Dünyada analoqu olmayan hadisə
Azərbaycan jurnalistləri son günlərdə
baş vermiş önəmli bir hadisənin - Prezident İlham Əliyevin jurnalistlər üçün
tikilmiş növbəti
binada mənzillərin
paylanması mərasimindəki
iştirakının təəssüratı
ilə yaşayırlar. İyulun 20-də, Milli Mətbuat Günü ərəfəsində
dövlət başçısı
255 jurnalist ailəsini
gözəl, işıqlı,
müasir standartlara cavab verən yeni mənzillərlə sevindirdi.
Dövlətin jurnalistə
ev tikdirib
hədiyyə verməsi
dünyada analoqu olmayan hadisədir. Üstəlik, bu, ölkəmizdə
artıq ənənəyə
çevrilib. Çünki
cəmi bir neçə il
əvvəl 156 həmkarımıza
məhz jurnalistlər
üçün inşa
olunmuş yeni mənzillər verilmişdi.
Elə həmin vaxtdan da növbəti - bu günlərdə qapılarını öz
sahiblərinin üzünə
açan yeni binanın təməli qoyulmuşdu.
Dünyada səngimək bilməyən
maliyyə çətinlikləri
zamanında Azərbaycanda
yeni yaşayış
binalarının, sosial
obyektlərin tikilməsi
ölkədə heç
bir sosial proqramın ixtisar edilmədiyinin, əksinə,
uğurla davam etdirildiyinin parlaq təzahürlərindən biridir. Bunlar Azərbaycanın
iqtisadi gücünün,
sabaha inamının, qurub-yaratmaq əzminin nümunəsi olmaqla bahəm, həm də dövlətin siyasətinin mərkəzində
hər bir zaman hər bir vətəndaşın
dayandığını təsdiqləyir.
Azərbaycan vətəndaşlarının
bir zümrəsi də jurnalistlərdir ki, onlar da
daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
Prezident İlham Əliyevin 255 jurnalist ailəsinə bəxş etdiyi sevinc və xoşbəxtlik dövlət
başçısının bu sahədə də ulu öndər
Heydər Əliyevin yaratdığı ənənələrin
davamı və günün tələbləri
baxımından daha da inkişaf etdirilməsi deməkdir.
Azərbaycanda söz azadlığı,
sərbəst toplaşma
azadlığı, siyasi
fəaliyyət azadlığı,
vicdan azadlığı,
eləcə də mətbuat azadlığı
tam təmin olunub. Jurnalistlər
üçün inşa
edilmiş birinci binada yaşayan və ikinci binada mənzil alan jurnalistlərin
müxtəlif siyasi spektrə aid olması, burada heç bir ayrı-seçkiliyə
yol verilməməsi deyilənləri bir daha təsdiqləyir. Müxtəlif siyasi baxışlara
malik, müxtəlif partiyalara üzv olan qələm sahibləri burada mehriban qonşuluq şəraitində yaşayırlar
və yaşayacaqlar.
Dövlət başçısının dediyi kimi, “əslində
Azərbaycan cəmiyyəti
bu istiqamətdə də inkişaf edir. Azərbaycanda milli həmrəylik
var”.
Azərbaycan hərtərəfli, dinamik
inkişaf edir. Ölkəmiz
böyük iqtisadi inkişafa nail olub. Bu gün Azərbaycan
həyata keçirdiyi
meqalayihələrlə dünyaya
səs salıb.
Özünü multikulturalizm mərkəzi
kimi tanıdıb.
Odur ki, getdikcə daha da güclənir,
nəinki regionda, bütün dünyada nüfuzu artır. Bölgədə Azərbaycanın iştirakı, razılığı
olmadan heç bir layihə həyata keçirilə bilməz, heç bir siyasi, iqtisadi,
yaxud digər təşəbbüs gerçəkləşə
bilməz. Bütün bunların
mərkəzində düşünülmüş
siyasət dayanır.
Prezident İlham
Əliyev jurnalistlərin
əməyini yüksək
dəyərləndirərək onların fəaliyyətləri
ilə bu inkişafa öz töhfələrini verdiklərini
dedi. Dövlət başçısı jurnalistləri
özünün köməkçiləri
adlandıraraq mediada çalışan qələm
sahiblərinin ürəyini
dağa döndərdi:
“Jurnalistlər... cəmiyyəti
incidən, narahat edən problemləri üzə çıxarırlar.
Sizə deyə bilərəm ki, mən bəzi
hallarda hansısa xoşagəlməz hadisə
ilə bağlı məlumatı mətbuatdan
əldə edirəm.
Düzdür, mənə müxtəlif
mənbələrdən hər
gün müxtəlif
məlumatlar gəlir.
Yəni əlbəttə ki, mənə həm xarici, həm daxili siyasətlə, həm də təhlükəsizlik məsələləri
ilə bağlı əsas məsələlər
məruzə edilir.
İnsanları narahat edən
məlumatlar haqqında
mən mətbuatdan da xəbər tuturam, dərhal reaksiya verirəm. Dövlət
məmurları və
yaxud digər şəxslər, qüsurlara
yol verən şəxslər bilirlər
ki, Azərbaycanda söz və mətbuat azadlığı
imkan verməyəcək
ki, onlar işdə hansısa qüsurlar buraxsınlar.
Ona görə jurnalistlər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir. Buna görə də
mən sizə minnətdaram”.
Sadə əməyimizə
belə yüksək dəyər verdiyinizə,
güzəranımıza, iş
və məişət
şəraitimizin yaxşılaşdırılmasına
göstərdiyiniz böyük
qayğıya görə,
biz Sizə minnətdarıq,
möhtərəm Prezident!
Bu günlərdə
255 jurnalist ailəsinə
bəxş edilən əzəmətli bina da məhz bu
qayğının bir
təntənəsinə çevrildi. Mənzil
sahibi olan jurnalistlər arasında Azərbaycan mətbuatında
46 ildir çıxış
edən, 36 ildir mütəmadi, o cümlədən
26 ildir “Azərbaycan” qəzetində çalışan
bu qeydlərin müəllifi də var. Prezidentin hədiyyəsi sadə bir jurnalist
ailəsinə tükənməz
sevinc yaşatdı.
Təəssüf ki, inkişafa, tərəqqiyə,
yaxşı işlərə
və xeyirxah əməllərə cidd-cəhdlə
kölgə salmaq istəyən - antiazərbaycançı
qüvvələrdən maddi
və “mənəvi” dəstək alan
bir dəstə adamın gözü jurnalist ailələrinin sevincini də götürmür. Onlar kampaniya
yaratmağa səy göstərərək belə
gözəl və xeyirxah tədbirə kölgə salmağa çalışırlar.
Əbəs yerə!
İndi belə cəfəng fikirlərə heç kəs inanmır, indi belə mənasız “nəğmə”lərin
oxunduğu vaxtlar keçib.
Azərbaycan jurnalistləri yazıb-yaratmaqla,
öz qələmləri
ilə xalqa, dövlətə dəstək
verməklə fəaliyyətlərini
davam etdirirlər. Ölkəmizin inkişafından, irəliləyişimizə
mane olmaq istəyən
ünsürlərdən, yaxın
hədəflərimizdən, daha böyük yüksəlişimizdən yazırlar,
Azərbaycan həqiqətlərini
bütün dünyaya
yayırlar. Dövlət
başçısının da onlara inamı
böyükdür: “Əminəm
ki, siz gələcəkdə
də bütün cəmiyyəti narahat edən, incidən məsələlər haqqında
yazacaqsınız, harada
hansı ədalətsizlik
var, qanunsuzluq var, dərhal operativ reaksiya verəcəksiniz, cəmiyyətin
və dövlət orqanlarının diqqətini
bu məsələlərə
cəlb edəcəksiniz”.
Bu qarşılıqlı
münasibətlərin, qarşılıqlı
kömək və anlaşmanın nəticəsidir
ki, bir neçə
gün əvvəl möhtərəm Prezidentimiz
jurnalistlər üçün
nəzərdə tutulan
daha bir binanın təməlini qoydu. Elə sözügedən
təzə evin qonşuluğunda... Gələcəkdə bura “Jurnalist şəhərciyi” olacaq.
Flora SADIQLI
Azərbaycan.-
2017.-26 iyul.- S.1.