Stimullaşan turizm sənayesi
Turizm sahəsində qəbul edilən qərarlar,
aparılan islahatlar effektiv nəticələr verir
Azərbaycanda turizmin inkişafı ilə bağlı keçirilən tədbirlər bu sektorun inkişafını daha da stimullaşdırıb. Ölkəmizə MDB və digər ölkələrdən turistlərin cəlb olunması istiqamətində görülən işlər artıq öz bəhrəsini verir. Bunu tək yerli vətəndaşlar deyil, xarici ölkə təşkilatları, nümayəndəlikləri, mediaları da təsdiq edir. Hətta ilin əvvəlində 2017-ci il Azərbaycana turist axını ili kimi proqnozlaşdırılırdı. Turizm üzrə “Trip Advisor” isə beynəlxalq axtarış portalı Azərbaycan paytaxtını 2017-ci ildə turistlər üçün 10 cəlbedici məkan sırasına daxil etmişdi.
Turizm sənayesinin inkişafı üçün yeni hədəflər
Turizm sektorunun inkişafı
Azərbaycan üçün prioritet hesab olunan sektorlardan
biridir.
Prezident İlham Əliyevin 6 dekabr 2016-cı il
tarixli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan
Respublikasında ixtisaslaşmış turizm sənayesinin
inkişafına dair Strateji Yol Xəritəsi”ndə bu sahənin
daha da inkişafı ilə bağlı hədəflər
müəyyənləşdirilib. Sənəddə
vurğulanır ki, mövcud imkan və potensialdan səmərəli
istifadə etməklə Azərbaycan 2025-ci ilədək həm
regionda, həm də digər dünya ölkələri
arasında cəlbedici turizm məkanlarından birinə
çevriləcək. 2025-ci ildən
sonrakı dövr üzrə perspektiv isə ölkəni
dünyada turistlərin ən çox üstünlük
verdikləri 20 turizm məkanından birinə çevirməkdir.
Strateji Yol Xəritəsində
bu sektor üzrə uzunmüddətli perspektivə nail olmaq məqsədilə
2020-ci ilədək olan dövr üçün ölkə
üzrə turizm sektorunda dörd əsas hədəf müəyyənləşdirilib.
Birinci hədəf Bakının
turizm potensialından tam istifadə edilməsi, ikinci hədəf
milli səviyyədə daha yaxşı idarəetmənin təşkili,
turizm və rekreasiya zonalarının yaradılması,
mövsümiliyin aradan qaldırılması üçün
regional səviyyədə turizm infrastrukturunun inkişafı,
hava əlaqələrinin
yaxşılaşdırılması, viza prosedurlarının
sadələşdirilməsi də daxil olmaqla turizm sektorunun
inkişafı üçün ölkə üzrə əlverişli
mühitin formalaşdırılmasıdır.
Üçüncü hədəf
regional turizm təşəbbüslərini həyata
keçirməklə Azərbaycanda turizmi inkişaf etdirmək,
dördüncü hədəf isə turizm sahəsində təhsil
proqramlarına investisiya qoyuluşunu həyata keçirmək
və turistlərin məmnunluğunu artırmaq
üçün standartlaşdırma və
sertifikatlaşdırma sistemini təkmilləşdirməkdir.
Qeyd edilir ki, 2020-ci ilədək olan
dövr üçün müəyyən edilmiş hədəflərin
reallaşması nəticəsində Azərbaycanda 2020-ci ildə
real ümumi daxili məhsulun birbaşa 293 milyon və
dolayısı ilə 172 milyon manatadək artacağı, cəmi
35 min olmaqla bilavasitə turizm sektorunda 25 min iş yerinin
açılacağı proqnozlaşdırılır. Bu tədbirlərin gerçəkləşdirilməsi
üçün dövlət və özəl resurslar
hesabına 350 milyon manat həcmində investisiya qoyuluşunu tələb
edir.
Yeni infrastrukturlar
ildən-ilə Azərbaycana daha çox turistin gəlməsini
şərtləndirir
Son illər Azərbaycan
iqtisadiyyatının inkişafında turizm sektorunun
özünəməxsus payı var. İstər paytaxt
Bakıda, istərsə də turizm regionlarında yaradılan
infrastruktur ildən-ilə Azərbaycana daha çox turistin gəlməsini
şərtləndirir. Digər tərəfdən, il ərzində
Azərbaycanda bir neçə beynəlxalq əhəmiyyətli
siyasi, iqtisadi, mədəni və humanitar tədbirlərin
keçirilməsi də ölkəmizə turistlərin
marağının artmasına səbəb olan başlıca
amillərdəndir. Bundan başqa, kütləvi
mədəni və idman yarışları, həmin
yarışlara qatılan iştirakçı və
onların tərəfdarları da potensial turistlərdəndir.
Ölkəyə təşrif
buyuran turistlərin idman bayramlarında sayının daha
çox olması da diqqətçəkən məqamlardandır. Heç
şübhəsiz ki, həmin turistlərin hər birinin
ölkə iqtisadiyyatına da faydası böyükdür.
Təsadüfi deyil ki, son iki il ərzində
ölkə iqtisadiyyatına gələn gəlirlərin həcmində
turizm sektorunun xüsusi payı var və bu istiqamətdə cərəyan
edən proseslər onu göstərir ki, müsbət tendensiya
yüksələn xətt üzrə gedəcək. Maraqlı məqamlardan biri ondan ibarətdir ki, bu
faktı tək biz deyil, eləcə də müvafiq beynəlxalq
təşkilatlar da açıq şəkildə ifadə
edirlər. Hələ mart ayında Ümumdünya Turizm
və Səyahət Şurasının (World Travel & Tourism
Council, WTTC) açıqladığı hesabatda qeyd olunurdu
ki, 2016-cı ildə səyahət və turizm sənayesinin Azərbaycanın
ümumi daxili məhsuluna (ÜDM) birbaşa təsiri 2 milyard
285,3 milyon manat, yaxud hesabat dövründəki ÜDM-in
ümumi həcminin 4,1 faizi qədər olub. Qurumun gözləntilərinə
görə, 2017-ci ildə bu sənayenin ÜDM-ə
birbaşa təsiri güclənərək 7 faiz, yaxud 2 milyard
446,4 milyon manat olacaq. Ümumilikdə isə, 2017-2027-ci illər
ərzində daha da artaraq 4 milyard 581,9
milyon manata çatacağı gözlənilir.
Hesabatda deyilirdi ki, bu rəqəmlər
hər şeydən əvvəl hotellər, mehmanxanalar, turizm
agentlikləri, aviaşirkətlər, həmçinin sərnişindaşıma
xidmətləri göstərən digər bu tipli bazar
iştirakçılarının iqtisadi fəaliyyətini əks
etdirir.
Ölkəyə
gələn turistlərin sayındakı artım onların xərcləmələrində
də özünü büruzə verir
Bu bir danılmaz faktdır
ki, son illər Azərbaycanda hotel və mehmanxana şəbəkələri
genişlənməkdədir. Təkcə paytaxtda
deyil, eləcə də regionlarda müasir standartlara cavab verən
yeni turizm obyektləri, hotellər inşa olunur. Bu da öz növbəsində xarici turistlərin Azərbaycana
olan marağının artmasına müsbət təsir
göstərən amillərdəndir.
Keçən il ölkəmizə gələn
turistlərin sayı 2,3 milyon nəfər
olub. Əgər ötən ilin 5 ayı ərzində ölkəmizə
768 min turist gəlmişdisə, 2017-ci ilin eyni dövründə
bu rəqəm 956 min olub.
Bu da ötən ilə nisbətən
188 min və ya 24,5 faiz artım deməkdir.
Ölkəyə gələn turistlərin
sayındakı artım, onların pul xərcləmələrində
də özünü büruzə verir. Məsələn,
əgər ötən ilin ilk 3 ayında xarici turistlər Azərbaycanda
nağdsız qaydada 40 milyon 629 min manat ödəmələr
etmişdilərsə, bu ilin eyni dövründə məbləğ
91 milyon 134 min manat olub.
Nəticə etibarilə viza
rejiminin sadələşdirilməsi ilə yanaşı, Azərbaycanın
beynəlxalq tədbirlərin, o cümlədən idman tədbirlərinin
keçirildiyi məkana çevrilməsi ölkəmizi
dünyada tanıtmaqla bərabər, turizmin inkişafına
da şərait yaradır. Burada “Formula-1” kimi
möhtəşəm idman tədbirinin isə öz yeri var.
Yaxın vaxtlarda Azərbaycan üçün hədəf ildə
3 milyona yaxın turistin ölkəmizə gəlməsini təmin
etməkdir.
65 ölkənin
azarkeş kütləsi ölkəmiz üçün yeni
rekord müəyyənləşdirdi
Qeyd edildiyi kimi, bu il
ölkəmizə turistlər daha çox idman
yarışlarında təşrif buyurublar. IV
İslam Həmrəyliyi Oyunlarını və “Formula-1” Azərbaycan
Qran-pri yarışlarını buna misal gətirmək olar.
Artıq Bakı
dünyanın idman paytaxtı hesab olunur. Özündə Qərb ilə
Şərq mədəniyyətinin əsas cəhətlərini
birləşdirən Bakı dünyanın ən möhtəşəm
sürət yarışı olan “Formula-1” üzrə Azərbaycan
Qran-prisinə yüksək səviyyədə evsahibliyi etməklə
yanaşı, yeni rekord da müəyyənləşdirdi. Bu, Bakıya yarışmanı izləməyə gələn
turistlərin sayında olan artım idi. Ötən il Bakıda keçirilən Avropa Qran-prisini 30
min tamaşaçı izləmişdisə, bu il onların
sayı 71 541 nəfərə yüksəldi. Bu
o deməkdir ki, Bakıda baş tutan ikinci “Formula-1”
yarışına ötən ildəkindən 30 faiz çox
tamaşaçı gəlib. Xaricdən gələn
avtoidman azarkeşlərinin sayı keçən illə
müqayisədə iki dəfə çox olub. Ümumilikdə 65 ölkədən gələn
azarkeşlər Bakıda mövsümün ən gərgin və
yaddaqalan yarışını izlədilər. Bakıya gələn minlərlə azarkeşlə
yanaşı, televiziya ekranları qarşısında əyləşən
milyonlarla avtoidman həvəskarı uzun müddət
yaddaşlarda qalacaq möhtəşəm yarışa
tamaşa ediblər. Dünya
idmançıları və onların Bakı şəhərinə
gəlmiş çoxminli azarkeşi isə inkişaf edən
Azərbaycanın daha parlaq bir dövrünün şahidi
oldular.
Ötən illə müqayisədə
həm ölkə daxilindən, həm də xaricdən daha
çox azarkeşin yarışı izləməyə gəlməsi
onu göstərir ki, ölkəmiz möhkəm və
sarsılmaz “Formula-1” mədəniyyətinin
yaradılmasında böyük irəliləyiş əldə
edib. Əminliklə söyləyə bilərik
ki, daim yüksək təşkilatçılıq
bacarığı ilə seçilən Azərbaycan bu
yarışı da mükəmməl şəkildə
keçirərək ölkəmizin idman tarixində yeni səhifə
açdı. Dünyada yarım milyard
tamaşaçı auditoriyası olan “Formula-1” ölkəmizin
beynəlxalq idman aləmində qazandığı
uğurları bir daha əks etdirdi. Eyni
zamanda Azərbaycanın turizm sənayesinin inkişafı
istiqamətində həyata keçirilən proqramların
artıq müsbət nəticələr verdiyi təsdiqləndi.
Azərbaycana
turist axını daha böyük olacaq
Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev turizmin inkişafına da münasibət bildirərək qeyd etmişdir ki, bu il ölkəmizə gələn turistlərin sayı 25 faiz artıb. Bunun səbəbi də bəllidir: “Artıq Azərbaycanı daha çox tanıyırlar. Azərbaycan dünyada təhlükəsiz, sabit ölkə kimi tanınır. Ölkəmizdə keçirilən beynəlxalq yarışlar, tədbirlər əlbəttə ki, marağı artırır. Xüsusilə o yarışlar arasında mən “Formula-1” yarışını qeyd etməliyəm. Bu yarışın auditoriyası dünya miqyasında 500 milyon insandır. Beş yüz milyon insan Bakını, şəhərimizin gözəlliyini görür. Bakıda o yarışlarda iştirak edən idmançılar, nümayəndə heyətinin üzvləri, qonaqlar əlbəttə ki, qayıdandan sonra xoş təəssüratlarını öz dostları ilə bölüşürlər. Ona görə, turist axını daha da böyük olacaq”.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan böyük turist axınına hazır olmalıdır. Xüsusilə Bakıda və bölgələrdə yeni hotellərin tikilməsinə böyük ehtiyac var. Prezident sahibkarlara bu sahəyə investisiya yatırmağı da məsləhət görüb. Çünki bu, gəlirli sahədir və yaxşı nəticə verəcək.
Ölkəmizdə müasir sosial-iqtisadi infrastrukturun yaradılması, şəhərlər və digər yaşayış məkanlarında ən müasir standartlara uyğun quruculuq və abadlıq işlərinin həyata keçirilməsi, hökm sürən sabitlik, təhlükəsizlik, müasir turizm infrastrukturunun yaradılması, viza rejiminin sadələşdirilməsi, “ASAN viza” sisteminin tətbiqi, Azərbaycanın ardıcıl şəkildə mühüm beynəlxalq tədbirlərə evsahibliyi etməsi bu məsələdə müsbət təsir göstərən səbəblərdəndir. Bu da onu deməyə əsas verir ki, Azərbaycanın marketinq siyasəti, turizm sahəsində qəbul edilən qərarlar, aparılan islahatlar öz effektini verir.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-
2017.-26 iyul.- S.1; 6.