd yerimizin keşiyindədir: “Belə bir strateji məntəqədə xidmət keçməyi özümə fəxr sayıram. Heç ağlıma gəlməzdi ki, xidmətimi bu ərazidə keçirəcəyəm. Əsgərlik həm də kişilik məktəbidir. Mən isə kişilik məktəbimi ən qaynar nöqtədə keçirirəm, demək, qürur duymağa tam haqqım var”.
“Unutmuruq, unutmarıq, biz hamımız Çingizik!”
Neftçaladan çağırışçı olan əsgər Kamran Süleymanov isə zabitlərin əsgərlərə olan münasibətindən danışdı. Deyir ki, burada zabitlər onlara hərb elminin sirlərini öyrətmələri ilə bərabər, daim mənəvi dəstəklərini də əsirgəmirlər: “Biz öz həyatları ilə daim orduya bağlı olan zabitlərimizdən ilhamlanırıq. Fürsətdən istifadə edib öz yaxınlarıma, ailəmə, dostlarıma salamlar göndərirəm. Narahat olmasınlar, bir əsgər kimi dövlətimizin daim qayğısını hiss edirik. Qidalanmağımız, geyimimiz də yüksək səviyyədədir. İnşallah, hərbi xidməti layiqincə başa vuraraq onların yanına alnıaçıq, başıuca qayıdacağıq. Amma bizim üçün fəxr olardı ki, ordudan qələbə müjdəsi ilə tərxis olunaq. Biz əsgərlər müharibə başladığı təqdirdə döyüşə atılmağa və lazım gələrsə, canımızı belə fəda etməyə hazırıq. Əsgər yoldaşımız Milli Qəhrəman Çingiz Qurbanovun düşmən təxribatına qarşı rəşadətlə savaşmasını heç zaman unutmayacağıq. Çingiz ali məktəbi bitirib hərbi xidmətə gəlmişdi. O, əsl vətənpərvər oğul idi. Hərəkətlərindən, söhbətlərindən hər zaman bunu hiss edirdik. Çingiz bizə Vətən sevgisinin, əzmkarlığın nə olduğunu bir daha anlatdı.
Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə əsgər yoldaşımız “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görüldü. Ancaq onu deyim ki, Çingiz orden və medal üçün yox, Azərbaycan naminə, Vətən uğrunda savaşdı və əsl igid, cəngavər olduğunu sübut etdi. Biz də onu unutmuruq və unutmarıq. Çünki biz hamımız Çingizik.
İnşallah Ali Baş Komandan bir gün hücum əmri verər və biz də Vətənə olan borcumuzu layiqincə yerinə yetirərik. Qalib ordunun əsgərləri kimi adımız tarixə düşər”.
Təmas xəttindəki hərbi quruculuq
prosesi böyük qürur və sevinc hissi doğurur
Həmsöhbət olduğumuz digər əsgərlər hərbi hissə komandanlığının onlara həssas yanaşmalarını, diqqət və qayğı göstərmələrini də xüsusi qeyd etdilər. Hərbi qulluqçular bildirdilər ki, bütün bunlar orduya dövlət qayğısının gündən-günə artırıldığının göstəricisidir. Hər bir əsgərinin qayğısına qalan, onun döyüş ruhunu yüksəldən, maddi-texniki bazasını gündən-günə yaxşılaşdıran dövlət bütün imkanlarını bu istiqamətdə səfərbər edib.
Ali Baş Komandan İlham Əliyevin, müdafiə naziri Zakir Həsənovun Azərbaycanın keşiyində dayanan əsgər və zabitlərlə mütəmadi olaraq görüşməsi, onların qayğıları ilə maraqlanması hərbçilərimizdə döyüş, vətənpərvərlik ruhunu daha da artırır. İndi nəinki arxa cəbhədə, hətta düşmənlə üzbəüz təmas xəttində yerləşən hərbi hissələrdə özünü göstərən hərbi quruculuq prosesi yalnız böyük qürur və sevinc hissi doğurur.
Beləcə, düşmənlə göz-gözə dayanmış igid əsgərlərimizdən ayrılıb, yüksək əhvali-ruhiyyə ilə geri dönürük. Hərbçilərimizin vətən eşqi, yüksək döyüş əzmi bizi bir daha əmin edir ki, torpaqlarımızın müdafiəsi tam etibarlı əllərdədir.
Sərt enişli yollarla hərəkət edə-edə yam-yaşıl örtüyə bürünmüş Tovuz rayonunun Ağdam kəndinin göz oxşayan mənzərəsinə tamaşa edirik. Düşmənlə təmas xəttində yerləşsə də, mütəmadi olaraq atəş altında qalsa da, bu istiqamətdə nə bir qarış torpaq verilib, nə də kəndi bir nəfər tərk edib. Burada həyat öz axarı ilə davam edir.
Bu məkan 22 yaşında öz doğma yurdu uğrunda döyüşlərdə böyük şücaət göstərərək şəhidlik zirvəsinə yüksələn Milli Qəhrəman Naiq Yusifovun böyüdüyü yurddur. Azərbaycanın igid oğlunun qəbrini ziyarət etməyi və ailəsinə baş çəkməyi özümüzə mənəvi borc bilib bələdçimiz zabit Loğman Xanlarovla birlikdə Ağdam kəndinə üz tutduq...
(Ardı var)
Rəşad BAXŞƏLİYEV,
Elgün MƏNSİMOV,
Azərbaycan.- 2017.-25 iyul.- S.1; 5.